525.Az

Döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi...


 

Döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi...<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə   3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də ölümündən sonra bu mükafata layiq görülmüş kapitan Hüseynli Türkay Nizami oğludur.

Ölkə başçısının, həmçinin, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kapitan Türkay Hüseynli (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Kapitan Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Hüseynovlar ailəsində böyüyüb boya-başa çatan və tərbiyə alan 4 övladdan (Sədi, Natəvan, Şahnabat və Türkay) biri, həmçinin, ailənin sonbeşiyi və vüqarı idi Türkay...

Orta təhsilini Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Hələ uşaq yaşlarından hərbi xidmətə olan böyük həvəsi sayəsində Türkay müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyul ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan şərəfli borcunu yerinə yetirməyə başlayıb. Zabit kimi xidmətini davam etdirmək arzusunda olan silahdaşımız, 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Türkay zabit kimi ilk olaraq qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevral ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Bir komandir kimi hər zaman yüksək hərbi intizamı, çalışqanlığı və biliyi sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Yüksək döyüş hazırlığı, nümunəvi və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.  



T.Hüseynli xidmət etdiyi dövrdə iki dəfə - 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayınadək və 2019-cu ilin fevral ayından iyul ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Gizir komando təməl kursu” və “Zabit komando təməl kursu”nda təhsilini davam etdirib.

Sonuncu kursu da müvəffəqiyyətlə başa vuran T.Hüseynli, 2019-cu ilin iyul ayından etibarən Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib. 

Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirən vətənpərvər hərbi qulluqçu kimi işğal olunan torpaqlarımızın azadlığı üçün döyüş meydanında düşmənlə savaşmaq və lazım gələrsə, bu amal uğrunda şəhidlik məqamına yüksəlmək Türkayın ən böyük arzusu olub.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi qrup komandirinin mərdliyi və qorxmazlığı haqqında bu gün də ürək dolusu danışır:

“44 gün davam edən Vətən müharibəsində dəstəmizin 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri kapitan Türkay Hüseynlidir. 
Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, istər nəzəri, istərsə də keçirilən bütün praktiki məşğələlərdə ən aktiv qrup komandirlərindən biri olub Türkay. Ümumilikdə isə qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Olduqca vətənpərvər, ləyaqətli hərbi qulluqçu kimi tabeliyində olan şəxsi heyət üçün hər zaman nümunə idi.
Yaxşı yadımdadır, döyüş öncəsi şəxsi heyətə tapşırıqlar verirdim. Bu vaxt Türkay böyük əzmlə: “Cənab mayor, ölmək var, dönmək yoxdur” – dedi və üzünü şəxsi heyətə tutub ardınca da: “Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir dəfə lazım olur, o da məhz Azərbaycanın ərazi bütövlüyü uğrundadırsa, sevə-sevə canımızdan keçməyə hazır olmalıyıq” - deyə qürur hissi ilə fikrini bitirdi.   
Gözündə heç zaman qorxu hissi olmazdı. Elə döyüşə də gözünü qırpmadan atıldı. Onun qrupu döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi...”.   

3 oktyabr 2020-ci il...
Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın etdi. Ermənilərin xeyli sayda canlı qüvvəsi, o cümlədən, 8 tankı və 1 topu məhv oldu. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüşün gedişində erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu...

Bu döyüşdə cəsur komandirlə birgə onun tabeliyində vuruşan Daxili Qoşunların digər 2 nəfər igid hərbi qulluqçusu – çavuş Məmmədov Elvin Tərlan oğlu və MAXE əsgər Abasov Ayaz Nizami oğlu da qəhrəmanlıq göstərərək şəhid oldular.

Kapitan T.Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Subay idi.

Hər qarış torpağa göz bəbəyini,
İstəsələr verrəm, deyildir qəmim.
Silah götürməsəm də, köməyini,
Əsirgəyən deyil şair qələmim.

Bir yığın arzum var, qəlbimdə yenə,
Ata da bilmirəm bu həyəcanı.
Birinci yer verim hansı birinə,
Çiçəkli görməkdir Azərbaycanı.

 
Bu misralar şəhid zabitimizin atası şair Nizami Elyanar Göyçəviyə məxsusdur. 8 kitabın müəllifi olan Nizami müəllim, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, Türkay kimi şəhid oğullarımızla qürur duyduğunu deyir:

“Türkayla sonuncu dəfə oktyabrın 2-də saat 18:20-də danışmışdıq. Özü zəng etmişdi. Dedim: “Milli Qəhrəman, necəsən?”. Təvazökarlıq elədi, dedi: “Ata, hələ ona tezdir”. Çox danışmadıq. Sonra “Problem yoxdur, yaxşıdır hər şey. Sağlıq-salamatçılıqdır. Özünüzdən muğayat olun. Narahat olma” – dedi və bundan sonra telefon əlaqəsi kəsildi... 

Müharibəyə hazır vəziyyətdə getmişdilər. Yoldaşları ilə birgə xüsusi igidlik göstəriblər. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər. Texnikalarını ələ keçiriblər. Həmin döyüşdə oğlum Türkay Hüseynli şəhid oldu...

Şəhidlik onun üçün sanki bir amal, bir əqidə yolu idi. Hələ 3 il bundan öncə, Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində xidmət edən dövrdə məzuniyyətə gəlmişdi. Gəlib yanımda, bir az aralı oturub, nədənsə “Şəhidlik məqamına yüksəlmək lazımdır” – deyə, bir fikir səsləndirdi. Düzü, başım qarışıq olduğundan, həmin vaxt bu sözü nə üçün deməsinə fikir vermədim. O da gördü ki, məşğulam, başım qarışıqdır, artıq heç nə danışmadı. Lakin indi başa düşürəm ki, sən demə, bu müqəddəs zirvəyə yüksəlmək onun həyat məsləyi olubmuş...       

Qüsursuz və nümunəvi xidmətinə görə vaxtından əvvəl ona “kapitan” hərbi rütbəsi vermişdilər.
Hələ evlənməmişdi. Noyabrın 25-də 30 yaşı tamam oldu. Mənim oğlum sağdır. Ölməyib. Şəhidlər ölmürlər...”.


Türkayın ailə üzvlərinin, yaxın qohum və dostlarının, həmçinin, vaxtilə tabeliyində xidmət etmiş hərbçi yoldaşları – baş çavuş Musa Qədirov, çavuşlar Rasim Hacıyev, Kamal Məmmədli və Tahir Babayevin xatirələri əsasında “Real” televiziya kanalının, o cümlədən, “APA” TV və “Report.az” saytlarının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramlarında “Şəhidlik xüsusi təyinatdır” və “Anası şəhid olduğu günə qədər müharibədə olduğunu bilmədi” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “Xalq qəzeti”nin 27 dekabr 2020-ci il tarixli sayında Əli Nəcəfxanlının müəllifi olduğu “Kapitan Türkayın rəşadət dastanı” başlıqlı məqaləsində şəhid silahdaşımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.   

Sonda şəhid atası Nizami Elyanar Göyçəvinin qeyd etdiyi kimi, yalnız onu deyə bilərik ki, bəli, həqiqətən də şəhidlər ölmürlər. Vətən uğrunda canını qurban verən Türkay kimi igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

 “Əsgər” qəzetinin redaktoru
 

 





18.01.2021    çap et  çap et