Amerikanın müxtəlif regionlarda baş verən geosiyasi proseslərə müdaxiləsinin zəiflədiyi haqqında informasiyalar son zamanlar daha çox yayılır. Onun artıq dünyaya liderlik edə bilmədiyi fikri söylənilir. Lakin real olaraq rəsmi Vaşinqtonun hansı geosiyasi strategiyanı seçdiyini nəzərə almaq gərəkdir. Bununla bağlı Qərbin tanınmış geostrateqləri və analitikləri fikirlərini irəli sürürlər. Məsələnin bu aspektinə diqqət yetirdikdə, doğrudan da, bir sıra maraqlı məqamlara rast gəlmək olur.
Yeni strategiya: savaşdan kompromisə
Belə təəssürat yaranır ki, Amerika-Rusiya münasibətlərində ciddi dəyişikliklər baş verə bilər. Rəsmi Vaşinqtondan bununla bağlı konkret təklif eşidilməsə də, bəzi informasiyaların KİV-ə sızması və onları Qərb analitiklərinin qiymətləndirməsi bu cür düşünməyə əsas verir. H.Kissincer, Z.Bjezinski və C.Fridman kimi tanınmış mütəxəssislərin həmin mövzu ilə bağlı irəli sürdükləri ideyalar maraq doğurur. Əslində, burada problemin iki aspektini bir-birindən ayırmaq doğru olmazdı.
Məsələ ondan ibarətdir ki, ABŞ-ın Rusiya siyasətinə analitiklər Avropa İttifaqı istiqamətində aparılan siyasətlə qarşılıqlı əlaqədə nəzər salırlar. Maraqlıdır ki, Moskva ilə münasibətlərə bu kontekstdə Brüsseldən daha yüksək qiymət verilir.
Konkret olaraq, "Stratfor"un qurucusu Corc Fridman ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Ukrayna ilə bağlı apardığı məlum telefon danışığını məhz həmin aspektdə təhlil edir. Yayılan informasiyaya görə, V.Nuland Avropa İttifaqına olan inamsızlığı bir qədər sərt şəkildə Amerikanın Ukraynadakı səfirinə bildirib. Bu təşkilatı zəif adlandırıb, onunla əməkdaşlığı ikinci plana çəkib.
V.Nuland səfirə göstəriş verib ki, müstəqil hərəkət etsin və müxalif koalisiya formalaşdırsın. Özü də bunu Rusiyanın nələr baş verdiyini dərk edənə və uyğun tədbirlər görənə qədər etmək lazım olduğunu deyib (bax: George Friedman. New Dimensions of U.S. Foreign Policy Toward Russia / "Geopolitical Weekly", 11 fevral 2014).
C.Fridman analizinə aşağıdakı cümlələrlə başlayır: "Amerikanın xarici siyasəti son illər tədricən öz cizgilərini dəyişir. Əvvəllər Birləşmiş Ştatlar, əsasən, İslam dünyasına diqqət yetirirdi və əhəmiyyətlidir ki, güc tətbiqini öz xarici siyasətini reallaşdırmaqda sonuncu deyil, ilkin variantlardan biri kimi qəbul edirdi... Bunun alternativi qüvvələr balansı strategiyasına keçiddir..." (bax: əvvəlki mənbəyə).
Bizcə, bu fikirlər Vaşinqtonun xarici siyasətində baş verən dəyişikliklər aspektində olduqca vacibdir. Başqa faktorlarla yanaşı, həm də o səbəbdən ki, Qərbin digər analitikləri də məhz bu məqamı önə çəkirlər. Məsələn, Zbiqnev Bjezinski bu ilin fevral ayında "Terra America" portalına verdiyi müsahibədə həmin aspektdə maraqlı fikirlər söyləyib.
O bildirib ki, tarixin "posthegemonluq" (ifadə Z.Bjezinskinin özünə məxsusdur – Newtimes.az) mərhələsində böyük dövlətlərin bir-birinə münasibəti dəyişməlidir. Onlar arasında "kompromis qərarlar qəbul edilməsi çox zəruridir" (bax: Збигнев Бжезинский: "Компромиссные решения между главными державами крайне необходимы!" / "Terra America", 17 fevral 2014). Geosiyasətdə belə bir dəyişiklik zərurətini o, müharibə variantının dövrün tələblərinə cavab verməməsi ilə izah edib. O cümlədən, Suriya, İraq və İran məsələlərində silahlı müdaxiləni, sərt təzyiq üsulunu müdafiə edənlərin "bəsit düşündüyünü" deyib.
Z.Bjezinski etiraf edir ki, artıq Amerika Yaxın Şərqdə yeganə diqtə edən qüvvə deyil. Nəticədə, orada müəyyən "geosiyasi boşluq" yaranıb. Həmin boşluğu Çin, Rusiya və Avropa İttifaqı qismən doldurmağa çalışırlar. Lakin hələ də ABŞ regionda ən böyük təsiri olan güc olaraq qalır (bax: əvvəlki mənbəyə).
Bu kimi faktorların təsiri nəticəsində dünyanın böyük geosiyasi güclərinin savaşması bəşəriyyət üçün təhlükəlidir. Onlar əməkdaşlıq etməlidirlər ki, "aşağı səviyyələrdə yaranmış turbulentlikləri (bu anlayış müxtəlif təbiətli xaosu ifadə edir – Newtimes.az) neytrallaşdırmaq mümkün olsun" (bax: əvvəlki mənbəyə). Z.Bjezinskinin bu fikirlərindən belə çıxır ki, böyük dövlətlər qarşıdurmadan əməkdaşlığa keçməlidirlər. Onlar hazırda aktual olan bütün geosiyasi məsələlərdə kompromis əldə etməlidirlər. Həmin kontekstdə söhbət faktiki olaraq Amerika-Rusiya münasibətlərinə müəyyən düzəlişlərin edilməsindən gedir.
Aktiv geosiyasətin iki məqamı: Almaniya, yaxud Rusiya?
Vaşinqtonun davranışlarının məntiqi aspektində əhəmiyyətli olan bir məqamı vurğulamaq lazımdır. Açıq hiss edilir ki, ABŞ Almaniyanın yeni geosiyasi ambisiyalarından elə də razı deyil. Doğrudur, Rusiyada bir sıra ekspertlər Berlinin dünya siyasətində fəallaşmaq niyyətini ABŞ-Almaniya birgə layihəsi kimi qiymətləndirdilər. Lakin məsələnin vacib tərəflərindən biri ondan ibarətdir ki, Amerika Avropanın müstəqil geosiyasi lider olmasını qəbul etməyə hazır deyil.
İki səbəbdən bu belədir. Birincisi, Avropanı tarixən Amerika bir neçə dəfə xilas edib. İkincisi, müasir tarixi mərhələdə ABŞ-ın Rusiya və Çinə qarşı mübarizə apara bilməsi üçün onun yanında Avropanın olması gərəkdir. Vaşinqtonla Brüssel birgə hərəkət etsə, dünyanın ən böyük iqtisadi, siyasi, hərbi, sosial və mədəni gücü yaranmış olur.
Almaniyanın son zamanlar etdikləri isə bu yanaşmaya uyğun gəlmir. Son olaraq, kansler Angela Merkel ABŞ-dan asılı olmayan müstəqil kommunikasiya sistemi yaratmağı təklif edib (bax: Angela Merkel backs EU internet to deter US spying / "The Financial Times", 16 fevral 2014). Bu məsələni kansler Fransa prezidenti Fransua Olland ilə görüşdə müzakirə etmək istədiyini bildirib. Almaniyanın bu addımını Amerikadan olan informasiya-kommunikasiya asılılığından yaxa qurtarmaq kimi qiymətləndirmək olar. Şübhəsiz, Berlinin bu cür siyasət yeritməsi Vaşinqtonu qane etmir. Həmin aspektdə Rusiyanın geosiyasi faktor kimi ABŞ üçün dəyəri dəyişmiş olur. Təxmin etmək olar ki, Amerika müəyyən səviyyəyə qədər – Avropaya yerini göstərmək üçün – Rusiya ilə əlaqələrini inkişaf etdirə bilər.
Ancaq burada başqa vacib bir məqamı unutmaq doğru olmazdı. Çünki əsas məsələ ABŞ-ın bütövlükdə geosiyasi mövqeyində etdiyi dəyişikliklə bağlıdır. Konkret olaraq, Vaşinqton hansı məqamlarda fəallaşmaq məqsədini güdür. Bizcə, bu sualın dolğun cavabı C.Fridmanın yuxarıda müraciət etdiyimiz məqaləsində verilib.
"Stratfor"un qurucusu yazır: "Nulandın telefon danışığının tutulması və yayılması heç kəsdə çaşqınlıq yaratmadı. O, dünyaya göstərdi ki, Almaniya deyil, ABŞ Ukraynada aparıcı qüvvədir. O, həmçinin ruslara göstərdi ki, amerikalılar başqalarını o dərəcədə hesaba almırlar ki, bu haqda telefonda açıq mətnlə danışa bilirlər. Nulandın Avropa İttifaqı haqqında təhqiramiz fikri və Rusiyaya həll edilməli olan problem kimi yanaşması amerikan siyasətinin təsdiqidir. Birləşmiş Ştatlar savaşmağa hazırlaşmır, ancaq onun passivliyi sona çatıb" (bax: George Friedman. Göstərilən məqaləsi).
Bu fikirlərdə həm amerikan siyasətinin istehzası, həm də məzmunu əks olunub. "Başqalarını saymamaq" ifadəsi bir tərəfdən, Rusiya kimi böyük geosiyasi güclə münasibətləri fərqli müstəviyə keçirməyə xidmət edirsə, digər tərəfdən, region dövlətlərinə qarşı yeridilən siyasətin sərt üzünü göstərir. Belə ki, C.Fridman özü vurğulayır ki, Vaşinqton artıq özü savaşa qarışmır, ancaq regionlarda olan ixtilaflara, tarixən gələn münaqişələrə stavka edir. Bununla regional hegemonların meydana gəlməsini əngəlləyir və Amerika maraqlarına qarşı ola biləcək hər şeyin qarşısını alır.
C.Fridman yazır: "Yeni strategiyanı Suriyada görmək olar. Burada Birləşmiş Ştatlar birbaşa müdaxilə əvəzinə düşmənçilik edən qruplara enerjilərini bir-birinə sərf etməyə imkan verir, həmçinin onlara öz imkanlarından amerikan maraqlarına "əlcək atmaq" üçün istifadə etməyə fürsət tanımır" (bax: əvvəlki mənbəyə).
Hər şey aydın və dəqiq ifadə edilib. Əslində, biz ABŞ siyasətini məhz bu aspektdə bir neçə məqalədə təhlil etmişik. Artıq amerikan ekspertlərin özləri də yeni trendləri etiraf edirlər. Bu kimi dəyişikliklərin fonunda, həqiqətən də, Amerika-Rusiya münasibətləri maraq oyadır. Lakin burada qeyri-müəyyənliyin daha çox yer aldığını deyə bilərik.
Newtimes.az
çap et