525.Az

"Koronavirus hakimiyyəti"nin təhdidləri - Xaqani Cəfərlinin yazısı


 

"Koronavirus hakimiyyəti"nin təhdidləri - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Fransanın sabiq xarici işlər naziri, "Hubert Vedrine Conseil" geostrategiya konsaltinq şirkətinin rəhbəri Hubert Vedrin hesab edir ki, 2021-ci il ötən ilin davamı olaraq koronavirus pandemiyasının diktə etdiyi şərtlər altında keçəcək.

Sabiq nazirin fikrincə, pandemiya bütün dünyada 2001-ci ilin 11 sentyabr hadisəsindən böyük təsirlər doğuracağı kimi, nəticələri də 2008-ci ilin maliyyə böhranından daha ağır olacaq. Hubert Vedrinlə yanaşı, bir çox təhlilçilər də ötən ilin əvvəllərində dünyanı öz hakimiyyəti altına alan koronavirus pandemiyasının bəşəriyyəti təhdid etməkdə davam edəcəyini bildirirlər. Bu zaman COVİD-19-un sanitar-epidemioloji təhdidlərdən daha çox, pandemiyanın iqtisadi-siyasi proseslərə təsiri daha önə çəkilir.

Siyasi təhlilçilər bu qənaətdədirlər ki, koronavirus pandemiyasının iqtisadi-siyasi nəticələri ABŞ-la Çin arasındakı rəqabəti kəskinləşdirdiyi kimi, Avropa qitəsindəki parçalanmanı daha da gücləndirib. Həqiqətən də pandemiyanın meydana çıxdığı zamandan əvvəl ABŞ-la Çin arasında rəqabət mövcud idisə, ötən bir il ərzində Pekinlə Vaşinqtonun münasibətləri iki qarşı duran tərəfin münasibətlərinə çevrildi. ABŞ-la Çin arasındakı münasibətləri diqqətlə təhlil etsək, pandemiyanın meydana çıxdığı zamana kimi bir-birindən əlverişli güzəşt almağa çalışan iki tərəf olduğu aydınlaşar. İndi isə hər iki tərəfin bir-birinə zərbə vurmağa çalışdığını aydın görmək olur. ABŞ-Çin rəqabətinin artıq hərbi sahəyə keçməyə başlaması siyasi təhlilçilərin narahatlıqlarının nə qədər əsaslı olduğunu göstərir. İki nəhəng dövlətin qarşıdurmasının dünyanın özünün də bir neçə cəbhəyə bölünməsinə səbəb olacağı kimi, koronavirus pandemiyasının doğurduğu sosial-iqtisadi nəticələrin aradan qaldırılmasına da əngəl törədəcək.

Bir çox təhlilçilər kimi, Hubert Vedrin də Co Baydenin ABŞ prezidenti seçilməsini ümidverici hesab edir. Avropada belə qənaət hakimdir ki, dünyadakı problemlərin həlli ABŞ-ın iştirakı olmadan mümkün deyil. "Köhnə qitə"də belə fikirləşirlər ki, ABŞ-ın bir çox beynəlxalq təşkilatlardan və müqavilələrdən çıxması bəşəriyyətin qarşısında dayanan problemlərlə bağlı mübarizənin effektini azaldar. Məsələn, Birləşmiş Ştatların İqlimə dair 2015-ci il Paris sazişindən çıxması bəşəriyyət üçün ən böyük təhlükə olan İqlim dəyişikliyinə qarşı effektli mübarizə aparmağa imkan vermir. Çünki ABŞ ətraf mühitə istixana qazı tullantılarını atan ölkələrin siyahısında birinci yeri tutur. İqlimə dair 2015-ci il Paris sazişindən çıxmaqla ABŞ istixana qazı tullantılarının azaldılması ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyi kimi, başqa dövlətlərin də bu yolla getməsinə səbəb olur.

Ekspertlər bəşəriyyət üçün təhdid yaradan virusların meydana çıxmasının əsas səbəblərindən birinin məhz iqlim dəyişikliyi olduğunu qeyd edirlər. Bəşəriyyət üçün digər böyük təhdid - aclıq və qıtlıq da məhz iqlim dəyişikliyinin təsiri altında meydana çıxır. Ekspertlər iqlim dəyişikliyi nəticəsində əkinə yararlı böyük ərazilərin səhraya çevriləcəyi, qida məhsullarının istehsalının aşağı düşəcəyi, bunun nəticəsi olaraq aclıq və qıtlıq yaranacağı ilə bağlı xəbərdarlıq edirlər.

Bu xəbərdarlıqları nəzərə almayan bəşəriyyəti pandemiyalar daima təhdid edəcək. Əgər bəşəriyyət xəbərdarlqlara diqqət versəydi, COVİD-19 virusu bəlkə də, meydana çıxmazdı. Hətta virusun meydana çıxmasına qarşı daha hazırlıqlı olardı. Edilən xəbərdarlıqların diqqətə alınmaması isə artıq ağır nəticələrə səbəb olub.

Amma bu da son deyil. Dünya ölkələri koronavirus pandemiyasının təsirləri altında təcridə üstünlük verdikcə qlobal təhlükələr daha da artır. Bu qlobal təhlükələrə qarşı isə heç bir dövlət təkbaşına mübarizə apara bilməz. Koronavirus pandemiyasının ağır nəticələrindən danışarkən ekspertlər diqqəti öncə məhz beynəlxaql təşkilatların rolunun azalmasına və dövlətlərarası əlaqələrin zəifləməsinə yönəldirlər. Belə vəziyyət qlobal təhdidlərə qarşı mübarizə aparılmasına imkan vermədiyi kimi, rəqabətin qarşıdurmaya çevrilməsinə, böyük müharibə ehtimalının artmasına səbəb olur.

ABŞ-la Çin arasında rəqabətin qarşıdurmaya çevrilməsi ilə yanaşı, ABŞ-la Rusiya arasında münasibətlər də son həddinə çatıb. Ümumiyyətlə, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər tarixdə heç zaman, hətta soyuq müharibə dövründə belə, indiki qədər gərgin olmayıb. Bu münasibətlərin bir gün hərbi toqquşmaya çevrilmə ehtimalı isə pandemiyanın təsirləri ilə daha da artıb. ABŞ Rusiyanı rəsmən özünün düşməni adlandırıb.

Qərb dövlətləri ilə Şərq ölkələri arasında münasibətlərin qarşıdurma həddinə çatmasının göstəricilərindən biri də Norveç, İsveç, İsveçrə kimi ölkələrin hərbi xərcləri artırmasıdır. Əgər 30 il əvvəl "soyuq müharibə" başa çatdıqdan sonra bu ölkələr ümumiyyətlə, hərbi qüvvələrdən imtina etməyi düşünürdüsə, indi hərbi xərcləri sürətlə artırırlar. Məsələn, bu ildən etibarən İsveç 2025-ci ilə kimi hərbi büdcəsini hər il beş milyard kron artırmaq haqqında qərar verib.

Göründüyü kimi, dünyadakı proseslərə çox böyük təsir edən "koronavirus hakimiyyəti" bəşəriyyəti təhdid etməkdə davam edir. Bu təhdidin sanitar-epidemioloji sahə ilə yanaşı, siyasi-iqtisadi sahəni də əhatə etməsi isə çox təhlükəli proseslərdən xəbər verir.

 





18.01.2021    çap et  çap et