525.Az

Yusif müəllimlə Ruhiyyənin görüşü - Telman Orucovun yazısı


 

Yusif müəllimlə Ruhiyyənin görüşü - <b style="color:red">Telman Orucovun yazısı</b>

Acı taleli qız

Telman Orucov

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 

 Hüseynin hər addımını izləyirdi, onsuz bir dəqiqə də olsun yaşaya bilmirdi. Hər şeydə bütün gücü ilə ərinin xoşuna gəlməyə çalışırdı, elə bil ki, öz şəxsi arzusunu həyata keçirmək bu qadına müyəssər olmamışdı. Bəlkə də, bu, onun uşağının olmaması, bu məsələdə özünün günahkar olması ilə əlaqədar idi. Ərinin sifətindəki kiçik bir təbəssüm parıltısını görməyi umurdu, ondan hətta əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək hansısa bir yarımsöz gözləyirdi. Əri bunu sezdikdə və onun arzuladığını etdikdə, arvadı xoşbəxt adama çevrilirdi. O, ərinə ağır xəstəyə qulluq edən adam kimi baxırdı. Hüseyn müəllim otağı tərk edəndə, arvadının tənhalığa dözmədiyindən agah olduğundan ona yazığı gəlirdi. Əri ilə hər görüşdən sonra elə bil ki, bu qadın utancaqlıq keçirirdi, canlanırdı, qərara gəlirdi ki, nahaq yerə həyəcan keçirirmiş. Bu sevinc anında pianonun arxasına keçir, sevdiyi Azərbaycan mahnılarından popurri ifa edirdi.

Lakin birdən onun sevinci yoxa çıxırdı, özündən asılı olmayaraq göz yaşları yanağında damlalanırdı. Əri hətta ona laqeydlik göstərəndə də, bütünlüklə onu qınamamağa çalışırdı, qorxurdu ki, onların nikahı pozula bilər, əri kiməsə vurula bilər, onsuz da şübhələnmişdi ki, Hüseyn işdəki katibə qıza müəyyən maraq göstərir. Ən sevindiyi anlar isə ərinin onu tərifləməsi olurdu, bunu öz ünvanına deyilən bütün təriflərdən ən yüksəyi hesab edirdi. Onu tənqid edənlər çox olduğu kimi, onun elmi və bədii yaradıcılığına valeh olanlar da, bədxahlarından heç də az deyildi. Əri musiqi ifasına da tərifli söz deyirdi, bu isə qadına xeyli təskinlik bəxş edirdi.

Mart ayının ikinci yarısında Hüseyn müəllimlə Südabə xanım universitetin bir professorunun qızının toy məclisinə getməli idilər. Südabə xanım gözəllik salonuna gedib saçını qaydaya saldırmışdı. Hər ikisi toyda başqalarından fərqlənməmək üçün yaxşı geyinmişdilər. Hüseyn müəllim təzəcə tikdirdiyi tünd mavi rəngli kostyumda idi və italyan qalstukunun xüsusi gözəllik verdiyi ağ köynək geyinmişdi. Axşam saat 7-də küçəyə düşdülər ki, maşına oturub, toyun keçirildiyi şadlıq evinə getsinlər. Əri qabaqda gedirdi, arxada gedən Südabə xanım birdən binanın divarına söykənmiş bir cavan qızın ağladığını gördü və ona tərəf getdi. Qızın nəyə görə ağladığını soruşdu, lakin cavab ala bilmədi. Bu vaxt əri yaxınlaşıb maşının gözlədiyini dedi. Südabə xanım ərinə dedi ki, mən gedə bilməyəcəyəm, bu qıza, yəqin ki, nəsə bir kömək etmək lazımdır. Hüseyn narazı şəkildə ondan ayrılıb, maşına əyləşdi və çıxıb getdi. Südabə xanım qızın başını sinəsinə sıxıb, yenə soruşdu:

- Qızım niyə ağlayırsan? Mən sənə nə kömək edə bilərəm?

Qız yavaş eşidilən səslə dedi:

- Hamiləyəm. Küçədən keçərkən qarnımda bərk ağrı hiss etdim, qorxdum ki, uşağı itirə bilərəm.

Südabə xanım gördü ki, hamı onlara baxır, ona görə də qızın qoluna girib, mənzilinə apardı. Mətbəxdə ona çay süzdü və hamilə olduğuna görə süfrəyə ət xörəyi qoydu. Qız ac olduğundan utancaqlığını kənara atıb, xörəyi iştahayla yeməyə başladı. O, bir qədər özünə gələndə, Südabə xanım yenə sorğu-suala başladı.

- Niyə belə qorxmuşdun? Yəqin, ərinin hirslənəcəyini nəzərə almışdın.

Qız yavaşca dedi:

- Ərim yoxdur.

Südabə xanım çaş-baş qalmışdı. Onda, bəlkə bu bədbəxt qızı zorlayıblar, ondan da hamilə qalıb. Ona görə də məsələdən tam agah olmaq üçün soruşdu:

- Bəs uşağın kimdəndir? Ərindən boşanmısanmı?

Qız bu mərhəmətli qadının suallarını cavabsız qoymağın nəzakətsizlik olduğunu başa düşüb dedi:

- Xanım, bu, uzun məsələdir, mən surroqat ana olmağa hazırlaşıram.

Südabə xanım təəccübünü gizlədə bilməyib, əlavə bir sual verdi:

- Nə surroqat ana? Buna səni məcbur edən nədir? Səninlə xeyli söhbət edirik, adını da bilmirəm. Mənim öz adım Südabə xanımdır.

- Adım Ruhiyyədir. Hamiləliyim də bir çox hadisələrlə bağlıdır, mən onları sizə danışmasam, heç nə aydın olmayacaqdır. Surroqat ana olmağımın səbəbi isə ailəmizin ehtiyac içərisində yaşamasıdır. Digər mühüm səbəbi isə mənim Yusif müəllim adlı bir alicənab kişi ilə tanış olmağım və onun mənə ata məsləhəti verməsi oldu. O adamı mən özümün xilaskarım hesab edirəm. İcazə versəniz, onunla tanışlığımı və bədbəxtliklərimi ona nağıl etməyimi sizə heç nəyi əlavə etmədən danışaram.

Südabə xanım razılaşmalı oldu.

Yusif müəllimlə Ruhiyyənin görüşü

Ruhiyyə bir dəfə səhər tezdən şəhərin mərkəzindəki bağdan keçərkən, uzun boylu, nazik şalvarda və yarımqol köynəkdə olan yaşlı bir kişi həmin keçidə qədəm qoymuşdu, qızın tələsdiyini görüb, ona yol vermək qaydasında əl ilə istiqaməti göstərdi. Qız özünü itirən kimi oldu, geri dönüb dedi ki, siz yaşlısınız, yol sizinkidir. Kişi heç nə demədi, yenə əlinin jesti il ona yol verdiyini təsdiq etdi. Ruhiyyə məəttəl qalmışdı, ilk dəfə idi ki, ona belə hörmətlə yanaşılırdı, özü də yaşlı bir kişi tərəfindən. Ona görə də ani olaraq bu kişi ilə yaxından tanış olmaq qərarını verdi:

- Mən sizinlə yaxından tanış olmaq istəyirəm, əgər mümkünsə.

- Buna ehtiyac varmı?

- Sizi deyə bilmərəm, mənim ehtiyacım vardır.

- Əgər belədirsə, onda telefonumu yazın, zəng edin, görüşərik. Ancaq mən bağda və küçədə sizinlə görüşə bilmərəm. Keçmiş və indiki tələbələrim sizinlə məni bir yerdə görsələr, mənim haqqımda artıq möhkəmlənmiş fikirlərini dəyişə bilərlər. Yalnız öz evimdə görüş baş tuta bilər.

Sonra o, telefon nömrəsini dedi, Ruhiyyə vaxt itirmədən öz telefonuna nömrəni yazdı və sonra kişinin telefonuna zəng gəldi. Cavab vermək istəyəndə, Ruhiyyə dedi ki, mən zəng etmişdim ki, sizdə də mənim nömrəm qalsın. Əslində isə yoxlamaq istəmişdi ki, bəlkə yeni tanış olduğu adam onu səhv bir nömrə vermişdir.

Kişi ədəb-ərkanla dedi:

- Məni adım Yusif müəllimdir. Dövlət Universitetində professoram. nəzəri fizika kafedrasının müdiri işləyirəm. Bir neçə gün şəhərdə olmayacağam, səfərim var, İngiltərədən gələn dostumla və onun ailəsi ilə birlikdə təbiət qoynuna çıxacağıq.            

  Ruhiyyə onun özünü təqdim etməsinə çox sevindi, əlavə etdi:

- Yaxşı ki, evinizdə görüşəcəyik. Əla intim oyunlarla, sizi məmnun edəcək romantika ilə də məşğul olarıq.

Yusif müəllimə bu cavan və gözəl qızın şeytan baxışları da heç xoş gəlmədi, özünü onun bu həyasız sözlərini eşitməmiş kimi göstərdi, ancaq sözlər tam aydın və pıçıltıya bənzəməyən qaydada, bir qərər də əda ilə deyilmişdi. Qız özünə güvənən qaydada dedi:

- Mənim adım isə Ruhiyyədir. Mənim yaşımdan ikiqat əvvəl bu adda mahnı çox dəbdə imiş, yəqin xatırlayırsınız.

 Qız həyasızlığını davam etdirirdi, bu, onların arasındakı yaş fərqinə işarə idi. Anlatmaq istəyirdi ki, sevinməlisən ki, belə cavan qızla kef çəkəcəksən. Yusif müəllim onunla tanışlığına peşman olsa da, bunu qıza sezdirmədi. Onlar ayrıldılar, Ruhiyyə belə qənaətə gəldi ki, yəqin o, səhər gəzintisinə çıxmışdır.

Beş gündən sonra Ruhiyyə həmin nömrəyə zəng vurdu və Yusif müəllimin səsini eşitdikdə sevincək dedi:

- Ruhiyyədir, sizin yeni tanışınız, bağda yol verdiyiniz qız.

Yusif müəllim:

- Səsindən tanıdım. Yəqin, görüş üçün zəng etmisən. Şənbə günü axşam saat 7-də mən binanın həyətində sizi gözləyəcəyəm. Ünvanımı sizə mesaj kimi göndərəcəyəm, mərkəzdədir, tapmaq çətin olmayacaqdır.

Ruhiyyə deyilən vaxtda binanın qarşısındakı meydanda dayanmış Yusif müəllimə yaxınlaşdı və ərklə əlini uzatdığından o, bu əli sıxmaq məcburiyyətində qaldı.

Liftlə Yusif müəllimin mənzilinə qalxdılar və ev sahibi qızı mətbəxə dəvət etdi. Özü çay süzüb, qonağına təklif etdi və soyuducudan tort çıxartdı və süfrəyə boşqab, çəngəl-bıçaq qoydu. Ruhiyyə tortu yeyə-yeyə çay içirdi. Qonaqlıq hər şeyin yaxşı olacağından xəbər verirdi. Artıq o, doymuşdu və təcrübəli peşə sahibi kimi mətbəxi tərk edib, yataq otağına tələsdi ki, özünü qarşıdakı intim yaxınlıq əməliyyatına hazırlasın. O, paltarını soyunmuşdu, tam lüt idi, çılpaq bədənini yeni müştərisinə göstərmək istəyirdi ki, necə gözəl bir qızla tanışlığından daha da şad olsun.

Birdən qonşu otaqdan Yusif müəllimin yaxşı eşidilən səsi gəldi, deyəsən, o, artıq qonaq otağında idi.

- Yataq otağımı təftiş etməyə ehtiyac yoxdur. Onsuz da dul kişinin mənzili səliqəsiz olur. Gəl bura, bir az söhbət edək.

Ruhiyyə hələ də ümidini itirməmişdi, yaxınlığın baş tutacağına əmin idi. Görünür, qızla söhbət etmək də yaşlı kişi üçün şəhvəti coşdurmağın hansısa bir vasitəsidir. O, paltarını geyinib, qonşu otağa keçdi. Ev sahibi ayağa qalxıb, nəzakət qaydasında ona oturmaq üçün stul göstərdi. Bu vaxt o, Ruhiyyəyə dedi:

- Hər şey mənə aydındır, məşğuliyyətin də mənə bəllidir. Elə güman etmə ki, mən sənin peşənə təəccüblə yanaşıram. Yox, belə deyildir, fahişəliyin özünün də uzun tarixi vardır. İnsanlar qrup halında cinsi əlaqələrdən uzaqlaşdıqdan, monoqamiya bərqərar olduqdan sonra fahişəlik meydana gəlmişdir, bəlkə də, əkinçi peşəsindən də qədimdir. F.Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində yazdığına görə, Ermənistandakı anait məbədlərində rahibələr ilk dəfə bədənlərini açıqca satmağa başlamışdılar ki, məbədin xərcləri bu yolla ödənilsin. İlahə Anaitə pərəstiş üçün müqəddəs fahişəlik ümumən xarakterik xüsusiyyət hesab olunurdu. Qədim Romada fahişəlik qanuni xarakter daşımaqla, əxlaqsız qadınlar lisenziya əsasında fəaliyyət göstərirdilər. XVII əsr Venetsiyası Avropanın erotik mərkəzi hesab olunurdu. Saçlarını qızılı rəngə boyamış kurtizankalar dünyanın hər tərəfindən buraya gəlmiş kişi cinsindən olanlara əyləndirici bədən xidməti göstərirdilər. XVIII əsrdə İtaliyada dəbə düşmüş və İspaniyada daha geniş yayılmış ərli zadəgan qadınları müşayiət edən çiçibeylər, əslində, həmin qadınlara məşuqluq etməklə məşğul olurdular. Cəmiyyət də bunu adi hal kimi qəbul edirdi. İndi də Avropanın və Asiyanın bir çox ölkələrində fahişəlik qanuni əsasda olan fəaliyyət növü hesab olunur. Bədbəxtlikdən ölkəmizdə də əxlaq pozğunluğu nümunələri az deyildir, bizim fahişə qızların Dubayda, başqa ərəb şəhərlərində belə qanunsuz işlə məşğul olduqlarına görə həbs edilmələri faktları vardır.

Sonra ona sual verdi:

- Nə vaxtdan bu yola düşmüsən?

Ruhiyə özünü itirmişdi, bu kişi elə danışır ki, elə bil ki, onu çoxdan tanıyır, həyat dolanbaclarıma da, davranışıma da tam bələddir. Ona görə də hər şeyi ona ört-basdır etmədən, tam dəqiqliyi ilə danışmağı qərara aldı. Lakin onun istintaqının məqsədi qıza heç də aydın deyildi. Bu sözlərlə söhbətinə başladı:

- Üçüncü ildir ki, əxlaqsızlıqla məşğul oluram. Ehtiyac məni bu yola saldı. Digər köməkçi səbəblər də mövcud idi. Mən uzaq dağ kəndində doğulmuşam. Kəndin yaxınlığındakı meşədəki palıd ağacları mənə nağıllardakı nəhənglər kimi görünürdü. Digər xatirəm isə bəzi səslərlə əlaqədar idi, səhər işıqlaşmamış cırcıramaların, qurbağaların və yerli xoruzların səsi bizi yuxudan oyadırdı, elə bil ki, onlar vokal müsabiqəsində bir-biriylə yarışırdılar. Atam ailəsi ilə birlikdə bir müddət Rusiyanın cənubunda yaşamışdı, sonra doğma kəndinə qayıdıb, orada mühasib işləmişdi. Doqquz yaşım olanda o, vərəmdən öldü. Heç kəs bizə kömək etmək istəmirdi. Əmilərim bizə, tanımadıqları adam kimi baxırdılar. Dayım isə kəmağıl idi, aldığı pensiyanı araq almağa xərcləyirdi. Anam iki qız uşağını da götürüb Bakıya gəlmişdi. Ətraf qəsəbələrin birində qoca bir arvadın evində kirayənişin yaşayırdıq. Anam küçə alveri edirdi, günəbaxan tumu, qovurulmuş fındıq, bazardan aldığı qozu və limonu satmaqla məşğul olur, bizi yarıac dolandırırdı. 14 yaşımda ona kömək etmək üçün mən də alver etməyə başladım. İkimizin qazancı yaşayışımızı az da olsa yaxşılaşdırdı. Mən anama və bacıma çox yaxın idim, axı kasıb adamlar bir-birinə sıx bağlı olurlar.

(Ardı var)

 





18.01.2021    çap et  çap et