525.Az

Özbəkistan səfirliyinin əməkdaşları ilə görüş keçirildi


 

Özbəkistan səfirliyinin əməkdaşları ilə görüş keçirildi<b style="color:red"></b> AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan səfirliyinin əməkdaşları ilə Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar olaraq tədbirlər planının hazırlanmasına dair belə bir görüşün vacib olduğunu vurğulayıb. İki qardaş ölkə arasında ədəbi əlaqələrə töhfə olaraq 2020-ci ildə İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının  Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 44 məqalədən ibarət xüsusi buraxılışının nəşr olunduğunu xatırladıb.

525.az xəbər verir ki, görüşdə Özəkistan səfirliyinin birinci katibi Bəhram Qailov və səfirliyin ateşesi Aybek Əkrəmov, İnstitutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova, həmin şöbənin kuratoru, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli iştirak edib.

Çıxış edənlər həm Nizami Gəncəvinin, həm Əlişir Nəvainin ümumtürk ədəbiyyatındakı xüsusi mövqeyindən söz açıblar. Bu səbəbdən də onların təntənəli yubileylərinin keçirilməsinin önəmindən danışıblar.

Azərbaycan və Özbəkistan elmi ictimaiyyəti tərəfindən konfransların təşkil edilməsini bu yubileylərə elmi dəstək kimi qiymətləndiriblər. Müzakirələrin nəticəsi olaraq fevral ayında “Nizami və Nəvai: ənənə və novatorluq” mövzusunda konfransın təşkil edilməsi qərarı alınıb.
 





18.01.2021    çap et  çap et