525.Az

Media mənsubları üçün gender məsələlərinə dair təlimat toplusu hazırlanıb


 

"YALNIZ YAXŞI MƏLUMATLANDIRILMIŞ CƏMİYYƏT GÜNDƏLİK MƏSƏLƏLƏR VƏ GƏLƏCƏKLƏ BAĞLI MÜDRİK QƏRARLAR QƏBUL EDƏ BİLƏR"

Media mənsubları üçün gender məsələlərinə dair təlimat toplusu hazırlanıb<b style="color:red"></b>

Cəmiyyətdə diqqət göstərilməsi önəmli olan sosial, tibbi, psixoloji sağlamlıq məsələləri ilə bağlı ayrı-ayrı ixtisas qruplarının maarifləndirilməsi ən aktual mövzulardandır.
 
Bu baxımdan deyə bilərik ki, mətbuat cəmiyyətin aynasıdır və cəmiyyətdə baş verən bütün proseslər mətbuatda bu və ya digər şəkildə öz əksini tapır. Qadın, uşaq istismarı mövzusunda yazılarda istifadə olunan dil normalarına, yazı üçün seçilmiş fotolar, yaxud videomaterialların hazırlanmasında həssaslıq göstərmək, müəyyən normalara riayət etmək hər bir jurnalistin vəzifə borcu olmalıdır.

Günümüzün aktual problemlərindən biri də gender bərabərliyinin qorunması məsələsidir. İnkişaf etməkdə olan ölkələrin inkişafında ciddi maneələrdən biri hesab edilən bu problem dərinləşdikcə cəmiyyətin demoqrafik vəziyyətinə mənfi təsir edir. Demoqrafiya problemi isə hər bir ölkənin müstəqilliyini, onun sabitliyini təhlükə qarşısında qoyan ən böyük səbəblərdən biridir.

Nəhayət, əgər cəmiyyətdə sosial bərabərsizlikdən, cinslərarası bərabərsizlikdən söhbət gedirsə, bunun aradan qaldırılması üçün aidiyyəti orqanlar, ziyalılar, sosial həssaslığı olan ayrı-ayrı şəxslər çiyin-çiyinə çalışmalıdır.  Yudaxırda qeyd etdiyimiz kimi, burda ən böyük rol da medianın üstünə düşür. Məhz bu səbəbdən "Azərbaycan mediasında gender həssaslığının artırılması: jurnalistlər üçün təlimat kitabı" adlı vəsait hazırlanıb. Bu vəsait topluasu özündə Azərbaycan mediasında xəbərlərin hazırlanması və təqdimatında gender həssaslığının artırılması və gender bərabərliyinin nəzərə alınması, eləcə də qızların və qadınların dəyərinin təşviqi mövzusunda media nümayəndələri üçün ətraflı məlumat və təlimatları ehtiva edir.

Kitab jurnalistlər üçün hazırlansa da, hər kəsin əl kitabı olacaq mövzuları əhatə edir. Bu məsələlərlə bağlı kitabda jurnalistlərin üzərinə düşən vəzifələr geniş və əhatəli şəkildə, lokonik dildə ifadə edilib.

Kitabda, jurnalistin birinci vəzifəsi kimi bu mövzuda peşəkar və etik reportajların hazırlanması vurğulanır. Etik jurnalistika bütün dünyada qadınların fəaliyyətinin, fikirlərinin, məqsədlərinin ədalətli formada təmsil olunmasını tələb edir. Bununla bağlı hələ 1 noyar 2018-ci ildə "Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları"na olunan dəyişikliklərdə "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi" məsələsi jurnalistikanın əsas prinsipi kimi vurğulanıb.

Bu məsələdə qadın jurnalistlərinin rolu danılmazdır. Elə buna görə də mətbuatda önə çıxan qadın jurnalistlərin sayının çox olması gender bərabərliyinin təbliği və cəmiyyətin bu məsələdə daha çox maarifləndirilməsi üçün müsbət hal hesab olunur. Amma kitabda bunun da kifayət etmədiyi diqqətə çatdırılıb. Jurnalistika sahəsində çalışan qadınların sayı artsa da, onlar bu peşənin daha aşağı vəzifələri ilə məhdudlaşdırılır və nisbətən az əhəmiyyətli işlə təmin olunurlar. Digər tərəfdən, onlar əsasən dəb, məşhurlar və məişət mövzularında ixtisaslaşan jurnal və bədii proqramlar üçün yazırlar. Cəmiyyətdə qadınlara yerlərdən reportajın hazırlanması, müsahibələrin alınması, xəbəri yazma, redaktə etmə kimi əsas jurnalist fəaliyyətlərinə cəlb olunmaq üçün daha az imkanlar verilir. Bunun əksinə, əsas televiziya aparıcıları qadınlardır. Qadınların aparıcı kimi bu işlərə təyin edilməsi intellektdən daha çox xarici görünüşə üstünlük verilmə ənənəsinin təzahürüdür. Bu da əlbəttə, kütlənin həyati əhəmiyyətli, düşüncə səviyyəsini yüksəldəcək lazımi məsələlərdən çox, bayağı, necəgəldi təqdim olunan mövzularla bəslənməsinə səbəb olur. Bunun mənfi təsirləri də zamanla cəmiyyətdə təzahür edir.



Kitabda jurnalistlərin yazı yazarkən fikrini ifadə etmək üçün istifadə etdikləri söz seçiminin nə qədər əhəmiyyətli olduğuna da yer verilib. Seçdiyimiz sözlərin gender stereotipləri yaratmamasına diqqət etmək həqiqətən çətindir. Hətta yazıda istinad edərkən, hansısa bir atalar sözündən, yaxud zərbi-məsəldən yazıya rəng qatmaq üçün istifadə edərkən belə diqqətli olmaq lazımdır. Çünki bu ifadələrin böyük bir hissəsi patriarxal rejimin ən güclü olduğu dövrlərdə ortaya çıxıb və əksəriyyəti qadınların şəxsiyyətini aşağılayan, köhnəlmiş anlayışları ən sərt formada əks etdirir. Bu səbəbdən həqiqətən dildən istifadə edərkən onu zənginləşdirmək, köhnəlmiş deyim və məsəllərdən uzaq durmaq, yeni, daha sağlam mənaları özündə ehtiva edən fikirləri ictimaiyyətə təqdim etmək jurnalistlərin əsas vəzifələrindən sayılır. Kitabda bu məsələ üzərində ciddi məqamlara toxunulub. Qeyd olunub ki, gender məsələləri cəhətdən həssas jurnalistika seksist xəbərlər hazırlamağa stimul verməmək üçün diqqətli olmağı tələb edir: "Biz media mənsubları olaraq yaşadığımız cəmiyyətlərdə gender bərabərsizliyi yaratmamışıq, lakin sözlər və ifadələrin düşünmədən seçilməsi gender dinamikalarını və stereotiplərini əks etdirə, hətta gücləndirə bilər".

Burada gender məsələləri ilə bağlı neytral dilə dair UNESCO-nun təlimatını da qeyd etmək lazımdır: "Dil sadecə bizim düşüncə tərzimizi əks etdirmir, o, həm də bizim düşüncəmizi şəkilləndirir. Qadının kişi ilə müqayisədə aşağı mövqe tutduğuna dəlalət edən sözlər və ifadələr davamlı olaraq istifadə edilərsə, qadının aşağı mövqe tutması ilə bağlı bu fərziyyə bizim düşüncə tərzimizin tərkib hissəsinə çevrilməklə nəticələnəcək. Fikirlərimiz inkişaf etdikcə dilimizi də ona uyğunlaşdırmalıyıq".

Kitabda toxunulan ən təsirli məqamlardan biri də qadınlara xəbər mənbəyi kimi həddən artıq az müraciət olunmasıdır. Həqiqətən də təkcə bir günün statistikasına belə fikir versək, müxtəlif mövzularda qadın ekspertlərin fikirlərinə çox az istinad edildiyinə şahid olarıq. Bu istinadlar da əsasən moda, pəhriz, sağlam qida, yaxud da psixoloji mövzularda olur. Mətbuatda ağırlıq təşkil edən mövzularla bağlı isə gündəlik xəbər istinadı əsasən kişi ekspertlərdir.

Jurnalistin işi hər gün ictimaiyyət üçün gündəm yaratmaqdır. Bu gündəmə həmin ictimaiyyətin hər hansı bir hissəsinin fikri daxil olunmayıbsa, ya da əksinə, gözardı edilibsə, təbii ki, bu gündəm bütün əhalinin maraq dairəsini əhatə edə bilməyəcək. Belə olduğu halda cəmiyyətdə dominat səs kişilərə aid olur və qadınlar üçün önəm daşıyan bir çox məsələlər kölgədə qalır. Bu baxımdan kitabın jurnalistlərə tövsiyəsi hər bir xəbərdə azı iki mənbəyə (qadın və kişi) istinad edilməsidir.

Bu və bunun kimi bir çox peşə həssaslığı yarada biləcək məqamlara toxunulan əl kitabı hər bir jurnalistin, hətta digər peşə sahiblərinin də cəmiyyətdə, gündəlik iş həyatında görə bilmədiyi həmin o kor nöqtələri işıqlandırır.

Qeyd edək ki, kitab Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İdman və Gənclər Nazirliyi ilə birgə həyata keçirdiyi "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsı üzrə qlobal proqram" çərçivəsində Azərbaycan Mətbuat Şurasının iştirakı ilə hazırlanıb.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





18.01.2021    çap et  çap et