525.Az

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib


 

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səlnaməsi” mövzusunda tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


525.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev Qanlı 20 Yanvar hadisəsinin müasir tariximizə həm faciə, həm də əzmkarlıq, vətənpərvərlik səhifəsi kimi həkk olunduğunu nəzərə çatdırıb.
 
Həmin gün Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Vurğulanıb ki, o illərdə 20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Dahi Rəhbər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ rəhbərliyini kəskin şəkildə tənqid etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Direktor, gələcək nəsillərə 20 Yanvar faciəsinin tarixi köklərini və baş vermə səbəblərini çatdırmaqda aparılan elmi araşdırımaların da böyük əhəmiyyətindən danışıb. Qeyd olunub ki, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevin 2000-ci ildə yazdığı “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi kökləri dərindən araşdırılaraq üzə çıxarılmış, həmin hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı dərindən təhlil edilmişdir. Geniş tarixi kontekstdə qələmə alınmış həmin əsər Azərbaycan tarixinin, eyni zamanda, ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Vurğulanıb ki, 1990-cı ildə birləşən xalq birliyi dəmir yumruq kimi Azərbaycana göz dikənlərin başına endi. 30 ilə yaxın mənfur düşmənlərimiz tərəfindən işğalda saxlanılan tarixi torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, xalqımızın yumruq kimi birliyi sayəsində işğaldan azad edildi. Direktor, AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” fondunun yaradılacağı barədə də ətraflı məlumat verib. Çıxışının sonunda professor Məmməd Əliyev: “Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq, üçrəngli bayrağımız daim əzəmətlə dalğalanacaq. Cənab Prezidentin dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyə bildirib.

20 Yanvar hadisələrinin canlı şahidi olan MEK-in kitabxana xidmət üzrə direktor müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova XX əsrin tarixdə inqilablar, xalqların azadlıq mübarizəsi əsri kimi yadda qaldığını, Azərbaycan xalqının bu əsrdə iki dəfə öz müstəqilliyi uğrunda mücadiləyə qalxdığını qeyd edib. Xuraman İsmayılova 20 Yanvarın Azərbaycanın müstəqillik tarixindəki rolundan və bu yolda canından keçən, şərəf və layəqəti hər şeydən uca tutan şəhidlərin qəhrəmanlığından danışıb.

Sonra 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş 19 yaşlı Rahim Babayevin ailə üzvü, MEK-in əməkdaşı Asya Tofiqlinin çıxışı dinlənilib. O, bildirib ki, Rahim şəhidlik zirvəsinə ucaldığı zaman çox gənc olmasına baxmayaraq, Vətənə sadiq, torpağa bağlı idi: “Bu gün onu deyə bilərəm ki, artıq onun və bütün şəhidlərimizin ruhu şaddır. Üstündə qanı olan üçrəngli bayrağımız indi Qarabağda dalğalanır”.

Tədbirdə MEK tərəfindən hazırlanan 20 Yanvar hadisələrini əks etdirən video nümayiş etdirilib.
Sonda faciəyə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

 





19.01.2021    çap et  çap et