525.Az

Nizami Gəncəvi ilində Vaqif poeziyası günləri - İsa Həbibbəyli yazır


 

Nizami Gəncəvi ilində Vaqif poeziyası günləri - <b style="color:red">İsa Həbibbəyli yazır</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edildikdən sonra qalib Ali Baş Komandan kimi Şuşa şəhərinə ilk səfər etməsi ictimai-siyasi əhəmiyyətinə görə çoxəsrlik Azərbaycan tarixinin təkraredilməz mühüm hadisəsidir.
 
Bu hadisə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin tarixi yekunu və eyni zamanda, Qarabağ torpaqlarına Böyük Qayıdışın möhtəşəm başlanğıcıdır. Otuz il ərzində əlçatmaz olan Qarabağın tacı Cıdır düzü Şuşa səfəri zamanı Prezident İlham Əliyevin nəhəng xitabət kürsüsü funksiyasını yerinə yetirmişdir. Vətən müharibəsini Şuşa Qalasının fəth olunması ilə Zəfərə çatdıran Qalib Ali Baş Komandan Qarabağın yeni həyatına Cıdır düzü bəyanatını şərh etməklə başlamışdır.

Azərbaycanın tarixində və taleyində mühüm rolu və yeri olan Şuşanı otuz illik ayrılıqdan sonra Azərbaycana qaytarmış Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra bu şəhərin ilk azərbaycanlı sakini olmaq haqqını həyata keçirmişdir. Dövlət başçımızın indiki çətin şəraitdə bir günü bütövlüklə Şuşa şəhərində qalması ilə Qarabağda yenidən məskunlaşmanın əsası qoyulmuşdur. Prezident İlham Əliyev Şuşaya səfər etməklə Böyük Qayıdışa real olaraq Cıdır düzündən start vermişdir.

Şuşa şəhərinin dövlət səviyyəsində müstəqil Azərbaycan Respublikasının mədəniyyət paytaxtı  kimi elan olunması vaxtilə Qafqazın konservatoriyası adlandırılmış Qarabağın incəsənət sahəsindəki tarixi ənənələrinin bərpa olunmasına və inkişaf etdirilməsinə geniş meydan açılmasına təminat verir. Prezident İlham Əliyevin Şuşa şəhərinə ilk səfəri zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, böyük şairəmiz Xurşudbanu Natəvanın və görkəmli ifaçı sənətkarımız Bülbülün vaxtilə erməni vandalları tərəfindən "güllələnmiş" heykəllərini əvvəlki tarixi məkanlarına qaytarması faktı geniş mənada Qarabağda tarixi-mədəni irsin, elmi-ədəbi ənənələrin yenidən öz yerini alacağına inamın real göstəricisidir.

Ermənistan tərəfinin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin heykəllərini "güllələməsi" mədəniyyətə və mənəviyyata açılan nadanlıq atəşidir, mənsub olmaqları miskin ölkənin tarixinə ləkədir.

Azərbaycanın "güllələnmiş" abidələri, ölkəmizin ərazisindəki alban məbədlərini məhv olmaqdan xilas etməsi, onlara yeni həyat verməsi haqqın və ədalətin, milli mədəniyyətlərin təntənəsidir, xalqımızın şərəf işidir.

Prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində güllələnmiş heykəllərin doğma məskənlərinə qaytarılması Şuşa şəhərində mədəniyyət paytaxtı kimi həyata keçirilmiş ilk böyük mədəniyyət hadisəsidir. Heç şübhəsiz, bu rəmzi hadisə Qarabağın işğaldan xilas edilmiş bütün tarix və mədəniyyət abidələrinin, məscidlərimizin, muzeylərin yeni həyat qazanacağına və neçə-neçə yeni incəsənət hadisələrinin baş verəcəyinə böyük inamı ifadə edir.

Vaqif türbəsi,Şuşada | sherqmirvarisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən Şuşa şəhərində ucaldılmış Molla Pənah Vaqifin məqbərəsi qarşısındakı tarixi nitqi ilk növbədə bütün sahələrdə olduğu kimi, mədəniyyət və ədəbiyyat sahəsindəki siyasi varisliyin də konkret əməli təzahürüdür. Otuz doqquz il əvvəl, 14 yanvar 1982-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən ucaldılaraq rəsmi açılış mərasimi keçirilmiş Molla Pənah Vaqif məqbərənin həyata vəsiqə aldığı anların iştirakçısı olmuş İlham Əliyevin bu gün dövlət rəhbəri kimi həmin abidənin xilaskarı və yenidən qurucusu kimi çıxış etməsi tale işi olmaqdan başqa, həm də biri-birini tamamlayan və inkişaf etdirən şərəfli bir tarixi missiyanın həyata keçirilməsi deməkdir. Şuşa şəhərinin unudulmaz səhifələrindən biri olan bu tarixi hadisə, yəni dövlət rəhbərimizin dağıdılmış məqbərənin qarşısında çıxış etməsinin nümayiş etdirilməsi həm də ermənilərin mədəniyyət anlayışından uzaq olmalarının əyani təqdimatıdır. Böyük memarlıq əsəri olan möhtəşəm mavzoleyin ürəkağrıdan dağıntılara məruz qalmış görüntüsü ətrafında Prezident İlham Əliyevin həyəcanlı nitqi və səsləndirdiyi fikirlər milli ədəbiyyat və mədəniyyətimizin tarixi taleyinə və mahiyyətinə, bu günü və sabahına müstəqil dövlətçilik zirvəsindən baxışın və qayğının əməli ifadəsidir. Prezident İlham Əliyevin vaxtilə Qarabağ xanımın vəziri olmuş Molla Pənah Vaqifə sinfilik ideologiyasının hakim olduğu sovet hakimiyyətinin yaratdığı qadağalar şəraitində məqbərə ucaldılması hadisəsinin mahiyyəti haqqındakı dərin məzmuna malik mülahizələri tarixə obyektiv münasibətin tamamilə yeni siyasi şərhindən ibarətdir: "Xanın vəziri olan insanın (M.P.Vaqifin - İ.H.) şərəfinə o vaxt, sovet dövründə məqbərə ucaltmaq qeyri-adi, ...fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti sayəsində o vaxt Azərbaycan buna nail ola bildi. ...Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətinin əlaməti idi. Digər tərəfdən, bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir".

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulmasına və Vaqif Poeziya Günlərinin, "Xarı bülbül" musiqi festivalının bərpa edilməsinə dair fikirləri mədəniyyət paytaxtı kimi Şuşa şəhərinin yeni inkişaf mərhələsinin hadisələri, azərbaycançılıq ideologiyasının, müstəqil dövlətimizin ədəbiyyat və mədəniyyət siyasətinin faktları kimi təqdim olunur. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ən yaxın zamanda Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsi və məzarı böyük mədəniyyət abidəsi kimi özünün möhtəşəm görkəminə qaytarılacaqdır. Yenidən ucaldılan Molla Pənah Vaqif mavzoleyi mədəniyyət paytaxtı kimi Şuşa şəhərinin və Qarabağın rəmzinə çevriləcəkdir. 2021-ci ildə keçirilməsi nəzərdə tutulan Vaqif Poeziya Günləri təkcə Şuşa şəhərində deyil, bütövlükdə "küllü-Qarabağ"da, torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda yeni həyatın təntənəsinə çevriləcəkdir. Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin elan etdiyi "Nizami Gəncəvi ili"nin ən möhtəşəm ədəbiyyat və mədəniyyət hadisəsi olacaqdır.

"Nizami Gəncəvi ili" - Azərbaycanda bəşəri mədəniyyətin təntənəsi, Vaqif Poeziya Günləri isə milli ədəbiyyatın hesabatıdır.

"Nizami Gəncəvi ili" - böyük Azərbaycan şairi Nizami Gəncəvini dünyada tanıtmağa, Vaqif Poeziya Günləri isə Molla Pənah Vaqifi Azərbaycana - mənəvi məkanı Qarabağa qaytarmağa xidmət edir.

"Nizami Gəncəvi ili" qlobal miqyasda, Vaqif Poeziya Günləri isə ölkə masştabında Böyük Qayıdış hadisələridir.

"Nizami Gəncəvi ili" - müstəqil Azərbaycan dövlətinin ədəbiyyat və mədəniyyət siyasətinin strategiyası, Vaqif Poeziya Günləri isə taktikasıdır.

"Nizami Gəncəvi ili" və Vaqif Poeziya Günləri birlikdə Prezident İlham Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq siyasətinin strategiyası və taktikasıdır.

"Nizami Gəncəvi ili"ndə Vaqif Poeziya Günləri müstəqil Azərbaycanın yeni tarixi epoxasının, böyük sabahlarının müdriklik və nikbinlik rəmzidir.

17 yanvar 2021-ci il

 





19.01.2021    çap et  çap et