525.Az

Ləyaqətli insan haqqında söz - Telman Orucov yazır


 

Ləyaqətli insan haqqında söz - <b style="color:red">Telman Orucov yazır </b>

Həyatda rast gəldiyimiz adamların bəziləri az keçməmiş səhər dumanı kim yoxa çıxır, yaddaşda heç bir iz buraxmır, nadir sayılanlar isə bulud altından çıxan günəş kimi ətrafa işıq saçır, yaratdığı mənəvi təəssüratla xatirələrə həkk olunur. Müşahidə etdiyimiz xarakterlər öz orijinallığı ilə elə təsir gücünə malik olur ki, onları yaddan çıxartmaq mümkün olmur. Bu xarakterləri ayrıca təsvir etmək ehtiyacı yaranır, həm də istəyirsən ki, çoxları onlara bələd olsun.

Mən onunla əvvəllər tanış olsam da, sonralar hər ikimizin düşdüyü məkan bizi yaxınlaşdırdı və onu kəşf edə bildim. O, öz sahəsini əhatə edən elm aləmində tanınmış adam, elmlər doktoru, professor idi. Əyalətdən çıxmış cavan oğlan öz ambisiyasına uyğun olaraq, SSRİ-nin ən məşhur universitetlərindən birini müvəffəqiyyətlə bitirmiş, elm sahəsinə olan həvəsini reallaşdırmağa çalışmış, hüquq elmləri doktoru adına yiyələnmişdi. Vətənində ədliyyə orqanlarında məsul vəzifə tutmuş, müstəqillik illərində kommersiya ilə məşğul olmağa keçmişdi. Lakin o, elmi fəaliyyətdən uzaqlaşmamış, postsovet məkanında keçirilən konfranslarda mühazirələrlə, elmi jurnallarda məqalələrlə çıxış etmişdir. Bu, bir çoxlarında qısqanclıq hisslərinin yaranmasına səbəb olmuş, elmi zirvələrə yüksəlməkdə ona maneçiliklər törədilmişdi. Lakin onun elmi fəaliyyətinə sədd çəkmək cəhdləri uğur qazanmamışdı. Qədim yunanların sözü yerinə düşür: "İnsanı hər şeydən məhrum etmək olar, onun mülkiyyətini ələ keçirmək olar, lakin ağlını müsadirə etmək, öz zəkasının məhsulu olan elmini onun əlindən almaq mümkün deyildir".

Başqa birində isə onun sadəliyinə heyran olmuşdum. O, heç vaxt karyera pillələrində yuxarı qalxmağa can atmamış, yaponlar kimi daim kölgədə qalmağa üstünlük vermişdi. Onun yaxın dostu isə mübarizə cəbhəsini seçmiş və siyasətdə Comolunqma zirvəsinə yüksəlmişdi. Təvazökarlığı daim ona mane olmuşdu, lakin öz mənəvi taxçasından uzaqlaşmaq istəməmişdi. Kommersiya ilə məşğul olandan sonra çox varlansa da, sadə, az qala asketə yaxın olan həyat tərzini tərk etməmişdi. Ümumiyyətlə, o, özünün var-dövlət sahibi olmasını gözə soxmaqdan çox uzaqdır, çoxlarına xas olan dəbdəbəli yaşamaq meyli ona yaddır. Barak Obamanın yazdığına görə, ən məşhur milyarder Uorren Baffitin ofis binasını görəndə gözlərinə inanmamışdı, ikimətəbəli bina sadəlik rəmzi ola bilərdi. Onun da ofisi məhz belə rəy doğururdu.

Həm də, o, öz davranışını müəyyən çərçivədə saxlamağı bacarır. Məclislərdə özünü başqalarından fərqləndirmirdi. İşçilərinə tələbkarlığı ilə yanaşı, nəzakətlə yanaşır, problemlərinin həllində yaxından iştirak edirdi. Onun geyimi də sadə idi, çalışırdı ki, adi adamlardan fərqlənməsin. Bütün bunlar ona yalnız hörmət qazandırırdı, paxıllarının da sayı xeyli azalmışdı. Tanış olduğu adamların adını, soyadını xüsusi dəftərçəsinə yazır, sonralar onlara yaxın tanışı kimi müraciət edirdi, belə diqqəti əksəriyyət yüksək qiymətləndirirdi.
Başqa birisinin isə siyasətdə o qədər də qiymətləndirilməyən səmimi olması, ən çətin anda belə riyakarlığa əl atmaması təəccüb doğururdu. O, rəsmi dövlət vəzifəsi tutmasa da, öz ölkəsi və xalqı üçün bir sıra yüksək vəzifəli məmurlardan daha çox iş görürdü və bu, dövlət rəhbərliyi tərəfindən qiymətləndirilirdi. O, vətəndaş cəmiyyətindəki fəal işi ilə seçilirdi, Azərbaycanla qonşu iri dövlətlər arasında sıx əlaqələrin qurulmasına böyük əmək sərf edirdi. Bu, heç də dövlət orqanlarının işini təkrar etmək olmayıb, onun davamı xarakterini daşıyırdı. Rusiyanın, Belarusun və Özbəkistanın vətəndaş cəmiyyətləri ilə belə fəaliyyət hesabına işgüzar əməkdaşlıq yaradılmışdır. Həmin şəxsi digər ölkələrin dövlət qurumlarında da hörmətlə qarşılayırlar. Azərbaycanlı siyasətçi başqa ölkələrdə də nüfuz qazanmağı bacarmışdır.

Başqa birisi uğurlu iş adamı kimi tanınır, öz ölkəsində heç bir şirkəti olmasa da, Rusiya Federasiyasında geniş şirkətlər şəbəkəsinə malikdir. Kommersiya fəaliyyəti nəticəsində qısa müddətdə həmin ölkədə böyük nüfuz sahibinə çevrilmişdir. Bir mühüm üstünlüyü ondan ibarətdir ki, başqalarından fərqli olaraq, orada siyasətə müdaxilə etmək fikrinə düşməmiş, ona görə də oliqarx adlanmaqdan uzaq olmuşdur.

Kommersiyanı siyasətlə əlaqələndirənlər bir qayda olaraq daim özlərinə qarşı təhlükə hiss edirlər.
Müşahidə obyektimin də biri geniş xeyriyyəçiliklə məşğul olandır. O, adamlara kömək əli uzatmaqdan həzz alır, bunu öz həyat kredosuna çevirmişdir. Adətən ona elm adamları, istedad sahibləri maddi yardım barədə xahişlə müraciət edir. İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə tutarlı köməklik göstərmişdir. Onu çoxları altruist adlandırırlar, o isə bunu şöhrət xatirinə deyil, məhz könlünün diktəsi ilə edir. Sadəcə olaraq o, öz dünyasının koordinatlarında yaşamağa üstünlük verir, imkanlarını həsr etdiyi xeyriyyəçilik fəaliyyətindən başqa heç bir şey gözləmir.

Oxucu yəqin ki, bu adamların kim olması ilə maraqlanır, onların inkoqnito saxlanması ilə razılaşmır. Bu xarakterlər yalnız bir şəxsdə mərkəzləşmişdir, bu adam çoxlarına yaxşı tanış olan İlham Rəhimovdur.
Onu daha çox professor kimi tanıyırlar, şübhə etmirəm ki, bəziləri onun portretinin təsvirinin yığcamlığından, minatür formasında olmasından narazı qalacaqdır. İlham Rəhimov barədə ən uca sözlər onun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda öz əksini tapmışdır.

Bu yaxınlarda İlham Rəhimovun 70 yaşı tamam olmuşdur. Ona ünvanlanmış ən xoş arzularla yanaşı, qeyd etmək lazım gəlirki o, ruhən çox cavandır, həm də təkcə onun yaxınları deyil, onu tanıyanların hamısı ondan doğma xalqı və ölkəsi üçün daha böyük işlər görəcəyini gözləyir, hansısa başqa bir cür gözlənti isə onun təbiətinə inamsızlıq əlaməti olardı.

Nəcib insanlar başqalarına da təsir göstərməmiş qalmır, çoxlarını özünü ləyaqət ziyafətində iştiraka dəvət edir. Mərdlik təzahürlərinə, igidlərin dəlisovluğuna şərqilər qoşulmasa da, bunlara xidməti ilə seçilənlərin adları dillərdə gəzir və bu, onlar üçün ən yüksək mükafat sayılmalıdır.  

 





19.01.2021    çap et  çap et