525.Az

20 yanvar – milli oyanış günümüz! - Günel Mehri yazır


 

20 yanvar – milli oyanış günümüz! -<b style="color:red"> Günel Mehri yazır</b> Xatırlamıram, artıq neçə ildir ki, 20 yanvar ərəfəsində Şəhidlər xiyabanına şəhid analarıyla qolqola addımlayıram. İlhamla Fərizənin anaları rəhmətlik Ofelia xala, Bağda xala, İlqarın anası Katya xala ilə... Bir bilsəz, necə ağırdır bu addımlar...

Necə ağrılıdır onların yaralarının köhnə qəlpə kimi  tərpənib incitməsini müşahidə etmək... İllərlə qəlblərində gəzdirdikləri ən kövrək xatirələri bax elə o xiyabanın dolanbac yollarında etiraf ediblər mənə. Sonra birgə gül düzmüşük qəbirlərə, birgə kövrəlmişik... Nə yalan deyim, baxa biməmişəm qara mərmərdən boylanan buruq simalara. Nəsə deməyə üzüm olmayıb elə bil. Onların başladıqları mücadilənin yarıda qalması, haqlı ikən haqsız duruma düşməyimiz, illərlə bu qaniçən müharibədə geriyə-geriyə çəkilərək o cür igidlər itirməyimiz, Qarabağ adlı yaramız... Nə deyəsən, hansı birindən danışasan axı?.. Eləcə xiyaban boyu addımlamışam onların sual dolu baxışları altında üzü küləyə doğru. Amma sükutum danışıb. Bir sükutun deyə biləcəyi hər mətləbdən danışıb özü də.  Sonra sükutumu da götürüb dinməz-söyləməz getmişəm...



Yenə 20 yanvar ərəfəsi... Yenə sazaqlı hava... Yenə eyni ünvana gedirəm: onların görüşünə... Amma bugün öncəkilərdən fərqli. Düzdür, səma  həmişəki tək qaşqabaqlıdır. Dolub, dolub, bir himə bənddir boşalmaq üçün. Əllərimdəki qərənfillər də eyni cür ayrılıq qoxuyur: 31 il öncəki kimi... Yenə 20 yanvar tarixinə özəl qızğın hazırlıq gedir. Qərənfil yağır xiyabanın sağına, soluna. Adamlar qarışqa tək çalışır. Süpürgəçi qadınlar bir ucdan sınıq-salxaq qərənfil qırıntılarını yollardan süpürür. Bölük-bölük İnsanlar əlində çiçək asta-asta pillələrə yaxınlaşır. Yenə girişdə əzəmətlə dalğalanan bayraq bizi üç rəngiylə salamlayır. Bir anlıq ayaq saxlayıb bayraqla baxışıram. Sonra mən də insan selinə qoşuluram.  Bu illər ərzində ilk dəfə təbəssümlə... Başı dik, alnı açıq, fəxarətlə... Bəlkə də getmirəm, qanad açıb uçuram. Çünki deməyə sözüm var, qalibiyyət müjdəm var onlara. Çünki tək deyiləm. Sağım, solum qalib əsgərlərdir. Biz addımladıqca insanlar aralanıb yol verir. Balaca fidanlar qalib əsgərlərə, onların gün işığında bərq vuran medallarına heyrətlə, sevgiylə baxır, çiçək uzadır:

-Olar sizinlə şəkil çəkdirim, əsgər əmi?

-Niyə olmur?!

-Mən də, mən də istəyirəm.

Digər uşaqlar da bir ağızdan onlara qoşulur. Analar, atalar, əmilər, xalalar sevinclə növbəyə düzülmüş körpələrin qalib əsgərlərlə fotolarını çəkir. Sonra balaca bir qızcığaz körpə əllərindəki qərənfili ehmalca əsgərin boş qalmış balağına toxundurur və dünyanın ən içdən səmimiyyəti ilə deyir ki: “Allah sənə şəfa versin, əsgər!”... Bax o an əsrə bərabər bir sükut çökür izdihamın üstünə. Səhərdən guruldayan insanlar susub arabada əzmlə əyləşən əsgərə sarı boylanır. Əsgər bir anlıq ayaqlarına baxır, sonra əlləriylə həmin qızcığazın saçlarını tumarlayır:

-Çox sağ ol, balaca.

Sonra izdihamdan yaşlı-başlı bir kişi irəli çıxıb:

-Ən böyük əsgər – bizim əsgər! Biz sizin sayənizdə burda rahat dolaşırıq. Çox sağ olun.

Sonra təxminən eyni nidaları səsləndirən analar, bacılar, əmilər, dayılar  əsgərlərə yaxınlaşır. Əlini sıxan kim, qucaqlayan kim, şəfa diləyən kim... Əsgərlərin simasına baxıram. Həmin an onlar bayaqdan mənim duyduğum fəxarət hissiylə dolub-daşırlar. Bütün ağrılara, acılara, qəlpələrə, yaralara rəğmən əzmlə dayanıblar. Bu tablonun əsas qəhrəmanı olmaq onlara necə də güc verir. Yenidən addımlayırıq əbədi məşələ doğru. Heç bilirsiz, şəhidlərin görüşünə qəhrəmanların əhatəsində getmək necə qürurverici bir hiss? Bu hissi dolu-dolu yaşayıram hər saniyə... Bir tərəfimdən tarix yazan qalib şəhidlər boylanır, digər tərəfimdən yeni tariximizə möhür vuran qalib əsgərlər irəliləyir. Yolumuzun üstünə var səsiylə vətənpərvər şeirlər söyləyən əli bayraqlı, əsgər geyimli məktəbli oğlanlar, qızlar çıxır. İlahi, necə şövqlə, necə sinədən deyirlər “Vətən”, “şəhid”, “əsgər”, “Azərbaycan” kəlimələrini. Necə qulağa şirin gəlir... Hə, gözəl bala, lap yerində söylədin: “Torpağın bağrına cəsədləriylə azadlıq toxumu əkdi şəhidlər...”


 
Deməli, boş yerə getməyib bu canlar. Deməli, 31 il öncədən bu qələbə günlərinə özül atırmış onlar. Deməli, indi ruhları hündür bir nöqtədə xürrəm dayanıb bizi izləyir. Bütöv bir şəhid ordusu – başında Polad general, böyründə igid silahdaşları İlqar Mirzəyev, Raquf Orucov, cəsur Mübariz İbrahimov, Allahverdi Bağırov, Şirin Mirzəyev, İlham və Fərizə, İlqar və Larisa və yüzlərlə adlarını sadalayıb da bitirə bilməyəcəyim başqa igidlər, qəhrəmanlar hardansa bizə gülümsəyir.  Bu mənzərələri izlədikcə başa düşürəm ki, bu millət bir dəfə ölüb, min dəfə dirilməyə, yenidən və yenidən silkələnib arınmağa qadirmiş!..
 
Başa düşürəm ki, 1990-nın 20 yanvarından bu yana bu qədər qurban versək də, qanımızda, şüurumuzda tənəzzül yox, katarsis baş verib. Bu 31 ildə özümüzü tanımışıq. Nə istədiyimizi, yolumuzu, gələcək istiqamətimizi müəəyyən etmişik. Və birdən onu görürəm.  Fikirlərim çiliklənib palam-parça olur. Hə, özüdür! Yolun lap başında məşəllə üzbəüz dayanıb. Külək yaylığının kənarlarından boylanan ağarmış tellərini üzünə səpələsə də, başa düşürəm ki, odur – polad kimi qadın- güclü, əzmli, kövrək qadın...

Gəlmiş-keçmiş bütün şəhidlərin anası - Səmayə ana... Milli Qəhrəman Polad Həşimovu bizə bəxş edən Səmayə ana... Qalib əsgərlər onu görüncə uşaqlaşırlar. Tez üstünə qaçıb üzük qaşı kimi dövrəyə alırlar onu. Növbəylə təzim edib, əllərindən öpürlər:

-Səmayə ana, xoş gördük!

-Mənə generalımızla çiyin-çiyinə vuruşmaq nəsib olub.

-Səmayə ana, o, başqa insan idi...

-Bizə belə bir insan bəxş etdiyiniz üçün  çox sağ olun...

Səmayə ana isə susur. Bircə-bircə hər birini bağrına basıb nəmli gözlərinin arasından diqqətlə süzür. Və o an elə bil hər birindən Poladının ətrini, cizgilərini soraq alıb toxtayır. Sakitcə bir kənardan bu mənzərəni izləyirəm. Həyatım boyu izlədiyim ən təsirli mənzərəni... Qarşımdasa şəhid ruhların əbədi məşəli qəlbim  kimi dilim-dilim alovlanır... Üzümü xiyabana tutub pıçıldayıram: “Səhadətiniz mübarək, əzizlər! Qəhrəmanlıq salnaməmiz sizinlə başladı!”
 





19.01.2021    çap et  çap et