525.Az

Azadlığa qovuşmuş Vətəndə ciyərdolusu nəfəs almaq!..


 

Azadlığa qovuşmuş Vətəndə ciyərdolusu nəfəs almaq!.. <b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Günel Rzayeva, yazar:

- Vaxtilə "Pəncərə" verilişində bütün qonaqlarımıza sonda belə bir sual verirdik: "Sizcə, nəyə görə yaşamağa dəyər?" Çox hörmətli qonaqlarımız da çox müxtəlif cavablar verirdilər.

Bu gün səhərdən Şuşadan gələn xəbərləri və görüntüləri izləyərək bir neçə dəfə bu video və fotolarla paylaşmaq istəmişəm. Prezidentimizin Şuşaya yola düşməsini xəbər verəndən, bu müqəddəs şəhərdə səfərinin sonunda etdiyi çıxışlaracan hamısına göz yaşı qarışıq təbəssüm, qürur və fərəh hissləriylə baxmışam...

Və nəhayət, ağlıma belə bir sadə cavab gəlib: Məncə, bizim hamımızın nəyə görə yaşamağımızın cavabı artıq bəllidir. Bax, bu cür - azadlığına qovuşmuş Vətənində, təbiət qoynunda əzizlərinin arasında pürrəngi çaydan bir qurtum alaraq ciyərdolusu nəfəs almaq! Həqiqətən də, buna görə yaşamağa dəyər!

Allah Sizi qorusun!

Allah Vətəni uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Ermənistanda toyuq ətinin qiyməti bahalaşır və bu, qismən Dağlıq Qarabağ və ətraf rayonlardan hər il Ermənistana gətirilən - idxal edilən 100 000 ton heyvan üçün yemdən məhrum olma faktı ilə əlaqədardır. Broylerlər ucuz/pulsuz yemdən məhrucm olunublar.

Bundan əlavə, duru yağın və çörəyin qiyməti də 30-40 faiz bahalaşıb, bu da çox güman dolayı yolla Qarabağda itkilərlə əlaqəlidir.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Nizami ilinə xoş əhvalla...

Uzun illər Azərbaycan Yazıçılar Birliyinin katibi olmuş xalq yazıçısı Hüseyn Abbaszadə danışırdı: "1982-ci ildə L.İ.Brejnevin Bakıya səfəri zamanı Respublika sarayındakı məşhur tədbirdən əvvəl Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev tanınmış ədəbiyyat və mədəniyyət xadimlərini, yaradıcılıq təşkilatlarının rəhbərlərini ona təqdim edirdi. Brejnev sifətində heç bir ifadə olmadan uzadılan əllərə mexaniki şəkildə toxunurdu.

Sıra məşhur dirijor Niyaziya çatdı. Heydər Əliyev özünəməxsus təntənəli ahənglə onu yüksək qonağa təqdim etdi:

- Naş znamenitıy Niəzi!

Birdən Brejnevin sifəti elə bil canlandı. Üzündə maraq ifadəsi yarandı. Diqqətlə Niyaziyə baxdı. Sonra  əlini bərk-bərk sıxaraq:

- Kak pojivaete, tovarih Nizami? - deyə səmimi bir tərzdə hal-əhval tutmağa başladı..."

P.S. 1981-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Respublika Nazirlər Soveti "Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 840 illiyi" ilə bağlı Ümumittifaq miqyaslı geniş qərar qəbul etmişdi. Belə qərarlar bir qayda olaraq Sov.İKP MK ilə razılaşdırılır və Moskvada təsdiqdən keçirdi. Görünür, həmin proses zamanı Nizaminin adı L.İ.Brejnevin yaddaşının bir küncündə ilişib qalıbmış...

İlqar Əlfioğlu, jurnalist:

- Kəllə-paçadan status yazdım, yadıma düşdü... "Avtoritet" qəzeti buraxırdım, ofisimiz İçərişəhərdə idi. Çalışırdım ki, hər bazar uşaqlara elə ofisimizdə kəllə-paça qonaqlığı verim...

Amma ləzzət eləyirdi, vallah!

Uşaqlar, kimin yadındadırsa, nuş olsun, gözəl günlər idi, heyif onlara...

Ağalar Qut, filosof:

- İnsanlıq tarixinin qədimdən üzü bəri soruşulan bütün metafiziki (ontolojiq) sualları hamısı yerində qalır.

Misal üçün, insanı hərəkətə gətirən mənəvi səbəblərdir, yoxsa maddi? Min illər ərzində belə hesab edilmişdir ki, insan mənəvi-ruhani səbəblərdən hərəkət edir. Bu səbəbdən də, maddi səbəblər günah, ayıb, yolunu azmışlıq hesab edilib. 17-ci əsrdən başlayaraq Avropa alimləri qəfildən bu suala belə cavab verdilər ki, xeyr, vətən sevgisi, eşq-meşq, dini təəssübkeşlik kimi mənəvi-ruhani səbəblər uydurmadır; insanı hərəkətə gətirən başlıca motiv maddi qazancdır (A.Smith, K.Marx), seksual arzudur (S.Freud) və s. Amma bu dəyişikliyin səbəbi qədim mənəvi-ruhani metafizikanın səhv çıxması idimi? - Yox! Qədim metafizikanın səhv olduğu sübut edildimi? - Yox! Sadəcə belə qəbul edildi (qəbul edildi!) ki, bəşərin başlıca instinkti, tutalım, puldur, seksual həzdir, vəssalam.

Başqa misal. Min illər ərzində hesab edilib ki, insan allah yaradıcılığıdır, başqa sözlə, onun mənşəyi göydür, ruhdur. Hakim metafizika bu olub. Birdən Avropa alimləri buyurdular ki, xeyr ha, insanın mənşəyi yerdir, özü də heyvandır. İnsan heyvanın təkamüllə törəmiş ağıllı ardıdır. Avropa təfəkkürü bu dəyişikliyi dini metafizikanı səhv çıxardıqdan sonramı etdi? - Yox! İnsanın allah tərəfindən yaradılmadığı sübut edildimi? - Yox! Sadəcə bu dəfə bu cavab əlverişli, praktiki hesab edildi (hesab edildi!) Yəni paradiqma (izah modeli) dəyişdi. İndi müasir avropalı iqtisadçı analiz aparır, deyir qədim Şumerdə (5 min il qabaq mövcud olmuş Şərq sivilizasiyasında) şumerlilər də filan cür ona görə edirdilər ki, çox qazanc götürsünlər. Çünki bu avropalı artıq ayrı cürə fikir yürüdə bilmir, o, elə bilir həmişə insanların başlıca motivasiyası pul olub.

Misalları çoxaltmaq olar. Sözümün canı budur ki, əbədi suallar yenə də orada durur, Avropa təfəkkürü əslində, o sualların heç birinə cavab verməyib, sadəcə, Şərqdən fərqli olaraq o suallarla boğuşmaqdan imtina edib. Azərbaycanda bəzi yoldaşlar isə sadəlövhcəsinə belə hesab edirlər ki, sanki əbədi suallara cavablar verilmiş, axır ki, düzgün cavablar tapılmış, mübahisə bitmişdir. Ona görə də onlara çox qəribə gəlir ki, kimsə "cavabları çoxdan tapılmış" (?) sualları yenidən qaldırır.

Vəfa Əkbər, psixoloq:

- Natamamlıq kompleksindən əziyyət çəkən insanların xüsusiyyətləri:

- Özlərinə qarşı tənqidi heç vaxt qəbul etmədikləri kimi, başqalarını da çox vaxt  tənqid edərlər, beləliklə, öz nöqsanlarını örtməyə çalışırlar;

- Başlarına gəlmiş pis hadisələrdə həmişə başqalarını günahkar bilirlər, səhvlərini qəbul etmək əvəzinə başqalarının üstünə atırlar;

- Həmişə təriflənmək istəyirlər;

- Olduqları insanla olmaq istədikləri insan arasında böyük uçurum olur;

- Səhvləri və yalnışları ilə üzləşməkdən qorxurlar;

- Daxilən özlərini hər mənada yararsız hiss edirlər;

- Özlərini yararsız hiss etdikləri üçün cəmiyyətdən təcrid olunurlar və bu səbəbdən dost-tanışdan uzaq olurlar;

Bu problemdən yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə natamamlıq kompleksindən əziyyət çəkdiyinizi qəbul etməlisiniz.

Mükəmməl olmaq məcburiyyətində deyilsiniz.

Bir düşünün: özünüzü necə təqdim etməyə çalışırsınız və əslində, necə təqdim edə bilirsiniz?

Fərid Pərdəşünas, texnobloqer:

- Feysbuk "location" (konum) məlumatlarına əsasən, istifadəçisinin kiminlə yatdığını belə bilə bilir. Əgər hər iki istifadəçidə "location" açıqdırsa, iki cihazın bir-birinə yaxınlığından və hansı saatda nə qədər yaxın məsafədə olmasından hesablaya bilir ki, onlar hazırda nə edirlər. Hətta istifadəçinin Feysbukda münasibət bölməsindən xəyanət edib-etmədiyini də təyin edə bilər. Və bu məlumatlar Feysbuk menyusundən "location" bölməsində toplanır. İstəsəniz, daxil olub, hansı tarixdə harada olduğunuza belə baxa bilərsiniz. İndi Feysbuk durub sizə desə ki, dünən gecə harada qaldığınızı bilirik, hamı hay-küy edəcək, amma halbuki bunu bilir və edir. İnsanlar bugun çipdən izlənəcəkləri üçün qorxurlar, amma daha bilmirlər ki, ən böyük çipi könüllü üzərlərində daşıyırlar. Hətta buna pul verərək. Mən şəxsən kiməsə pulsuz çip veriləcəyini təsəvvür etmirəm.

 





19.01.2021    çap et  çap et