525.Az

Yüksək nəticə göstərdi, amma jurnalistikanı seçdi


 

Yüksək nəticə göstərdi, amma jurnalistikanı seçdi<b style="color:red"></b>

Peşə seçimi insan həyatında mühüm amillərdən biridir. İnsanın gələcək həyatında tutduğu mövqeyini seçdiyi peşə müəyyənləşdirir. Həvəslə, sevgiylə görülən işin həmişə uğuru, qazancı da fərəhli olur. Necə deyərlər, zəhmət sevinc gətirir. Düzgün peşə seçimi hər bir insan üçün böyük xoşbəxtlikdir. Dahi şair Nizami Gəncəvi yazır:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Misralardan da göründüyü kimi, işinin ustası olan kəslər hörmət, nüfuz sahibi olur. Mükəməllik, kamillik ona başucalığı gətirir. Dahi filosof Aristotelin gözəl bir aforizmi var."Əgər sən sevdiyin bir işlə məşğul deyilsənsə, heç vaxt uğur qazana bilməyəcəksən". İphone şirkətinin qurucusu Stiv Cobs müsahibələrinin birində deyir:

"Əgər haradan başlayacağını bilmirsinizsə, sevdiyiniz işdən başlayın. Bu sizi hədəfinizə çatdıracaq".

Həmsöhbətim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Aysel İbrahimova da belə düşünür.

Aysel 2001-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə 72 saylı məktəb-liseyi fərqlənmə diplomu ilə bitirib. Qəbul imtahanlarında 612 bal toplayaraq yüksək nəticə göstərib. Jurnalistikaya marağı, sevgisi onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib. Dərslərinə qarşı diqqətli olması, onlara məsuliyyətlə yanaşması peşəsinə olan sevgisindən irəli gəlir. O yaxşı bilir ki, jurnalist geniş dünyagörüşlü, müxtəlif sahələrdən məlumatlı olmalıdır:

- Məndən də yüksək bal toplayanlar var, onların yanında mənim balım elə də çox deyil. Amma streotipləri qırıb, ixtisas seçimində aşağı ballı ixtisasları seçmirlər. 612 bal toplayıb, jurnalistikanı seçməkdə qəribə heç nə yoxdur. Mənim fikrimcə, jurnalist geniş dünyagörüşlü, savadlı olmalıdır. Jurnalistin hər sahədən məlumatı olması gələcək fəaliyyətində uğur qazanmasında əhəmiyyətli rol oynaya bilər. Ona görə jurnalistikaya elə yüksək ballı tələbələrin sənəd verməsi, məncə, qəribə qarşılanmamalıdır.

Aysel deyir ki, jurnalistikaya böyük həvəsi 8-ci sinifdə oxuyarkən yaranıb. O, məktəbdən tapşırılan layihələr üçün voxpopa çıxır, onu uşaqlardan fərqli şəkildə təqdim edirdi:

"Bir dəfə tarix müəllimimiz bizə kitabdan kiçik bir hissəni 5 dəqiqə ərzində oxuyub, sual yazmağımızı tapşırdı. Ən yaxşı sual yazanı ayaqüstə alqışlayacaq, onun gələcəkdə jurnalist olma ehtimalını bildirəcəkdi. Bir neçə nəfərdən sonra mən də sualımı verdim, müəllim məni alqışlamağa başladı. Bu sizə çox adi bir hadisə kimi görünə bilər, amma mənim üçün böyük motivasiya olmuşdu. Çünki, mən həmin vaxt jurnalistikaya marağım olsa da, tibbə hazırlaşırdım. Bu hadisə içimdə bir ümid doğurdu, ixtisas qrupumu dəyişməyimə təkan oldu".

Qız övladlarının müəyyən ixtisaslarda, xüsusi ilə jurnalistika ixtisasında oxumağına bəzən valideynlər qarşı çıxır. Hələ övladı yüksək nəticə göstəribsə (612 bal) və jurnalistika fakültəsini seçirsə, yəqin ki, siz də belə halla qarşılaşmısınız, - sualını Aysel İbrahimovaya ünvanladıqda, belə cavabladı:

"Bizdə əksinə oldu, mənə bu təklifi anam etdi. Onuncu sinfin sonları idi. Jurnalistikanı nə qədər çox istəsəm də, əvvəl təbii olaraq razılaşmadım. Qəbul imtahanlarına az vaxt - 1 il 3 ay qalmışdı. Dördüncü ixtisas qrupundan üçüncüyə keçmək riskli addım idi. Yaxşı nəticə göstərməyə bilərdim. Çünki, tarix əzbərləməklə heç vaxt aram olmayıb. Ona görə 10 gün fikirləşdim və nəticə etibarilə burdayam".

Aysel düşünür ki, əsl jurnalist jurnalistikanın etik kodekslərinə, hüquq və vəzifələrinə sadiq, vicdanlı və obyektiv olmalıdır. Xarakter etibarilə özünü bu ixtisasa aid hesab edən müsahibim masa arxasında əyləşib iş görməyi sevmir. Araşdırıb axtarmağı, hadisələrin içində olmağı xoşlayır. Arzusu isə gələcəkdə
jurnalistikanın radio-televiziya bölümü ilə məşğul olmaqdır.

Aysel mənimlə söhbətində fakültənin müəllimlərindən razılıq etdi:
 
"Fakültə müəllimlərini TV verilişlərindən tanıyırdım. Pandemiya ilə əlaqədar olaraq cəmi 3 ay auditoriyada dərs keçdik. Sonra məlum hadisələrə görə onlayn dərslərin də təşkilində problemlər yaşandı. Dekan müavinimiz Könül Niftəliyevaya bizə hər zaman dəstək olduğu, hər problemimizi öz problemi kimi həll etdiyi üçün təşəkkür edirəm".

Söhbətimiz zamanı tələbə yoldaşlarına arzularını dilə gətirən Aysel bildirdi ki, yaxşı olar ki, tələbələr tədris dili olaraq ingilis dilini seçsinlər. İxtisasları ilə bağlı təlimlərdə aktiv iştirak etsinlər.

Gələcək təhsili ilə bağlı planlarında magistr təhsili almağı hədəfləməsə də, Ayselin arzuları çoxdur. Universiteti bitirdikdən sonra karyera qurmağı arzulayan müsahibim ilk addımlarını atmağın zamanı gəldiyini deyir. Bununla belə o özünü müxtəlif sahələrdə sınamaq arzusundadır. 

Cefforsonun gözəl bir fikri var:

"Bir xalqın nə qədər dünyagörüşlü olmağını bilmək istəyirsinizsə, onun jurnalistinə baxın."Yolun açıq olsun, əziz həmkarım, bu xalqın sənin kimi savadlı və dünyagörüşü yüksək jurnalistlərinə ehtiyacı var!

Ayşən Qasımbəyli,

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

 





20.01.2021    çap et  çap et