525.Az

ADMİU-da 20 Yanvar faciəsi yad edilib


 

ADMİU-da 20 Yanvar faciəsi yad edilib<b style="color:red"></b> Yanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova 1990-cı il 20 Yanvar gecəsiylə bağlı xatirələrini bölüşüb və qeyd edib ki, o gecə baş verənləri neçə illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı unutmur və unutmayacaq:

“Bugünki tədbirin məqsədi, məramı budur ki, biz öz keçmişimizi unutmuruq, unutmamalıyıq. Həmin gecə bu gün də yaddaşımdadır. O günlər nə qədər ağır olsa da, xalqımızı müstəqilliyə aparan şərəfli yol idi. Müharibə pisdir, amma satqınlıq, kürəyinə sancılan xəncər ən pisidir. Həmin hadisələrdə xalqımız dostuyla düşmənini, öz içərisindəki xainləri, sapı özümüzdən olan baltaları da tanımış oldu. Bu gün biz 20 Yanvar hadisələrini və şəhidlərini anarkən 44 günlük Vətən müharibəmizi və zəfərimizi də yad edirik. Arzu edərdim ki, bir də heç vaxt xalqımız bu cür faciələr yaşamasın, öz yurd-yuvalarından didərgin düşməsin, şəhidlərimiz olmasın, anaların gözləri yaşlı qalmasın”.

ADMİU-nun prorektoru, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, professor Validə Məmmədova çıxış edərək həmin gecəylə bağlı xatirələrini bölüşüb və bildirib ki, Vətən müharibəsindəki böyük qələbə bu faciələrin xalqın qəbində açdığı 30 illik yaranı sağaltdı, bizə həm torpaqları, həm də özümüzə inamı qaytardı.

ADMİU-nun rektorunun Humanitar məsələlərlə iş üzrə müşaviri, dosent Nigar Rüstəmova çıxışında deyib ki, bu hadisələr, əslində, xalqımızın dar məqamda necə birləşə bilməyinin təcəssümü idi. O qeyd edib ki, 44 günlük müharibədə nəinki 1990-cı illərin, 20 Yanvar faciəsinin, eləcə də 1905, 1918 və bu vətən uğrunda digər dövrlərdə də canını vermiş şəhidlərin qisası alındı.

“20 Yanvar hadisəsi bizim qan yaddaşımıza həkk olub”- deyən ADMİU-nun prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva da o günlə bağlı xatirələrini bölüşüb, bir daha bu cür faciələrin yaşanmamasını arzulayıb.

ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli deyib ki, bu gün qazanılan böyük qələbədə bu faciələrin və onda həyatını itirmiş şəhidlərin böyük rolu var:

“Biz çox vaxt yaddaşsızlıqdan əziyyət çəkirik. Bizim və ayrı-ayrı qurumların bu tarixi günləri anması unutmamağımız üçündür. Çünki unutqanlıq başımıza çox bəlalar açıb. 20 Yanvar hadisəsi, həmin gecə 144 nəfərin şəhidliyi, sən demə, başlanğıc imiş. Bizim bir xalq olaraq faciələrimiz qabaqda imiş. Hələ bizi Qarabağ dərdi, torpaqların itirilməsi, minlərlə şəhidin ağrısı, bir milyondan çox insanın köçkünlük problemləri gözləyirmiş. Gələcəkdə isə 44 günlük müharibə və böyük qələbə...  Bu qələbəmizdə o şəhidlərin böyük rolu var. Allah rəhmət eləsin!”

ADMİU-nun “Kino-televiziya sənətləri” kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi Rafiq Quliyev 1990-cı ilin həmin günlərini xalqın sınaq günləri hesab etdiyini deyib:

“Fikrimcə, bu, bizim sınaq günlərimiz idi: köləlik məqamından imtina edib azadlığa ucala biləcəyikmi?! Azadlıq təşnəsiylə yaşayan bir xalq üçün başqa yol qalmırdı və o, başına gətirilən faciələrə rəğmən bunu bacardı. Bu hadisələr həm də onu göstərdi ki, xalqı parçalayan düşmən də, xilasa aparan qəhrəman da öz içimizdədir”.

“Azərbaycan elə bir coğrafi şəraitdə yerləşir ki, qonşular daim ona göz dikiblər, sahib olmağa çalışıblar”- deyən ADMİU-nun "Sosial siyasi elmlər" kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev Azərbaycan xalqının tarixən cəsarətli xalq olduğunu, öz müstəqilliyini canı, qanı bahasına əldə etdiyini vurğulayıb, 1990-cı il 20 Yanvar gecəsiyə bağlı xatirələrini yada salıb.
 





20.01.2021    çap et  çap et