525.Az

Haqqında danışmağa "qorxduğumuz" rənglər - Məhsəti Musadan yeni yazı


 

Haqqında danışmağa "qorxduğumuz" rənglər - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Gəl əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə...

Uşaqdan böyüyə hər birimizin əzbər bildiyi və bəlkə də, hər gün pıçıldadığı misralardır bunlar. "Getmək"lə bağlı çox şeirlər yazılıb, çox fikirlər söylənib, amma heç biri Ramiz Rövşənin nümunə gətirdiyimiz şeiri qədər hisslərimizi, istəklərimizi ifadə edə bilməyib.

Getməyə hər zaman ehtiyac duyur insan. Bəzən evindən, doğmalarından, bəzən şəhərdən, ölkədən, bəzən dünyadan, bəzən də özündən qaçmaq, getmək istəyir. Heç kimin olmadığı, heç kimin onu axtarmayacağı, heç özünün də tanımadığı məchulluğa qovuşmağa can atır.

Amma hara getməli? Necə getməli? Kimə izah edəcəksən ki, sən bu dünyanın insanı deyilsən. Burada boğulursan, əzilirsən, havan çatmır. Kimi inandıra biləcəksən ki, həyat sizin gördüyünüz rənglərdən ibarət deyil. Tanımadığınız, görə bilmədiyiniz sirli-sehrli rənglər var, təsvirəgəlməz, sayı-hesabı bilinməz. İzah etməyə çalışsan, boz baxışlı, boz gülüşlü adamlar sənə "dəli" deyəcəklər. "Yazığın başı oynayıb" söyləyəcəklər. "Hallusinasiya görür" deyə başlarını bulayacaqlar. Təklənəcəksən. Özünü təqdim edə bilmədikcə daha da çarəsiz görünəcəksən. Yorulacaq, tükənəcəksən...

Bax bunu bildiyin üçün də, susursan. Özünlə, öz dünyanla, öz rənglərinlə baş-başa qalmaq üçün uzaqlara, həmin məchul nöqtəyə doğru getməli, ora çatmalı olduğunu hiss edirsən...

Və bir gün... O rənglərin sehrindən, gözəlliyindən vəcdə gəlir, bədən adlı qəfəsdən sıyrılıb çıxaraq yüksəklərə qalxır, səndən çooox aşağılarda qalan dünyanın süni parıltısından tamamilə fərqli olan işıq selinə düşür, bu selin bir zərrəsi olmağın  həzzini yaşayırsan. Bütün varlığınla bir daha geri dönməyəcəyinə, Onun, yalnız Onun olacağına, Ona qarışacağına inandığın vaxt bir uşaq səsi eşidilir:

- Ana, acmışam...

Bir telefon zəngi gəlir:

- Sabah saat 9-da iclas var...

Bir qarı gileylənir:

- Sümüklərim qırılır, Allah kəssin belə ömrü...

Bir televiziya aparıcısı "həvəslə" çığırır:

- Filankəs qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirdi...

Çırpılırsan yerə... Bir dəqiqə öncə yaşadığın həqiqi xoşbəxtliyin olmadığı yerə... Könülsüz-könülsüz boylanırsan sınıq-salxaq bədəndən... Amma həm də qəribə bir yüksəliş hiss edirsən özündə. O işığın "rəngi", o işığın "qoxusu", o işığın "səsi" tərk etməyibmiş səni... Sən artıq içindəki işığın təsiri ilə yaşamağa başlayırsan, fəqət yenə susursan. Kimsəyə danışmırsan bu haqda. Amma pay verirsən həmin işıqdan. Pay verirsən həmin gileyli adamlara, yalqız adamlara, qatil adamlara... Özlərinə söyləmədən, hiss etdirmədən işıq olursan yollarında. İşıq olursan ki, haqqında danışmadığın rəngləri özləri görsünlər, hiss etsinlər, yaşasınlar. Bu işıq yayıldıqca yeni rənglər çıxır meydana. Yeni rənglərin hərəsi də bir işığa dönür. İşıq-işıq artırsan, çoxalırsan. Çoxaldıqca böyüyürsən. Böyüdükcə həzz alırsan öz mövcudluğundan. Anlayırsan ki, sən elə bu dünyaya aidsən. Niyə gəldiyini bildiyin üçün getmək haqqında düşünmürsən. Çünki qanadlarının var olduğundan xəbərdarsan artıq. Və o qanadlarla uçub getməyə yox,  bu dünyanı "qucaqlamağa" can atırsan.

 





20.01.2021    çap et  çap et