525.Az

"TikTok sosial şəbəkə istifadəçilərini uçuruma aparır" - Müsahibə


 

SİRAC BAYRAMOV: "ƏN BÖYÜK ARZUM İMZAMI DÜNYADA TANITMAQDIR"

"TikTok sosial şəbəkə istifadəçilərini uçuruma aparır" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Auditoriyası gündən-günə artan sosial mediada istifadəçilərin əsas hissəsi gənclər, xüsusilə də tələbələrdir. Onlar bu platformalardan öz məsələləri haqda məlumat almaq üçün daha çox istifadə edirlər.

Bakı Dövlət Universitetinin tələbələri də təhsillə bağlı ən vacib məlumatları İnstaqramda fəaliyyət göstərən "BDU officcial page" vasitəsilə öyrənirlər.

Bu səhifə tələbələri təkcə məlumatlandırmaqla kifayətlənmir. Admin və moderatorlar daim tələbələrin suallarını cavablayır, onların problemlərini də işıqlandırırlar. Sözügedən səhifənin yaradıcısı fotoqraf Sirac Bayramovdur.

Onunla söhbətimizi təqdim edirik. 

***

- Sirac bəy, sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edirsiniz, bəs bu platformaların imkanlarından nə dərəcədə razısınız?

- 2012-ci ildən bəri bir çox sosial şəbəkə platformalarından istifadə edirəm. İstifadə etdiyim şəbəkələr arasında əsas üstünlüyü İnstaqrama verirəm. Çünki burada işlərimi də idarə edə bilirəm.

- Hazırda BDU-nun İnstaqramda ən böyük izləyici kütləsi olan səhifəsini siz idarə edirsiniz. Bəs bu səhifəni nə zamandan yaratmısınız?

- 2016-cı ildə 4-cü kurs tələbəsi olan bir dostum universiteti bitirdiyi üçün səhifəni mənə həvalə etdi. Mən də səhifəni idarə etməyə başladım. Əvvəlcə adını "BDU 2 saylı korpus" qoymuşdum. Sonradan "BDU officcial page" olaraq dəyişdim. Bununla da izləyici sayı artmağa başladı.

- Səhifənizdə Universitetdə vacib olan hadisələri və məqamları qeyd edirsiniz. Tələbələrin çoxu ilə əlaqəniz var. Bəs idarə heyəti ilə əlaqəniz varmı?

- Demək olar ki, universitetdə baş verən bütün hadisələri hər kəsdən əvvəl biz paylaşırıq. Buna görə də, rəhbərliklə əlaqəmiz var. Ancaq bir ara səhifənin ya adının dəyişilməsini, ya da onlara təhvil verməyimi istədilər. Mən isə bununla razı olmadım. Universitetin rektoru Elçin Babayevin qəbulunda olduqdan sonra bu söhbətlər bitdi, nəticədə, səhifə hələ də fəaliyyət göstərir. Universiteti bitirəndə səhifəni başqa birinə təhvil verdim.

- Tələbələrin səhifəyə çoxlu müraciətləri olur. Əsasən hansı məsələlərlə bağlı yazırlar?

- Tələbələrin müraciətinin əsasını təqaüdlə bağlı məsələlər təşkil edir.

- Heç olub ki, hansısa bir tələbə şikayətini bildirəndə günahın elə tələbədə olduğunu hiss edəsiniz?

- Əsasən, birinci kurslar imtahanlar zamanı köçürmə məsələləri ilə bağlı müraciət edirlər. Hərdən özlərini elə göstərirlər ki, sanki günahları olmayıb. Ancaq bu yolları özüm də keçdiyim üçün hər şeyi bilirəm. Birinci kursda belə bir köçürmə hadisəsi mənim də başıma gəlmişdi. Tələbələr isə hər vəclə bunu öz üzərlərindən atmaq istəyirlər. Belə yerdə istər-istəməz tələbəyə haqq vermək olmur. Çünki otaqda kamera işləyir və əsas binada koordinatorlar buna nəzarət edir. Yalnız nizam-intizam qaydaları pozduğu halda tələbəni imtahandan xaric edirlər. Sadəcə, tələbələr səhvlərini hərdən qəbul etmək istəmir. 

- Tələbəlik illərinizdə ən yaddaqalan hadisə nə olub?

- Əslində, belə hadisələr çox olub. Amma sizə bizim qrup üçün ən yaddaqalan bir hadisəni danışım. Bakalavr təhsili alanda Əşrəf adlı bir qrup yoldaşım var idi. Bir dəfə müəllim ondan dərs danışmağını tələb edəndə söhbəti yubandırıb hələ dərsi təkrarladığını dedi. Müəllim gördü, bu uşağın dərs danışmaq fikri yoxdur, jurnala "0" yazdı. Həmin gün də Əşrəfin ad günü idi. Sonradan bunları müəllimə deyəndə özünə də pis təsir etdi, həm də müəllim mülayim təbiətli biri idi. Heç kəs inanmazdı ki, birdən-birə "0" qiymət yazsın. Məncə, bu hadisə Əşrəfin bəxtsizliyindən başına gəldi. Əşrəf bizim yaddaşımızda ad günündə sıfır alan tələbə kimi qalıb (gülür).

- Sosial şəbəkələrdə paylaşım, istərsə də ayrı-ayrı şəxslərlə bağlı xoşunuza gəlməyən hansı məqamlar var?

- Hazırda Azərbaycanda istifadəçiləri ən çox uçuruma aparan şəbəkə Tiktokdur. Oradakı paylaşımlar və həmin videoları çəkən şəxslərin tam olaraq nə etmək istədiyini anlaya bilmirəm. 

- Yəqin siz də müşahidə edirsiniz, gənclərin zövqü getdikcə korlanır. Sizcə, bu gün cəmiyyətin korlanmış zövqünü nə cür bərpa etmək olar?

- Bunun bir yolu var, o da sosial şəbəkələrin tamamilə bağlanmasıdır. Hazırda bu variant mümkün olmadığından alternativ çıxış yolu da yoxdur. Hazırda magistratura təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gənclərin idarə olunması ixtisası üzrə alıram, amma yenə də hər hansı qəti bir fikrim, ideyam yoxdur.

- Peşəniz sosial işdir, ancaq fotoqrafiya ilə məşğul olursunuz. Sizi bu sahədə cəlb edən nə oldu?

- Bu sahədə çalışmaq mənə həm zövq verir, həm də qazanc cəhətdən yaxşıdır. Düşünmürəm ki, nə vaxtsa hər hansı bir dövlət idarəsində oturaq şəkildə çalışım. Gündəlik aktiv fəaliyyəti sevirəm.

- Fotolarınızı paylaşdığınız səhifənizdə də yetərincə izləyiciniz var. İzləyici toplamaq bacarığınız yaxşıdır. Bunun xüsusi sirləri varmı?

- Hansı səhifəni işlətmişəmsə, orada auditoriyanın maraqlarını nəzərə almışam. İdarə etdiyim səhifənin formatından kənar paylaşımlar etməmişəm. Bunun nəticəsində izləyici sayı paralel şəkildə artmağa başlayıb.

- Sirac bəy, ən böyük arzunuz nədir?

- Hazırda ən böyük arzum öz imzamı dünyada tanıtmaqdır.

- Gələcəkdə işinizlə bağlı hansı planlarınız var?

- Fotoqrafiya sahəsində planlarım ölkədə yeni dizaynda fotostudiya açmaqdır. Hazırda 22 yaşım var və ali təhsilimi magistratura ilə bitirəcəyəm. Təxminən 35 yaşıma qədər fotoqrafiya sahəsində fəaliyyət göstərəcəyəm. Ondan sonrasını zaman göstərəcək.

Günel ABBAS

 





20.01.2021    çap et  çap et