525.Az

Koronavirusdan sağalan şəxslərdə virusun hansı simptomları qalır?


 

Koronavirusdan sağalan şəxslərdə virusun hansı simptomları qalır?<b style="color:red"></b>

Hazırda tibb sahəsinin mütəxəssis və alimlərinin araşdırdığı əsas məsələlərdən biri koronavirusa yoluxub sağalan insanların orqanizmində hansı proseslərin baş verməsidir. Bu istiqamətdə indiyə qədər aparılan ən irimiqyaslı tədqiqatın nəticələri məlum olub.

Tədqiqat pandemiyanın ilk episentri olmuş Çinin Uhan şəhərində aparılıb. Araşdırmaya koronavirusdan müalicə almış 1700 nəfər cəlb edilib. Çində tədqiqata cəlb olunanların orta yaş həddi 57 olub. Onların hamısı Uhan şəhərinin hospitalında müalicə alıblar və xəstəxanadan 2020-ci ilin yanvar-may aylarında evə buraxılıblar. Alimlər simptomları qiymətləndirmək üçün əvvəlcə həmin şəxslər arasında sorğu keçiriblər. Sonra pasiyentlər müayinələrdən və 5-10 dəqiqəlik gəzinti testindən keçirilib, onlardan qan analizləri götürülüb. Onların bir neçə aydır evə buraxılmalarına baxmayaraq, hələ də 75%-də xəstəliyin ən azı bir simptomu müşahidə edilir. Tədqiqatın nəticəsi onu deməyə əsas verir ki, koronavirus infeksiyasından sağalmış şəxslərdə uzun müddət bu xəstəliyin təsirindən əziyyət çəkə bilərlər.

Çindəki araşdırma indiyədək bu istiqamətdə aparılan ən iri tədqiqatdır. Tədqiqatlar göstərir ki, COVİD-19 infeksiyasının ilkin diaqnozundan altı ay sonra ən çox müşahidə olunan simptomlar yuxu pozğunluğu və yorğunluqdur. Sorğuda iştirak edən şəxslərin 26 faizində yuxu pozğunluğu, 63 faizində isə yorğunluq aşkarlanıb. Tədqiqatda iştirak edən pasiyentlərin ümumən 23 faizində isə həyəcan və ya depressiya kimi uzunmüddətli psixoloji narahatlıqlar qeydə alınıb. İlkin rentgen müayinəsi zamanı xəstəliyi ağır keçirmiş pasiyentlərin ağ ciyərində hələ də zədələrin olduğu üzə çıxıb. Xəstəxanada müalicə aldığı vaxt böyrəklərində kəskin zədələnmə müşahidə olunmayan xəstələrin 13%-də kəskin böyrək disfunksiyasının əlamətləri aşkarlanıb. Araşdırma qrupuna rəhbərlik edən uzman Bin Çsaou bildirib ki, COVİD-19-un sağlamlığa uzunmüddətli təsirlərini tədricən öyrənmək mümkün olur: "Təhlillər göstərir ki, pasiyentlərin əksəriyyəti xəstəxanadan çıxandan sonra virusun bir neçə təsiri ilə yaşamağa davam edir. Belə pasiyentlərə, xüsusilə də xəstəliyi ağır keçirənlərə xəstəxanadan buraxılandan sonra da qulluq lazımdır. Mövcud vəziyyət həm də taclı virusun insanlara təsirinin bütün tərəflərini müəyyənləşdirmək üçün daha geniş tədqiqatlar aparmağın vacibliyindən xəbər verir".

Dünyada xəstəliklərin profilaktikasına nəzarət edən mərkəzlərin ən çox qeydə aldığı uzunmüddətli simptomlar yorğunluq, nəfəs darlığı, öskürək, oynaq və sinə ağrılarıdır. Koronavirusun uzunmüddətli simptomları sırasında beyin dumanlanması, depressiya və baş ağrısı da var. Bunlar insanın düşünmək və diqqətini toplamaq qabiliyyətini zəiflədən əsas problemlərdir. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxanların çoxu sağalaraq normal həyata qayıda bilir, lakin xəstəliyi ağır keçirən bəzi pasiyentlərdə simptomlar həftələrlə, aylarla davam edir. Hətta xəstəliyi yüngül keçirən, xəstəxanada yatmayan adamlar da infeksiyanın uzunmüddətli və ya gec üzə çıxmış simptomları ilə qarşılaşa bilərlər. Britaniyada həyata keçirilən tədqiqata görə isə, pasiyentlərin təxminən 10-15%-də COVİD-19-un təsiri 12 həftədən çox çəkir.

Çin tədqiqatçılarının sözlərinə görə, koronavirusdan sağalanalar arasında aşkarlanan yorğunluq, yuxu pozğunluğu, həyəcan və depressiya problemləri 2003-2004-cü illərdə kəskin respirator sindroma (SARS) məruz qalmış xəstələrdə sonradan müşahidə olunan problemlərə bənzəyir. SARS virusundan sağalan adamların müşahidəsi zamanı aşkarlanıb ki, xəstəlikdən 3 il sonra da onların 40%-də xroniki yorğunluq simptomları qalıb.

Afaq RZA

 





20.01.2021    çap et  çap et