525.Az

Gəncə üçün hazırlanan "20 Yanvar ssenarisi" necə pozuldu? - Tarix


 

1990-cı İLİN YANVARIN 19-da GƏNCƏYƏ HƏRƏKƏT EDƏN SOVET HƏRBİ EŞELONLARINI SAXLAMAĞA MÜVƏFFƏQ OLMUŞ "OBXSS" RƏİSİNİN FİLMƏ BƏNZƏYƏN HEKAYƏTİ

Gəncə üçün hazırlanan "20 Yanvar ssenarisi" necə pozuldu? - <b style="color:red">Tarix</b>

1990-cı ilin qanlı yanvarının başlıca müəllifi olan Qorbaçovun paytaxtımızla yanaşı, Azərbaycanın digər yerlərində də kütləvi qırğınlar törətmək planları olub.

Bu məkrli təxribatlar bir sıra bölgələrimizdə təhlükəli təzahürlər yaratsa da, xalqını ürəkdən sevən adamların həlledici anda öz həyatlarını risk altında qoyaraq, qətiyyət nümayiş etdirməsi  qətliamların qarşısını ala bilib.

Hakimiyyəti ələ keçirən kimi böyük bir ölkənin çökdürülməsi üçün dəridən-qabıqdan çıxan və məqsədinə çatmaq üçün separatizmdən, xüsusən də ermənilərin qəsbkarlıq xislətindən yararlanan xain Qorbaçov öz Vətən torpağını bütün varlığı ilə sevən azərbaycanlıları cəzalandırmaq arzusunu gizlətmirdi. Təsadüfi deyil ki, 1990-cı il yanvarın ortalarında televiziya ilə çıxışılarında o, Azərbaycanda fövqəladə vəziyyət elan edəcəyini bildirir və Bakı və Gəncədə özünün təbirincə desək, "ekstremistlərin cilovlanması üçün" qoşundan istifadə ediləcəyi ilə hədələyirdi.

Həqiqətən də Şimali Qafqaz istiqamətindən hava və dəmir yolu ilə Bakıya ordu hissələri yeridilməklə xalqa tutulan 20 Yanvar divanı ilə paralel olaraq,   respublikamızın qərbinə doğru daha 2 hərbi eşelon irəliləməkdə idi. Gəncəyə iri hərbi qüvvə yeritməklə bu şəhərdə də Bakı faciəsinin təkrarlanmasını istəyirdilər.

Bu haqda bizimlə öz fikirlərini bölüşən 75 yaşlı Yusif Məmmədov həmin hadisələrin nəinki canlı şahidi, hətta deyərdik ki, Gəncəyə Sovet cəza qoşunlarının buraxılmasının qarşısını alan əsl qəhrəmandır. O vaxt Azərbaycan SSR Daxili İşlər Nazirliyi nəzdində, rusca yazılışla OBXSS kimi tanınan Talançılıqla Mübarizə İdarəsinin Gəncə Dəmir Yolu üzrə Şöbəsinin rəisi vəzifəsində işləyən bu adam hərbi texnika və canlı qüvvə ilə dolu iki qatarın Gəncəyə tərəf istiqamət aldığı xəbərini dəqiqləşdirir və o zaman yuxarı mövqelərdəki əksərən qətiyyətsiz rəhbər kadrların hədə-qorxularına belə baxmayaraq, Ucara və Kürdəmirə gedərək, yoxlama adı ilə hərbi yük və əsgər daşıyan dəmiryol eşelonlarının yarı yolda saxlanılmasına müvəffəq olur. Hazırda Gəncə şəhəri Əmək və Böyük Vətən Müharibəsi Veteranları Şurasına rəhbərlik edən bu ağsaqqal indi də həmin hadisələrdən həyəcanla danışır. O qeyd edir ki, Ucar və Kürdəmir stansiyalarında bütün yüklü qatarların texniki yoxlamalar üçün uzunmüddətli dayanmalarının bir qayda olmasından istifadə edərək qəti hərəkətə keçib: "Əvvəlcə Ucara getdim. Bir azdan 2674 nömrəli qatar bura yaxınlaşıb texniki baxışa dayandı. Eşelon hərbi sursat, tank, BTR, həmçinin, canlı qüvvə daşıyırdı. Hərbçilərin geyimlərindən bildim ki, bunlar daxili qoşunlardır. Fikirləşdik ki, bunu necə saxlayaq".

Həmsöhbətimiz qeyd edir ki, qatarın yük sənədlərini yoxlayaraq, onun son məntəqəsinin "St.Kirovabad" kimi göstərilməsi buna imkan yaradıb. OBXS podpolkovniki Yusif Məmmədov qanuna görə hərbi yüklərin şəhərin içinə deyil, yalnız Zazalı stansiyasınadək gedə bilməsi təlimatını əsas gətirərək onu saxladıb. Sonra isə o, yerli əhalinin köməyindən istifadə edib. Belə ki, vəziyyəti anlayan ucarlılar qatarın qarşısında relslərə oturaraq yolu kəsiblər.

"Maşinist də qeyrətli çıxdı, lokomotivdən endi və qəti şəkildə dedi ki, sürməyəcək. Mən də yaranmış fürsəti qaçırmayaraq, stansiya növbətçisinə, həmçinin, Böyükkəsikdən Bakıyacan bütün dəmiryolunun tabeliyi altında olan Gəncə Stansiyasının rəisinə məlumat verdim və lokomotivin açılmasını istədim. Təsdiq cavabı gəlməsə də, lokomotivi açdırdım. Həmçinin, stansiyanın iş jurnalına bu hərəkətlərlə bağlı məsuliyyəti öz üzərimə götürdüyüm barədə qeydlər yazdım", - deyə Y.Məmmədov nəql edir.

Ucarda çox qalmadan cəld Kürdəmirə yola düşən podpolkovnik Məmmədov burada ikinci eşelona da eyni taktika tətbiq edir və 2614 nömrəli qatarla bağlı hadisələr də oxşar ssenari ilə cərəyan edir.

Beləliklə, lokomotivi açılmış hərbi vaqonlar Gəncədən xeyli aralıda ləngidilir. Yanvarın 21-də isə lokomotivlər əks istiqamətə qoşulur və qatarlar geri qayıdır. Əlbəttə, bu məsələdə yanvarın 20-də Bakıda törədilən qırğının Azərbaycan xalqında yaratdığı qəzəblə birgə, patriotizm hisslərinin görünməmiş həddə çatması amilinin də böyük rolu olub - artıq Sovet hərbçiləri yeni toqquşmalara girməkdən çəkiniblər. Amma hadisələrin bu məcraya düşməsi üçün qatarların ləngidilməsi əməliyyatını demək olar ki, təkbaşına Yusif Məmmədov fikirləşib və həyata keçirə bilib. 

Bu cəsarətinə görə onu cəzalandırmaq da istəyiblər. Amma təcrübəli orqan işçisi olan  Y.Məmmədov bu məsələdə də taktika nümayiş etdiriib, hadisələrdən dərhal sonra özü bir qədər aşağı vəzifələrə keçərək sərt tədbirlərdən yayına bilib.

Həmsöhbətimiz həmçinin, o vaxt Gəncənin rəhbəri olmuş Süleyman Fərhad oğlu Məmmədovun şəhərə qoşun yeridilməsinin yolverilməzliyi haqda qəti mövqeyinin də çox vacib amil olduğunu xatırlatmağı da unutmadı.

"Mərhum Süleyman Fərhadoviçin istər Gəncə və ətraf ərazilərdə dislokasiya olunmuş Sovet qoşun hissələrinin, eləcə də kənardan gətirilərək Gəncə aeroportunda toplanmış və qatarlarla onlara yetişəcək texnika və əlavə canlı qüvvəni gözləyən hərbi dəstənin rəhbərləri ilə daimi iş aparması və yenilməz mövqeyi bu qədim şəhərin üzərini alan qara buludların dağıdılması ilə nəticələndi", deyə o vurğuladı.      

Gəncə üçün də məkrli 20 Yanvar planlarının qarşısının alınmasında əsl fədakarlıq göstərmiş insanlar sırasında olan Yusif müəllim onu da vurğuladı ki, həmin illərdə əksərən cəsarətsiz yuxarı  strukturların itəatkarlıqla dolu təlimatlarına qarşı özündə qüvvə taparaq müqavimət göstərən və öz qəlbinin hökmü ilə hərəkət edən kardrlar daha çox olsaydı, xalqımızın məşəqqətləri daha az olardı.

Zakir MURADOV
Gəncə

 





20.01.2021    çap et  çap et