525.Az

"20 Yanvar hadisələri hələ də yuxularımda canlanır" - Vasif Babayev


 

"20 Yanvar hadisələri hələ də yuxularımda canlanır" - <b style="color:red">Vasif Babayev</b>

1990-cı il 20 Yanvar faciəsinin şahidlərindən və zərərçəkmişlərindən biri olan görkəmli televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayevlə həmin gün və ondan sonra yaşananları bir daha xatırladıq. 

- Vasif müəllim, 20 Yanvar günü sizinçün nə ifadə edir?

- Şəhidlər Xiyabanı və vaxtilə çalışdığım Azərbaycan Dövlət Televiziyası mənə və mənim timsalımda 30 il öncə baş verənlərin əsl şahidi olmuş insanlara çox həqiqətləri deyir. Çox təəssüf edirəm, illər bizi Qara Yanvar hadisələrindən uzaqlaşdırdıqca, mətbuat səhifələrində, internet saytlarında təhrif olunmuş faktlar və yalançı qəhrəmanların "xatirələri"nə rast gəlirik. Mən həmin illərdə Azərbaycan Dövlət Televiziyasında baş rejissor vəzifəsində çalışırdım, hadisələrin sıravi şahidi yox, birbaşa iştirakçısı idim. Ölkədə baş verən mürəkkəb siyasi-ictimai proseslər dövlətin əsas və yeganə televiziya kanalından daha aydın görünürdü. 

- Hər şey bir gündə olmadı, əlbəttə. Öncəki günlərdə nələr baş verirdi?

- 1990-cı il yanvarın 16-18-də Azadlıq meydanında, Azərbaycan KP MK-nın, Respublika Ali Sovetinin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi. 19 yanvar 1990-cı ildə saat 18:30-da Bakıda müşavirələrin birində Moskvanın, Kremlin məsul işçiləri Qorbaçovun Azərbaycana göndərilmiş SSRİ Ali Soveti Millətlər Şurasının sədri Y.Primakov, KP MK-nin katibi A.Qirenko və millətlərarası münasibətlər şöbəsinin müdiri V.Mixaylovun arasında olan dialoqun stenoqramı çox şeydən xəbər verirdi. A.Qirenko: "Əmr var, Sovet ordusu Bakıya daxil olacaq. Azərbaycan rayonlarında və başqa şəhərlərində bunu əhali bilməməlidir". Y.Primakov: "Respublikanın bütün əhalisi demək olar ki, informasiyanı yalnız televiziyadan alır". V.Mixaylov: "Rabitəni mütləq ləğv etmək lazımdır!" Bu, həmin Mixaylov idi ki, yanvarın 17-də Azərbaycan KP Mərkəzi Komitəsinin şöbə müdiri A.Daşdəmirovla AzTV-də çıxış edərək, tamaşaçılara söz verirdi ki, ordu Bakıya heç vaxt daxil olmayacaq.

- Ordu şəhərə girməzdən saatlar öncə Televiziyanın enerji bloku da partladılır. Həmin vaxt siz də işdə olmusunuz. Necə xatırlayırsınız o anları?

- Yanvarın 19-da Dövlət Teleradio verilişləri komitəsinin baş girişinin qarşısında mitinq iştirakçıları "Rəsmi dövlət orqanları dezinformasiyalarına son qoysunlar, hadisələr haqqında xalqa düzgün informasiyalar çatdırsınlar" tələbi edirdilər.  Mitinqdən sonra buraxılış şöbəsinin böyük redaktoru Eldar Bayramov mənə dedi ki, yarım saata axşam efiri başlamalıdır, mən nə edim? Eldar haqlı idi, doğrudan da idarədə heç kim yox idi, qapılar bağlı idi. Tez zamanda axşam efiri üçün şərti proqram tərtib edib, efiri açdıq. Həmin gün növbəyə çıxan diktor Sevda Ağazadə idi, onunla bərabər Televiziyada Roza Tağıyeva və baş diktor Sabir Ələsgərov da vardı.

Jurnalistlər Telman Qafarovu və Alı Mustafayevi işə çağırdım, birgə "Xəbərlər" proqramını efirə hazırlayırdıq. Jurnalist Rafiq Ağayev "Reuters" informasiya agentliyi ilə telefonla danışırdı. Bu vaxt dəhşətli partlayış baş verdi. Biz pilləkənlərlə həyətə düşdük, artıq tüstü ikinci mərtəbəyə qalxırdı. Enerji blokunun qarşısına çatanda, onun alışıb yandığını gördük. Dərhal yanğınsöndürmə xidməti və təcili yardımla əlaqə saxladıq. Təxminən 5-6 dəqiqəyə gəldilər. Təsəvvür edirsiz, həmin vaxtlarda nə yanğınsöndürənlər, nə də təcili yardım heç vaxt bu qısa müddətdə yetişmirdilər. Bu, artıq ondan xəbər verirdi ki, hər iki qurum hadisə ilə bağlı əvvəlcədən məlumatlandırılıblar. Biz onlar gələnə qədər su ilə yanğını söndürməyə çalışırdıq və məlum oldu ki, enerji blokunda olan iki mühəndis - Viktor Romanov və İbrahim Hüseynov yoxa çıxıblar. Hadisə yerinə Mərkəzi Komitənin, Dövlət Təhlükəsizlik Komitəsinin və Teleradio Komitəsinin məsul şəxsləri gəlmişdilər. Onlar mənimlə ayaqüstü 10 dəqiqəlik söhbətdən sonra getdilər. Televiziya işçilərindən birinin "xatirələr"ində yazıldığının əksinə olaraq, söyləmək istəyirəm ki, məsul şəxslərin heç biri həmin axşam Komitənin hər hansı bir otağına daxil olmamışdı. Çünki işıqlar sönmüşdü, hər tərəf zülmətə qərq olmuşdu. Bütün söhbətlər həyətdə və foyedə, mənim iştirakımla baş vermişdi.  

Onu da qeyd edim ki, son aylar bizim Teleradio Verilişləri Komitəsini hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbçilər, adətən, kollegiya zalında dislokasiya olunurdular. Biz 5-6 nəfər əməkdaşlar ora getdik və gördük ki, təxminən 15-20 nəfər qeyri-adi, xüsusi geyimdə olan hərbçilər oranı tərk etməyə hazırlaşırlar. Onlar hər gün gördüyümüz əsgərlərə oxşamırdılar, sanki kosmosdan gəlmişdilər. Sinələrində balaca qısa avtomatlar, dəbilqələrinin üzərində isə iki kiçik antenlər, əllərində telefon-ratsiya vardı. Özləri də hündürboylu idilər. Bizlə kəlmə kəsmək belə istəmədilər, bizi söyməyə, hədə-qorxu gəlməyə başladılar. Onlar "Alfa"dan idilər. Sabahısı gün isə yoxa çıxan həmin iki mühəndisimiz söylədilər ki, mənim "Alfa" ilə mübahisəmi eşidiblər. Çünki onlar həmin yerdə hərbçilər tərəfindən qapı arxasında həbsdə saxlanılmışdılar. Deyim ki, "Alfa" qrupunu görən və yola salan yalnız mən və adlarını unutduğum bəzi əməkdaşlar olub.

- Qətliam vaxtında harda idiniz və səhəri gün nələr yaşandı?

- 19-dan 20-nə keçən gecə Sovet işğalçı ordusu Bakı şəhərini gülləbarana tutdu. Gecə saat 1-ə işləmiş idarədən çıxdıb evə gəldim. Səhəri diri gözlü açdım, sübh tezdən işə hazırlaşarkən, evimə naməlum şəxs zəng edib dedi ki, iki işçiniz - Romanov və Hüseynov milis idarəsindədirlər, onları buraxmırlar. Sonra: "yubansanız, partlayışı sizin boynunuza yıxacaqlar" - dedi.

Evdən işə gedərkən həyatımın ən ağır, ən çətin, ən dözülməz anlarını yaşadım. Böyükdən balacaya hər kəs ağlayır, qadınlar saçlarını yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər, ağaclar...  Küçələr milyonlarla qərənfil dənizinə qərq olmuşdu. Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları, müstəntiq Rüfət Mansurov və teleradio üzrə kuratoru Məmmədəli Əliyev orada idilər.

Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalarına, morqlara, idarələrə, faciə baş verən yerlərə çəkilişə göndərdik. O günlər AzTV-nin bəzi operatorlarının, o cümlədən, Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bunyadov və Zahid Bağırovun işlərini xüsusi ilə qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də bütün dünya ekranlarında göstərilir, Sovet Kommunist rejiminin siyasətini və qəddarlığını bir daha ifşa etdirirlər.

Həmin 20 Yanvar gününün səhəri komitənin həyətində mən, Fuad Tariverdiyev və gecə ikən işğalçı ordu ilə Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikov söhbət edirdik. Nə biz onu, nə də o bizi tanıyırdı. Bu vaxt həyəcan içində gözləri dolmuş Xalq şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşır, radio vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək istəyirdi. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb "Okuppantı" deyib, onun üstünə tüpürdü. Təsəvvür edin Ovçinnikov nə vəziyyətə düşdü? Onun ətrafında duran bir neçə silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirdilər. Mən tez hərəkətə gəldim və aralarına girdim: "Bu, bizim hörmətli xalq şairimizdir, millətimizin sevimlisidir, deputatdır". Nələr baş verə bilərdi? Fuad Tarverdiyevlə birlikdə birtəhər vəziyyəti sabitləşdirdik. Faciənin qarşısını aldıq. Bu hadisə ilə bağlı Bəxtiyar müəllim televiziya müsahibələrinin birində mənim adımı yaddan çıxararaq demişdi ki, məni bir rejissor ölümdən xilas etdi, adını bilmirəm.

- Həmin iki əməkdaşınızın aqibəti necə oldu?

- Televiziya jurnalisti Cavanşir Cahangirov, operator Ələkbər Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli Əliyev, DTK-nın maşınında milis idarəsindən Romanovu və Hüseynovu televiziyaya gətirdik. Mənim göstərişimlə Cavanşir dərhal partlayışa məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə aldı. İbrahimlə Viktor təsadüfən sağ qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki, onları partlayışdan sonra məhv etməliydilər. Həmin müsahibə bir neçə əməkdaşımız və mənim üçün əhəmiyyətli məsələ oldu. Mühəndislərin müsahibələrindən və istintaqa verdikləri ifadələrdən bütün qaranlıq suallara cavab tapıldı. Bəziləri hələ də, yanvarın 18-dən 27-ə qədər Azərbaycan Dövlət Televiziyasında baş verən proseslərdə fəal iştirak etdiklərini iddia edirlər. Biz birmənalı şəkildə bu insanların uydurmalarını rədd edirik. Məlumat üçün bildirim ki, həmin "qəhrəmanlar" ümumiyyətlə Televiziyada yox idilər.   

- Həmin vaxt siz özünüz də həbs olunmusunuz, deyəsən.

- Faciədən bir neçə gün keçsə də, hiss edirdim ki, məni də təhlükə gözləyir. Belə bir həbsi demək olar ki, çoxları görürdü və gözləyirdi. Bir gün Şəhidlər Xiyabanından təzəcə Komitəyə qayıtmışdım. Axşamüstü olardı, mənə dedilər ki, küçədə səni bir nəfər gözləyir. Çıxanda gördüm Xalq yazıçısı İsmayıl Şıxlı dayanıb, dedi: "Vasif, sən televiziyaya bir müddət gəlmə, onsuz da o, işləmir, evə də getmə, get başqa yerdə qal. Biz səni təhlükədən qorumalıyıq! Mən Mərkəzi Komitədən bura ayaqla gəlmişəm! Sənə demək üçün! Orada sənin adın hallanırdı!" Mən məhəl qoymadım...

Amma yanvarın 26-dan 27-ə keçən gecə saat 1-2 radələrində mənzilin qapısı bərk döyüldü və zəngi çalındı. İki nəfər mülki geyimdə, üç əsgər "Alfa" geyimində evə daxil oldular. Biri sənədlərimizi yoxlayırdı, digərləri isə evdə nəsə axtarırdı. Onlardan biri: "Sən bizimlə yarım saatlıq Bakı şəhəri hərbi komendantının yanına gedəcəksən!" - dedi. Digəri isə kitab rəfində Heydər Əliyevlə mənim birgə fotoşəklimi görüb o birisinə isteza ilə dedi: "Petroviç, sən bir bura bax - dahi insan". Sonra əsəbi halda soruşdu: "Bu, sizin nəyinizdi?" BDU-nun Şərqşünaslıq fakültəsinin üçüncü kursunda oxuyan qızım Hüsniyyə cavab verdi: "Niyə bizim, o, bütün Sovet xalqının tanıdığı və sevdiyi bir şəxsiyyətdir". Bu dialoqdan sonra silahlı əsgərlərdən biri mənim qulağıma  pıçıldadı: "Teplo odevaytes!" Mən buna əməl etdim. Çünki başa düşdüm ki, ya məni uzağa, ya da uzunmüddətə aparırlar. Aşağı düşəndə əsgərlərdən biri silahı kürəyimə dirəyib dedi: "Bir addım sağa-sola dönsən atacağam". Artıq həbs edildiyimi anladım. Məni altı hərbçi və iki müstəntiq müşayiət edirdi. Onların hamısı gəlmə idi.

O günlər operatorlarımızın çəkilişləri sayəsində erməni daşnaklarının separatizmi və Sovet Kommunist ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qəddar hücumlar genosid adlandırılır. Qanlı Yanvar kimi faciəli günlər, verilən qurbanlar, bizim millətin azadlığa və müstəqilliyə gedən bir yolu kimi qiymətləndirilir.

Həmin çəkiliş kasetlərinin bir hissəsi operator Seyidağa Mövsümovda idi. Məni aparanda, həyat yoldaşım, Teleradio komitəsinin əməkdaşı Afət xanım ona zəng edib, "Vasifi apardılar, ola bilsin, sənin arxanca da gəlsinlər. Kasetlərlə birgə evi tərk edin" - demişdi. Seyidağa da ailəsi ilə mənzili tərk etmişdi.

Qara şəhərdəki, təcridxanada mənə guya günahkar olduğum barədə sənəd təqdim etdilər. Televiziyanın işinə maneçilikdə, mitinqlərə çağırışda çəkilmiş videokasetlərin gizlədilməsində günahlandırırdılar.  Əlbəttə, belə bir ittihama imza ata bilməzdim. Bir azdan olduğum kameraya iş yoldaşlarım - rejissor Azər Zamanlı və radio jurnalisti Rafiq Ağayevi gətirdilər.

Yanvarın 19-dan işləməyən Azərbaycan televiziyası, yanvarın 27-də, məhz biz həbs ediləndən sonra öz proqramlarını efirə verməyə başladı. Sanki ölkə rəhbərliyi və televiziyanı o günlər idarə edənlər bizim həbsimizi gözləyirdilər. Ertəsi gün əllərimi boğazdan keçən polad məftillə bağlayaraq, Nasosnı qəsəbəsində yerləşən hərbi hava limanına, oradan isə silahlı hərbçilər və alman cinsindən olan köpəklərin  müşayiətilə, hərbi təyyarələr vasitəsilə Krasnodar şəhərinə apardılar. Dəmiryolu vağzalına gətirdilər. Bizi dəyənəklərlə döyürdülər, köpəklər üstümüzə hürürdü. Bütün bunlar filmlərdə gördüyümüz nasist konslagerlərini xatırladırdı. Bizi "Stolıpin" deyilən vaqon-zindana doldurdular. Ac-susuz üç gün, üç gecə Ulyanovsk şəhərinə yollandıq. Hərbi nəzarətçilər dustaqlara işgəncələr verirdilər, döyüb dişlərimizi sındırırdılar. Pulları, saatları əlimizdən aldılar. Nəhayət, Ulyanovska çatdıq. Bizi yerli həbsxanada bir aydan çox saxladılar. Çəkdiyim zillətləri ömrüm boyu unutmaram. O vaxtdan 30 il keçməsinə baxmayaraq, hələ də 20 Yanvarın ağır ovqatı, o günlərin hadisələri yuxularımda canlanır.

- Bəs necə azad edildiniz?

- Ulyanovska çatandan sonra çoxdan orada yaşayan, əslən Göyçaydan olan Sovet milis kapitanı Varis Məhərrəm oğlu Məcidov bizim bura gətirilməyimizdən xəbər tutub, yerli yüksək rütbəli general və zabitlərlə həbsxanaya gəldi. Elə ilk gündən Ulyanovskda məskunlaşan bu yeddi Məcidov qardaşlarının mərdliyi, qeyrəti bizi, 46 nəfər bütün Azərbaycan dustaqlarını heyran etdi. Həmin görüşdən sonra onlar Bakıya, ailələrimizə xəbər göndərmişdi ki, nigaran qalmayın, əzizləriniz sağ-salamatdırlar. Həbsxanada saxlandığımız bir aydan çox vaxt ərzində Məcidov qardaşları bizim bütün təminatımızı üzərlərinə götürdülər. O çətin və əzablı günlərimizdə bizə arxa, dayaq oldular. "Cəza" müddətimiz başa çatdıqda eyni vəziyyətdə Azərbaycana yola salınacağımızdan xəbər tutan Varis qardaşlarıyla birlikdə Bakıdan xüsusi nəqliyyat təyyarəsi sifariş verib, öz vəsaitləri hesabına bizi vətənə çatdırdılar.

Şahanə MÜŞFİQ

 





20.01.2021    çap et  çap et