525.Az

Əminliyin gücü - Şahanə Müşfiqin yazısı


 

"GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR" MƏHZ BU GÜCÜN SAYƏSİNDƏ ÖZ DOĞMA ÜNVANINA QAYIDA BİLDİ

Əminliyin gücü - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Hər şey insan üçündür, deyirlər: ölüm də, həyat da, sevinc də, kədər də. Amma bəzən elə məqamlar olur ki, onda insanın insana yox, dilsiz-ağızsız heyvana, daşa-kəsəyə, torpağa, əşyaya yazığı gəlir, ürəyi yanır. Çünki insan xoşbəxtliyini də, şikayətini də sözlərə tökə bilir, ürəyinin ağrısını ya danışaraq, ya ağlayaraq, ya da müxtəlif şəkillərdə ifadə edir. Bəs heyvan? Bəs əşya? Bəs torpaq? Bəs daş? Onlar danışa bilmir axı. Bir Allahın bəndəsi üzünü çevirib onların nə hiss etdiyini düşünmür də.

Allahdan gizli deyil, sizdən nə gizlədim?! İllərdən bəri ürəyimizin düz ortasında yaraya çevrilmiş Qarabağ dərdi o yerlərin şəkillərinə, videolarına baxanda, bir də "güllələnmiş heykəllər"i görəndə daha qüvvətli şəkildə için-için qanayıb, nəfəsimi kəsib. Bir milyondan çox məcburi köçkünlə bərabər, o üç "köçkün heykəllər"in yurd dərdi də ürəyimi göynədib. O lal daşların çəkdiyi iztirabları, o heykəl sahiblərinin narahat ruhlarını iliklərimə qədər hiss etmişəm.

1992-ci il may ayında Şuşanın işğalı zamanı gülləbaran edilən Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün heykəlləri... Erməni vəhşiliyinin, vandalizminin və dünyanın kor səssizliyinin həm şahidi, həm nümunəsi olan heykəllər...

İşğaldan sonra onların da taleyinə "köçkünlük" yazıldı. Öncə İrəvana, sonra Gürcüstana aparıldılar. Erməni təcavüzkarları onları əridib qiymətli metal kimi satmaq istəsələr də, Ulu öndər Heydər Əliyev və həmin dövrdəki Mədəniyyət nazirimiz Polad Bülbüloğlu sayəsində abidələr xilas edilərək Bakıya gətirildi. "Xilas edilərək" deyəndə, əlbəttə, düşmənin özümüzün halal abidələrimizi, tariximizi bizə həyasızcasına pulla satmağını nəzərdə tuturuq. O vaxtdan Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilən heykəllər illərdir ki, küskün ruhlarıyla birgə qərib talelələrinə səssizcə dözürdülər.

O gündən etibarən "Güllələnmiş heykəllər" ətrafında ağrı dolu söhbətlər səngimək bilmədi. Kimisi onların Şəhidlər Xiyabanında nümayiş olunmasını təklif edir, kimisi Dənizkənarı Parkda (bulvar) sərgilənməsini uyğun hesab edirdi. Amma dövlətimiz tərəfindən bu istiqamətdə heç bir addım atılmırdı.

Nəhayət, erməni işğalçılarıyla Azərbaycan ordusu arasında ötən ilin sentyabrında başlanan və 44 gün davam edən müharibə Qarabağın azadlığı və tarixi qələbəylə nəticələndi. Artıq nə bir milyondan artıq məcburi köçkünümüz vardı, nə də düşmən tapdağında əsir torpaqlarımız. Qələbənin eyforiyası bir az səngiyən kimi hər kəs öz "xurcununa" nəzər salmağa başladı. Kimi evinin paslı açarını çıxartdı, kimi 28 il qabaq evindən çıxarkən götürdüyü kəlağayısını, kimi xilas edə bildiyi muzey eksponatlarını. İnsanımızla bərabər, tariximiz də qayıdacaq axı öz yurd-yuvasına.

Ən böyük və ən kövrək qayıdış isə yanvarın 14-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşaya səfər elədi. Bu səfərdə həmin o "güllələnmiş heykəllər" də Şuşaya - öz doğma torpaqlarına qovuşdular. Cənab Prezident tərəfindən Şuşada açılışı edilən heykəllərin sahibləri - Natəvanın, Üzeyir bəyin, Bülbülün küsgün ruhları nəhayət, rahatlığa qovuşdular.

Heykəllərin açılışında dövlət başçısı keçmişi xatırlatdı, bu abidələrin ətrafındakı söz-söhbətləri yada saldı. Söylədi ki, illərdi, mənə də bu heykəllərin aqibətiylə bağlı çox suallar, təkliflər verilir, onların sərgilənməsi üçün yerlər deyilirdi. Amma mənim bunlara tək cavabım vardı: "O heykəllər zamanı gələndə Şuşaya - öz yurduna geri dönəcəklər". Bu çıxışla çoxillik müəmma aradan qalxmış oldu. Heykəllərin muzey həyətində sanki bir sığıntı kimi qaldığını deyənlər, buna hər fürsətdə etiraz edənlər, yəqin ki, ölkə başçısının bu əminliyindən və nəhayət, dediyi sözə yüksək şəkildə əməl etməsindən nəticə çıxardılar. Şuşanı, Qarabağı, Azərbaycanı bütün qəlbiylə sevən, bu sevgisini ən gözəl şəkildə ifadə edən və Azərbaycanın ərazisinə, tarixinə, mədəniyyətinə sahib çıxmağı özünün ən müqəddəs həyat amalı bilən Ali Baş Komandan, sən demə, bu qələbəyə, bu qayıdışa illərlə hazırlaşıb. Buna onu vadar edən isə qəlbindəki sonsuz inam və əminlik olub. Deyərdim ki, bu tarixi qələbəmizin də təməlində məhz bu inam dayanır. Dövlət başçısı özünə, ordusuna, xalqına olan inamını ilk gündən elə gözəl şəkildə, elə ciddi əminliklə dilə gətirdi ki, balacadan böyüyə hər kəs inandı, daha doğrusu, əmin oldu. Və bu əminliyin gücü sayəsində bu gün insanımız yurduna, tariximiz məskəninə geri döndü!

P.S. Yazını yazarkən yenidən internetdə "güllələnmiş heykəllər" birləşməsini axtarışa verirəm və zamanında onların yeriylə bağlı ziyalılarımız tərəfindən irəli sürülmüş təkliflər, müzakirələr qarşıma çıxır. Həm gülümsəyirəm, həm də gözlərim dolur - sevinclə, qürurla, fərəhlə...

 





21.01.2021    çap et  çap et