525.Az

Qafqazşünaslıq İnstitutunun şöbə müdirinin məqaləsi Bolqarıstan KİV-də


 

Qafqazşünaslıq İnstitutunun şöbə müdirinin məqaləsi Bolqarıstan KİV-də<b style="color:red"></b>

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “1990-cı ilin 20 yanvar hadisələri nəyi dəyişdirdi?” başlıqlı məqaləsi Bolqarıstan KİV-də yayımlanmışdır. Sözügedən məqalə Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan Fokus Xəbər Agentliyi və KircaaliHaber qəzeti tərəfindən dərc olunmuşdur.

Məqalədə bolqar oxuculara erməni əsgərlərindən komplektləşdirilmiş Sovet İttifaqı hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə, sivil insanlara qarşı törədilən qanlı qırğınlar barədə bəhs edilir. 20 yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyinin Azərbaycanda başlayan milli azadlıq hərəkatın boğmaq məqsədi güddüyü qeyd olunur.

Xəbərdə bildirilir ki, XX əsrin 80-ci illərinin sonlarında Ermənistanın və ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionundakı təxribatçı fəaliyyətlərinin qarşısının alınması üçün artıq təqaüddə olan Heydər Əliyevin dəfələrlə cəhdlər göstərməsinə, həll yollarını M.Qorbaçov və ətrafındakılara təklif etməyə çalışmasına baxmayaraq bütün cəhdlər cavabsız qoyulurdu, o zamankı SSRİ rəhbərliyi ilə danışıqlar aparmaq üçün göstərilən cəhdlər heç bir nəticə vermirdi.

Məqalədə həmçinin Bakıda baş verən hadisələr haqqında xəbər tutan Heydər Əliyevin dərhal Moskvaya yollanması, oradan Bakıya zəng edərək baş verənlərlə bağlı məlumat almağa çalışması, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyi önündə izdiham toplanarkən də Heydər Əliyevin fövqəladə cəsarət nümunəsi göstərərək Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu anti-humanist faciəni qınaması barədə danışılır.

Məqalədə yanvarın 19-da və sonrakı günlərdə Bakıya gətirilən və xüsusi amansızlığı ilə seçilən hissələrin Rusiyada ermənilərin sıx yaşadığı Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərlə komplektləşdirilməsi xüsusi vurğulanır.

Bildirilir ki, 20 yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət 1990-cı ilin noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında verildi. Heydər Əliyev tərəfindən hazırlanan və muxtar respublika  parlamenti tərəfindən qəbul edilən “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı qərarda törədilən qırğınlar Azərbaycan SSR-in suveren hüquqlarına, demokratik proseslərə qəsd, dinc əhaliyə qarşı zorakılıq və təcavüz kimi qiymətləndirilmişdi.

Müəllif qeyd edir ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi.

 





20.01.2021    çap et  çap et