525.Az

Polietilen torbalarla bağlı qadağa bizim üçün nə ifadə edir? - Araşdırma


 

Polietilen torbalarla bağlı qadağa bizim üçün nə ifadə edir? - <b style="color:red">Araşdırma</b>

Ötən ilin noyabrında Milli Məclisin "Ətraf mühitin mühafizəsi haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, bu il yanvar ayının 1-dən etibarən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, eləcə də ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağandır.

Həmin qadağanın qəbul olunmasından bu yana düz üç dəfə istehsalçılara xəbərdarlıq edilsə də, bu xəbərdarlıqlara məhəl qoyulmadığına şahid oluruq. Görünür, cərimələnmə mərhələsi başlayana qədər də qadağaya heç kim məhəl qoymayacaq.

Gələcək günlərdə plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək. Həmçinin, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimələnəcək.

Bu qadağanın tətbiqinə nəzarət gücləndirildikdən sonra dünyada polietilen torbaları qadağan edən 69 ölkədən biri də Azərbaycan olacaq.

Görünür, bu qadağaya öyrəşmək və bununla bağlı yeni alışqanlıqları özündə yaratmaq insanlarımız üçün də asan olmayacaq. Amma anlamalıyıq ki, bu, həm ölkəmizin gələcəyi, insanların sağlamlığı, həm də planetimiz üçün vacib qərardır.

"Earth policy" institutunun məlumatına görə, hər il dünyada təxminən bir trilyon polietilen torba istifadə olunur. Bu da hər dəqiqədə təxminən 2 milyon torba deməkdir.

Plastik, polietilen torbalar bəzən 200 ildən 1000 ilə qədər çürümədən qaldığına görə, bu gün dünyamızı çirkləndirən ən təhlükəli maddə də elə onlardır. Bu tullantılar ətraf mühitə, dənizlərə, okeanlara, şəhərlərə, sonda isə dönüb-dolaşıb insanlara zərər verir. Amma insanlar hələ də polietilen torbaların israfına yol verirlər. Bu da cəmiyyətdə plastik tullantıların zərərləri ilə bağlı həsasslığın az olmasından irəli gəlir.

Bəs bu həssaslığı cəmiyyətdə necə yaratmaq olar?

Əlbəttə, müəyyən qadağaların vaxt itirmədən tətbiqi bu baxımdan çox önəmlidir. Amma cəmiyyəti məlumatlandırmaq, yeni nəsildə yeni sağlam alışqanlıqlar yaratmaq da bu baxımdan çox önəmlidir. Plastik tullantılarla mübarizənin birinci şərti plastik maddələrdən düzgün istifadə alışqanlıqlarını mənimsəmək, birdəfəlik istifadə olunan palastik maddələrdən imtina etməkdir. Plastik tullantılarla mübarizənin başqa bir yolu da təkrar emaldan keçir. Əlbəttə, təkrar emal üçün birinci növbədə tullantıları ayırmaq lazımdır. Amma fikir versək, təkcə Bakı şəhərinin bir neçə rayonunda tullantıları ayırmaq üçün xüsusi zibil qabları mövcuddur. Əhalinin böyük əksəriyyəti qida, kağız, plastik tullantıları eyni zibil torbasına atır. Tullantıların ayrılmasına isə təkcə Bakıda, o da bir-iki rayonda, turistlərin daha çox olduğu mərkəzi hissələrdə rast gələ bilərik. Təəssüf  ki, bu qədər önəmli bir məsələni yalnız estetik baxımdan ələ alan rayon icra orqanları bu tullantıların hamısını aparıb yenə eyni zibilliyə boşaldır.

Eyni mənzərə dünyanın bir çox ölkəsində müşahidə olunur. Plastik istehsal sektoru sürətlə böyüsə də, yenidən emal sektoru geridə qalır. Eyni zamanda, bir çox plastik maddələr yenidən emala da yararlı deyil. Bütün bu tullantılar dənizə qarışır, yüz illərlə torpaqda qalır və ətraf mühiti çirkləndirir.

Bu problemi müəyən qədər aradan qaldıra bilmək üçün mübarizə aparmalı olduğumuz ilk şey özümüzdə olan bəzi alışqanlıqları dəyişdirməkdir. Bu alışqanlıq "istifadə et və at" mədəniyyətidir. Kapitalizmin əsas müddəalarından biri olan bu alışqanlıqla ciddi mübarizə aparmaq yeni dönəmin əsas şərtlərindəndir. İnsanların birdəfəlik istifadə olunan əşyaları öz məişətindən mümkün qədər çıxarması və yenidən doldurmaq, yenidən istifadə etmək kimi alışqanlıqları mənimsəməsi dövlət qurumlarının və özəl şirkətlərin öz siyasətlərini bu davranış dəyişikliklərinə dəstək olacaq formada təşkili baxımından da çox önəmlidir.

Natəvan ABDULLA

 





20.01.2021    çap et  çap et