525.Az

Moskva, qarlı gecə və vyetnamlı... - Səməd Səfərov yazır


 

Moskva, qarlı gecə və vyetnamlı... - <b style="color:red">Səməd Səfərov yazır </b>

Moskvada universitetdə birinci kursda oxuyurdum. Dekabrın ortaları idi. Axşam saat 11 radələri olardı. Tələbə yataqxanasındakı mənzilimdən dəhlizə çıxanda üzbəüz mənzilin açıq qapısında vyetnamlı tələbə Binh göründü. O da mənim kimi qalın gödəkçə geyinmişdi. Əynindəki uyğunsuz idman şalvarından bilinirdi ki, çölə qısa müddətə çıxır. Mənim də əynimdəki idman şalvarı çox fərqlənmirdi. Başımızı yellədərək salamlaşdıq. Aramızda bir qədər məsafə saxlayaraq aşağı düşdük, küçədə yataqxana girişinin qarşısındakı səkidə yenə də məsafəli şəkildə dayandıq.

Moskvada ilk qışımı keçirirdim. Aram-aram qar yağırdı. Zəif işıqlı fənərlərlə aydınlanan küçələr bomboş görünürdü. Yataqxananın önündən keçən qoşa zolaqlı avtomobil yolu hərəkətsiz idi. Yolun o biri tayında beşmərtəbəli Sovet binaları ilə əhatələnmiş, sıx, böyük ağacların sıralandığı geniş həyət görünürdü. Həyət deyəndə ki, nə uşaqlar üçün oyun qurğuları vardı, nə də idman meydançası. Möhkəm qar yağsaydı və sən bu ağaclığın ortasında qalsaydın, elə bilərdin, meşədəsən, azmısan.

Bir neçə gün idi ki, şəhərə aramsız qar tökürdü, gecələr sərt şaxta olurdu. Axşam-axşam təmiz hava almaq fikrim vardı. Həm də buludlardan tənbəl-tənbəl, naz-qəmzə ilə enən və yerdə itən qar dənəciklərinə tamaşa etmək istəyirdim. Soyuğun həzin-həzin iliyə işlədiyini hiss edə-edə bu mənzərənin tamaşasına durmaq adama hədsiz rahatlıq verirdi.

Binh də mənim kimi səkidə dayanıb məmnun-məmnun ətrafa baxırdı. Əlindəki siqaretin tüstüsünü havaya elə üfürürdü, elə bil, qar dənəciklərinə sataşmaq, onların ahəngini dəyişmək istəyir. Sükunəti mühafizəçinin yataqxana girişindəki kiçik televizorundan ara-sıra gələn səslər pozurdu.

Bu mənzərədən elə təzəcə həzz alırdıq ki, anidən uzaqda bir polis maşınının işıqları göründü. İkimiz də işıq gələn səmtə boylandıq. Aşağı sürətlə irəliləyən maşın yavaş-yavaş bizə yaxınlaşırdı. Pasportum üstümdə deyildi. Moskva polisləri isə bunu göydə axtarırdılar: hansısa xarici ölkə vətəndaşını vəsiqəsiz yaxalamaq. Dönüb yataqxana qapısına baxdım. Binhlə baxışlarımız toqquşdu. Deyəsən, onun da eyni əndişəsi vardı. Yerimizdən tərpənmədik: nə olar, olar. Polis görən kimi qaçası deyildik ki?!

Maşın bizə yaxınlaşanda Binh də, mən də fərqli istiqamətlərə baxaraq rahatlığımızı pozmamağa çalışdıq. Faraların işığının artıq gözümüzü qamaşdırdığını hiss edəndə maşın anidən sürətini azaltmağa başladı və Binhlə mənim aramda dayandı. Sürücünün yanındakı ön qapı açıldı, bir polis nəfəri çölə çıxdı. Bizi diqqətlə altdan-yuxarı süzüb yataqxana girişinə doğru addımladı. Binhlə mən onun arxasınca baxmağa başlayanda polis maşının qapısı yenidən açıldı və sükan arxasındakı polis yerə endi.

Maşından birinci enən polis mühafizəçi ilə salamlaşıb ona nəsə dedi. Mühafizəçi bir az fikrə getdi. Gözünü dolandırıb bizə tərəf baxanda əlini qaldırıb bizə sarı uzatdı. Bu vaxt Binhlə ikimiz bu barmağın kimi nişana aldığını müəyyənləşdirməyə çalışaraq həyəcanlanmağa başladıq.

Polis nəfəri mühafizəçidən:

- Sağdakı? - deyə soruşdu.

- Hə. - Mühafizəçi cavab verdi.

Elə bil, çiynimdən ağır yük götürdülər. Binhi nəzərdə tuturdu.

Polis mühafizəçiyə təşəkkür edib, Binhə yaxınlaşdı və aralarında bir metrlik məsafə qalanda soruşdu:

- Vyetnamdansan?

- Hə.

- Gəl, gedək. - Polis əl hərəkəti ilə maşını göstərdi.

- Niyə? - Binh qürurla soruşdu. Amma hiss olunurdu ki, səsində təşviş var:

- Lazımdır.

- Nə olub ki? - bu vaxt Binhin səsi bir az titrədi.

- Bölməyə gedək, başa salarıq. - polis nəfəri etinasızlıqla dedi.

Binh mənə tərəf baxdı. Bu baxışlarda bir utanc hissimi vardı, imdad çağırışımı, başa düşə bilmədim. Heç nə olmayıbmış kimi üzümü döndərdim.



Binhi yaxından tanımırdım, 3-cü kursda oxuyurdu. Universitetimizdə 4-5 nəfər vyetnamlı tələbə təhsil alırdı və başqa millətdən olan tələbələrlə qaynayıb-qarışmırdılar. Qapalı dəstələri vardı, həmişə birlikdə vaxt keçirərdilər. Binh də daxil olmaqla üç vyetnamlı eyni mənzildə qalırdı və o biri soydaşları ilə hər axşam bu mənzildə görüşərdilər. Tez-tez Binhin mənzilindən Vyetnam musiqisinin səsi, yeməklərin ədviyyatlı qoxusu gəlirdi. Bəzən gec saatlara qədər səs-küy olurdu. Bir dəfə gedib Binhdən xahiş etmişdim ki, bir az sakit olsunlar. Düzdür, narazılıq etməmişdi, amma elə bil, o gündən Binhin məni görən gözü yox idi.  Dəqiq bilmirəm, bəlkə də, səhv edirəm. Hər halda münasibətlərimiz yalnız universitet və yataqxana dəhlizlərində qiyabi "salam-əleyküm"lə məhdudlaşırdı. İndi də polislərin onu apardığını görəndə ağlıma ilk gələn bu oldu ki, yəqin, dostları ilə mənzildə toplaşanda nəsə törədiblər və işin üstü açılıb.

Polislə Binh maşına doğru hərəkət edəndə bayaqdan maşının yanında dayanmış olan polis məni nəzərdə tutaraq soruşdu:

- Bəs sən haralısan?

Yüngülcə həyəcanlanan kimi oldum:

- Azərbaycanlı.

- Nə danışırsan! - qımışaraq dedi.

Bu vaxt Binhi müşayiət edən o biri polis ayaq saxladı və dönüb mənə baxdı. Maşının yanındakı polis ondan soruşdu:

- Onu da aparaq?

O biri polis bir qədər fikrə gedib mənə:

- Sən də gəl! - dedi.

Bir neçə dəqiqə sonra maşının arxasında Binhlə büzülə-büzülə oturmuşduq. İnadla iki dəfə soruşsam da, bölməyə nəyə görə aparıldığımızı izah etmədilər. Binhdən yavaşca soruşdum:

- Bilirsən niyə aparırlar?

O, sakitcə başını yellədi. Nəsə inanmadım. Nə deyim... mən də onun böyük pərəstişkarı deyildim.

Nəhayət, yaşayış binalarının arasındakı gözdən uzaq məkanda yerləşən polis bölməsinə çatıb maşından endik. Ətrafda ins-cins gözə dəymirdi: axı, hara qeyb olmuşdu bu camaat? Bir neçə dəqiqə əvvəl tamaşa etməkdən həzz aldığım qar dənəcikləri indi üzümə düşdükcə diksinən kimi olurdum, elə bilirdim, üzümə iynə batırırlar.

Bölmənin qapısından içəri girəndə dəhlizdəki polislər bizə elə baxdılar ki, artıq özümü cinayətkar kimi hiss etməyə başladım. Qeyri-ixtiyari olaraq təqsirimin nə ola biləcəyini ağlımda götür-qoy etdim. Yataqxanaya spirtli içki gətirmək qadağan idi. Amma arada hansısa məclis üçün bir paket içki alanda mühafizəçinin cibinə 50 rubl-filan basırdıq, o da özünü guya məsələdən xəbərsizmiş kimi aparırdı. Bir neçə gün öncə yataqxana rəhbəri dəhlizdə mühafizəçini nəyə görəsə bərk danlayırdı. Bəlkə mühafizəçi məsələni bir-iki xarici tələbəni ələ verməklə həll etməyə qərar vermişdi?..



Dəhlizdəki polislərdən biri bizi aparan polislərdən soruşdu:

- Qeydiyyata almaq lazımdır?

Onlardan biri bizə sarı döndü:

- Pasportunuz özünüzdədir?

Dilimiz topuq vura-vura "xeyr" dedik. Polis cavabımızı eşidər-eşitməz həmkarına "Ehtiyac yoxdur" dedi. Bu dəfə lap narahat oldum ki, bizim bölməyə gəlməyimiz qeydiyyata belə salınmayacaq.

- Tələbə vəsiqəsi üstümdədir - dedim, amma polis özünü eşitməməzliyə vurdu.

Bölmənin ikinci mərtəbəsinə qalxdıq. Uzun, alaqaranlıq dəhlizdə idik. Dəhlizin sonunda bir qapı görünürdü, o qapıya tərəf addımlamağa başladıq. Qapıya yaxınlaşanda üzərində bir rus müstəntiqinin adının yazıldığını gördüm və adı əzbərləməyə çalışdım. Düşündüm ki, başımıza bir müsibət gəlsə, heç olmasa, bu adamın adını əzbər bilməyim yaxşı olar.

Polislərdən biri qapını açıb içəri keçdi. Binhlə mən həyəcanlı halda bir-birimizə baxırdıq. Öz-özümə fikirləşdim ki, yarım saat bundan qabaq oturmuşdum yataqxanadakı otağımda, filmə baxırdım, çay içmək üçün yaxşı bir peçenye də almışdım. Axı, sənə lazım idi təmiz hava almaq? Çöldə nə işin var, aç pəncərəni, zəhrimar havanı nə qədər istəsən ud da.

Otaqdan qarışıq səslər gəlirdi. Bir neçə dəqiqə sonra qapı açıldı və polislə müstəntiq dəhlizə keçdilər. Müstəntiq balacaboy, seyrək saçlı, qırmızı, dolu yanaqlı bir adam idi. O, bizi başdan ayağa süzdü, hiss elədim ki, idman şalvarımız onu azacıq gülümsəməyə vadar eləmişdi. 

- Niyə iki nəfər? - müstəntiq polislərə baxıb, sual verdi:

- Bu, vyetnamlıdır, bu isə... - polis Binhi göstərərək dedi.

- Bəs bu kimdir? - müstəntiq polisin sözünü kəsib sərt şəkildə soruşdu.

- Bu da azərbaycanlıdır.

- Azərbaycanlı? Bir güllə ilə iki quş? - müstəntiq qımışaraq soruşdu və bu vaxt onun ağzından gələn araq qoxusu burnumu qıcıqlandırdı. - Onda Sergeyə zəng eləyib deyin ki, lazım olmadı.

Müstəntiq qapını açaraq bizi içəri dəvət edəcək idi ki, birdən ayaq saxladı və qapını təkrarən örtdü.

- Rusca bilirsiniz? - ikimizdən də soruşdu.

- Bəli - eyni vaxtda cavab verdik.

- Vyetnam dilini bilirsən? - üzünü çevirib, Binhdən soruşdu.

- Bəli.

- Haralısan? - təkrar Binhdən soruşdu.

- Vyetnamdan.

- Sən də azərbaycanca bilirsən? - sonra məndən soruşdu. Müsbət cavab verdim.

- Getdik onda - müstəntiq dedi və qapını açdı.

İçəridə böyük bir otaq vardı. Qapının yanında bir-birindən aralı və baxışlarını döşəməyə dirəmiş iki nəfər mülki şəxs oturmuşdu. Onların hər birinin yanında bir polis əyləşmişdi.

- Burada dayanın - müstəntiq əli ilə bizə işarət elədi və otağın başındakı masaya keçdi.

Mülki şəxslər başlarını qaldıraraq məyus-məyus, bir qədər də acıqlı baxışlarla bizə nəzər yetirib, yenidən başlarını aşağı saldılar. Onlardan birinin qafqazlı olduğunu anladım. O biri isə asiyalıya oxşayırdı. Üst-başları palçıq içində idi, paltarları bir-iki yerdən cırılmışdı. Saçları dağınıq idi. Hər ikisinin üzündə zərbədən sonra yaranmış göyərtilər hiss olunurdu. Deyəsən, dalaşmış, bir-birlərini əməllicə əzişdirmişdilər.

- Vətəndaşlar, - müstəntiq üzünü bu şəxslərə tutaraq dedi - bax, dediniz ki, Vyetnam dilini, Azərbaycan dilini bilmirsiniz, biz də axtardıq, sizə tərcüməçilər tapıb gətirdik. Biri azərbaycanlıdır, biri də vyetnamlı.

Bu vaxt bu mülki şəxslər təzədən bizə nəzər saldılar və bu vaxt qafqazlının azərbaycanlı olduğunu anladım. Gözlərində nəsə doğmalıq vardı.

- Tələbələr, bu şəxslər dava salıblar. Onların izahatını almalıyıq. Özləri başa sala bilmirlər. Başa düşmürəm, Moskvada necə yaşayırlar... Soruşun, görün, özlərinə necə bəraət qazandıracaqlar.

Binh vyetnamlının yanında əyləşdi, mən isə azərbaycanlının. Özümü azərbaycanca təqdim elədim, universitetdə oxuduğumu bildirdim.

- Deyə bilərsinizmi hər şey necə baş verdi? - deyə soruşdum, amma cavab gəlmədi. Sualımı bir daha təkrar eləyəndə azərbaycanlı cavab verdi:

- Söyüş söydü, mən də vurdum.

Bu vaxt onun partlamış dodağını gördüm və deyəsən, danışmaq ona ağrı verirdi. Başqa sual verməyə ürək eləmədim. Üzümü müstəntiqə tutdum:

- Cənab müstəntiq, bu şəxs deyir ki, təqsiri yoxdur, onu söyüblər, o da vurub.

Sözümü bitirdikdən sonra Binh də yarım-yapalaq ruscası ilə məni təkrar edirmişcəsinə söylədi:

- Cənab müstəntiq, bu adam da özünü günahkar bilmir. Deyir, onu təhqir ediblər, o da dalaşıb.

Binhlə göz-gözə gəldik və bir-birimizi təkzib edən sözlər deməyimiz bizi acıqlandırdı.

Müstəntiq üzünü bizə - mənimlə Binhə tutdu:

- Uşaqlar, sizi gecə bura boş yerə gətirməmişik. Vaxtımız yoxdur. Təfərrüatlı soruşun, nə baş verib? İzahatı yazaq, çıxıb gedək evimizə.



Mən azərbaycanlıya dönüb dedim:

- Daha təfərrüatlı danışa bilərsiniz.

- ....

- Başa düşürəm, sizə danışmaq deyəsən, çətindir, amma izahat üçün bu, çox vacibdir. Ədalətli qərar üçün vacibdir.

- Nə deyim? - azərbaycanlı ağır-ağır başını qaldırdı.

- Niyə dalaşdınız?

- Adam mənə böhtan atdı, dedi fırıldaqlıq eləmişəm.

- Sonra?

- Mən də dedim yalan danışırsan. Sonra söyüş söydü...

Müstəntiqin narazı qalacağını düşünürək sözünü kəsdim:

- Lap başdan danışa bilərsiniz?

- Harasından? - key kimi üzümə baxdı.

- Bilmirəm... məsələn, vyetnamlı ilə necə rastlaşdınız, sonra hadisə necə oldu.

Hiss olunurdu ki, adam bölmədə olmasından, düşdüyü vəziyyətdən məmnun deyil. Gözlərindən bir məsumluq, yorğunluq yağırdı. Ona ürəyim acımışdı. Rusiyaya yeni gəldiyi hiss olunurdu. Rusca yaxşı başa düşmür və danışa bilmirdi. Onun böhtana düşdüyünü görmək məni təəssüfləndirdi. Bu cür insanların çoxu Rusiyaya öz xoşları ilə gəlmirdi, ehtiyac içində idilər və burada pul qazanıb Azərbaycana, ailələrinə göndərirdilər.

- Vyetnamlı oğlanın adı Danqdır. "Yuqo-Zapadnı"da bazarda işləyirik. Yanbayan piştaxtamız var, bankada turşu, mürəbbə satırıq. Bu gün hava soyuq idi, alver yaxşı getmədi. Axşam saat yeddi olardı, fikirləşdim ki, camaatın işdən çıxıb evə qayıdan vaxtıdır, gedib metronun çıxışında sata bilərəm. Danqa dedim, sən də gəl, birlikdə gedək.

- Vyetnamlıya təklif etdiniz ki, o da gəlsin metronun yanında alver eləsin?

- Hə.

- Niyə?

- Yazığın biridir də, dedim, gəlsin, o da bir tikə çörək pulu qazansın.

Üzümü dərhal müstəntiqə çevirib dedim:



- Cənab müstəntiq, bu azərbaycanlı vyetnamlı ilə birlikdə bazarda işləyir və çox yardımsevər insandır. Axşam bazardan çıxıb, metronun yanına gəlib ki, alver eləsin. Vyetnamlıya ürəyi yanıb, deyib ki, bu adam da pul qazansın. Ona da təklif edib ki, birlikdə gedək metronun yanında mal sataq.

Müstəntiq maraqsız halda əlindəki sənədləri vərəqləyərək başını qaldırmadan dedi:

- Sonra?

Mən müstəntiqə müraciət edəndə Binh də məni diqqətlə dinləmişdi və hiss etmişdim ki, dediklərim onu qıcıqlandırıb.

Yenidən azərbaycanlı ilə danışmağa başladım və bir qədər sonra Binh də müstəntiqə müraciət etdi:

- Cənab müstəntiq, bu vyetnamlı çox xeyirxah adamdır. Metronun yanında malları satmağa başlayanda azərbaycanlının satmağa malı az olub. Vyetnamlı ona iki banka bal verib ki, o da satsın, pul qazansın.

Mən özümü haqsızlıqla üzləşmiş kimi hiss etdim və məsələni azərbaycanlıdan soruşdum:

- Bu vyetnamlı sizə öz balından verib ki satasınız?

- Hə.

- Niyə?

- Bazarda işləyirik də. Hərdən bir-birimizə kömək edirik.

- Siz ona bəs başqa cür kömək etmisiniz?

- Niyə etməmişəm? O, mənə bu gün bal verəndə mən də ona pomidor turşusu verdim. Dünən Bakıdan gəlmişdi.

- Bir dəqiqə.

Üzümü müstəntiqə tutub dedim:

- Cənab müstəntiq, bu xeyirxahlıq qarşılıqlı şeydir. Bizim azərbaycanlı da vyetnamlıya pomidor turşusu verib.

Müstəntiq üzünü qaldırıb, təəccüblə bizə baxdı və səsini qalın yerinə salıb dedi:

- Uşaqlar, buranı bazar eləməyin. Mətləbə keçin.

Üzümü yenə azərbaycalıya tutdum:

- Sonra necə oldu? Dava necə başladı?

- Sonra rus müştəri gəldi, məndən mürəbbə aldı. Vyetnamlıdan da turşu.

- Nə turşusu?

- Pomidor.

- Pomidor turşusunu sizdən niyə almadı?.. Vyetnamlıya pomidor turşusunu siz vermişdiniz, axı.

- Bilmirəm. Mən torbaya mürəbbə bankalarını yığırdım, vyetnamlıdan soruşdu ki, turşu neçəyədir.

- ... Bəlkə deyib ki, yaxşı pomidor turşusu var?

- Bilmirəm, başım qarışıq idi, bəlkə də.

Üzümü müstəntiqə tutaraq dedim:

- Cənab müstəntiq, sonradan bir rus müştəri gəlib, vyetnamlı ona deyib ki, yaxşı pomidor turşusu var. Müştəri də vyetnamlıdan turşu alıb. Əslində isə pomidor turşusunu vyetnamlıya verən azərbaycanlı idi. Heç belə də haqsızlıq olar?!

Binh mənə qulaq verdikdən sonra vyetnamlı ilə nəsə danışdı və ayağa qalxdı:

- Cənab müstəntiq, bu, bazar iqtisadiyyatıdır. Bacarırsa, azərbaycanlı da turşu satsın!

Universitetdə iqtisadiyyat oxuyan Binhə cavab verməyə hazırlaşırdım ki, müstəntiq yorğun başını qaldıraraq əsəbi halda dedi:

- Hörmətli tələbələr, mənim vecimə deyil, kim kimə nə satıb. Deyin görüm dava necə olub.

Üzümü azərbaycanlıya çevirdim:

- Sonra nə oldu? - soruşdum.

- Rus malları aldı getdi.

- Bəs dava necə başladı?

- 5-10 dəqiqə sonra gəlib dedi ki, fırıldaqçısan. Hər birkiloluq bankada 100-200 qram az mal var.



- Siz nə dediniz?

- Dedik elə şey yoxdur, yalan deyirsən. O da söyüş söydü, dava başladı. Vurdum onu.

- Kimi vurdunuz?

- Oğlanı.

- Hansı oğlanı?

Bu dəfə azərbaycanlı sual dolu baxışla mənə baxdı:

- Rusu.

- Sonra vyetnamlı da sizi vurdu?

- Vyetnamlı məni niyə vursun?

Özümü karıxmış kimi hiss etdim. Uzaqdan eşidirdim ki, Binh də nəyisə qurcalaya-qurcalaya soruşur.

- Qardaş, sən rusu vurmusan, bəs, səni kim vurub?

- OMON.

- OMON hardan çıxdı?

- Vyetnamlıyla rusu vuranda OMON görüb gəldi.

- Vyetnamlı da rusu vurdu?

- Hə.

- Bəs vyetnamlını kim vurub?

- Dedim də, OMON.

- Sizin ikinizi də OMON döyüb?

- Hə.

Tam çaşmışdım. Azərbaycanlı məndən daha çaşqın idi. Məsələnin məğzini yavaş-yavaş dərk etməyə başlayırdım. Özümü gülməkdən güclə saxlayırdım. Başımı qaldırdım, gördüm, Binh də mat-məəttəl oturub. Amma mənim gülməyə bənd olduğumu sezib, onun da dodağı qaçan kimi oldu. Məsələ aydın idi.

- Cənab müstəntiq... - deyə başladım və hadisəni nəql elədim. Sonra Binh də eyni əhvalatı müstəntiqə bənzər şəkildə danışdı.

Bizi diqqətlə dinlədikdən sonra müstəntiq ayağa qalxdı və mülki şəxslərə xitabən dedi:

- Utanmırsınız, hələ də yalan danışırsınız. İkinizin də bankalarını bir-bir ölçdük. Bir kiloluq bankanı tərəziyə qoyursan, 200 qram az gəlir, 3 kiloluq bankanı tərəziyə qoyursan, yarım kilo az gəlir. Ar olsun sizə. Müştərini necə döymüsünüzsə, başına tikiş qoyublar xəstəxanada.

Müstəntiq susdu və bizə baxdı. Başa düşdük ki, tərcümə etmək zamanıdır.

Tərcüməni bitirdikdən sonra müstəntiq razı-razı dilləndi:

- Sağ olun, uşaqlar. Bugünlük bəsdir, gecə bölmədə qalsınlar, ağılları başına gəlsin, sabah özümüz həll edərik... Çox gec oldu, taksiylə yataqxanaya qayıda biləcəksiniz?

Binhlə ikimiz də idman şalvarında idik. Cibimdə pul yox idi. Nə deyəcəyimi düşünürdüm ki, Binh cavab verdi:

- Bəli.

Müstəntiq bizi polislərdən birinə təhvil verdi və o, bölmənin qapısına qədər bizi müşayiət etdi. Küçəyə çıxdıq. Saat 1-ə işləyirdi.

- Pulun var? Məndə yoxdur. - Binh qəflətən soruşdu.

Heyrətlə üzünə baxdım. Cavabımı üz ifadəmdən başa düşdü.

Yataqxanaya doğru 20 dəqiqə piyada gedəsi olduq. Yolboyu heç birimiz danışmadıq.

Soyuq iliyə işləyirdi. Qar da arsız-arsız hələ yağırdı...

 





20.01.2021    çap et  çap et