525.Az

Sosial şəbəkələrin qələbəsi - Xaqani Cəfərlinin yazısı


 

Sosial şəbəkələrin qələbəsi - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Tvitter, Feysbuk və İnstaqram kimi nəhəng sosial şəbəkələrin ABŞ prezidenti Donald Trampın hesablarını bağlaması, Snapçat, Yutub, Tvitç, Reddit və Diskord kimi internet resurslarının da bu prosesə qoşulması bütün dünyada böyük əks-səda doğurdu.

Prezident Donald Trampın bundan sonra yeni hesab açmaq cəhdinin qarşısının sosial şəbəkələr tərəfindən alınması, Trampın tərəfdarlarının hesablarının kütləvi şəkildə bağlanması, PayPal-ın prezident tərəfdarlarının maliyyələşdirilməsi üçün pul yığımını dayandırması, Şopifay-ın Trampın simvolları ilə ticarət aparan iki internet resursunu kənarlaşdırması və ən nəhayət, Trampın hesab açdığı Rarler-in Quql Pley-dən silinməsi sosial şəbəkələrdə senzuranın mövcudluğu, nəhəng internet resursların cəmiyyət üzərində öz hakimiyyətini bərqərar etməsi barədə müzakirələri qızışdırdı.

Nə qədər təəcüblü olsa da, Trampın tərəfdarları və liberal qüvvələr bu müzakirələrdə eyni mövqedən çıxış edirlər. Trampın tərəfdarlarının sosial şəbəkələrə qarşı mövqeyi başadüşüləndir. Hər cürə məhdudiyyətlərə qarşı çıxış edən liberalları da anlamaq olar. Ancaq onların hər ikisinin yanıldığını da söyləmək mümkündür.

Məsələ ondan ibarətdir ki, bizim üçün sosial şəbəkə olan Tvitter, Feysbuk, İnstaqram, Yutub öz qurucuları və səhmdarları üçün biznes strukturdur. Bu strukturların rəhbərləri ilk öncə sərmayədarlarının maraqlarını düşünür və bu maraqları qorumağa çalışırlar. Trampın və tərəfdarlarının hesablarını bağladıqdan sonra Feysbuk və Tvitter səhmlərində ucuzlaşma baş verdi və bu iki şirkətin dəyəri 51 milyard dollar aşağı düşdü. Lakin buna baxmayaraq, heç bir şirkət geri addım atmadı. Əksinə, səhmlərin ucuzlaşmasından sonra da Trampın tərəfdarlarının hesablarının bağlanması davam etdi. Ekspertlər hesab edirlər ki, Konqres binasının zəbtindən sonra Trampın və tərəfdarlarının sosial şəbəkələrdəki hesabları bağlanmasaydı, onların səhmlərinin dəyəri daha çox aşağı düşə və bunun nəticəsində səhmdarlar daha böyük itkiyə məruz qala bilərdilər. Məhz buna görə də Tvitterin Baş direktoru Cek Dorsi prezident Donald Trampın və onun 70 min tərəfdarının sosial şəbəkədəki hesablarını ləğv etmək kimi radikal qərar verdi. Bu qərara qarşı etirazların əsassız olması həm də onunla bağlıdır ki, istər Cek Dorsi, istərsə də digər sosial şəbəkə rəhbərlərinin qərarları tam hüquqidir. Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, bir neçə bank prezident Donald Trampla bütün əlaqələrini kəsib. Banklar bu addımlarını imiclərini qorumaq üçün atıblar. Bu bankların qərarları nə qədər hüquqidirsə, Tvitter, Feysbuk, İnstaqram və Yutubun da qərarları o qədər hüquqidir.

Digər tərəfdən, hər bir şəxs sosial şəbəkələrdə qeydiyyatdan keçərkən istifadə qaydası ilə tanış olur. Həmin qaydada Tvitter, Feysbuk və ya İnstaqram rəhbərliyinin istifadəçinin hesabını qaydalara zidd hesab etdiyi zaman bağlamaq hüququ öz əksini tapıb. Məhz bu hüquq nəticəsində sosial şəbəkələr bir sıra sahələrin üzünə bağlanıb.

Sosial şəbəkələrdə senzuranın olması ilə bağlı fikirlər də həqiqəti əks etdirmir. Burada yalnız tribuna azadlığı müzakirə oluna bilər. Media qurumlarında olduğu kimi, sosial şəbəkələrdə də kimə tribuna verilib-verilməməsi qurumun rəhbərliyinin müstəsna səlahiyyətidir. Heç bir media qurumunu sizə çıxış etmək üçün tribuna vermədiyinə görə senzura tətbiq etməkdə ittiham edə bilməzsiniz.

Ermənilərin yeni "ümid işıqları" - Xaqani Cəfərli yazır

Digər tərəfdən, əgər sosial şəbəkələr prezident Donald Trampın göstərişi ilə onun əleyhidarlarının hesablarını bağlasaydı, bu, senzura hesab oluna bilərdi. Yəni senzuranın mövcudluğu haqqında danımaq üçün ortada dövlət hakimiyyətinin müdaxiləsi faktı olmalıdır. Burada isə tam əksini görməkdəyik. Sosial şəbəkələr dövlət hakimiyyətinin başında duran şəxsin özünə qarşı məhdudiyyətlər tətbiq etdilər. Bu, həqiqətən sosial şəbəkələrin qələbəsidir. Dünyanın ən qüdrətli dövlətinin birinci şəxsinin iradəsinin əlehinə çıxış etməklə sosial şəbəkələr qarşılarındakı sonuncu ehkamı da dağıtmış oldular. Trampın və tərəfdarlarının hesablarının bağlanması sosial şəbəkələrin bütün dünyada dövlət hakimiyyətinin əleyhinə çıxış etməsinə təkan verəcək.

Trampın və tərəfdarlarının hesablarının bağlanmasından sonra sosial şəbəkələrin bu istiqamətdə fəaliyyətinin tənzimlənməsinin vacibliyi ilə bağlı fikirlər də səslənir. Bəziləri bu işin hansısa dövlət orqanı, bəziləri isə nüfuzlu ekspertlərdən ibarət komissiya tərəfindən tənzimlənməsini təklif edirlər. Onlar sosial şəbəkə istifadəçilərinin şəbəkədəki hesabının şirkətin rəhbərliyinin fikiri və qərarı ilə bağlanmasını doğru saymırlar. Ancaq sosial şəbəkələr də biznes strukturları olduğundan dövlətin onların fəaliyyətinə müdaxiləsi ABŞ qanunları ilə məhdudlaşdırılıb. Sosial şəbəkə istifadəçilərinin hesabının bağlanması ilə bağlı qərarın nüfuzlu ekspertlərdən ibarət komissiya tərəfindən verilməsi təklifi cəlbedici olsa da, ən yaxşı variant deyil. Bu məsələnin sosial şəbəklərin alqoritmi tərəfindən həll olunmasına nail olamaq daha doğru olardı. Çünki komissiya üzvləri də insan olduğu üçün müəyyən fikirləri, öncəllikləri və yanaşmaları mövuddur. Buna görə heç zaman ən doğru qərarı verə bilməzlər. Neyroşəbəkənin isə öncəlikləri, ideoloji baxışları və münasibəti mövcud olmadığından hər bir istifadəçiyə münasibətdə eyni mövqe tuta bilər. Çox böyük ehtimalla, məsələ məhz neyroşəbəkələrin xeyrinə həll olunacaq. Çünki cəmiyyətin bütün sahələrinin rəqəmsallaşmasının məntiqi bunu diktə edir.

 





21.01.2021    çap et  çap et