525.Az

Ömrə bərabər gün... - Zahid Şahsuvarovun səfər qeydləri


 

Ömrə bərabər gün... - <b style="color:red">Zahid Şahsuvarovun səfər qeydləri </b>

(Əvvəli ötən saylarımızda)

Üzü Təbrizə

Yolumuz hələ ki dağlarla əhatə olunmuş yerdən keçirdi. Mən tez-tez Firudindən Azərbaycanın nə vaxt başlayacağını soruşurdum. O da adəti üzrə: "Hələ bura Kürdüstandır", - deyirdi. Yolumuz boyu bir yerdə "Azərbaycan" yazılmış sözə rast gəldim. Yenə ondan soruşdum:

- Bura haradır?

O da cavabında:

- Bura hələ Kürdüstandır, - dedi.

- "Azərbaycan" yazılıb, axı, - dedim.

- Hə, o söz burada yerləşən "Azərbaycan" adlı mebel fabrikinə aiddir.

Mən nədənsə Firudinə inanmadım. Mənə elə gəldi ki, o, düz danışmır.

Artıq axşam saat altıya yaxın idi. Firudindən acıb-acmadığını soruşdum. Başının işarəsi ilə ac olduğunu dedi. Mən ondan yolüstü qarşımıza çıxan kafelərin birində dayanmağı xahiş etdim. Biraz gedəndən sonra o, avtomobilini yolun kənarında salxım söyüdlər arasında yerləşən bir kafedə saxladı. Avtomobildən düşüb, söyüdlərin altında olan masaların birində oturduq. Burada diqqətimi bir şey də çəkdi. Masaların bəziləri bizim dədə-babadan qalan taxtalara oxşayırdı. Amma o taxtadan daha çox, yerdən iyirmi-otuz santimetr hündürlüyündə olan dördbucaq formalı masaya bənzəyirdi. Ən əsası da o idi ki, insanlar onun üstündə bardaş qurub oturmuşdular və qarşılarındakı böyük sini qabında olan düyü - bəlkə də bizim bildiyimiz aş idi bu - yeyirdilər.  Ağaclar arasında yerləşən bu kafe Təbriz yolunun altında və aşağısında çay axan bir dərənin üstündə idi. Buradakı yaşıllıqla örtülü mənzərə göz oxşayırdı. Bir az ətrafı seyr etdikdən sonra Firudindən nə yeyəcəyimizi soruşdum. O da uzun-uzadı yemək adları sadaladı. Lakin onun dediyi adların arxasında hansı yeməklərin olmasını başa düşə bilmirdim. Sonra dediyi sözlərdən biri diqqətimi çəkdi:

- Nə, nə? - deyə ondan bir də təkrar etməsini soruşdum. O, mənim belə maraqla soruşduğumdan  təəccüblənib: - "Gəndom", - deyə təkrar etdi. Bu söz bizim dildə bir az başqa cür səsləndiyindən marağıma səbəb olmuşdu. Onun nə olduğunu öyrənməyə çalışdım. Firudin də gah aşağı axan çayı, gah bizdən yuxarıda olan çölu, otları göstərib mənə nə isə başa salmağa çalışırdı. Mən isə onun söhbətlərindən bir qədər usanıb:

- Heç nə başa düşmədim! - deyərək, səsimi bir az ucaltdım. Bu ara yanımızdan əlində çay aparan on iki-on beş yaşlı bir uşaq (görünür, bu kafedə çalışırdı) dayanıb: "Əmi, buradadır!" - dedi və əlindəki çayı və stəkanları qonşu masada oturanlara verib yenidən bizə yaxınlaşdı. Mən tez ondan soruşdum:

- Sən azərbaycanlısan?

- Bəli, burda hamı azərbaycanlıdır.

- Sən burda işləyirsən?

- Hə. Bura da bizimdir, - dedi. - Babamla işləyirəm.



Bu vaxt bizə ortayaşlı bir adam yaxınlaşdı və əvvəl farsca, sonra duruxduğumuzu görüb azərbaycanca nə sifariş edəcəyimizi soruşdu. Mən də rahat bir nəfəs alıb:  "Firudin!, - dedim - İndi nə istəyirsən, mən sənə sifariş edim", - deyə ona güldüm. Amma Firudin məni başa düşmədi. Hərəmiz özümüzə sifarişlər verdik. Arada vaxt tapıb, kafenin sahibi Əli kişi ilə söhbət etməyə çalışırdım. O, mənim Bakıdan olduğumu biləndə sevindi. Ondan Azərbaycan ərazisinin nə vaxt başlayacağını soruşdum. Bir az duruxub, ora-bura baxaraq, hansı tərəfdən gəldiyimi soruşdu. Mən də, Kirmanşah tərəfdən gəldiyimi, dedim. O da: "Siz Azərbaycana təxminən yüz kilometr bundan əvvəl keçmisiniz", - dedi.

Mən Firudinə baxıb dedim:

- Biz yüz kilometrdi ki, Azərbaycandayıq.

O isə:

- Yox, buralar  hələ qarışıqdı, - deyə söhbətdən yayındı.

Əli kişi burdan sonra yolumuz üstdə olan Azərbaycan şəhərləri - Marağa, Azərişəhr və s. şəhər və qəsəbələr haqqında danışdı, Təbrizə təxminən beş saata qədər yol olduğunu dedi. Kafenin sahibi Əli ilə hesablaşanda və biləndə ki, məndə İran pulu yoxdu, bizdən heç vəchlə pul almaq istəmirdi. Lakin Firudinin köməkliyi ilə onunla hesablaşıb yolumuza davam etdik.

Bağdaddan uzağlaşdıqca, artıq mənim üçün onun bir nağıl dünyası olduğunu duyurdum. O, mənim "1001 gecə" nağıllarında oxuduğum Bağdada çevrilirdi. O, Qahirədən sonra ərəb dünyasının ikinci böyük şəhəridir və əhalisinin sayı doqquz milyona yaxın olan bu şəhər eramızdan əvvəl XIX-XVIII əsrlərdə yaşayış məskəni kimi mövcud olmuşdu. 762-ci ildə Abbasilər dövründə Əbu Cəfər Əl-Mənsur tərəfindən  paytaxt şəhəri kimi yenidən inşa edilmişdi.

"Bağdad" sözünün mənası bu günə kimi tam məlum deyil. Onun müxtəlif dillərə - arami, kildani, assuriya, akkad, kəş, fars və s. dillərə aid olunduğu fərziyyə olunur. Məsələn, akkad dilində, "Bəldad" sözündən götürüldüyü və "günəş Allahı" mənasında, kildani-arami dillərindən götürülmüş iki sözün birləşməsindən - yəni "Bəl" - aramilərin Allahı, "dad" isə "silmək" (yer üzündən silmək -   rəvayətə görə, Kildani hökmdarı Nəbuxuznassor Bağdad üzərində qələbə çalır və ona bu adı verir), fars dilində "Bağ" - bağ , bostan (Fars hökmdarı Ənuşiravan dövründə salınmış bağ) və "Dad" - həmin bağa  "heyrət" - mənasında olan sözlə birləşməsindən "Bağdad" sözü yaranmışdır. İlan kimi qıvrılaraq, Bağdadı yarıb keçən Dəclə çayı onu Əl-Rasafa və Əl-Kəlx adlanan iki hissəyə bölür. Rəvayətlərlə dolu olan bu şəhər, çox qısa bir müddətdə elm, mədəniyyət, ticarət, islam və ərəb aləmində fəlsəfi fikr mərkəzinə çevrilmişdir. Burada elm ocaqlarını təmsil edən akademiyalar yaranmış, dünyanın ilk hündür binaları burada tikilməyə başlamışdır. Təəccüblüdür ki, bu gün Bağdadda hündür binalar, demək olar, yoxdur, ya da lap azdır. Şəhər əhalisinin əksər hissəsi xüsusi evlərdə, villalarda, ya da dörd-beş mərtəbəli binalarda yaşayırlar. Mənim yaşadığım on dörd otaqdan ibarət ikimərtəbəli ev-malikanə şəhərin Əl-Rasafa tərəfində, "Haara Davudi" (Davudi məhləsi) deyilən, xurma ağaclarıyla bol olan yaşıl bir rayonda yerləşirdi.

Evin sahibi orta məktəbdə coğrafiya müəllimi işləmiş və təqaüdə çıxmış Haccı Cəfər adlı bir şəxs idi. Onun aldığı aylıq təqaüd yeddi yüz əlli dinar, o zaman 2500 dollara yaxın bir məbləğ olmuşdu. Haccı Cəfərin dediyinə görə, bu pul, onların hər bir ehtiyaclarına çatırdı və hətta ildə iki dəfə harasa səyahət də edə bilirdilər. İndi isə onun aldığı təqaüd, yəni yeddi yüz əlli dinar o təqaüdü almağa getmək üçün avtobus biletinə belə çatmır. İndi  bir dolların kursu iki min dörd yüz dinara çatıb və onun təqaüdü bu gün təxminən otuz sentə bərabərdir. Ona görə də, o, evini kirayə verməyə məcbur olmuşdu. Geniş həyətə malik olan və müxtəlif meyvə ağacları ilə əhatələnmiş ikimərtəbəli malikanənin illik kirayə qiyməti doqquz min dollar idi. O, bu pulun bir hissəsini şəhərin başqa bir yerində ev kirayəsinə sərf edir, qalan hissəsiylə də ailəsi ilə bir il yaşayırdı. Bir dəfə Haccı Cəfərdən onun müəllim kimi aldığı məvaciblə bu boyda evin tikilməsinin necə mümkün olduğunu soruşdum. O, mənə cavab verərək dedi: "Bir gün  məni, qardaşımı və bacımı rayon bələdiyyə idarəsinə çağırdılar və Prezident Səddam Hüseynin şəhərdə torpağı olan sakinlərə ev tikmək və onların maliyyələşdirilməsi haqqında  verdiyi sərəncamı bizə bildirdilər. Sonra sahib olduğumuz torpaq sənədlərini, ailə vəziyyəti haqqında arayış gətirməyimizi istədilər. Biz də öz növbəmizdə bu tələb olunan sənədləri gətirib təqdim etdik. Bir neçə gündən sonra bizi yenidən bələdiyyə idarəsinə çağırdılar. Burada öyrəndik ki, bizim hər birimizə ayrı-ayrılıqda ev tikməyə qərar verilib, mənə və qardaşıma, hər birimizə dörd yüz əlli min dollar, bacıma isə beş yüz min dollar ayrılıb. Bu kömək həm də onu qaytarmamaq şərti ilə verilirdi. Hər birimiz özümüzə ev tikdirdik, mən də verilən vəsaitlə bu evi tikdirdim", - dedi və dərindən köksünü ötürüb onları bu günə salanları lənətlədi.

İraqa tətbiq olunan sanksiya onun vaxtilə firavan yaşayan bütün əhalisini bu vəziyyətə salmışdı. Kasıbçılıq, işsizlik baş alıb gedirdi ölkədə. BMT-nin "Neftin ərzaqla əvəzi" proqramı əhalinin birtəhər yaşamasını təmin edirdi. Bu proqram, eyni zamanda, ölkədə istehsal olunan neftin qiymətini daha da ucuzlaşdırmışdı. Onu da deyim ki, burada su neftdən bir neçə dəfə baha idi. "Neftin ərzaqla əvəzi" proqramı əsasında ildə iki  dəfə - birinci və ikinci mərhələdən ibarət neft bölümü kampaniyası keçirilirdı. Burada iştirak edənlərin siyahısını və sayını görəndə, ölkənin, xalqın sərvətinin belə insafsızcasına bölüşdürülməsinə adamın ürəyi ağrıyır. Amma nə etmək olardı, bu bəla İraqın üstünə çökmüş növbəti sınaq idi. Bu haqda mənə tez-tez görüşdüyüm adamlar, yerli əhalidən olan iş yoldaşlarım, getdiyim nazirliklərdə müxtəlif mənsəbə malik insanlar ürək yanğısı ilə danışırdılar. Ölkələrinin bu qədər zəngin olmasına baxmayaraq (İraqda təsdiq olunmuş neft ehtiyatı 143 milyard bareldir və həmin vaxt bir gündə təxminən üç milyon barel neft istehsal olunurdu), onun neftini hərə bir tərəfdən çəkib aparırdı, əhali isə yarıac, yarıtox yaşayırdı. Həmsöhbətlərim bunun dözülməz olduğunu həmişə xüsusi olaraq vurğulayırdılar. Bunu ən çox neft nazirliyində eşidirdim. Çünki pis-yaxşı ölkəni bu gün yaşadan da bu nazirlikdir. İraq Neft Nazirliyi ölkəni ərzaqla təmin etmək ücün gecə-gündüz çalışır, neft istehsalını artırırdı. Burda işləyən mütəxəssislər öz işlərini mükəmməl bilən yüksək səviyyəli mühəndislər idilər. Mən onların doğrudan da buna layiq olduqlarını, demək olar ki, hər gün görürdüm. İşimin əsas hissəsi bu nazirliklə bağlı olduğundan mən buna tez-tez rast gəlirdim.

(Ardı var)

 





21.01.2021    çap et  çap et