525.Az

Vüsalə İsazadə: "Qarabağla bağlı suallarım onları narahat edir"


 

"AZƏRBAYCANI YAXINDAN TANIYAN MİLLƏT VƏKİLLƏRİNDƏN, SENATORLARDAN MÜSAHİBƏ GÖTÜRMƏK HƏR ZAMAN BÖYÜK ZÖVQ VERİR"

Vüsalə İsazadə: "Qarabağla bağlı suallarım onları narahat edir"<b style="color:red"></b>

Jurnalistika özündə bir neçə peşəni ehtiva edir. Buna görə də, bu peşəni seçən hər bir şəxs xüsusi dünyagörüşə sahib olmalı və davamlı şəkildə cəmiyyəti maraqlandıran mövzularda araşdırmalar aparmalıdır. Jurnalistika ilə məşğul olmaq istəyən şəxsin burada istiqamətlərdən seçib davam etməsi daha məqsədəuyğundur. Müxbirlik də bu istiqamətlərdən biridir. Məkanından asılı olmayaraq müxbirlər hər an operativ, obyektiv və jurnalistikanın etik prinsiplərinə əməl edərək auditoriya üçün xəbər çatdırmalıdırlar. Xaricdə işləyən müxbirlərimiz üçün bu məsuliyyətin üzərinə biri daha əlavə olunur. Onlar digər ölkələrdə həm də Azərbaycanın təmsilçiləri olduqları üçün çıxış etdikləri istənilən media tribunasında ölkəmizin maraqlarını qorumağa borcludurlar. Bu mövzu ətrafında "Report" informasiya agentliyinin Fransadakı müxbiri Vüsalə İsazadə ilə həmsöhbət olduq.

Qeyd edək ki, Vüsalə İsazadə,  "Report" informasiya agentliyinin Fransada və Avropa Şurası yanında xüsusi müxbiridir. O, Bakı Dövlət Universitetində  Beynəlxalq Jurnalistika üzrə təhsil alıb. Paris Sarbonna Universitetini isə sosial elmlər üzrə doktorluq dərəcəsi üzrə bitirib.

- Vüsalə xanım, xarici ölkələrdə müxbir olmağın hansı özəllikləri və çətinlikləri var?

- Fransada jurnalistlərə ehtiyatla yanaşılır. Fransa Xarici İşlər Nazirliyində akreditə olunmuş xarici jurnalistlərə xüsusi mətbuat kartları verilir ki, bu kartı gördükdə bizə xüsusi hörmət göstərirlər. Ölkə ərazisində bir sıra imtiyazlarımız da var. Mətbuat kartımızla ölkənin demək olar ki, bütün muzeyləri və bir sıra mədəni tədbirləri üzümüzə açıqdır.

Çətinliklərə gəldikdə isə, Azərbaycan Prezidenti, Azərbaycan diplomatı olmaq digər ölkənin prezidenti və diplomatı olmaqdan daha çətin olduğu kimi, Azərbaycan media orqanının xarici ölkədə müxbiri olmaq da asan deyil. Misal üçün, Avropa Şurası yanında daimi akreditə olunmaq üçün müraciətimə bu günə kimi müsbət cavab ala bilməmişəm. Hər dəfə Strasburqa AŞPA-nın sessiyasında iştirak etmək üçün müvəqqəti akkreditə olunmaq məcburiyyətindəyəm. Qeyri-rəsmi olaraq bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarımla onları narahat etdiyim üçün AŞPA rəhbərliyi mənim daimi akkreditasiyama imkan vermir. Halbuki mənim digər ölkələrdən olan həmkarlarım AŞPA rəsmilərinə qurum təşkil etdiyi istənilən tədbir çərçivəsində suallarını verib cavablarını ala bilirlər. Bu, jurnalistin hüququdur. Lakin Dağlıq Qarabağla bağlı suallar onları narahat edir.

- Bu müddətdə digər ölkələrdən olan müxbirlərlə yerli müxbirlər arasında hansı fərqlər görmüsünüzmü? Azərbaycanlı müxbirlər xaricilərdən nə ilə fərqlənirlər?

- İş bacarığı, professionallıq baxımından o qədər də böyük bir fərq müşahidə etməmişəm. Geyim tərzimizdə fransalı jurnalistlərdən fərqlənirik. Fransada yazılmamış qanun var ki, jurnalistin geyimi çox sadə olmalıdır. Bizim jurnalistlər hər zaman səliqəli və eleqant olurlar. Kişi müxbirlərimizi bəzən hətta kostyumda görürəm ki, bu da fransız jurnalistlərinə demək olar ki, yaddır.

- Müxbirlik karyeranızda ən yaddaqalan məqam hansı olub?

- Azərbaycanı yaxından tanıyan millət vəkillərindən, senatorlardan müsahibə götürmək hər zaman böyük zövq verir. O məqamların hamısını yaddaşıma həkk etmişəm. Çünki bu zaman Azərbaycan haqqında əsl və dürüst bilgilərə malik fransızların olduğunu görmək sevinc hissi yaşadır. Ölkəmiz, xalqımız haqqında yüksək fikirlər eşitmək, böyük hörmət və ehtiram bəsləndiyini görmək hər zaman xoş olur. Həmin an azərbaycanlı olduğuma görə bir daha fəxr edirəm.

- Hazırda Avropa üzrə müxbirsiniz. Digər bir qitədə çalışmaq məqsədiniz varmı? Bu sahədə çalışmaq istədiyiniz dövlət hansıdır?

- Xarici ölkədə çalışan müxbirin əsas silahı onun yiyələndiyi xarici dilləridir. İngilis və rus dillərini iş prosesində istifadə edə bilsəm belə, fransız dilini ana dilim kimi bildiyim üçün Fransada, Belçikada və İsveçrənin fransızdilli ərazisində fəaliyyət göstərməkdə daha maraqlıyam. Beynəlxalq jurnalistika ixtisası üzrə oxuduğum müddətdə xarici siyasəti və xüsusilə beynəlxalq təşkilatların fəaliyyətini öyrəndiyim üçün beynəlxalq təşkilatlar yanında da işləməyə daha çox meyilliyəm. İnsan hər zaman yaxşı bildiyi və tanıdığı istiqamətə getməyə can atır.

- 44 günlük Vətən müharibəsi Fransa mətbuatında nə dərəcədə ədalətli işıqlandırılırdı?

- Döyüşlərin ilk iki günü düzgün məlumatlara rast gəldik. Çünki erməni diasporu fəaliyyətə keçməyə imkan tapmamışdı. Lakin təəssüf  ki, ermənilər Fransada həm çoxluq təşkil edirlər, həm də çox uzun müddətdir ki, məskunlaşıblar. Bu səbəbdən də onların səsi Fransada eşidilir və ictimai fikrə təsirləri olduqca böyükdür. Dəfələrlə Dağlıq Qarabağ münaqişəsini dini zəmində baş verən münaqişə kimi qələmə verən və həqiqətdən tam uzaq yazılara rast gəlmişik. Lakin bununla belə, ilk dəfə Fransa mətbuatında Dağlıq Qarabağdakı rejim "separatistlər" adlandırıldı. Demək olar ki, ilk dəfə olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və aidiyyatı beynəlxalq sənədlər haqqında ictimaiyyətə dolğun məlumat verildi.

- Qarabağ döyüşləri Fransa-Azərbaycan siyasi əlaqələrinə nə dərəcədə ziyan vurdu?

- Fransa hər zaman öz maddi maraqlarını güdən bir ölkə olub və bu gün də belədir. Harada iqtisadi mənafeyi varsa, hər zaman həmin istiqamətə üz tutub və bundan sonra da bu tarixi təcrübəsinə zidd gedəcəyini düşünmək üçün hələlik heç bir əsas yoxdur.

- Qərb mətbuatında Azərbaycanla bağlı məlumatlar tez-tez dərc olunur? Əsasən hansı mövzulara yer ayrılır?

- Azərbaycan mədəniyyəti, Azərbaycanda dini tolerantlıq mövzularına maraq böyükdür. Lakin tənqidi məqalələrə də tez-tez rast gəlinir. Bunun səbəbi jurnalistlərin belə məqalələri mətbuat orqanlarına asanlıqla sata bilmələridir.

- Bu sahədə çalışmaq istəyənlərə nə  tövsiyə edirsiniz?

- Beynəlxalq jurnalistika ixtisasını təsadüfən seçməmişəm. O zaman topladığım bal ilə beynəlxalq hüquqa da düşə bilərdim. Lakin özüm bu ixtisası seçmişəm. O zaman bu arzumun gerçəkləşəcəyini ağlıma belə gətirmirdim. Beynəlxalq münasibətlərdə oxuyan tələbə yoldaşlarım diplomat olmaq, mən isə xaricdə müxbir olmaq arzusu ilə beynəlxalq təşkilatlar, beynəlxalq hüquq və digər bir çox dərslərə birgə qatılırdıq. Bu gün o tələbə yoldaşlarımla çiyin-çiyinə çalışıram. Onlar xarici ölkələrdə Azərbaycanı təmsil edən diplomatdır. Azərbaycan ən əlçatmaz arzuların gerçəkləşdiyi bir ölkədir. Hər kəsə öz arzularının dalınca getməsi tövsiyə edərdim.

Azad NURİYEV

 





21.01.2021    çap et  çap et