525.Az

Uzaq sahillərdə... - Türkan Hüseynli yazır


 

Uzaq sahillərdə... - <b style="color:red">Türkan Hüseynli yazır </b>

“Bütün sərnişinlərin nəzərinə! Bakıdan yol alan qatar günorta vaxtı ilə saat 3-də yola düşəcək”. Qatara tələsənlər bu dəfə istirahət yox, Vətəni qorumaq üçün, İkinci Dünya müharibəsinin iştirakçısı olmaq üçün gedirlər. Qatarın yola düşməsi elan olunandan az sonra fit səsi, bir-birinə qoşulan vaqonların ardıcıllıqla taqqıltısı eşidildi. Əksəriyyəti könüllülərdən ibarət olan əsgərlərin içərisində naxçıvanlı Əhəd Əliyev də vardı. O hamıdan cəld tərpənib qapının yanındaca əyləşmişdi. Bu vətənpərvər gənc Vətən üçün savaşıb ölməyi şərəfli bir yol bilirdi. Cəsurluq və qorxmazlıq onun üzündən-gözündən yağırdı.

...Vaqonlar ağır-ağır yerindən tərpəndi. Çox keçmədi ki, səs-küylü dəmir yolu vağzalı arxada qaldı. Qarşıda isə bir neçə günlük yol var. Şəhərdən uzaqlaşandan sonra hiss olunur ki, qatarın sürəti yavaş-yavaş artır. Yollar bir-birini əvəz edir. Dağlar görünür, düzlər itirdi. Böyrü bir az açıq qalmış pəncərədən kupelərə buz kimi soyuq hava dolurdu. İçəri yaman soyumuşdu. Lakin kimsə soyuqdan donsa da belə, çətin ki, ağzına alıb danışardı, çünki onu elə yerindəcə lağa qoyub gülərdilər. Gecənin qaranlığından buz kimi qanı donduran soyuğun öhdəsindən ancaq yatmaqla gəlmək olardı. Başqa cür mümkün də deyildi.

Bir tikə çörək, bir stəkan su ilə günlərini başa vuran əsgərlər bu gün uzaq sahillərə çatmalı idilər. Gecəboyu relslər üstündə şütüyən elektrovoz ardınca düzülmüş vaqonları dartaraq həyəcan siqnalı verir. Qatarın fit səsləri eşidilir. Əsgərlərimiz Çexiya bölgəsinə çatırlar.

Naxçıvanlı əsgərin xilaskarı, sevgi dastanının qəhrəmanı çex qızı...

Müharibənin qızğın vaxtları idi. Neçə gün idi ki, şiddətli döyüşlər gedirdi. Vladivostokdan Ustiyə qədər gedən döyüşlərdə itkilərin də, yaralıların da sayı çoxluq təşkil edirdi. Xəstəxana başdan-ayağa yaralılarla dolmuşdu. Bu yaralıların içində Əhəd Əliyev də vardı. Huşu özündə olmayan, bərk yaralanan Əhəd minaya düşmüş və iki gözünü də itirmişdi. Tibb bacıları nə qədər çalışsalar da, onu yedirdə bilmirdilər. Nə ağ dinirdi, nə qara. Ta ki o gəlincəyə qədər...

Xəstəxanaya başqa yaralı gətirən Erika öz qonşusu ilə xəstəxananın girişində rastlaşır. Əslən çex olan Erika yaralılara qarşı çox həssas yanaşır, hallarına acıyırdı. Qonşu qızı tələm-tələsik Əhəd haqqında danışdı: “Erika, ağır yaralımız çoxdur. Onlardan biri ölüm-qalım savaşı verir. İki gündür ki, buradadır, nə yeyir, nə içir. İki gözünü də itirib. Çox qanaxması var”. 18 yaşlı Erika çox dilli-başlı, həm də işinin öhdəsindən çox səriştəli gəlməyi bacaran tibb bacısı idi. Qonşu qızından həmin gənci göstərməyini xahiş etdi. Erika əlində bir az kakao, bir tikə çörək Əhədin yatdığı palataya yaxınlaşdı. Rus dilində ona müraciət edərək yeməsə ağırlaşacağı, hətta öləcəyi barədə söyləyəndən sonra Əhədin ürəyində bir qığılcım yarandı. Erikanın səsi ona o qədər doğma, o qədər əziz gəldi ki, könül gözləri ilə ona heyran qaldı. Və gətirdiyi yeməyi yedirtməyini xahiş etdi. Açığı Erika da ona biganə qalmadı. Hər gün xəstəxanaya baş çəkir, birlikdə bağa çıxır, söhbət edir, vaxt keçirirdilər. Hətta bu tanışlıq onun gözlərinin yoxluğunu da unutdurmuşdu. Onu ruhən xilas edən qadına bir könüldən, min könülə aşiq olmuşdu. Erika əsir düşmüş azərbaycanlı əsgər Əhəd Əliyevi lazaretindən qaçıraraq evində gizlədir, hər iki gözünü itirən Əhədin qayğısına qalır, onun müalicəsi ilə məşğul olur. Zaman elə gətirir ki, Əhəd öz doğma vətəninə qayıtmalı olur. Erika ilə sağollaşıb səhər qatara minəcəkdi ki, Erika onu da aparmasını xahiş edir. Açığı, Əhəd təklif etməyə çəkinmişdi ki, alman qızı müsəlman ölkəsində gözləri görməyən adamın yanında yaşamaq istəyərdimi? Erika ona olan saf sevgisini belə göstərdi. Heç bir təmənna güdmədən, ummadan. Əhədlə birlikdə Naxçıvana gəldilər, xoşbəxt yaşadılar uzun illər. Əhəd ömrünün sonuna kimi görmədiyi xanımı Erikanı çox sevdi...

Həyat mərtəbəsinin sevgi pilləsi...

Fərqli sevgi nəsibi olan cütlüyün üç övladı dünyaya gəldi. Səməd, Səyyad, Fərhad. Oğlanları arasında Səyyad Əliyev ən fədakarı və ən qorxmazı idi. Döyüş ruhu onun qanında, canında vardı. Atasının bütün kişi xüsusiyyətləri onda da mövcud idi. Hər kəs onu dəli-dolu tanıyırdı. Söz ağzından çıxdısa, dediyini mütləq etməli idi, lap sonunda itirsə də. Bir də sözünə çox sadiq adam idi. Ailəcanlı, mehriban, səmimi, qayğıkeş olan Əhəd kişi müharibə hekayələrindən danışanda Səyyadın ürəyində görünməyən bir qürur yaranar, belə atanın oğlu olduğu üçün lovğalanardı.

Zaman keçdi, illər ötdü. 1990-cı illərin müharibə yükü, itki dərdi, torpaq işğalları, Sovetlər Birliyinin ermənilərə dəstək olması hər bir azərbaycanlı kimi Səyyadı da üzürdü. Səyyad ailəli idi, bir oğlunun 17, o birinin isə 4 yaşı vardı. Bir pis xəbər eşidəndə hirs bağırsağını kəsə-kəsə iki otaq arasında sağa-sola var-gəl edirdi. O bərk əsəbiləşəndə yoldaşı Lətifə də balaca Elvini qucağına alar, sakitcə o biri otağa keçərdi. Səyyad Vətən övladlarının başına gətirilən 20 Yanvar faciəsi kimi cinayətlərə sakit, biganə qala bilmirdi. Nəsə hey çıxış yolu axtarır.

Yay ayları idi. Könüllü dəstələrə gizli yazılan Səyyadı Sədərək uğrunda gedən döyüşlərdə iştirak etməyə çağırdılar. Yoldaşı Lətifə nə qədər “getmə” deyə israr etsə də, xeyri olmadı ki, olmadı. Axı Vətən darda idi və Vətənə sığınan on minlərlə ailənin qorunması idi əsl mərdlik, ərənlik. Vətənin dadına yetən Səyyad böyük oğluna da hərbi forma geyindirib özü ilə bərabər Sədərəyə apardı.

Sədərəyin silahsız silahdaşları...

Naxçıvanda məhəllə-məhəllə könüllülərdən ibarət dayaq dəstələri təşkil edilmişdi. Çoxu da silahsız. Üç avtobusdan ibarət döyüşçülər sərhəd bölgəsinə yüksək inamla irəliləyirdi. Səyyad zəhmli üzünü turşudur, qəzəbli baxışlarla yol kənarlarındakı dağıntılara baxaraq qaşlarını çatırdı. Vətənin imdadına çatmaq üçün çox tələsirdi. Tez çataraq döyüşmək, Vətən övladlarının intiqamını almaq hissi ilə alışıb-yanırdı. Bəlkə, onda onun ürəyi sərinləyərdi. Oğluna işarə edərək, – o uşaq kimdir, – deyə soruşanlara isə fəxrlə igid atanın mərd oğludur, deyirdi. Evdəki xalçadan asılan “Kalaşnikov” indi onun sinəsindən asılmışdı. Düşməni məhv edəcəyi saniyələri güdürdü. Sədərəyə yaxınlaşdıqca top-tüfəng tozanaqlarından dumanlanan hava güllə səsləri ilə vahiməli mənzərədən xəbər verirdi. Heç eşitmədiyimiz, duymadığımız silah səsləri, top atəşləri göylərdə əl-ələ verib can alırdı, qan tökürdü. Adamın heç inanmağı gəlmirdi, vaxtilə, el-obamızda özünə yer eləyən, çörək verdiyimiz “qonşular” yedikləri çörəyə dönük çıxmışdılar. Gecədən ermənilər hücuma keçmiş, dayanmadan top atəşi yağdırmışdılar Sədərəyə.

Çatan kimi sürünə-sürünə döyüşçülərin yanına (Çaxır Zavodunda postlarını qurmuşdular) getdilər. Döyüşçülərdən Fəxrəddin Qurbanov Səyyadı görər-görməz qeyri-ixtiyari “şükür” deyib onu salamladı. Fəxrəddinlə eyni məhəllənin uşağı olmuşdu Səyyad. Onun mahir ovçu olması heç kimə sirr deyildi. Hətta buna həsəd aparırdılar. Bu səbəbdən idi ki, könüllü yazılar-yazılmaz onun adını ön cəbhə döyüşçüsü kimi qeyd etmişdilər. Həmin ovçu Sədərək müharibəsi tarixində düşmənlərə gözdağı verən nişançı kimi tarixə yazılacaqdı.

Təəssüf ki, silah-sursat azlığından əziyyət çəkən döyüşçülərimiz evdən gətirdikləri ev əşyaları, kəsici alətlər, ov tüfəngləri ilə müdafiə olunurdular.

Ovu bərəsində vurarlar...

Uzun müddət idi ki, döyüş və texniki biliklərinə görə yoldaşlarından çox seçilən Səyyadı fərqli edən məqamlardan biri də “Kalaşnikov”dan snayper kimi istifadə etməsi idi. Hansısa bir yüksəklikdə bir tərpəniş sezdimi, – dəqiq nişanla, bir atışla düşməni yerindəcə məhv edirdi. Vurandan sonra da döyüş yoldaşlarına müraciət edərək “Ovu bərəsində vurarlar”, – deyib zövq alırdı. Bir də gündə neçə dəfə desəydilər Koroğlu bulağından Ucubizə qədər sürətlə gedər, nəzarət edib gələrdi. 4 dəfə Ermənistan ərazisinə kəşfiyyata keçib onların hərbi sirlərini öyrənmişdi. Axırıncı dəfə isə Surenavan kəndində olmuş, hələ bir stəkan çay içib, bir erməni əsgərinin də papağını götürüb özü ilə gətirmişdi. Döyüş yoldaşlarına kişinin papağı başında olar. Bunlar niyə kişidir ki, – deyib arada döyüşçülərin kefini də açardı. Onun varlığı döyüş yoldaşlarına ürək-dirək verərdi. Diqqətcillik, məsuliyyət onun peşəsi ilə əlaqədar idi. Bir gün zavoddan kanala keçmək istəyərkən suda gizlənən erməniləri görüb işarə edir ki, sakitcə suya əyilin. Özü isə ayaqüstə suya dəqiq nişanlar atdıqdan bir neçə dəqiqə sonra üç erməni leşi suyun üzünə çıxır. Artıq ermənilər də onu tanıyır və aradan götürməyə çalışırdılar. Başına pul da qoymuşdular. Bəzi mənbələr göstərir ki, həmin ərəfədə ermənilərin idman ustası Anjelina və bir çox tanınmış snayperçiləri Sədərəklə sərhəddə yerləşdirmişdi.

Çöl göyərçininin sülh məramı...

Səyyad “Çöl göyərçini” ləqəbini döyüşlərdə öz döyüşçü yoldaşları tərəfindən almışdı. Bu, bütün vəziyyətlərdən özünü çıxarmağı bacardığı, ovlamaq qabiliyyəti olduğu adama deyilir. Həqiqətən də, onun bu döyüş bilgiləri Allah vergisi idi. 18 nəfərlə dağda mühasirəyə düşərkən onun uzaqgörənliyi və dəqiq atıcılığı sayəsində mühasirədən az itki ilə çıxmışdılar. Döyüşçülər də bir hərəkət etməmişdən qabaq onunla məsləhətləşir, sonra addım atırdılar. Səyyad müharibədə 13 erməni öldürmüşdü. Həmçinin düşmən tərəfin BMP markalı döyüş maşınının izinə düşmüşdü. Ermənilər o maşınla sərhəddə kəşfiyyat aparıb bölmələrimizi atəşə tuturdular. Təəssüf ki, bütün səylərinə baxmayaraq, Səyyad maşını ələ keçirə bilmədi. Son döyüşü 1992-ci il mayın 25-i oldu çöl göyərçininin. Mil dağı uğrunda gedən döyüşdə snayperlə vuruldu və gözləri Sədərək səmalarına baxa-baxa, sülh arzulaya-arzulaya əbədiyyətə qovuşdu.

Göyərçin sülhün rəmzi, xoş xəbərlərin daşıyıcısıdır. Azadlığın carçısı, müstəqilliyin həsrətini çəkirdi Səyyad Əliyev.

Əziz şəhidimiz, ruhun rahatlıq tapsın, bu gün işğaldan azad olan torpaqların səmasında sülhünü bəyan edən göyərçinlər bərq vurur. İşğal olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azadlığımız sevincimizə, sevincimiz birliyimizə sarılıb. Sülh məramın gerçək olub... Azadlıq adlı bir sözdən ibarət böyük mənəviyyat daşıyan cümlə ilə.

 





22.01.2021    çap et  çap et