525.Az

"Polietilen torbalara ən yaxşı alternativ talış zənbilləri ola bilər" - Eyyub Hüseynov


 

"Polietilen torbalara ən yaxşı alternativ talış zənbilləri ola bilər" - <b style="color:red">Eyyub Hüseynov </b>

Yanvarın 1-dən etibarən qüvvəyə minən qanuna əsasən ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə plastik qabların və polietilən torbaların istifadəsi qadağan edilib. Bunun bir səbəbi də "pinqivin" adlandırdığımız torbaların təkrar emala yararsız olmasıdır. Ancaq bu qərar heç də hər kəsin ürəyincə olmadı, alternativlərin azlığından şikaylənənlər də tapıldı.

Zərərli olduğunu bilsək də, polietilen torbalardan yalnız market alış-verişi zamanı yox, həm də qida məhsullarının uzunmüddətli saxlanılması üçün istifadə edirik. Alternativ olaraq göstərilən kağızdan, bioparçadan hazırlanmış torbalar isə polietilen torbaları tam əvəzləyə bilmir.


Məsələ ilə bağlı "525"ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, alternativ olaraq marketlərə artıq müəyyən miqdarda ekoloji torbalar paylanılıb:

"Məlumdur ki, bir çox geridə qalmış ölkələrdə belə plastik torbalardan imtina edilib. Azərbaycan vətəndaşları da inkişaf etmiş ölkələr nədən istifadə edirsə, ondan istifadə etməlidir. Misal üçün, hər kəsin öz şəxsi bazar torbası ola bilər. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsüylə alternativ olaraq təmiz bezdən hazırlanmış ekoloji bazar torbaları hazırlanaraq marketlərə paylayıb. Əhali bunu çox böyük məmnuniyyətlə qarşılayıb və artıq istifadə edənlər də var. Bu torbalar evdə saxlanılaraq dəfələrlə yuyula, ütülənə və istifadə oluna bilir. Həmin torbalar vasitəsilə insanlar bazarda və alış-veriş yerlərində olan virusları evə daşımaqdan xilas olurlar.  Ən yaxşı alternativ isə talış zənbilləri ola bilər. Bu zənbillər dünyanın başqa heç bir yerində yoxdur və ən təmiz bazar torbası sayıla bilər. Mən özüm daima bu torbalardan istifadə edirəm. Hətta gənc olsaydım, bu torbaları dünya bazarına çıxarardım. Belə alternativlər olduqca çoxdur. İnsanlar belə torbalardan istifadə edərək ətraf mühiti qoruya bilərlər".



Eyyub Hüseynov kağız torbalardan istifadənin, düşünüldüyü kimi, ağacları məhv etmədiyini də vurğulayıb:

"Qidaların polietilen torbalarda saxlanılması məsələsində Azərbaycanda böyük problem var. Hətta televiziya kanallarının birində məşhur bir aşpazın qidanı selofana büküb bişirdiyini görmüşəm. Bu, yolverilməzdir. İstənilən polimer tərkibli torbalar, xüsusilə temperatur olduqda çox zərərlidir. İnsanlar kağız bükümlərə, qida üçün sarı rəng olmayan streclərə və ya falqalara üstünlük verə bilərlər. Ümumiyyətlə, qidaların saxlanılması üçün şüşə qablardan istifadə olunsa, daha yaxşı olar.
Qeyd etdiyim kimi, bir çox ölkələrdə, o cümlədən, Amerikada alternativ kağız torbalardan istifadə olunur. Bu, heç də ağacların məhv olması nəticəsində baş tutmur. Onlar dəfələrlə istifadə olunmuş cürbəcür kağız materiallardan və tullantılardan hazırlanır. Azad İstehlakçılar Birliyində onların nümunələri də var. Yəni bir başa meşələrin qırılması ilə şərtlənmir".



E.Hüseynov qeyd edib ki, AİB tərəfindən insanlar arasında bu təhlükədən imtina etmələri istiqamətində iş aparılacaq:
 
"O ki qaldı istehsal mallarının plastik qablara qablaşdırılması və xaricdən gətirilməsi, əlbəttə, bunun qarşısını almaq o qədər də asan olmayacaq. Bunun üçün illər lazımdır. Biz əhalini plastik qablaşdırmada olan malları almaqdan imtina etməyə çağıracağıq. Xüsusilə yay aylarında plastik qablaşdırmada, günün qarşısında qalan sular artıq zəhərli sulara çevrilir. İnsanlar arasında kardon əsaslı və şüşə qablara qablaşdırılmış şirə və sulara üstünlük vermələri üçün iş aparacağıq. Əlbəttə, kütləvi istehsal mallarının plastik tarlarla qablaşdırılması açıq və liberal bazar şəraitində çox geniş yayılmış məsələdir. Marketlərdə olan qida məhsullarının, təxminən 90 faizindən çoxu bu cür qablarla qablaşdırılıb. Təsadüfi deyil ki, 5 il öncə Azərbaycanın məşhur bir şirkəti şüşə qablarla qablaşdırılmış və yararlılıq müddəti 4 gün olan məhsulu bazara çıxaranda mən həddən artıq sevinmişdim. Hazırda da belə mallar var. Yəni istehlakçı həm məhsulu ekoloji təmiz şüşə qaba qablaşdırıb, həm də yararlılıq müddətini kiçildib. Görün öz üzərinə nə boyda məsuliyyət görürərək biznes riski alıb. Belə istehlakçılar mütləq təşviq olunmalı, əhali də onlara üstünlük verməlidir.



Alternativ vasitələr yox dərəcəsində deyil. Azərbaycanda istifadə olunan polietilen torbalar əvəzinə, ən aşağısı MDB-nin təcrübəsi tədbiq olunsun. "MDB məkanında polietilen torbalardan istifadə olunur, lakin şəffafdır, qalınlığı 15 mikrondan kiçikdir və satılır. Təəssüf ki, Nazirlər Kabinetinin göstərişində bu torbaların satılması nəzərdə tutulmayıb. Mən təklif edirəm ki, insanların plastik torbalardan uzaqlaşması üçün həmin torbalar satılsın. Bunları məişətdən tədricən çıxarmaq və plastik qablara qablaşdırılmış ərzaqlardan imtina etmək lazımdır. İstehsalçılar çox rahatlıqla istənilən ərzaq malını kağız əsaslı qablara qablaşdıraraq bazara çıxara bilərlər. Və onlar heç də digərindən geri qalmayacaq. Sadəcə olaraq Azərbaycanda bunun istehsalı zəifdir. Fikrimcə, istehsalçılar bu barədə düşünməlidir ki, daha çox alternativlər meydana çıxsın. Azərbaycanın ətraf mühitini qorumaq və gələcəyimizin davamlılığını təmin etmək üçün mütləq vətəndaşlar plastik tarlardan imtina etməlidir. Azad İstehlakçılar Birliyi insanların bu təhlükədən uzaqlaşdırmaq və ətraf mühiti qorumaq üçün lazımi işlər aparacaq".

 





22.01.2021    çap et  çap et