525.Az

Vətən bayram edir - Şikar Məstəlidən iki şeir


 

Vətən bayram edir - <b style="color:red">Şikar Məstəlidən iki şeir</b>

Vətən bayram edir
 
Əziz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızı Leyla xanım ilə birlikdə Şuşanı ziyarət etməsi, tarixi Cıdır düzündə paxlava ilə çay içməsi sevincimi göylərə qaldırdı, qışın bu oğlan çağında elə bil məni bahara qovuşdurdu, xəyalən özümü Novruz bayramında hiss etdim.
 
Yeni donda gəlir bu il "Novruz"um,
Qarabağ - sarsılmaz polad biçimdə!
Şuşa səmasında yanır ulduzum,
Bakım qürurlanır sevinc içində.
 
Müzəffər çıxıbdır qanlı savaşdan,
Qalib Sərkərdəli yenilməz ordum.
Sis-duman çəkilir bu dağdan-daşdan,
Ağ günə qovuşur əzəli yurdum.
 
Zəngilan, Qubadlı yaradır, qurur,
Dağ çapır, yol salır Füzuli, Ağdam.
Yaralı Cəbrayıl - sınmamış qürur,
Tapır məlhəmini, nə qədər şadam!
 
Qəddini düzəldir yenidən Laçın,
Sarı sim üstündə köklənir Şuşa.
Dərəsi dibsizdir, zirvəsi yalçın, 
Kəlbəcər günəşdən tac qoyur başa.
 
Tərtər bənddə qaldı on illər boyu,
Qövr etdi torpağın dərdi, məlalı.
İndi nur paylayır, can verir suyu,
Başlayır çöllərin cahi-cəlalı.
 
Xonçaya döndərib ana torpağı,
Sülh ilə, səfayla gəlir "Novruz"um.
Baharın bu ilki təzə-tər çağı,
Doğrulur istəyim, çin olur arzum!

Yeni donda gəlir bu il "Novruz"um,
Vətən bayram edir, özünə əmin!
Əzmimiz qətidir, yolumuz uzun,
Uğura doğrudur yönü ölkəmin! 
      
15 yanvar 2021

Şəhid qanı

4 Oktyabr Cəbrayılın işğaldan azad olduğu gündür
 
Al şəhid qanından alır rəngini,
Döyüşən torpaqda lalə bitəndə.
Şəhid qanı ilə suvarılmasa,
Nə nərgiz boy atar, nə gül vətəndə.
 
Şəhidə kəfəni lalədən biçək,
Məzarı önündən sükutla keçək,
Peyman bağlayanda ona and içək,
Onu vəsf eləsin bülbül ötəndə.

Şikar, öz əzmiylə güc alır Vətən,
Nankordan, xaindən öc alır Vətən,
Qəlbi ağrısa da, ucalır Vətən,
Hər igid övladı şəhid düşəndə.

Şikar MƏSTƏLİ

 





22.01.2021    çap et  çap et