525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]

No description available.

Ömrünün 22-ci payızında şəhidlik zirvəsinə ucalan Yusifzadə Ramil Adəm oğlu 22 may 1998-ci ildə Bakıda anadan olub. Əslən Qəbələnin Vəndam qəsəbəsindən olan Ramil Xəzər rayonu, Binə qəsəbəsində böyüyüb, 2015-ci ildə Mərdəkan qəsəbəsi 3 nömrəli orta məktəbin, 2019-cu ildə isə Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Futbolçu və rəqqas olan Ramil Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Oktyabrın 13-də Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi ətrafında gedən döyüşlərdə itkin düşüb. Uzun axtarışlardan sonra şəhidimizin nəşi dekabrın 3-də tapılıb, ailəsinə təhvil verilib. Ramilin ailəsiylə son danışığı oktyabrın 8-də olub. O, atasından haqqını halal etməsini və vəziyyətlə bağlı anasına heç nə deməməsini xahiş edib.

*** 

No description available.

Məhəmmədəli İbrahimli Mütəllim oğlu 22 noyabr 1996-cı ildə Beyləqanda doğulub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2011-2014-cü illərdə Bakıda 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilindən sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsinə daxil olub.

O, Ağdamın "İmarət" fan-klubunun ən fəal azarkeşlərindən idi, demək olar ki, klubun bütun oyunlarında olurdu. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı əsgər olan M.İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edir. Oktyabrın 3-dən 4-nə keçən gecə Suqovuşan uğrunda gedən döyüşdə yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkidlə yenidən cəbhəyə qayıdır. Tək arzusu torpaqlarımızı işğaldan azad etmək olan əsgərimiz döyüş yoldaşlarına deyirdi: "Bizim soyumuzu davam edəcək kimsə qalmasa da, qoy haqqımızda Vətən üçün özlərini qurban verdi desinlər". Sonuncu dəfə yodaşlarıyla söhbətində "mən şəhid olsam, vətənim Füzulinin Cuvarlı kəndindən torpaq gətirib məzar torpağıma qatarsınız" - deyib. O, oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı əsgər kimi xidməti zamanı qəhrəmancasına şəhid olur. 63 gün heç bir xəbər ala bilməyən ailəsi 15 dekabrda övladlarının şəhid olduğunu öyrənir və həmin gün Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunur.

*** 

No description available.

Qasımov Orxan Rizvan oğlu 21 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Füzulinin Qacar kəndindəndir. 2013-cü ildə 296 №li məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənayə universitetinin Qaz-neft-mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olur. 2017-ci ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. 2018-ci ildə tərxis olunur. 

2020-ci ildə Vətən müharibəsinə qatılıb və 27 sentyabrda Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

*** 

No description available.

Bəşirov Akif Vahid oğlu 8 noyabr 1988-ci ildə Ağstafanın Soyuqbulaq qəsəbəsində anadan olub. İlk təhsilini həmin qəsəbədəki tam orta məktəbdə alıb. 2007-ci ildə Füzulidə N saylı hərbi hissədə xidmətə başlayıb. 2009-cu ildə hərbi xidməti uğurla bitirib, çalışmaq üçün Bakıya yollanıb. Paytaxtda müxtəlif sahələrdə özünü sınasa da, sonda interyer dizayner peşəsinin sirlərinə yiyələnməyi qərara alır. Qısa zamanda işinin peşəkarı kimi tanınır, bu sahədə uğurlar qazanır. Lakin Akifin qəlbində ən böyük səs "vətən məni çağırır" səsi olur. Onun ən böyük arzusu və məqsədi Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq olub. "Müharibə olsa, mütləq gedəcəm. Vətən uğrunda döyüşmək istəyirəm, şəhid olmaq mənim üçün ən böyük şərəfdir", - deyirdi Akif. 

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün Akif Ağstafaya yola düşür. 29 sentyabrda Səfərbərlik və hərbi xidmətə çağırış idərəsinə müraciət edir və könüllülər ordusuna yazılır. İdarədə onun arxa cəbhədə xidmət edəcəyini söyləyirlər. Lakin Akif bununla razılaşmayıb ön cəbhədə döyüşmək istədiyini bildirir. Uzun sürən cəhdlərdən sonra Akifin istəyi nəzərə alınıb, onu ön cəbhəyə yazırlar. O, Qarabağ səngərlərində düşmənlə üz-üzə vuruşmağa tələsirdi, hətta bir həftəlik hərbi təlimi keçməyə də razı olmadı, birbaşa döyüşə yollanır. 40 nəfərlik batalyonla birgə Tərtərin Suqovuşan kəndinə yola düşür. Orada Akif 3 gün qızğın döyüşlərdə iştirak edir. 8 oktyabr onun son döyüşü olur. O, mənfur düşmənin səngiməyən atəşlərinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır. Oktyabrın 13-də torpağa tapşırılır.

Cəbhədə döyüşərkən Akifin ən böyük arzusu Şuşada bayraq sancmaq idi. Bunu görmək ona nəsib olmasa da, Şuşanın qələbə günü Akifin doğum gününə, 8 noyabra təsadüf etdi. Bu, Tanrıdan Akifin ruhu üçün ən böyük lütf idi.

*** 

No description available.

Babayev Elvin Əkbər oğlu 28 fevral 2001-ci ildə Gəncədə anadan olub. Orta təhsilini Bakıda General K.Kərimov adına məktəbdə alıb. Arzusu vətənə xidmət etmək olan Elvin sənədlərini Dövlət Sərhəd Akademiyasına versə də, qəbul ola bilmir və hərbi xidmətə yollanır. Fikri hərbi xidmətdən sonra akademiyaya qəbul olmaq idi. Onun dayısı Elxan Məmmədov da şəhid idi. O, həm də idmançı olmaq istəyirdi. Bunu Vətənini daha yaxşı təmsil etmək üçün istədiyini deyirdi.

Elvinin manqa komandirinin danışdıqlarına görə, şəhid olmazdan bir gün öncə Elvin əsgər yoldaşına deyir: "Sən ailənin tək övladısan, ananın səndan başqa kimsəsi yoxdur. Sən sığınacaqdan çox çıxma, nə lazımdırsa, mən eləyəcəyəm, mənim qardaşım var. Nəsə olsa, qoy mənə olsun". 

Müharibədən öncə telefon danışığında anası "Elvin, özündən muğayət ol, sən mənim nəfəsimsən, sənsiz qala bilmərəm" - deyir. Elvinsə ona "mən canavar kimi oğlanam, ermənidən qorxacam?" - deyə cavab verir. Müharibə başlanandan 3-4 gün sonra qardaşıya telefon danışığında "artıq evin kişisi sənsən, evdəkilərdən muğayət ol" - deyir və oktyabrın 2-si şəhidik zirvəsinə ucalır.

*** 

No description available.

Amanov Əhməd Tahir oğlu 1994-cü il sentyabrın 4-də Yevlaxın Salahlı kəndində doğulub. Orta təhsilini B.Alıyev adına orta məktəbdə alıb. Anası Almaz xanım xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Əhməd təhsilini davam etdirə bilmir. 2009-cu ildə 9-cu sinifdən çıxmaq məcburiyyətində qalır. Atasıyla işləyir ki, anasının dərmanlarını ala bilsin. Lakin təəssüf ki, anası 2011-ci ildə vəfat edir. 2012-ci il oktyabrın 1-də Füzulinin Horadiz kəndində Kəşfiyyatçı çavuş olaraq xidmət edib. 2014-cü ildə qayıtdıqdan sonra bir müddət HMD (Hərbiləşdirilmiş Mühafizə Dəstəsində) işləyir. 2017-ci ildə yenidən hərbi xidmətə qayıdır, Gəncədə MAHHXHQ tankçı, baş mexanik, sürücü olaraq xidmət edib, xidmətinin davamını isə Mingəçevirdə edib. İki bacının tək qardaşı olan Əhməd Tovuz döyüşlərinin də iştirakçısı olub. Son dəfə sentyabrın 27-də Talış-Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Döyüş yoldaşlarının dediyinə görə, idarə etdiyi 2 tankı düşmən tərəfindən vurulmasına baxmayaraq, heç nədən qorxmadan irəli gedirmiş. Döyüşlərin 2-ci günü - sentyabrın 28-i idarə etdiyi növbəti tankdan sağ çıxa bilməyən Əhməd yanaraq şəhidlik zirvəsinə ucalıb. O, şəhadətindən 55 dəqiqə öncə ailəsiylə və dostuyla danışıb. Dostuna vəziyyətin pis olduğunu, çox güman qayıtmayacağını, qayıda bilməzsə, ailəsini ona əmanət etdiyini deyib. Ə.Amanov doğulduğu Salahlı kəndində anasının yanında dəfn edilib. 2018-ci ildə ailə həyatı quran şəhidimizin Vətənə əmanət 7 aylıq bir oğlu qalıb. Ailəsi körpənin adını dəyişib atası Əhmədin adını qoyub. Şəhadətindən sonra Ə.Amanov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

***

No description available.

Süleyman Əlbağış oğlu Qarayev 1995-ci il iyulun 3-də Sabirabadın Qalağayın kəndində doğulub. 2001-2012-ci illərdə Sabirabad M.Ə.Sabir adına orta məktəbdə təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 2017-2018-ci ildə Sabirabadda MKT pambıq zavodunda, 2018-2020-ci illərdə "Azərsu"nun Sabirabad bölgəsində mühasib işləyib. Rus və ingilis dillərini yaxşı bilirdi. Evli idi. 2 oğul övladı var.

S.Qarayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdamın azadlığı uğrunda qəhrəmancasına döyüşüb və şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Qalağayın kəndində dəfn olunub.

*** 

No description available.

Həsənov Kənan Elşad oğlu 16 sentyabr 1997-ci ildə Salyanın Qaraçala qəsəbəsində doğulub. AZMİU mexanika mühəndisliyini bitirib. Subay olan şəhidimiz ailəsiylə birgə Qaraçala qəsəbəsi Arxarası kəndində yaşayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşdə iştirak edib. Tapqaraqoyunlu, Talış kənd, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı fəal şəkildə vuruşub. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində erməni postuna hücumu zamanı qəhrəmancasına şəhid olub. Ondan bir neçə saat əvvəl isə anasıyla telefon danışığında onun rahat olması üçün "narahat olmayın, mən yaxşıyam, təhlükəsiz yerdəyəm" - deyib və döyüşdə olduğunu ailəsindən gizlədib.

K.Həsənov şəhadətindən sonra "Laçının azad olunmasına görə" medalıyla təltif olunub.

*** 

No description available.

Həsənov Həsən Səfər oğlu 3 iyun 1996-cı ildə Sabirabadın Quruzma kəndində doğulub. Onun hələ uşaq yaşlarından hərb sənətinə çox marağı olub. 2003-2014-cü illərdə Quruzma kənd Z.Əliyev adına tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib və böyük şücaət göstərib. Xidmətini başa vurub qayıtdıqdan sonra 2018-ci ildə ailə həyatı qurub. Zəhmətkeş ailənin övladı olan Həsən özü də inşaatda işləyirdi.

2020-ci ilin yayında Tovuz hadisələrindən sonra ön cəbhəyə getmək üçün könüllü qeydiyyatdan keçir. Sentyabrda Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılır. Kəşfiyyatçı əsgər Həsənov Füzuli, Cəbrayıl, Hadrut, və Suqovuşanın azadlığı uğrunda cəsarətlə vuruşur. Oktyabrın 21-də Laçın ətrafındakı döyüşlərdə hələ dünyaya gəməyən körpəsini görmədən qəhrəmancasına şəhadətə yüksəlir.

*** 



Azadlı Eltac Sədrəddin oğlu
22 mart 1992-ci ildə Beyləqanın Dünyamalılar kəndində doğulub. 2 bacının tək qardaşı idi. 1999-2010-cu illərdə Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb və Gəncə şəhəri N saylı hərbi hissəsinin 4-cü özüyeriyen Artilleriya Divizionunun 10-cu Bateriyasının 1-ci Özüyeriyen Artilleriya Tağımında xidmət edib. 2012-ci ildə tərxis olunub. 2018-ci il aprelin 29-u ailə həyatı qurub. 2019-cu il 21 yanvarda Fateh adlı oğlu dünyaya gəlib.

Eltac 2020-ci il sentyabr 21-də Səfərbərlik çağırışı ilə ordu sıralarına qoşulub. Vətən mübaribəsi zamanı Füzuli-Qubadlı, Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 3-də Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. Oktyabrın 31-də Dünyamalılar kəndində dəfn olunub. Şəhadətindən sonra "Xocavəndin alınması uğrunda" və "Füzulinin alınması uğrunda" medallarıyla təltif olunub.

*** 

No description available.

Səlimov Cəmil Oqtay oğlu 15 yanvar 1991-ci ildə Bakıda anadan olub. 1997-ci ildə 121 saylı məktəbdə ilkin təhsilə başlayıb, sonra təhsilini 117 saylı orta məktəbə davam etdirib. 2008-ci ildə Hərbi Tibb məktəbinə daxil olub. Feldşer ixtisası üzrə təhsil alıb. Hərbi Tibb məktəbini bitirən dövrdən cəbhə bölgələrində gizir, feldşer kimi fəaliyyət göstərib. 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlanan gündən qaynar nöqtələrdə xidmətdə olan Cəmil 2020-ci il 29 sentyabrda Ağdərə istiqamətində döyüşlərdə başından güllə yarası alaraq şəhidlik məqamına yüksəlib.

*** 

No description available.

Kamran Qurbanəli oğlu Kazımov 1990-cı il dekabrın 7-də Rusiyanın Voloqda vilayətinin Vaşhi rayonunda doğulub. 1992-ci il iyul ayından ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Atası Qurbanəli Kazımov 1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) sıralarında müxtəlif vəzifələrdə xidmət edib. Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonu 63 nömrəli tam orta məktəbində təhsil alıb.

2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər DQ sıralarında xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb. İdmanla da məşğul olan Kamran Karate üzrə ən yüksək dərəcə olan Qara kəmərə sahib idi.

2012-2014-cü illərdə DQ-nın Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən DQ sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 2018-ci il iyuldan DQ "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində xidmət edib. 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub.

Baş leytenant K.Kazımov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin, Cəbrayıl uğrunda döyüşlərdə savaşıb və oktyabrın 5-də bu döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhadətindən sonra K.Kazımov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli və 2 övlad atası olan şəhidimizin 3-cü övladı yaxın aylarda doğulacaq.

*** 

No description available.

Əslən Laçının Səfiyan kəndindən olan Yunis Zaur oğlu Əliyev 19 yanvar 2000-ci ildə Bakıda doğulub. Öncə Bülbülə qəsəbəsindəki 232, sonra 327 saylı tam orta məktəblərdə təhsil alıb. Uşaqlıqdan hərbə və idmana olan həvəsi onu öz yaşıdlarından fərqləndirib. Yunis Vətən üçün canından keçən qəhrəmanları özünə nümunə götürürdü. Təhsilini bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlıqdan çağırışla 2020-ci ilin yanvarında hərbi xidmətə gedib, orda öz istəyilə Pulemyot Kalaşnikov (PK) markalı silahın təlimini keçib. Sentyabrın 27-də Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. O, oktyabrın 3-ü Suqovuşanın işğaldan azad olunmasında böyük şücaət göstərib, yaralı əsgərlərə yardım etməsi ilə seçilib. Baş atıcı kimi düşmənin neçə-neçə texnikasını və canlı qüvvəsini məhv edib. Sonuncu dəfə ailəsi ilə şəhid olmamışdan bir neçə gün öncə danışıb, hər şeyin yaxşı olduğunu söyləyib. Oktyabrın 5-i gecə Ağdərədə gedən döyüşlərdə, Batambara meşəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları deyir ki, Yunis öz PK-sı ilə düşmənin kabusu idi, o, atəşə başlayanda meşə işıqlanırdı: "Yunis döyüş zamanı yaralı əsgər yoldaşına yardım edərkən ayağından yaralansa da, özündə güc taparaq yenidən silahı ilə düşmənə qarşı döyüşməkdə davam etdi. O, boğaz nahiyəsindən güllə yarası alaraq şəhidlik zirvəsinə ucaldı". Şəhidimiz Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra "Azərbaycan bayrağı" medalı ilə təltif olunub.

*** 

No description available.

Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci il 10 mayda Bakıda anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. O, 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alıb. Anası deyir ki, Türkiyədə oxuduğu müddətdə telefonla danışarkən mənimçün "Ana, mən şəhid oldum" mahnısını oxuyardı. Kim bilir, həmin anda onun ürəyindən nələr keçirdi?! Təhsilin son pilləsində Məmmədağa ailəsinə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini deyir. Valideynləri də razılaşırlar.

2019-cu il oktyabrın 8-də hərbi xidmətə - Qusara yollanır. Sonra Ağcabədidə xidmət edir. Vətən müharibəsində Cəbrayıl, Füzulinin alınmasında iştirak edir. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə əsgərimiz düşmən gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə yüksəlir.

Qeyd edək ki, şəhidimizin adı Türkiyədə oxuduğu universitetdə əbədiləşdirilib.

*** 

No description available.

Anar Nazim oğlu Məmmədzadə 3 avqust 1999-cu ildə Zərdabda sadə, zəhmətkeş ailədə doğulub. 2006-2017-ci illərdə Zərdab şəhər 1 saylı məktəb liseydə oxuyub. Məktəbi bitirdiyi ildə Azərbaycan Dövlət Texniki Universitetinə qəbul olunub. 2019-cu ildə təhsilini müvəqqəti dayandıraraq öz istəyiylə 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Həmlə Taborunda Baş Əsgər kimi hərbi xidmət keçən A.Məmmədzadə Tabor Komandirindən sonra 500 metrlik məsafədə 1-ci atıcı olub. Döyüşlərdə iştirak edərkən komandirin "Bu, müharibədir, bəlkə də burdan qayıtmayacağıq" - sözünə, Anar cavabında "bilirəm, mən Vətən üçün gedirəm" -demişdi.

Oktyabrın 4-də ailəsi ilə telefonla danışarkən qardaşına "4-5 erməni itini öldürmüşəm, artırım?" -deyərək gülüb. Bu vaxtdan etibarən, Anardan heç bir məlumat almaq mümkün olmayıb. Onun sonuncu döyüşü olan 6-8 oktyabrda Füzuli yaxınlığında gedən hücum əməliyyatında da Anar hamıdan öndə hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurub. Həmin hücum əməliyyatında 30 nəfərə yaxın şəxsi heyət, o cümlədən, A.Məmmədzadə şəhid olub və onları döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin istiqamətdə düşmənin böyük qüvvələri cəmləşdiyi üçün hücum istiqaməti dəyişdirilərək Cəbrayıl və Hadrutda davam etdirilib, həmin əraziləri isə 20-21 oktyabrda düşmən işğalından azad etmək mümkün olub. Şəhidlərimizin nəşi yalnız onda götürülüb və DNT analizindən sonra 19 noyabrda Zərdabın Gəlmə qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





22.01.2021    çap et  çap et