525.Az

Apardı ellər Saranı - Gülşən Adışovadan iki hekayə


 

Apardı ellər Saranı - <b style="color:red">Gülşən Adışovadan iki hekayə </b>

Gülşən Adışova Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır. Biz onunla fakültədə fəaliyyət göstərən "Söz" yaradıcılıq birliyinin məşğələlərində görüşməli, yazılarını öz yaşıdları ilə müzakirə etməli idik. Araya pandemiya tətili düşdü. Ona görə də, Gülşənlə dərslərdə olduğu kimi, bədii yaradıcılıq sahəsində də məsafədən ünsiyyət qurmaq məcburiyyətindəyik.

Mən Gülşəni oxuculara artıq ikinci dəfə təqdim edirəm. Məndə rəğbət yaradan başlıca cəhət isə onun nəsr yarada bilmək qabiliyyəti, fikri sözün sərbəst fəzasında ifadə etmək cəhdləridir.

Bu da bir həqiqətdir ki, bədii yaradıcılıqla, xüsusilə, nəsrlə məşğul olmağı qarşısına məqsəd qoyan hər bir gənc yazmaqla bərabər, pozmağı, sözü "yonmağı", fikirlə sözün bütövlüyünə nail olana qədər mətnin üzərində işləməyi bacarmalıdır.

Gülşənin yazılarında "yonulmamış" ifadələr, cod keçidlər az deyil. Dil bəzən ümumi ünsiyyət funksiyasından bədii, obrazlı müstəviyə keçiddə çətinlik çəkir. İnanıram ki, bu cür ciddi məsələlərin həllində təcrübə məsləhətdən, yol göstərməkdən daha əhəmiyyətli ola bilər.

Növbəti söz isə oxucuların olacaq...



Məti OSMANOĞLU

***

Gülşən ADIŞOVA

Apardı ellər Saranı

Uçurumun kənarında dayanmışdı. Burdan düşsən, şans nəticəsində qayalara çırpılıb parçalanmasan da, gur axan çay heç çəkinmədən qayaların işini tamamlayardı. Amma o, yaşına tamamilə zidd olan cəsarətlə aşağı baxırdı. O, gözlərini gur axan çaya zilləmiş kimi görünə bilərdi, ancaq əslində, onun baxdığı çayın ölümcül axını deyildi. O, bu zəhmli baxışlarla düz ölümün gözlərinə baxırdı. Ancaq onun gözlərindəki qətiyyən qorxu deyildi. O, ölümə onu bu cəhənnəm yuvasından xilas edəcəyi üçün minnət hissi ilə baxırdı. İndiyə qədər bu baxışlarla heç kimə baxmamışdı. Çünki indiyə qədər heç kim ona minnət duyacağı bir yaxşılıq etməmişdi. İnsanlar ona sadəcə bir "qız" kimi baxmışdılar. Gəlincikləri sevən, olduqca sadəlövh, işə yaramaz bir qız. Nə bir işin dalınca qaçıb ailəsinin əlindən tutacaq gücü var idi, nə də ki diqqəti cəlb edən gözəlliyi. Onun yalnız arzuları var idi. Oxumaq, burdan çıxıb getmək, daha onu incidəcək, heçə sayacaq insanların yanında olmamaq. Amma bunlar sadəcə "axmaq qız xəyalları" olaraq qalırdı. Ailəsi böyük "şücaət" və müasir düşüncə nümayiş etdirərək ona 7-ci sinifədək məktəbə getməyə icazə vermişdilər. Bundan artığı həyasızlıq, yolunu azmaq idi. Axı qızın ki boy-buxunu gözəgəlimli oldu, onun başqalarına görünməsi eyib hərəkət idi. Kəndin küçələri "başıboş" qızların gəzməyi üçün deyil, valideynlərinin gözlərinin işığı olan, qocalanda onlara baxacaqlarına ümid etdikləri oğulları üçün idi. "Axı qız gəldi-gedərdi, o, bir gün evi tərk edib, valideynlərini atıb gedəcək". Bəs oğul? Oğul da nə qədər böyüsə də, heç kim müdaxilə etmədiyinə görə yeniyetməlik vərdişlərini tərgidə bilməyəcək. Ailəsi də bu vərdişlərindən xilas olmağı üçün yeganə çıxış yolunun evlənmək olduğu qərarına gələcək. Evlənmək qərarını böyük sevinclə qarşılayan oğul öz kəndlərində onu tanıdıqlarına görə elçi getdiyi heç bir qızdan "hə" cavabı ala bilməyəcək və başqa bir kəndə üz tutacaq. Orda da sadəlövh bir ailə tapacaq, özünü, "içkisiz, siqaretsiz,  evin tək uşağı" kimi təqdim edəcək, həyat yoldaşı namizədindən bir kəlmə də soruşmadan ailəsinin razılığını alacaq. Müstəqil düşünə biləcək qədər təhsili olmayan çarəsiz qız da alğı-satqı mərasimindən sonra gedəcəyi dustaqxananın varisinin şəklinə baxacaq, onu sevməyə çalışacaq. Evlənənə qədər özünü hər şeyin doğru olduğuna, onun üçün ən yaxşısını valideynlərinin bildiyinə inandıracaq. Toydan sonra isə "xoş günlər"i başlayacaq. Bəs evlənməyə qətiyyən razılaşmasa? Sıldırım qayaların kənarında dayanan bu gözəl qız da bunu yoxladı. İlk dəfə, ən cəsur şəkildə. Ancaq onun cəsarəti nə qədər çox olur-olsun, bu monoton düşüncəyə sahib namus qoruyucularının öhdəsindən gəlməyə kifayət etməzdi. Ancaq onlar heç vaxt ona qalib gələ bilməzdilər. Çünki onların bunu saxlamaq üçün qollarındakı "güc"dən savayı, heç nəyi yox idi. Amma Saranın düşüncəsi var idi. Onu döysələr də, öldürsələr də, bu düşüncəni onun beynindən çıxara bilməzdilər. Onsuz da, Sara onun ölümünün belə bu aciz düşüncəsizlərin əlindən olmağına imkan vermədi. O, özünü sıldırım qayalardan ataraq kəndin qəlbinə heç vaxt ölməyəcək bir yenilik toxumu əkdi. Bu toxum getdikcə cücərəcək, kəndi çıxa bilmədiyi bu bataqlıqdan xilas edəcəkdi. Amma bu, heç də tez olmayacaqdı. Onu şərəfli ölümündən sonra belə rahat qoymurdular. Sağına sahib çıxmadığı qızının ölüsünə ağlayan "yazıq" ata elə hey "Balamı sellər apardı", - deyirdi. Ancaq onun ölümündə əli olan sonuncu kəs "sellər" idi. Bəs onu kim öldürmüşdü? Onu doğulduğu gündən qız olduğuna görə qardaşından daha az sevən anası öldürdü. Qız olduğuna görə təmir olunan maşına baxmağa qoymayan atası öldürdü. Bəlkə də, Sara mühəndis olacaqdı. Onu qız olduğuna görə futbol oynamağa qoymayan yoldaşları öldürdü. Bəlkə də, Sara futbolçu olacaqdı. Onu "biədəb" göründüyünə görə qaçmağa qoymayanlar öldürdü. Bəlkə də, Sara atlet olacaqdı. Onu qız olduğuna görə çayda üzməyə qoymayan kəndlilər öldürdü. Bəlkə də, Sara üzgüçü olacaqdı. Bu "bəlkələr"in yaranmasında hər bir kəndlinin az da olsa, rolu var idi. Hər biri bir az qoparmışdı onun azadlıq arzusu ilə parlayan qanadlarını. Küçə tinlərində düşünmədən, bilmədən dedikləri, dedikdən sonra da unutduqları, onlar üçün olduqca mənasız, başqası üçün həyat-ölüm məsələsinə çevrilən sadə sözlərlə etmişdilər bunu, bəlkə də. Amma yox, apardı sellər Saranı?! Bir gözəl üzlü balanı...

İnsanlıq

Uzun illərin yolçusu idi o gələn. Zaman-zaman məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış, yaxşı insanlar sayəsində xilas olmuşdu. Onların etdiyi yaxşılıqlar yaşatmışdı onu. Edilmiş hər bir pislik isə göz yaşı şəklində ömründən bir gün alırdı. Bu gün o, insanlara baş çəkməyə gəlmişdi. Körpələrin şaqraq gülüşləri, uşaqların şən səsləri, quşların cəh-cəhi, insan ruhuna sonsuz rahatlıq bəxş edən gözəl musiqilər, inkişafda olan elm, incəsənət, düşüncələri saflaşdıran ədəbiyyat səsləmişdi onu. Böyük ümidlərlə gəlmişdi o yolçu. Ancaq əfsus ki, gəldiyi yerdə istədiklərini görə bilmədi... Gözləri çıxarılmış itlər gördü küçələrdə... Əyilməkdən beli bükülmüş süpürgəçi nənələr qarşıladı onu... Kiçik yaşlarında məktəbdən çıxarılıb, bəzən heç məktəbə göndərilməyib evlənməyə məcbur edilən, şiddətə məruz qalan qız uşaqlarının qışqırıqları qulaqlarını cingildətdi... Burnuna tüstü qoxusu gəldiyini hiss etdi. Ətrafına baxdıqda odlar içində olan meşədən qaçan heyvanları gördü. Top səsləri onu diksindirdi. Geriyə döndükdə torpaq uğrunda bir-birini öldürən insanları gördü. Körpə balasının üzərində hay-şivən qoparan ananı gördü. Həmin qadının səfalət içərisindəki evini gördü. Yoxsulların haqqını yeyənləri gördü. Acından ölənləri gördü. Dərisinin rənginə görə öldürülən insanları gördü. Namus adı altında öldürülən qadınları gördü. Daha nələr-nələr gördü... Göz yaşları istəmədən gözlərindən aşağı süzülürdü. Yolçu artıq taqətinin qalmadığını hiss etdi. Göz yaşları-ömrü tükənirdi. Və budur: son göz yaşı... Onun axmaması üçün nələr etməzdi... Özünü saxlamağa çalışsa da, ömrünün son günü bir göz yaşı şəklində kirpikləri arasından aşağı süzülürdü. Yolçu dizi üstə çökdü. Deyəsən, bu son gün idi. Ancaq gözlənilməyən bir şey oldu. Göz yaşı dodaqlarına çatarkən yolçunun təbəssümü saxladı onu. Qarşısında şən qəhqəhələrlə oynayan qıvrım saçlı balaca həyat dolu parlaq gözləri ilə onu gələcəyə səsləyirdi. Yolçu dizlərinə qüvvət gəldiyini hiss etdi. Ayağa qalxdı, o məsum gülüşlər üçün qalxdı. Ətrafına baxdıqca çiçəklərlə dolu füsunkar, heyrətamiz bir meşə gördü. Qarşısındakı insanlar meşəyə heç bir zərər vermir, hətta ona qayğı göstərirdilər. Bunları gördükcə o, daha da güclənirdi. Özündə kifayət qədər güc tapdıqdan sonra o, yoluna davam etdi. Bu dəfə qarşısına köməksizlərə, aclara heç bir qarşılıq gözləmədən yardım edən nəcib insanlar çıxdı. Bunun ardınca o, yol kənarlarında, ağac diblərində ac heyvanlar üçün qoyulmuş yemək və suyu gördü. Bütün bunlar onu çox xoşbəxt edirdi. O, bir az da irəlilədi və qarşısına gözəl bir muzey çıxdı. Bu muzey ona incəsənətin hələ də ölmədiyini göstərdi. Anadangəlmə kor bir insanın 30 il sonra həkimlər tərəfindən müalicəsi ilə elmin xarüqələr yaratdığının şahidi oldu yolçumuz. Bütün bu gözəlliklər onu bihuş etmişdi. Ancaq o, üzünü gəldiyi yola tutduqda həmin müsibətlərin hələ də orada olduğunu gördü. Bu müsibətlər ona yaşamağa imkan verməyəcəkdi. Ancaq qarşısındakı gözəllikləri necə görməzdən gələ bilərdi axı?! Elə bu an yolçunun ağlına bir fikir gəldi. Yolçu dünyadakı pis və yaxşı bütün hadisələri nəzərə almalı idi. Buna görə də, o, ikiyə ayrıldı. Bununla o, həm müsibətlərlə dolu sonsuz "cəhənnəm"i, həm də xoşbəxtliklərlə dolu "cənnət"i nəzərə ala biləcəkdi. Yolçunun fəlakətlər, iztirablarla dolu yerə gedən yarısı hıçqırıqlar içərisində dünya ilə vidalaşdı. Xoşbəxtliklərlə dolu yerə gedən yarısı isə məhəbbət dolu dünyada səadətə qovuşdu. Elə o gündən müharibə, aclıq, göz yaşı, müsibətlər olan yerlərdə insanlıq öldü. Digər yarısını isə vicdanlı insanlar özləri də bilmədən səkidəki pişiyin başına sığal çəkməklə, yerə düşən zibili zibil qabına atmaqla, yaşlılara yardım etməklə, öz yeməyini ehtiyacı olanlarla bölməklə, dərslərini oxumaqla, elmi inkişaf etdirməklə, incəsənəti sevməklə, uşaqları xoşbəxt etməklə yaşatdılar... Yaşadacaqlar...

 





22.01.2021    çap et  çap et