525.Az

"Anam mənim təhsil almaq istəyimi dəstəkləmirdi" - Müsahibə


 

"AMMA BAŞA DÜŞÜRDÜM Kİ, AZAD OLMAQ ÜÇÜN MƏNİM TƏK BİR YOLUM VAR, O DA TƏHSİL ALMAQDIR"

"Anam mənim təhsil almaq istəyimi dəstəkləmirdi" - <b style="color:red">Müsahibə</b>

Dünyanın bir sıra ölkələrində, elə bizdə də valideynlər bəzən qız uşaqlarını qorumaq adı altında onların həyatlarına əsas zərbəni elə özləri vururlar.

İstər mühafizəkar olsun, istər qəliblərdən uzaq, əgər valideyn özü həyata müstəqil, sağlam və açıq beyinlə hazır deyilsə, övlad böyük əziyyət çəkir. Adətən bu uşaqlar uzun müddət o valideynlərin təzyiqi altında qalır, psixologiyaları pozulur, düzgün düşünmək, qərar vermək qabiliyyətlərini mənimsəyə bilmir, qorxaq, cəsarətsiz şəkildə həyat sürürlər.

Müsahibim Leyla Xanəhməd də çətin ailə şərtlərində böyüyüb. Onun üçün hər şey ikiqat, bəlkə də, dördqat çətin olub. Bu gün o, öz Yutub kanalında və İnstaqram səhifəsindəki videoları, paylaşımları ilə gənclərə ilham verir. Leylanın həyatı və öz gələcəyini qazanmaq uğrunda verdiyi mübarizə isə ayrıca bir motivasiya qaynağıdır.

Gənc biznesmen Leyla Xanəhməd ilə müsahibəni təqdim edirik.

***

- Səni Yutub kanalında paylaşdığın videolarından tanıyıram. Fərdi inkişafa önəm verən birisən. İstəyirəm oxucularımıza özünü tanıdasan.

- Mən orta məktəbi Gəncədə oxumuşam. Daha sonra Azərbaycan Dillər Universitetinə qəbul olundum. Hazırda ABŞ-da, Çikaqoda yaşayıram. Burada partnyorumla "Black&Caspian" adlı bir biznes qurmuşam və onun idarə işləriylə məşğulam. Bu iş bizim üçün bir domino effekti yaratdı və biz burada ikinci bir biznes qurduq, şərab biznesinə daxil olduq. Ardınca "iChefNoW" startap layihəsinə başladıq. Bununla bağlı da hazırda işlərimiz gedir. Çünki biz gələcəyimizi texnoloji sahədə, startap sahələrində görürük.

- Gəncədə yaşayan, təhsil alan gənc bir qız indi Amerikada öz şəxsi biznesini qurub. Bu, necə oldu?

- Gəncədə 7-8-ci siniflərdə oxuyanda Həsən Hüseynlinin "Kamil Vətəndaş" adlı təşkilatına qoşuldum. Həmin məktəb tamamilə pulsuz idi və orda amerikalı könüllülər bəzi proqramlar keçir, yay düşərgələri təşkil olunurdu. Orda mənə kommunikasiya, tənqidi düşüncə, qlobal düşüncə, təqdimat, liderlik, feminizm kimi həyati əhəmiyyətli biliklər öyrədildi. Elə bu dərslər də mənim həyatımda böyük rol oynadı. O məktəbə getdikdən sonra mən Gəncədə yaşasam da, özümü Amerikada yaşayırmış kimi hiss edirdim. Ətrafımda amerikalılar var idi, eyni zamanda, mən rus təmayüllü məktəbdə oxuyurdum. Artıq 9-cu sinifdə oxuyanda "FLEX" proqramının imtahandan keçmişdim. Amma anam getməyimə icazə vermədi. Daha sonra "Benjamin Franklin" proqramından da keçdim, hansı ki həmin il ölkədə yalnız bir nəfər seçilmişdi, amma yenə də gedə bilmədim. Üzülmədim, çünki ümidlərim hələ də güclü idi. Bakıda Azərbaycan Dillər Universitetinə yüksək balla, təqaüdlə qəbul olundum. Bakıda bir il təhsil aldıqdan sonra Amerikada yay məktəbinə qəbul olundum və iki aylıq təhsil almağa gəldim. Bakıya qayıdandan sonra təhsilimi xaricdə davam etdirmək istədim. Əvvəl nə oxumaq istədiyimə qərar verdim. Gələcəkdə biznes qurmaq istədiyimdən ixtisas seçimim də bu istiqamətdə oldu. Həmin il İsveçrədə "Les Roches" Universitetinə qəbul olundum. Daha sonra xaricdə təhsil dövlət proqramına baş vurdum və təqaüd aldım. Beləcə İsveçrədə təhsil ala bildim. Əlbəttə, orada həm oxuyur, həm də işləyirdim. Və universiti qırmızı diplomla bitirdim. Həmin ərəfədə mən "Green Cart" qazanmışdım. Bu, mənim üçün heç də sürpriz olmadı. Çünki mən hiss edirdim ki, həyatım buna doğru irəliləyir. Beləcə, həmişəlik ABŞ-a köçdüm. Burda kiçik bir biznes proyektimiz vardı. Yaxın rəfiqəm və anası ilə kiçik bir restoran açdıq. Bu biznesimiz uzunömürlü olmasa da, mənim üçün bir təcrübə oldu. Bundan sonra bir il kooporativdə çalışdım. Gəlirli və perspektivli sahə olsa da, anladım ki, bu, mənlik deyil. Beləcə, təkrar biznesə qayıtdım.

- Anan sənin Bakıda belə təhsil almağına qarşı çıxıb, sənsə Amerikaya qədər gedib çıxmısan. Təhsil almağına niyə qarşı çıxırdı? Bu qadağaya rəğmən belə uzun və uğurlu bir yol qət edə bilməyi necə bacardın?

- Bəli, anam mənim təhsil almaq istəyimi heç vaxt dəstəkləmirdi və bununla bağlı bizdə qeyri-adekvat düşüncə var idi. Çünki onun düşüncəsində qız uşağı xaricdə təhsil ala bilməzdi. Anam və onun bacısı qadının, qızın təhsil almasına qarşı çıxırdılar. Ümumiyyətlə, niyəsə bizim cəmiyyət birinci növbədə qız uşağının təhsilini yox, ginekoloji gələcəyini düşündüyü üçün onlara bu cür məhdudiyyətlər qoyulur. Amma bu da mənim həyatımda böyük bir rol oynadı. Başa düşdüm ki, mənim azadlığa tək bir yolum var, o da təhsildir. Bilirdim ki, təhsil mənim həyatımı xilas edəcək. Bu zaman anamla aramda problemlər yarandı. O, mənə dedi ki, sən evdən çıxsan, artıq sənin anan yoxdur. Anlayırdım ki, bu, qeyri-adekvat yanaşmadır. Buna görə də, mənim üçün etdiyi hər şeyə görə ona təşəkkürümü bildirdim və Bakıya köçdüm.



Gəncədən bir tanışım vardı, onun evində bir müddət pulsuz qala bildim. İlk həftədən qonşuların qapısını döyüb uşaqlarına ingilis dili üzrə dərs keçməyi təklif etdim. Beləcə, üç şagirdim oldu. Amma hələ də universitetə gedə bilmək, çörək ala bilmək üçün qəpikləri sayırdım.

- O yaşında bu qədər ağır yükün altına girmək, hər şeyi təkbaşına, ailə dəstəyi olmadan etmək yəqin ki, çox çətin oldu. Bunların arasında ən çətini nə idi?

- Təəssüf ki, anam psixoloji cəhətdən də tam sağlam bir insan olmadığı üçün bu mübarizə mənim üçün daha da çətin idi. Mənim üçün bu mübarizənin ən qorxunc hissəsi bakirəlik məsələsi oldu. Elə qız uşağının təhsil almasına da buna görə maneçilik törədilir. Onlar üçün qız uşağının yalnız ginekoloji gələcəyi maraqlı olur. Bu haqda hər kəs cəsarət edib danışmır. Amma valideynlərin qız uşaqlarının xaricdə təhsil almalarına icazə verməmələrinin əsas səbəbi budur. Mənim üçün ən qorxuncu isə, xaricdə bu səbəbdən təhsil almağıma icazə verilmədiyi halda evdə cinsi təcavüzə məruz qalmağım idi. Bunu edən isə öz xalamın oğlu idi. Bu, ailə içində baş verirdi və hər şeyə göz yumulur, gizlədilirdi. Amma xaricdə təhsil almaq olmaz. Buna görə, mən bu qeyri-sağlam düşüncənin artıq dəyişməsini çox istəyərəm.

- Leyla, bu qədər sarsıdıcı bir travmadan necə belə sağlam və güclü çıxa bildin?

- Evdə qeyri-sağlam mühitdə olsam da, məktəbdə əhatəm sağlam olub. Bütün amerikalı müəllimlərim məni dəstəkləyirdi və bilirdim ki, təhsil doğru bir seçimdir, təhsildə əxlaqsızlıq yoxdur. Ona görə mən təhsil haqqımın arxasınca getdim. Bu haqqı isə mənə vermədilər. Mən bu haqqı zorla aldım. Oturub anamın icazəsini gözləyə bilməzdim. Öz enerjimi onun fikrini dəyişdirmək üçün yönəldə bilməzdim. Mənim enerjim təhsilə, şəxsi inkişafıma və gələcəkdəki professional karyerama yönəlməli idi. Elə belə də etdim. Buna görə anamla təxminən on il danışmadım.

Məni şəxsi inkişafdan geri tutan, təhsil yolumdan çevirən, sağlamlığıma zərər vuran hər hansı bir davranışa həyatımda məsafə qoymağı öyrənmişəm. Hazırda da belə edirəm. Çünki bilirəm ki, bu, nə dərəcədə distruktiv ola bilər. Amma sizə onu da deyim ki, çox insanlar deyirlər, valideynlərinlə danış, onlar buna razı olacaqlar. Bu, hər bir insana aid deyil. Bəzi valideynlər var, illərlə, hətta ölənə qədər öz uşağını qəbul etmir, başa düşmür. Çünki valideynin onu başa düşməsi üçün yetərincə savadı, dünyagörüşü və sağlam psixoloji tutumu yoxdur. Buna görə biz onları da qınaya bilmərik. Sadəcə olaraq düşünürəm ki, qızlar oturub gözləməməlidir ki, kimsə onlara icazə versin. Mütləq şəkildə təhsilini davam etdirib, təqaüd qazanıb, maddi müstəqillik əldə etməli, ailələrindən sağlam formada ayrılmalıdırlar və öz ayaqları üzərində güclü durmalıdırlar. Mən də belə etdim. Bu, mənim üçün çox çətin, travmatik bir proses oldu. Hazırda bir ildən çoxdur ki, psixoterapiya alıram. Deyə bilərəm ki, psixoterapiya bu mövzuda mənim həyatımı həqiqətən xilas etdi. Əvvəllər mənim məlumatım yox idi ki, psixoterapiya insana nə dərəcədə kömək ola bilər. Ona görə də, mən zərər görən, bu cür problemlərə məruz qalan hər kəsə demək istəyirəm ki, psixoterapiyaya nə qədər tez başlasalar, mənəvi cəhətdən o qədər güclü olarlar və bəzi travmaları daha rahatlıqla aşa bilərlər...

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





22.01.2021    çap et  çap et