525.Az

20 Yanvar faciəsində ABŞ-ın rolu - Sosial şəbəkədə yazılanlar


 

20 Yanvar faciəsində ABŞ-ın rolu - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanlı, jurnalist:

- 1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ Xarici İşlər naziri Şevardnadze arasında görüş keçirilir.

Pell bildirir ki, "Sovet rəhbərliyi Azərbaycana Qarabağ üzərində nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir, erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir".

Həmin görüşdən bir gün sonra SSRİ-nin "ləkəli başı" Qorbaçov Bakıya ordu yeritdi.

Üç ay sonra - martın 18-də isə ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət ünvanlayır. Konqresmenlər azərbaycanlıların Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər. Məktubda deyilir: "Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, Sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız".

Bu müraciət 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində ABŞ-ın (Vaşinqtondakı erməni lobbisinin) da rol oynadığını göstərir.

Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Breksler, o cümlədən, Obama Administrasiyasında (demokratlar) dövlət katibi olmuş Con Kerrinin də adı var idi.

Aqşin Kərimov, jurnalist:

- İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Düşünürəm ki, həmin ərazilərə icra başçısı təyin edilməyəcək, gələcəkdə isə ümumiyyətlə, icra başçısı vəzifəsi bütün Azərbaycanda ləğv ediləcək.

Günel Rzayeva, yazıçı:

- O gecədən 31 il keçsə də, təfərrüatları yaxşı yadımdadır. Bakının qaranlıq səmasını yaran atəş səsləri və göydə yanıb sönən qəribə, görülməmiş işıqlar...

Bizim o zamankı mənzilimiz köhnə "Bakı" univermağının üstündə idi və evin pəncərəsindən biz yalnız səmanı uzaqda işıqlandıran güllələri görə bilirdik, amma yenə də vahimədən bütün gecəni yata bilmədik. Yeganə milli televiziya kanalı olan AzTV işləmirdi (sonra bildik ki, oranın enerji bloku əvvəlcədən partladılıb), odur ki, informasiya yox dərəcəsindəydi. Məlumatları yalnız şəhərin müxtəlif yerlərində yaşayan qohum və tanışlardan telefonla ala bilirdik. Belə ki, o vaxtkı Tbilisi pr. yaşayan qohumlardan öyrəndik ki, şəhərə tanklar girib, xeyli sayda adam həmin tankların altında əzilib və "şanlı sovet ordusu" prospektin şəhərə girəcəyində yerləşən iki binanı sakinlərqarışıq gülləbaran edib. Sonra o güllə yerlərini öz gözlərimlə gördüm. Ancaq bu qanlı yanvar gecəsi haqda çox yazılıb, çox deyilib...

Mənsə, sadəcə, yadımda qalan bir epizodu bölüşmək istərdim.

20-si səhər şəhərə inanılmaz sükut çökmüşdü. Sankı heç nə olmamışdı. Amma hamımız hiss edirdik ki, bu gecə dəhşətli bir faciə baş verib. Eyvana çıxdım və bir mənzərənin şahidi oldum. Bu mənzərə ömrümün sonuna kimi yaddaşıma həkk olundu.

Bomboş küçəylə qapqara geyimlərdə 20-25 nəfərdən ibarət bir dəstə kişi səssiz-səmirsiz harasa gedirdi. Mənə elə gəldi ki, onlar heç özləri də bilmirdilər ki, hara gedirlər. Sadəcə, dinməzcə, aramla irəliləyirdilər. Arxalarıyca xeyli baxdım və indi anlayıram ki, məni heyrətə gətirən onların səssizliyi deyildi. Məni heyrətə və eyni zamanda dəhşətə gətirən bu boynubükük insanların hər addımında, hər hərəkətində və hətta tam ifadələrini görmədiyim üzlərində sezilən dözülməz və heç bir sözlə izah edə bilmədiyim acizlik idi....

Bu gün, 31 ilin tamamında Tanrıdan arzuladığım şey - bizim bir daha heç vaxt belə aciz olmamağımızdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Şuşanın işğal altında olduğu son 28 ildə haylar boş-bekar oturmayıblar. Pənahəli xan Cavanşirin 1750-1752-ci illərdə tikdirdiyi qala divarları yaxınlığında qazıntı apararaq guya 971 və 1252-ci il tarixli iki xaçkar, üzərində erməni dilində yazılar olan baş daşları və s. "tapıblar". Beləcə Ağdamı mifik Tiqranakertə çevirdikləri kimi, Şuşada da hələ X əsrdə ermənilərin yaşadığı haqda nağıl uydurublar... Xəstə təxəyyülün məhsulu olan və hələlik yalnız özlərinin inandıqları nağıl... Amma sonra inananlar da tapılacaqdı...

Məzahir Süleymanzadə, jurnalist:

- 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra özünü təcili Bakıya çatdıran, dərdimizə şərik olan, bizə dəyərli məsləhətlər verən böyük qazax şairi Oljes Süleymenovu hər zaman ehtiramla, minnətdarlıq hissilə xatırlayıram... 

Qismət Rüstəmov, şair:

- "Limak"dan kitab sifariş etmişəm, bugün baxıram yazılıb ki, problem var, eynicinsli kitabdan ikidən artıq sifariş edəndə gömrükdə problem yarana bilər, ya başqa kitab alın, ya da məbləğ karta qaytarılsın. Həqiqətən gömrüyün bu "çuşka" qərarlarından bezdik, yorulduq. Məsələn, Eliotun üç kitabını sifariş edirsən, deyir eynicinslidir, burda sənin məqsədin başqadır, dəyiş birini Gülağa Tənhanın kitabı elə, sifarişini icra edək. Eynicinsli məhsul, yox bir lezbi sifariş. Qalmışıq belə-belə şeylərin içində çərləyə-çərləyə...

Şahin Cəfərli, siyasi şərhçi:

-  Paşinyan 1998-ci ildə yazı yazıb.

Sual edib ki, niyə Azərbaycan və Türkiyənin günahsız qurbanlarından söz düşəndə ermənilər bunu qəbul etmir, onların ovqatı təlx olur? 

Paşinyan yazısının sonunda 20 yanvar 1990-cı il Bakı hadisələrinin günahsız qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdiyini bildirib.

Nəsir Əhmədli, BDU-nun Jurnalistika fakültəsinin professoru:

- Bu gün AzTV-də bir neçə dəfə səsləndirilmiş "iribuynuzlu mal-qara" və "xırdabuynuzlu mal-qara" deyimləri məni bir daha bu mövzuya qayıtmağa vadar etdi.

Azərbaycan dilində rus dilinin təsiri ilə formalaşmış yanlışlıqlardan biri də iribuynuzlu mal-qara və xırdabuynuzlu mal-qara ifadələridir. Rus dilində bu ifadələr belədir: krupnıy roqatıy skot və melkiy roqatıy skot. Buradakı krupnıy (iri) və melkiy (xırda) sifətləri buynuza deyil, skot (mal) isiminə aiddir. Yəni krupnıy roqatıy skot-un həm bədəni iridir, həm də buynuzu var (inək, camış), melkiy roqatıy skot-un bədəni balacadır, həm də buynuzu var (qoyun, keçi). Bizdə isə iri və buynuzlu, xırda və buynuzlu sifətlərini birləşdirərək iri və xırda sözlərini buynuz sözünə aid ediblər.

Belə çıxır ki, inəklərin və camışların buynuzları iri, qoyunların və keçilərin buynuzları isə xırda olur. Amma heyvandarlığa bələd olan hər kəs bilir ki, qoyunun (qoçun) və keçinin (təkənin) buynuzları inəklərin (buğaların) və camışların (kəllərin) buynuzlarından yekə olur. Yəqin gənc jurnalistlər bilmirlər ki, el arasında bu heyvan kateqoriyalarının dəqiq adları var: qaramal (inək, camış) və davar (qoyun, keçi).

Xaqani Səfəroğlu, jurnalist:

- Baydenin andiçmə mərasimidə sabiq prezidentlər də iştirak edirdi. Bir nöqtəyə baxan Bill Klintonun suyu çəkilib. Corc Buş yenə ətrafı bic-bic süzürdü. Obamanın kefi ala buludda idi. Sevinirdi. Hillari Klinton ürəyində yenə Tramp üçün var-yox saxlamırdı...

Bircə vitse-prezident Pens qanıqara idi. Trampın əvəzinə gəlmişdi. Sifətində "mənim burda nə itim azıb axı?" ifadəsi var idi. Heç kimə baxmamağa çalışırdı.  Qaliblər arasında məğlub qladiator kimi idi.

Elxan Şahinoğlu, politoloq:

- Amerikanın qətlə yetirilən prezidenti Con Kennedidən bu yana prezidentərin 20 yanvar andiçmə mərasimlərində nəsə yadda qalan cümlələri olub. Kennedinin "soruşma ki, Amerika sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən" cümləsindən tutmuş Barak Obamanın "biz bacaracağıq" və ya Donald Trampın "birinci növbədə Amerika!" cümləsinə qədər fərqli çıxışlarda vurğular olub. Yeni prezident Cozef Bayden isə hər şeydən danışsa da, xüsusi vurğuları olmadı. Görünür, Bayden qarşısına böyük hədəflər qoymayıb, sadəcə dedi ki, işləmək və problemləri həll etmək lazımdır.

Aydındır ki, Baydenin ilk hədəfi koronavirusla mübarizə olacaq. Tramp bu virusa ilk gündən fikir vermədi, başqalarına pis nümunə oldu, nəticədə Amerikada ölənlərin sayı 400 minə yaxınlaşıb. Bayden virus nəticəsində qapadılan iş yerlərini də açmalıdır. Bir sözlə, Baydenin Trampın qoyub getdiyi problemlərin həllinə yönəlik səyləri bir neçə ilini alacaq. Həmin vaxta qədər də onun 4 ili bitəcək.

 





22.01.2021    çap et  çap et