525.Az

Tütünçülüyün inkişafının elmi əsaslarına dair onlayn konfrans keçirilib


 

BU SAHƏDƏ ÇALIŞAN TƏDQİQATÇILAR TƏCRÜBƏLƏRİNİ BÖLÜŞÜBLƏR

Tütünçülüyün inkişafının elmi əsaslarına dair onlayn konfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı, eləcə də "Azərtütün" MMC-nin mütəxəssislərinin iştirakı ilə "Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər" mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Gəncədə yerləşən ADAU-dan məlumat verilib ki, onlayn görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2017-2021-ci illərdə Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış yeni təkliflərin müzakirəsindən ibarət olub.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək sözügedən Dövlət Proqramının icrası yönündə aqrar alimlər tərəfindən aparılan tədqiqatlar haqda məlumat verib, o cümlədən, universitetdə kadr hazırlığı məsələləri, tütünçülüyün elmi əsaslarla təşkili və fermerlərin işinin təkmilləşdirilməsinə təkan verilməsi üçün fəaliyyət göstərən Aqrar Məsləhət Xidmətindən geniş bəhs edib.

ƏETİ-nin əməkdaşı, dosent Sevinc Məmmədova institutda aparılan tədqiqat işləri, yeni yaradılmış tütün sortları, Azərbaycanda tütünçülük ənənələri və bu bitkinin genofondu məsələləri barədə məlumatları diqqətə çatdırıb.

"Azərtütün"ün baş aqronomu Hacı Hacıyev, baş texnoloqu Mərdan Qasımov tütünçülük sahəsində Azərbaycanda və dünyada mövcud vəziyyət, qlobal iqlim dəyişmələri şəraitində tütünçülük təsərrüfatlarında fəaliyyətin təşkili, tütün və tütün məhsullarının istehsalında innovativ texnologiyaların tətbiqi, bu sahədə milli brendlərin yaradılması, rəqabət qabiliyyətinin və məhsul ixracının artırılması istiqamətində müəssisədə görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Konfransda həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə tütün istehsalının inkişaf perspektivlərinə toxunulub, tütünçülüyə dair son illərdə çap olunmuş dərs vəsaitləri, təlim materialları, təqdimatlar və digər materiallar barədə məlumatlar verilib.

Zakir MURADOV
Gəncə

 





22.01.2021    çap et  çap et