525.Az

"Çap media yaşamalıdır" - Rəşad Məcid


 

"PROBLEM QƏZETLƏRİN VARLIĞI YOX, REKLAM BAZARININ OLMAMASIDIR"

"Çap media yaşamalıdır" - <b style="color:red">Rəşad Məcid </b>

Azərbaycanda internet saytlar fəallaşmağa başlayandan çap mediasının öz əhəmiyyətini itirdiyi barədə fikirlər səslənir. Hətta media nümayəndələri arasında "insanlar məlumatları qəzetdən deyil, saytdan oxuyurlar" tipli mübahisələrə də rast gəlirik.

"Sputnik Azərbaycan"ın hazırkı dövrdə çap mediasının yaşadılmasının zəruri olub-olmadığı ilə bağlı sorğusuna cavabında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, yeni medianın yaranması ilə qəzetlərin tarixə qovuşduğu barədə fikirlər səslənsə də, bununla razı deyil: "Onlayn medianın yaranması o demək deyil ki, çap media sıradan çıxmalıdır. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini ictimaiyyətə çatdıran və bu fikirlərlə ictimai rəyə təsir edən məhz qəzetlərdir. Son vaxtlar çap mediasına qarşı aqressiv fikirlər artıb. Düzdür, bəzi qəzetlərin səviyyəsində problemlər müşahidə olunur. Etiraf edək ki, çap mediası operativlik məsələsində onlayn mediaya uduzur. Bu, təbii haldır. Amma çap mediasında olan araşdırma materialları, hadisələrə kökündən yanaşma və təhlil, qaçaraq informasiya çatdıran elektron mediadan daha sanballıdır. Buna görə də hesab edirəm ki, çap mediasının yaşamasına hələ uzun müddət ehtiyac var".

R.Məcid deyir ki, ümumilikdə götürdükdə Azərbaycan mediasında problem qəzetlərin varlığı yox, reklam bazarının olmamasıdır: "Çox təəssüf ki, son illərdə həm çap, həm televiziya, həmçinin də onlayn media dövlət dəstəyi arzulayır. Əslində, media iqtisadi cəhətdən müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarı olmalıdır. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq. Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet - jurnalistləri yetişdirən ikinci məktəbdir. Jurnalist üçün vacib olan yazmaq bacarığı, intuisiya, müşahidə qabiliyyəti, bunların təhlil olunması bacarığına qəzetdə yiyələnmək mümkündür.

Bütün bunlar yeni mediada mümkün deyil. Üstəlik, yeni mediada qəzetlərdəki kimi parlaq jurnalistlər yetişmir. Əgər biz səslə müşahidə olunan görüntülü informasiyanı mediaya aid ediriksə, onda mənim balaca nəvəmin də İnstaqram səhifəsi onlayn mediadır. Yeni audiovizual media subyektləri adlandırdıqlarımızın bir çoxunun əhəmiyyətli izləyici sayı yoxdur. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur. Media bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyi tələb edir. Yeni audiovizual mediada isə bu prinsiplər qorunmur. Onların çoxu operativliyi qorumaq naminə informasiyanı xammal şəklində çatdırırlar. Qəzetdə isə jurnalistikanın bu tələblərinə əməl edilir. Keyfiyyətli araşdırma yazıları, analitik məqalələr hazırlanır. Bu baxımdan çap media yaşamalıdır".

Zülfiyyə QULİYEVA
"Sputnik Azərbaycan"

 





22.01.2021    çap et  çap et