525.Az

Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri konsert proqramları hazırlayacaq


 

Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri konsert proqramları hazırlayacaq<b style="color:red"></b>

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Bilkent Simfonik Orkestirinin müdiri Aydın Mecid və musiqi direktoru Nüsrət İspir arasında videokonfrans formatında görüş keçirilib.

525.az xəbər verir ki, videokonfransda çıxış edən Ramil Qasımov artıq bir neçə mötəbər konsert zalının və musiqi kollektivlərinin rəhbərləri ilə ənənəvi hal alan görüşlərin böyük əhəmiyyətini vurğulayıb. Görüşdə qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dil, din, mədəniyyət, adət və ənənələrin ortaq olması Azərbaycan və Türkiyəni həmişə bir-birinə doğma edib və hər iki ölkə bir-birilərinə daim maddi və mənəvi dəstək, kömək olmaqla qardaşlıqlarının əbədi olduğunu sübut etmişlər.

Ramil Qasımov əminliklə bildirib ki, pandemiya bitdikdən sonra Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestrinin birgə həyata keçirəcəyi layihələr sayəsində mədəni münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq.

Sonda videokonfransa yekun vuran Ramil Qasımov mədəniyyət xadimlərinə təşəkkürünü bildirib və gələcəkdə yeni layihələrlə bağlı görüşlərin keçirilməsinin münasibətlərimizə yeni mühüm töhfələr bəxş edəcəyini deyib.

Qeyd edək ki, Türkiyə və 12 ölkənin seçmə sənətçilərindən ibarət Bilkent Simfonik Orkestri bu xüsusiyyətlərinə görə Türkiyənin ilk özəl, akademik, beynəlxalq sənət cəmiyyəti hesab olunur. Bilkent Simfonik Orkestri qurulduğu 1993-cü ildən bu günə kimi, dünyanın məşhur dirijor və solistləri ilə birgə konsertlər verib, bir çox beynəlxalq səviyyəli festivallarda iştirak edib. Həmçinin müxtəlif qurumlar, təşkilatlar və xüsusən qeyri-hökumət təşkilatları ilə olan geniş əməkdaşlığına görə "Ümumdünya Qardaşlıq və Dünyada Sülhə Töhfə" mükafatının sahibidir. UNICEF tərəfindən 2009-cu ildə “Türkiyə yaxşı niyyət elçisi” elan edilib. Bilkent Simfonik Orkestri 2006-cı ildə Azərbaycanda Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.

 





23.01.2021    çap et  çap et