525.Az

Co Bayden Vaşinqtonun siyasətində nələri dəyişir? - Xaqani Cəfərlinin yazısı


 

Co Bayden Vaşinqtonun siyasətində nələri dəyişir? - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

ABŞ-da Cozef Bayden və Kamala Harris and içərək vəzifələrinin icrasına başlamaları ilə Donald Tramp dövrü rəsmən bitdi.
 
Tramp xələfinin andiçmə mərasiminə qatılmaqla son dəfə təxminən əsryarım əvvəl qeydə alınmış hadisəni təkrarladı. Trampın yeni prezidentin andiçmə mərasiminə qatılmayacağı gözlənilən olduğu üçün qalmaqal yaratmadı. Ondan fərqli olaraq vitse-prezident Mayk Pens yeni prezidentin andiçmə mərasiminə qatıldı və bu addım tədbir iştirakçılarının rəğbətinı qazandı.

Yeni prezident Co Bayden isə səlahiyyətlərinin icrasına amerikalıları birliyə çağırmaqla və sələfinin bir sıra sərəncamlarını ləğv etməklə başladı. Co Bayden Trampın əsas layihələrindən biri olan Meksika ilə sərhədboyunca divar tikintisinin dayandırılması ilə bağlı sərəncam imzaladı. Eyni zamanda, o, Kanadadan Texasa çəkilən neft kəmərinin də inşasının dayandırılması ilə bağlı sərəncam verdi. Bu kəmərin tikintisi hələ Barak Obamanın prezident olduğu dövrdən bu günə kimi respublikaçılarla demokratlar arasında mübahisə mövzusudur. Respublikaçılar Kanadadan Texasa çəkiləcək neft kəməri vasitəsilə İllinoys, Nebraska və Texasdakı neft emalı zavodlarının xammala təmin olunacağını və bunun nəticəsində də bu ştatlarda yeni iş yerlərinin açılacağını əsas götürərək layihənin həyata keçirilməsinə cəhd edirlər. Respublikaçılar bu layihənin reallaşması üçün 2015-ci ildə xüsusi qanun da qəbul etmişdilər. Lakin o zaman prezident Barak Obama ölkənin bütün ərazisindən keçən neft kəmərinin tikintisinin ekoloji cəhətdən zərərli olduğunu əsas gətirərək qanuna veto qoymuşdu. Tramp isə prezident seçildikdən sonra sələfinin qərarını ləğv etmişdi. İndi isə Co Bayden Trampın sərəncamını ləğv edərək neft kəmərinin tikintisini dayandırdı.

Yeni prezidentin digər bir sərəncamı isə ABŞ-ın Paris İqlim Müqaviləsinə qayıtması ilə bağlı oldu. İqlim dəyişikliklərinin dayandırmasına xidmət edən bu müqavilə 2015-ci ildə Parisdə imzalnmışdı. Lakin Tramp iqlim dəyişikliyi haqqında fikirlərə inanmadığı üçün 2019-cu ilin noyabrında ABŞ-ın müqavilədən çıxdığını elan etmişdi. Trampın bu qərarı ABŞ-ın müttəfiqlərini və beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanmışdı. İndi isə Co Bayden Trampın sərəncamını ləğv edərək ABŞ-ı Paris İqlim Müqaviləsinə qaytardı. Bundan başqa, Co Bayden ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı Trampın başqa bir sərəncamını da ləğv etdi.

Co Baydenin ilk iş günü imzaladığı 15 sərəncamın arasında Afrika və Yaxın Şərqin bəzi müsəlman ölkələrindən ABŞ-a mühacirətə Tramp tərəfindən qoyulan qadağanı ləğv edən sərəncam da var. Bütün bunlar Co Baydenin sələfinin irsindən qısa zamanda qurtulmağa çalışdığını göstərir.



Seçki kampaniyası zamanı Trampın koronavirus pandemiyasına qarşı siyasətini kəskin tənqid edən Co Bayden səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra dövlət qulluqçularının qarşıdakı 100 gün ərzində maska taxmalarının məcburiliyi ilə bağlı sərəncam imzaladı. Prezident hesab edir ki, bu, koronavirus pandemiyasının cilovlanması üçün həyata keçirilən tədbirlərin effektlivliyini artıra bilər.

Ancaq yeni prezidentin qarşısında duran əsas problemlər təkcə bu sadalananlardan ibarət deyil. Co Bayden iqtidarının qarşısında isə çox ciddi problemlər dayanır. 

Prezident seçkiləri ABŞ-ın təxminən iki hissəyə bölündüyünü üzə çıxardı. Co Baydenin qarşısında bu vəziyyəti aradan qaldırmaq və cəmiyyətin bütövlüyünü təmin etmək kimi çətin vəzifə durur. Ağ evin yeni sahibi bunun üçün irqi bərabərsizliklə yanaşı, iqtisadi bərabərsizliyi də aradan qaldırmalıdır. Co Bayden "Bərabərliyin federal siyasətə daxil edilməsi, sistemli irqçiliyin və digər maneələrin aradan qaldırılması" haqqında sərəncam imzalayaraq irqi və cinsi bərabərliyi tam təmin etməyi nəzərdə tutan proqramların həyata keçirilməsinin yolunu açıb.

Tərübəli siyasətçi olan Co Bayden qarşısında duran həlli çətin vəzifələri həll etmək üçün güclü komandaya ehtiyacı olduğunu yaxşı bildiyindən ətrafına təcrübəli kadrlar yığır.ABŞ-ın dünyadakı nüfuzunu və mövqeyini bərpa etməyi başlıca vəzifələrindən biri sayan Co Bayden Dövlət Departamentində güclü komanda formalaşdırmağa başlayıb. Dövlət katibi vəzifəsinə namizəd göstərilən Entoni Blinkenin Vaşinqtonun siyasi dairələrində peşəkarlığı ilə xasusi rəğbətə malikdir. Entoni Blinken əsası Ruzvelt tərəfindən qoyulan Transatlantik strategiyanın alternativi olmadığını düşünən şəxslərdəndir. Co Bayden Blinkenin ətrafında güclü komanda formalaşdırmaqla Dövlət Departamentini gücləndirir. Dövlət katibinin birinci müavini vəzifəsinə Vendi Şerman, siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nuland, demokratiya və insan haqları məsələləri üzrə müavini vəzifəsinə isə Uzra Zeyanın namizədliyi irəli sürülüb. Onların hər biri diplomatik işdə böyük təcrübələri olan peşəkar kadrlardır.

Co Baydenin komandasında ən çox diqqət çəkən şəxslərdən biri də maliyyə naziri vəzifəsinə namizəd göstərilən Canet Yellendir. Federal Ehtiyatlar Sisteminin keçmiş rəhbəri Canet Yellen güclü dollar tərəfdarı olan maliyyəçi kimi tanınır. Dolların dəyərinin süni şəkildə aşağı salınmasının əleyhidarı olan Canet Yellenin maliyyə naziri təyin edilməsi maliyyə dairələrində rəğbətlə qarşılanıb. Çünki dünya maliyyə sisteminin sabitliyi ABŞ-ın maliyyə nazirinin siyasətindən çox asılıdır.

Co Baydenin ilk qərarları, həyat keçirmək istədiyi proqram nikbinlik doğursa da, ABŞ-ın Rusiya və Çinlə münasibətlərindəki gərginlik Ağ evin yeni sahibi üçün qarşıdakı 4 ilin rəvan keçməyəcəyini proqnozlaşdırmağa əsas verir.

 





23.01.2021    çap et  çap et