525.Az

UNEC-in ikili diplom proqramları: mühüm yenilik, uğurlu nəticələr


 

UNEC-in ikili diplom proqramları: <b style="color:red">mühüm yenilik, uğurlu nəticələr </b>

Tədrisin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində UNEC diplomu ilə bərabər, Fransanın Monpelye, London Universiteti-London İqtisadiyyat Məktəbinin, İsveçrənin UBİS, Litvanın Mikolos Romeyros universitetlərinin də diplomlarını alması reallıqdır.

Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramlarını uğurla  həyata keçirir.

UNEC-də bakalavr pilləsi üzrə Monpelye Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and İnternational Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda, UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr diplomunu əldə edə bilir.  Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən, dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu UNEC-də oxumaqla qazanmaq mümkündür. Universitetin Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi, Hacəttəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığı var.

UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019-2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Monpelye Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

UNEC Avropanın, Amerikanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. Həmçinin, tələbələrə dünyanın aparıcı universitetlərinin beynəlxalq proqramlarında iştirak etmək üçün şans yaradır. Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək, uğurla məzun olur. Belə proqramlardan biri də London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramıdır.

Universitet 2020/2021-ci tədris ilində UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə beynəlxalq bakalavr proqramından məzun olan Nəzrin Nəzərovanın sözlərinə görə,  4 il ərzində dünyanın və ölkənin aparıcı universitetlərinin diplomuna sahib olmaq və bu müddət ərzində iki müxtəlif ixtisasa yiyələnməyin özü böyük şansdır və bu şansı bizə yaratdığı üçün UNEC-ə minnətdaram: "UNEC-in Beynəlxalq İqtisad Məktəbində (İSE) Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil almışam. LSE-də isə təhsilim Biznes və menecment ixtisasi üzrədir. Fikrimcə, iqtisadiyyat ixtisası tələbələrə qloballaşan dünyanın üzləşdiyi bir sıra problemlər və məsələlər barədə daha kreativ və dərindən düşünməyi öyrədir. Biznes və menecment ixtisası istər bakalavr, istərsə də magistr dərəcəsində bütün dünyada tələbələr tərəfindən ən çox tələb görən və məşhur ixtisaslardan biri hesab olunur. Biznes və menecment ixtisası geniş spektrlı olmaqla analitik və kritik düşünmə bacarıqlarının inkişafına yardım edir və biznesin idarə edilməsi, o cümlədən, maliyyə və iqtisadiyyat kimi bir sıra sosial elmləri özündə cəmləşdirir və onlar haqqında da fundamental biliklər qazanmağı təmin edir. Düşünürəm ki, hər iki ixtisas bir-bir ilə əlaqəlidir və gələcəkdə hər iki ixtisas karyeramda mühüm rol oynayacaq. LSE sosial elmlər üzrə dünya miqyasında yüksək reputasiyaya sahib olan və dünyanın aparıcı təhsil müəssisələri arasında daima ön sıralarda yer alan universitetdir. Bu səbəbdən həmin universitetdə təhsil almaq bir çox tələbənin arzusudur. LSE-ni və proqramı araşdırdıqda, eləcə də, bu universitetdən məzun olmuş bir çox alimlər, elm adamları, iqtisadçılar, siyasətçilərin siyahısı ilə tanış olduqda həmin proqramda mövcud olan yüksək təhsil standartlarına bir daha əmin oldum və proqrama qoşulmaq qərarına gəldim".

O deyir ki, UNEC ilə paralel olaraq, LSE-də də təhsil almaq çox da çətin olmadı: "Təbii ki, vaxt məhdudiyyəti, adaptasiya və s. ilə bağlı müəyyən çətinliklər oldu və olacağını öncədən təxmin etmişdim. Düşünürəm ki, pessimist insan yaranmış hər bir imkanda çətinliklər görür, optimist insan isə hər bir çətinlikdə imkanları. Buna görə də bəzən uğursuzluqlar və çətinliklərlə qarşılaşdıqda çalışırdım kı, motivasiyanı itirməyim, çünki çətinlik inkişaf və təkmilləşməyə aparan yoldur".



N.Nəzərovanın sözlərinə əsasən, İSE ilə LSE-nin dərs proqramlarında hansı oxşarlıq və fərqliliklər var. - Oxşar cəhətlərinə nüfuzlu xarici univeristetlərdə təhsil almış və müvafiq sahə üzrə yüksək təcrübəsi olan müəllim kollektivini, interaktiv tədris metodlarının tətbiq edilməsini, zəngin onlayn kitabxananı aid etmək olar. Onlayn kitabxana vasitəsilə minlərlə elekton məqalələrə və dərs vəsaitlərinə əlçatanlığın təmin edilməsi mənim üçün önəmli məqamlardan biri idi. Fərqli cəhətlərə gəldikdə isə LSE-də imtahanların il ərzində bir dəfə təşkil olunması və yekun qiymətləndirmənin yalnız imtahanlara əsaslanmasını demək olar. Həmçinin, LSE-də tələbə sayının daha az olması əsas fərqliliklərdən biridir.

Gələcək planlarından söz açan N.Nəzərova qeyd edib ki, tərəqqi təhsildən başlayır və insan öz bilik, bacarıqlarını daima təkmilləşdirməli, həyatı boyu öyrənməlidir: "Bakalavr təhsili ilə yanaşı, LSE, Yale kimi aparıcı universitetlərin ixtisasartırma kurslarında iştirak etmişəm. Magistratura təhsili almaq, oxuduğun sahə üzrə ixtisaslaşmaq, eləcə də elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq üçün mütləqdir. Buna görə də, magistr təhsili almaq növbəti illərdə əsas hədəflərimdən biridir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirəm və düşünürəm ki, ilk öncə müəyyən qədər iş təcrübəsi qazanmaq magistr təhsilimi hansı ixtisas üzrə alacağımda, karyeramı hansı istiqamətdə davam etdirəcəyimdə mühüm rol oynayacaq".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, tələbələrin Azərbaycan Dövlət İqtisad Universiteti ilə yanaşı, Avropanın nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını böyük şansdır. Bu, UNEC tələbələrinə magistr təhsilində Avropa, eləcə də dünya universitetlərinə açılmaq üçün əlavə üstünlüklər yaradır: "UNEC-də təhsil alanlar üçün geniş imkanlar yaradılır. Bu imkanlardan istifadə etmək tələbələrin öz əlindədir".

Ş.Əsgərovun sözlərinə əsasən, dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən UNEC təhsil xidmətlərinin ixracı baxımından da bir sıra yeniliklərə imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə, o cümlədən, İngiltərənin London Universiteti/London İqtisad Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır: "Bu proqramlar bakalavr, magistratura və MBA səviyyəsində təhsil alan tələbələrə hər iki universitetin diplomlarını almaq imkanı verir. İnkişafın prioritet istiqaməti kimi kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması sahəsində də ciddi irəliləyiş var. Bütün bunlar isə yüksək qiymətləndirilməlidir".

Ş.Əsgərov əlavə edib ki, Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib: "UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





23.01.2021    çap et  çap et