525.Az

Mənim tanıdığım Nailə Mirməmmədli - Anım


 

Mənim tanıdığım Nailə Mirməmmədli - <b style="color:red">Anım</b>

Qəfil ölümlərdən yaman qorxuram,
Qəfil ölümləri mənə deməyin.
Səsi qulağımda, əksi gözümdə
Qalan ömürləri mənə deməyin...

Amma dedilər, eyni vaxt içindəcə bir neçə yerdən telefonuma gələn mesajlarla dəydilər xətrimə. Bu acı xəbərə inandırmaq üçün şəkillər də yolladılar, özləri də yalan olmasını istədikləri bu xəbərin acısını çəkərək yolladılar... Canı musiqidən yoğrulan, yeridiyi yolda da, işdə də, evdə də ürəyi həzin melodiyalar toxuyan bu xanıma ölümü yaraşdırmaqmı olar!? Əzizlərinin itkisinin əzdiyi, incitdiyi, lap sıxıb suyunu çıxartdığı bəstəkar Nailə Mirməmmədli itirdiyi qiymətli insanların ruhu önündə özünü yaşamağa, yazıb-yaratmağa borclu bilərək sənətindən, ona ehtiyacı olan, onu sevən doğmalarının xətrinə yaşamağa davam edirdi. Çiyninə ağır yük almışdı ömür-gün yoldaşı Hikmət bəydən sonra, heç vaxt heç bir yerə tək getməyən xanım indi sənətdə də tək qanadlı quş kimi hiss edirdi özünü. Xeyr, bunların heç birini dilinə gətirmirdi, amma onun üzündən-gözündən, yerişindən-duruşundan,  tökülürdü tənhalıq...Yeriyəndə sol yanını boş tuturdu, elə sağ yanı da oğul itkisindən yaralı idi... Gendən baxıb özünə, dözümünə, yaradıcılığına bəlkə neçə həsəd aparanlar vardı, amma qəlbinə girib halını görən az idi...

Dərdini musiqi ilə ovudurdu, Nailə xanım... Musiqi onun hər şeyi idi, sevgilisi, övladı, lap özü idi! Nailə xanımı tək xatırlamaq heç mümkün də deyil əslində, çünki yollarını sevimli həyat yoldaşı Hikmət bəylə birləşdirən də musiqi olmuşdu. İki böyük şəxsiyyət, iki dəyərli musiqiçi bir ailə olaraq da nümunə idi. Onlarla tanışlığımın yaşı elə bir igidin ömrü qədərdir desəm, yanılmaram...  2001-ci ilin yayı idi, ev telefonlarına zəng vurub görüşmək istədiyimi bildirdim. O zaman hələ heç kitabım da çıxmamışdı, şeir dəftərlərimi də götürüb ali məktəbdə oxuyan qızım Vusal Akifqızı ilə birgə getdim Nailə və Hikmət Mirməmmədlilərin M.Sübhi küçəsi-94 ünvanındakı evlərinə... Musiqi aləmində kifayət qədər çəkisi və nüfuzu olan bu bəstəkarlar bizi böyük sevgi və hörmətlə qarşıladılar. Ensiz taxta darvazası və xudmani həyəti olan, iki nəhəng yaradıcı insanın yaşadığı ev olduqca sadə idi, elə özləri kimi. Mən hər şeyi diqqətlə nəzərdən keçirir və bu kiçik mənzilin nə qədər dəyərli olduğunu düşünürdüm. Gözüm önünə qarşısına  hansısa böyük şəxsiyyətlərin adları, yaşadığı tarixlər  yazılmış trafaretlər vurulan evlər gəlirdi... O gün həm də onların bir-birinə olan səmimi münasibətləri, bircə notdan anlaşmaları diqqətimdən yayınmadı. Hərəsi bir şeir dəftərimi götürüb oxumağa başladılar, qəribəsi bu idi ki, sözləri musiqi ilə oxuyurdular! Oxuduqca dəftərdə qələmlə qeydlər edirdilər, arada ikisi də bir şeirin üzərində dayanır, sanki paylaşmaq istəmirdilər... Beləcə bir neçə saat bir neçə dəqiqə kimi keçib ketdi, Nailə xanım əlindəki şeir dəftərimi sinəsinə basıb şirin təbəssümlə:

- "Bu mənim!" - söylədi, Hikmət müəllim isə üzünə mənə tutaraq elə beləcə də dedi:

- Şahnaz xanım, siz dəftərləri də burda qoyub gedin...

... Sonrakı günlərdə hər dəfə zəngləşəndə Nailə xanımın səsinin də, üzünün də sevincə bələndiyinin şahidi olurdum. Az sonra məni özləri evə dəvət etdilər, bu bizim sayca ikinci görüşümüz idi, həmin gün artıq dörd-beş mahnı tam hazır olmuş və sahiblərinə çatmışdı.  



Röya Ayxan, "Qovuşmaz":

Üz tutduğun yollar duman,
Səadətin daha güman.
Hökmünü verəcək zaman,
Qovuşmaz yolumuz bir daha...

İradə İbrahimova,"Gedəcəyəm": 

Yığıb izlərini ətəklərimə,
Həkk edib əksini bəbəklərimə.
Əl edib sonuncu ümidlərimə,
Bir gün gedəcəyəm ömründən sənin...

Sevda Sanaliyeva,"Susduq": 

Bu ani görüşdən bizə nə qaldı,
Ürəklər közərə-közərə qaldı.
Əlac lal baxışlı gözlərə qaldı...
Susduq, ürək sözlə dolu olsa da...

Nurlan Əzizbəyli, "Sevən ürəkdir":

Qəlbim çiçəkdən zərif,
Həm də kövrəkdi, gülüm.
Mənim nə günahım var,
Sevən ürəkdi, gülüm...

O gün Nailə xanım danışdı ki:

- İşdən evə çatanacan "Susduq"un melodiyasını zümzümə etmişəm, çatan kimi də bir baş royalın arxasına keçib nota salmışam!..

Bax bu sözləri deyəndə o elə bəxtəvər görünürdü ki...

Beləcə bir neçə ayın içində bizim birgə səkkiz-on mahnımız doğuldu, oxundu, klip çəkildi və televiziya ekranlarında nümayiş etdirildi... Nüşabə Ələsgərli "Hər ürək sevə bilməz", Cavid Hüseyn "Gözlərindən oxudum", Rahidə Baxışova "Vətən, mənim könlümdəsən" və s... Bir qədər keçəcək, həmin müğənnilər özləri də bu mahnıların onların səhnə və efir həyatında əsas dönüş nöqtəsi olduğunu etiraf edəcəkdilər..

Ailənin başına gələn faciəli günlərində də onların yanında oldum, o gün Nailə xanımı tanımaq mümkün deyildi, İlahi bu qadın özünü ələ almaq, dərdin öhdəsindən gəlmək üçün nə etmirdi!.. Hələ Hikmət müəllimi demirəm, sanki hər ikisi ağır bir dağı yerindən qaldırmalı idilər, bunun üçün də son güclərini toplayıb  əl-ələ, kürək-kürəyə vermişdilər!..

... 2005-ci ildə ilk çıxan "ÜRƏYİMƏ DÜŞƏN İŞIQ" kitabımla birgə sevindik, elə İradə İbrahimovanın  "Gedəcəyəm" mahnısının klip təqdimatına da bu kitab hədiyyəmlə getdim. Nailə xanım və Hikmət müəllimin üzündə təbəssüm görüb sevindim, Nailə xanım təkrar ana olacağının bəxtəvərliyini yaşayırdı...

İş elə gətirdi ki, uzun illər bir-birimizdən uzaq düşdük, əlaqələrimiz də tamam kəsildi. Amma nüvəsində melodiya gizlənən şeirlərim onları arzulayırdı. Heç demə, ürəkdən ürəyə yol düşübmüş, bir axşam telefonuma gələn qəfil zəng gələcək yaradıcılıq planlarımızın gerçəkləşməsinə ümid verdi. Nailə xanımın həsin səsi yenə nəğmələşmişdi, ikinci dəfə 2018-ci ildə "O SÖZƏCƏN..." şeirlər kitabımla birgə yaradıcılığa davam deyə bir araya gəldik, bu dəfə yenə də onun evində görüşdük. Amma bu dəfə onun ünvanı da dəyişmiş, üstəlik, ikinci qanadı da qırılmışdı... Oğlundan sonra Hikmət müəllimin itkisi Nailə xanımın dünyasını tar-mar etmiş, o, bu vəfasız dünya ilə üz-üzə qalmışdı. Büruzə verməməyə çalışsa da, baxışları ələ verirdi onu... Evin görkəmli yerində qoyulmuş pianinonun arxa tərəfinə Hikmətin sıra ilə şəkilləri vurulmuşdu, Nailə xanım keçib əyləşdi və "Qovuşmaz"ı çalıb oxudu, mən də onu telefonumun yaddaşına köçürdüm (Onu da deyim ki, Nailə xanımln səsi də gözəl idi və o mahnıları gözəl ifa edirdi). O, hər "qovuşmaz yolumuz" dedikcə nəzərləri  şəkillər üzərində dolanır, sanki sözləri birbaş Hikmət bəyə söyləyirdi. Bu mənzərə çox təsirli idi və hələ də gözümün önündən getmir.

Onlarla bir layihəmiz də yarım qaldı o zaman. Mənim satira janrında  "M.Ə.Sabirə  bu dünyadan məktublar" silsiləsindən olan "Dünya hələ düzəlməyib" şeirimə rəhmətlik Yaşar Nuri ilə kompozisiya işləyəcəkdilər, Yaşar müəllimlə də elə yenə Nailə xanımgildə görüşüb hər tərəfli müzakirə etmişdik. Yaşar müəllim misilsiz artistlik məharəti ilə şeiri musiqisiz təqdim etmişdi həmin gün və özü də bu yaradıcı görüşdən məmnun qalmışdı... Çox təəssüf!

Nailə xanım qanadları qırılmışdı, yaralı idi, amma uçmağa çalışır, ağrılara təkbaşına tab gətirir, çəkdiklərini övladlarından gizləməyə çalışırdı. Amma mən bu kədəri onun oğlunun da, qızının da, gəlini və sonbeşiyi - sevimli Mirələkbərinin də simasından oxudum...

Nailə xanımın bir mahnısı da vardı, "Getdin", yenə mənim sözlərim idi, çoxdan yazmışdı, amma heç bir müğənniyə verməmişdi, elə özü oxuyurdu arada, deyirdi Brilyant Dadaşova yaxşı oxuyar bunu...

Daha ayrılaq dedin,
Bunu elə söylədin...
Nə dilin dolaşmadı,
Nə gözün yaşarmadı.

Getdin, baxdım dalınca,
Baxdım qaş qaralınca...
Sən gedən o yolları
Suladı göz yaşlarım...

... Sağalmayan yaralar, əvəz olunmayan insanlar. Özümüzə nə qədər təsəlli versək də, dözümlü görünsək də, həqiqət həqiqətliyində qalır, vəssalam. Azərbaycanın musiqi dünyasının incilərindəndi Nailə və Hikmət Mirməmmədlilər, insanların musiqi zövqünün formalaşmasında böyük zəhmətləri var, onlar uşaq və gənc istedadların üzə çıxarılması, musiqiçi kimi yetişməsi üçün öz rahatlıqlarından keçirdilər. Bundan sonra çətin olacaq onlara.., elə bizim hamımıza...

Bu gün bu işıqlı insanlardan danışdıqca nədənsə yadıma İlhamla Fərizə düşdü, Şəhidlər Xiyabanında yanaşı uyuyan sevgililər..

Nur içində yatın, Nailə xanım, Hikmət bəy, nə yaxşı sizi yaşadan musiqiləriniz var, həmin musiqilər səsləndikcə xatırlanacaqsınız... Azərbaycan incəsənətinin səmasında qoşa ulduz kimi doğulmuşdunuz, əbədi parlayacaqsınız, işığınıza hələ çox insanlar yığılacaq, yeriniz isə həmişə görünəcək.., hətta boş qalan yeriniz...

 





23.01.2021    çap et  çap et