525.Az

Donald Trampın "qu nəğməsi" - Telman Orucovun yazısı


 

Donald Trampın "qu nəğməsi" - <b style="color:red">Telman Orucovun yazısı</b>

Amerika Birləşmiş Ştatları 20 yanvar 2021-ci ildə yeni prezidentini qarşıladı və seçkilərdə məğlub olsa da, öz uğursuzluğunu etiraf etməyən keçmiş prezident Donald Trampla vidalaşdı.

45-ci prezident Tramp özünə vurğunluğu ilə seçilirdi, dahi olduğunu iddia edir, çox vaxt saxta olan qələbələrini gözə soxmaq üçün faktları təhrif etməkdən, uydurmalardan,"Amerikanı yenidən böyük etmək" kimi vəzifəni yerinə yetirməkdən deyil, əsl xilaskar missiyasına girişməsindən, yeri gəldi-gəlmədi, danışırdı. Ölkədə ümumdaxili məhsulun xeyli artdığını, işsizliyin azaldığını öz şücaətinin nəticəsi kimi gözə soxurdu. Ekspertlər isə bu irəliləyişin Barak Obama dövründə meydana gəldiyini, yeni prezidentin işlədiyi illərdə davam etdiyini sübut etsələr də, özünü ABŞ tarixində ən güclü prezident hesab edən Tramp öz ağılsız mövqeyini tərk etmək istəmirdi, özünü böyük tarixi şəxs kimi qələmə vermək üçün hər cür yalanlara əl atmaqdan da çəkinmirdi. Onun dilindən çıxanları "yüzilliyin yalanları" adlandırmaq olardı. O, bəlkə də, son 155 ildə yeganə prezident idi ki, nəinki irqçiliyə qarşı mübarizə aparmırdı, əksinə, fürsət düşən kimi onu qızışdırmağa çalışırdı, qara adamın polis tərəfindən boğulub öldürülməsindən razı qaldığını bildirirdi. Əgər tarixə nəzər salsa idi, Prezident Abraham Linkolnun 1863-cü ildə zənciləri köləlikdən azad etməsi, quldarlığı ləğv etməsi ilə inqilabi bir iş gördüyünü, prezident Con Kennedinin 1963-cü ildə Alabama universitetdə iki zənci tələbənin təhsilini davam etdirməsi naminə, həmin ştatın irqçi qubernatorun mövqeyinin əleyhinə ştata federal milli qoşunların göndərməsini, açıqca nifrət bəslədiyi və nüfuzunu daim basqılara məruz qoyduğu afroamerikalı Barak Obamanın özündən əvvəl prezident seçilməsini yaddan çıxarmamalı idi. Tarix sübut etmişdir ki, irqçilik demokratiyanın zəifləməsidir. Bütün bunlar onun üçün elə bir əhəmiyyət kəsb etmirdi. O, özünün ağılsız, səhv hərəkətlərini və mövqeyini daim nəciblik nümunəsi hesab etməkdə davam edirdi.

2016-cı il seçkilərində o, elektorların çoxluğunu əldə etdiyinə görə prezident seçilmişdi, ümumi səsverənlərin sayına görə isə rəqibi Hillari Klintona uduzurdu. Lakin ABŞ seçki sistemi nə qədər mükəmməl olmasa da, burada müstəqim seçki inkar edilsə də, rəqibi onun qalib gəlməsi ilə razılaşdı və onun inauqurasiyası təntənəli şəkildə, heç bir fövqəladə hadisə baş vermədən keçdi.

Trampın prezidentliyi olduqca sakit bir şəraitdə gedirdi. Ölkədəki bəzi hadisələrin, iğtişaşların təşəbbüsçüsü kimi ya özü çıxış edir, ya da onların baş verməsi səbəblərini araşdırmaqdan bütünlüklə imtina edirdi. Haqsızlıqların müdafiəsinə qalxmaqdan da çəkinmirdi. Administrasiya və əsas nazirliklər dövlət vəzifələrinin həlli ilə məşğul olmaq əvəzinə, onun şıltaqlıqlarının girovlarına çevrilirdi. O, ən vacib vəzifələrə özü təyin etdiyi adamları, az sonra vəzifədən götürürdü, yenisi də işlə tanış olmağa macal tapmamış, onun üstündə dəyişilmə təhlükəsi küləyi əsməyə başlayırdı. Dövlət katibi, Müdafiə naziri, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi bir neçə dəfə dəyişdirilmişdi. Sadəcə olaraq bir az sonra onlar Trampın xoşuna gəlmədiklərindən yüksək postları ilə vidalaşmalı olmuşdular. Tramp üçün öz şəxsi maraqları prioritet əhəmiyyətli idi, dövlət mənafeyinin zərər çəkməsi onu o qədər də düşündürmürdü. O, özünü tramvay konduktoru kimi aparırdı, tramvaya yeni daxil olanları sonrakı dayanacaqlarda düşürməklə öz vəzifəsini məharətlə yerinə yetirdiyi ilə öyünürdü. Heç bir vəzifəli şəxs özünü müstəqil hesab etmirdi, çünki bilirdi ki, prezident əsaslı bir səbəb olmadan belə, onun haqqında olan rəyini dəyişəcək və ən ağır cəza növünə əl atacaqdır. O, bir generalı Müdafiə naziri təyin etmişdi. Onun "quduz" ləqəbi var idi, sonra onu vəzifədən uzaqlaşdırdı. Yüksək vəzifəli şəxslərə münasibətdə isə prezidentin özü həmin ləqəbə daha çox layiq idi.

O, beynəlxalq münasibətlərdə şahmatçı kimi davranmaq əvəzinə, zər atmaqla münasibətləri qurur, təsir altına düşərək, iri problemlərin həllinə çalışmaq əvəzinə, daha çox onların dərinləşdirilməsinə meyl edirdi. Bu vacib məsələlərin həllində tarixi təcrübəyə əsaslanmaq, haqqı müdafiə etmək əvəzinə, mafiya başçısına xas olan qaydada hərəkət etməkdən həzz alırdı. İsrail tərəfindən işğal altında saxlanılan Qolan yüksəkliyi Suriyanın ərazisi olduğu halda, o, öz qərarı ilə onu İsrail ərazisi elan etdi və buna qədər olan beynəlxalq qanunları, BMT-nin qərarlarını ayaqlar altına atdı. Çünki o, Dövlət Departamentinin təkliflərinə məhəl qoymayaraq, kürəkəni, yəhudi əsilli Cerald Kuşnerin və qızı İvankanın məsləhətinə qulaq asırdı. Kuşner isə İsrailin mənafeyinə xidməti ilə öyünə bilərdi. Prezidentin və kürəkəninin fəaliyyəti hesabına Fələstinin öz dövlətini yaratmaq məqsədinin sıradan çıxması ilə yanaşı, ərazisində yəhudilər üçün yaşayış evləri tikilməsi prosesi daha geniş miqyas aldı.

Tramp Meksikadan qanunsuz miqrasiyanın qarşısını kəsməküçün sərhəddə uca sədd tikiləcəyini vəd etmişdi və xərcləri Meksika hökumətinin ödəyəcəyini bəyan etmişdi. O, bu divarın çəkilməsinə başladı, onun xərci ABŞ-ın hərbi büdcəsi hesabına ödənilirdi. Sədd çəkilib qurtarmadı, ancaq vəzifədən getməzdən əvvəl Tramp Texas ştatında iftixarla onu müşahidə etdi və üstündə özünün kəmər kimi uzanan avtoqrafını qoydu.



Tramp Obamanın prezidentliyi dövründə İran və Kuba ilə normal münasibətlərin bərpa edilməsi üzərindən də qalın xətt çəkdi. İrana ağır sanksiyalar qoyuldu, Kubanın əvvəlki blokadası daha sərt şəkildə davam etdirildi.

ABŞ-ın Şimali Koreya ilə əlaqələrini Trampın müəllifi olduğu detektiv roman adlandırmaq olar. O, koreyalı lider Kim Çen Ina özünün güclü təsir göstərəcəyi imkanlarını şişirdir və buna inanırdı. İki lider arasında iki dəfə görüş keçirildi. Tramp tələb etdi ki, Şimali Koreya nüvə sınaqlarına son qoysun, yalnız bundan sonra tətbiq edilən sanksiyaların götürülməsinə və ya yumşaldılmasına baxıla bilər. Kim Çen In isə ABŞ-ın Səddam Hüseynin və Müəəmmər Qəddafinin başına gətirdiklərindən hali olduğundan, bu təklifi qəbul etmədi və bəyan etdi ki, yalnız sanksiyalar götürüldükdən sonra ölkəsi nüvə silahı proqramında dəyişiklik edə bilər. Beləliklə, Trampın çoxsaylı cəhdləri kimi bu da bir sıfır nəticə ilə əlamətdar oldu.

Trampın ikinci seçki marafonu isə biabırçılıqlarla müşahidə olundu. O, ikinci müddətə prezident seçilməyə can atırdı və rəqibi Cozef Baydeni zəif rəqib hesab edib, onu "sleepy Joe" - "yuxulu Co" adlandırırdı. O, kampaniyasının uğuruna şübhə etmirdi, ancaq son mərhələdə uduzmaq təhlükəsini hiss edib, bir gündə beş ştata uçmaqla adamlara təsirini gücləndirmək istədi. Lakin artıq gec idi. Çünki onun fəaliyyəti, ciddi məsələlərə yüngül münasibəti, xüsusən koronavirus təhlükəsinə istehza ilə yanaşması onun taleyinə hökmən zərbə vurmalı idi. Çünki Birləşmiş Ştatlar COVİD-19-a yoluxanların sayına görə dünyada birinci yeri tutur və ölkədə həmin xəstəlikdən artıq 400 min adam ölmüşdür.

Tramp vidalaşanda bir cəhəti qeyd etdi ki, onun dövründə ABŞ heç kəslə müharibəyə başlamamışdır və bu, həqiqətdir. Əvvəlki prezidentlər olan ata Buşun, Klintonun, oğul Buşun, Obamanın dövrlərində İraqla, Yuqoslaviya ilə müharibə aparılmış, Bağdad işğal olunmuş, Liviyaya hərbi müdaxilə edilmişdi. Tramp isə isti müharibə əvəzinə hibrid müharibələrə, soyuq müharibəyə geniş vüsət vermişdi.

Tramp 3 noyabr 2020-ci il seçkilərinin nəticələri ilə 3 aya yaxın idi ki, barışmaq istəmir və cürbəcür səbəblər uydururdu. Guya onun qələbəsi oğurlanmışdır. O, ştatların məhkəmələrinə 61 iddia ilə müraciət etmiş, onlardan 60-ı onun iddiaların ırədd etmiş, yalnız biri kiçik bir nahiyədə səslərin yenidən sayılması qərarını vermişdi. Özününkü saydığı Ali Məhkəmə də (Ali Məhkəmə üzvlərinin üçdə ikisi Trampın tərəfdarı idi) onun iddiasını aşağı məhkəmələr kimi rədd etmişdi. Sonra o, ümidini elektorlara bağlamışdı. Onlar da öz rəylərini bildirdilər ki, Bayden 306, Tramp isə 232 səs almışdır. Kimsə elektorların ümumi səsverməyə uyğun olmaması fikrini irəli sürsə, yenə indiki vəziyyət bu rəyin də xeyir vermədiyini göstərəcəkdir. Çünki Bayden Trampdan 6 milyon artıq seçici səsi almışdır. Bəziləri Trampın 75 milyon səs aldığını onun böyük xidmətinin nəticəsi kimi göstərməyə cəhd edirsə, bunun da elə bir təsir qüvvəsi yoxdur. Bu adamlar sadəcə ABŞ-dakı prezident seçkilərinin tarixinə yaxşı bələd deyildirlər, çünki prezident seçilənlə onun rəqibi arasında, adətən, səslərin sayında elə böyük fərq olmur. Hətta Con Kennedi 1960-cı ildə prezident seçiləndə rəqibi Riçard Niksondan cüzi səslə irəlidə idi. Oğul Corc Buşun isə 2000-ci il seçkisində Al Qor üzərində qələbəsi yalnız məhkəmənin qərarı ilə təsdiq olunmuşdu. Buna cavab olaraq Al Qor demişdi ki, məhkəmənin qərarındantamamilə narazıdır, lakin dövlətinin nüfuzu xatirinə onunla razılaşmalı olmuşdur. Hillari Klinton isə 2016-cı il seçkilərində Trampdan 3 milyon artıq səs toplasa da, rəqibinin elektorların sayındakı üstünlüyünə görə seçkini uduzmuşdu. Elektorlar isə öz istəyinə görə deyil, ştatda səslərin yarıdan çoxunu qazanmış namizədin lehinə səs verməlidir. Və bəzən nadir hallarda çox kiçik istisnalar baş verir. ABŞ seçki sistemi prezidentin seçilməsində ştatın rolunu artırmaq üçün məhz elektorlar institutunu yaratmış və indiyədək sistemin fəaliyyətinə elə bir inamsızlıq halı müşahidə olunmamışdır.

Trapmı indiki seçkidə elektorların qərarı pərt etmişdi, bu vaxt ümidini Konqresin iki Palatasında bu qərarın təsdiq edilməyəcəyinə bağlamışdı. Əslində isə Konqresin bu barədəki rəyi yalnız formal xarakter daşıyır. Buna baxmayaraq, o, 6 yanvarda tərəfdarlarına müraciət etdi ki, Kapitoliyə yürüş edib, bizim oğurlanmış səsləri bərpa edin. Sonradan "daxili terrorçular" adlanan kütlə qiyam şəklində Kapitoliyə hücum etdi, pəncərə şüşələrini və qapıları sındırdılar. Sonradan məlum oldu ki, onlara hətta vitse-prezident, Senata sədrlik edən Mayk Pensi girov götürmək tapşırığı verilibmiş. Əgər konqresmenlər və senatorlar vaxtında binadan zirzəmiyə aparılmasaydı, daha dəhşətli hadisələr baş verə bilərdi. Parlamentdəki demokratların hamısının və bir sıra respublikaçıların rəyi belə oldu ki, Tramp adamları qiyam qaldırmağa təhrik etmiş, ABŞ-ın müqəddəs demokratiya məbədinə, əslində, hücumun təşkilatçısı kimi çıxış etmişdir. O, riyakarlığa əl atıb, Kapitoliyə hücum edənlərin demokratlar olduğunu iddia edirdi. Respublikaçı senator ona bu fikrin səhv olduğunu bildirdi və qeyd etdi ki, onlar sizin tərəfdarlarınız - MAGA-nın (bu ad Trampın " Make America great again!" - "Amerikanı yenidən böyük edək" şüarından götürülmüşdü) üzvləri idi, onları mən yaxşı tanıyıram. Tramp bundan sonra özünü müdafiə üçün hansı fırıldaqlara əl atsa da, Kapitoliyə hücum çağırışı ilə özünü biabır etməklə yanaşı, onu məsuliyyətə cəlb etmək cəhdi, yəqin ki, əsaslı dəlillərə malik olacaq və mustanq boynuna sarılmış lassodan canını qurtara bilməyəcəkdir.

1814-cü ilin avqustunda ingilis qoşunları Vaşinqtonu tutanda, hələ tikintisi başa çatmamış Kapitolini və Ağ Evi yandırmışdılar. Şəhəri və həmin binaları yalnız tufan xilas etdi. Çox güclü tufan ingilis toplarını göyə qaldırıb yerə çırpırdı, əslində, tornadoya bənzəyirdi. İngilislər qorxuya düşüb ABŞ paytaxtını tərk etməli oldular, güclü yağış yanğınları da söndürdü. Bu dəfə isə tornadonu seçkidə məğlub olan Tramp özü qaldırmışdı və əgər milli qvardiya işə qarışmasaydı, Kapitoli 1814-cü ildəki taleyini yenidən yaşaya bilərdi.

Belə bir rəy vardır ki, qu quşu ölməzdən qabaq gözəl səslə oxuyur və bu, "qu nəğməsi" adlanır. Tramp da siyasi fəaliyyətinin sonunda bir qədər saxta səslə də olsa, həmin quşları təkrar etmək istəyir. O, öz ambisiyalarından əl çəkmək istəmir, respublikaçılar partiyasına da inanmır, axı heç vaxt özü əsl respublikaçı olmamışdır, yalnız seçkilərə bu adla qatılmışdı.

Ağ Evlə vidalaşmağı o, özünün siyasi ölümünə bərabər hesab edir, baxmayaraq ki, hətta "Vətənpərvərlər" adında yeni partiya yaratmaq fikrindədir. Bu, olduqca çətin və həm də əslində, müşkül məsələdir. ABŞ Linkoln dövründən iki partiyalılığı qəbul etmişdir. Baxmayaraq ki, ölkədə çox sayda cılız partiyalar da mövcuddur.

Tramp özünü buzqıran gəmi hesab etsə də, ABŞ demokratiyasının aysberqlərinə gücü çatmayacaqdır, çünki ABŞ Konstitusiyasına, siyasi qaydalarına hörmətsizlik etmişdir. Son 152 ildə ilk dəfədir ki, eks-prezident yeni prezidentin inauqurasiyasında iştirak etmir. Bunun yeni prezidentə elə bir təsiri olmayacaqdır, bumeranq qayıdıb, özündən çox razı olan, məğlubiyyətini etiraf etməyi bacarmayan Donald Trampa xətər toxundura bilər. 4 il ərzində və son 3 ayda etdiyi və "qırmızı xətti" keçmək kimi xarakterizə olunan hərəkətləri onu hələ çox sayda cəza tədbirləri ilə üzləşdirə bilər.

Vaxtilə öyündüyü hərəkətlər indi onun özünə qarşı çevrilmişdir. O, faydalı olub-olmamasına əhəmiyyət vermədən əvvəlki prezidentin düzgün hesab edilən fərmanlarının üstündən xətt çəkməsi ilə qürrələnirdi. Bəzən onlara hansısa bir alternativ də təklif edə bilmirdi. Dövlət işi uşaq şıltaqlığının girovuna çevrilmişdi. Yeni prezident də elə ilk fərmanları ilə Trampın əllaməliklərini ləğv etdi - ABŞ yenidən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvlüyünə, iqlim barədə Paris razılaşmasına qayıtdı, bir sıra müsəlman ölkələrindən ABŞ-a gəlməyə qoyulmuş qadağa ləğv edildi.

Tramp ölkəni çox sayda yazdığı tvitlərlə idarə edirdi. Bu qəribə iş forması da başında çatladı, 6 yanvar hadisələrindən sonra onun yazılarının ölkəyə təhlükə törədəcəyini nəzrə alaraq Tvitter, Feysbuk və digər rəqəmsal kampaniyalar sosial şəbəkələrdə görünməsinə qadağa qoydu. Ümumiyyətlə, Trampın prezidentlikdən getməsi eybəcərliklər nümayişinə çevrildi, səfehliklərin apogeyi rolunu oynadı və bunlar Amerikanın da nüfuzuna xeyli zərbə vurdu. Demokratiyanın bastionu sayılan ölkə onun karikaturasını nümayiş etdirdi. Trampın bu "irsi" heç vaxt yaddan çıxmayacaqdır.

 





23.01.2021    çap et  çap et