525.Az

Altmış yaşın zirvəsində - Yubiley yazısı


 

Altmış yaşın zirvəsində - <b style="color:red">Yubiley yazısı </b>

Yeni bir gün başlayır, insanın qəlbində yeni bir ümid, təzə bir arzu baş qaldırır. Bu ruh yaradıcı adamlarda daha çox özünü büruzə verir. Sözü, kəlməsi, fikirləri, düşüncələri ilə insanın qəlbində taxt qurmaq bacarığını uca Tanrı hər yoldan ötənə, hər bəndəsinə nəsib etmir.

Tanrının bu mərhəmətini ömrü boyu həyatının mənasına çevirən, ana dilimizin keşikçilərindən biri olan, ürəyəyatımlı, həzin, musiqi kimi könül oxşayan publisistikası ilə seçilən, milli jurnalistika məktəbimizin layiqli davamçısı, yurd həsrəti çöhrəsinə söz kimi yazılan dostum Elşən Əliyev haqqında düşüncələrim həmişə nikbinlikdən, təzə-tər bir ruhdan başlayır.

Onu mətbuat aləmində, həmyerliləri arsında yaxşı tanıyırlar. Həyat dəfələrlə sübut edib ki, istedadlı adamlar çoxsadə, təvazökar, mehriban, yanımcıl, etibarlı, səmimi və dəyərli olurlar. "Vətən səsi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elşən Əliyev maraqlı, həm də yaddaqalan bir ömür yolu keçib.

Qibləmiz, məbədimiz hesab etdiyimiz, qoynunda boy atdığımız Ağdamda gənclik illərindən bir-birimizi tanımışıq, bir yerdə işləmişik, dostluğumuz yaranıb. Elşən məndən yaşca balaca olsa da, həmişə onun məsləhətinə böyük ehtiyac duymuşam. Zənnimcə, qırx ilin dostluğu zamanın sınağından alnıaçıq çıxıb; həmişə aramızda bir pərdə olub, bir-birimizdən incisək də, onu büruzə verməmişik. İlahinin bu gününə çox şükür ki, dostluğumuza çat düşməyib.

Seyidli kəndindən başlanan yol onun taleyinə, qismətinə işıq salıb, təzadların şimşək kimi cövlan etdiyi zəmanə onun sözə etibarına, ehtiramına, sözə vurğunluğuna, hər kəlməsinin sanbalına, çəkisinə təsir edə bilməyib. Mənim düşüncəmə görə, belə ilahi keyfiyyətin qarşısında dayana bilmək hər kişiyə nəsib olmur. Bu ancaq uca Yaradan tərəfindən seçilmişlərə nəsib olur. Dostum Elşən Əliyev məhz belə seçilmişlərdən biridir.

Elşən Ağdamda uzun illər ticarət sahəsində çalışan, xeyirxahlığı ilə tanınan Əli kişinin ocağında dünyaya göz açıb. Ailənin tək övladı olub. Adətən, evin tək övladları ərköyün, dəymədüşər, təkəbbürlü olurlar. Elşən bunun tam əksidir: mehriban, ünsiyyətcil, kövrək...

Uşaqlıqdan ədəbiyyata, musiqiyə, rəssamlığa meyl göstərib. Musiqi məktəbinin tar sinfini bitirib, hətta məşhur "Qarabağ bülbülləri" ansamblının üzvü olub. Amma peşə seçimində jurnalistikanın üzərində dayanıb. Hələ məktəbli ikən rayon qəzetində yazıları dərc edilib.

Orta məktəbi bitirəndən sonra bir il Ağdam Mədəniyyət evinin nəzdindəki Bədii emalatxanada rəssam işləyib. Rənglər dünyasında belə arzusuna çatmaq üçün çalışıb, qəbul imtahanlarına hazırlaşıb və Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olub. Burada, söz sənətinin sirlərinə yiyələnib.

İndi, maşallah, incə ruhlu musiqi lətafəti ilə sözlərlə rəsm çəkir, sözün çalarlarları ilə mükəmməl tablolar yaradır. Bunlar, Elşənin qələmində daha dolğun, daha fərqli, daha düşündürücüdür.

Ağdamda demək olar ki, on ildən çox qoşa addımladıq. Əvvəlcə mətbəədə, sonra isə "Leni yolu" rayon qəzetində birgə işlədik. Elşən gənc yaşında həmin qəzetdə məsul katib vəzifəsinə irəli çəkildi, eyni zamanda, redaksiya-mətbəə ilk partiya təşkilatının katibi kimi fəaliyyət göstərdi. Gənc yaşında yüksək mənsəbə çatmaq da hər adama müyəssər olmur. Onu da deyim ki, Elşən məsul katib təyin ediləndən sonra qəzetin tərtibatı tamamilə dəyişdi, müasirləşdi, mövzu rəngarəngliyi yarandı. Redaksiya kollektivinə yeni əhval-ruhiyyə gəldi.

... Xatirələr çoxdur, yalan olmasın, onlardan bir dastan bağlamaq olar. Bir neçəsini yada salaq.

1990-cı il yanvrın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusu Bakı şəhərində dinc insanlara qarşı qətliam törədərək yüzlərlə adamın,  o cümlədən, qadınların, gənclərin, uşaqların  həyatına son qoydu. Paytaxtla bütün rabitə əlaqələri kəsilmişdi. Radio, televiziya susurdu. Xalq, xüsusilə də, bölgələrdə yaşayan əhali Bakıda baş verən qırğından xəbərsiz idi.



Ağdamın ən çətin günlərində bir yerdə olduğumuz  Elşən Əliyev, mərhum dostumuz Surxay Əlibəyli və bu sətirlərin müəllifi qərara aldıq ki, bir qəzet buraxaq və əhaliyə məlumat çatdıraq. Etiraf edim ki, jurnalist fəaliyyətimizdə ən ağrılı günləri yaşadıq və göz yaşları içərisində "Ağdam" adlı qəzeti çap edərək yaydıq. Həmin qəzet rayondakı hərbi komendantın da əlinə keçmişdi. İkinci nömrəni çap edəndə eşitdik ki, hərbi komendant əli silahlı əsgərlərlə mətbəəyə gəlir. Qəzeti yandırdıq. Cəmi bir neçə nüsxə gizlədə bildik. Elşən o vaxt kommunist olsa da, heç nədən çəkinmədi, cəsarət və vətənpərvərlik göstərdi.

... Ötən il oktyabrın əvvəllərində Elşənlə Ağdama, Quzanlı qəsəbəsinə getdik. Vətən müharibəsinin şiddətli vaxtı idi. Ermənistan ordusu Quzanlını və ətraf kəndləri dayanmadan atəşə tuturdu. Biz mərmilərin kişnədiyi bir məqamda burada yaşayan adamlarla, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla, polis işçiləri ilə görüşdük. Hamıda yüksək əhval-ruhiyyə gördük, adamlar mərmi yağışına baxmayaraq, ordumuzun arxasında mərdliklə dayanmışdılar. Ağdamlılar Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında haqq-ədalət savaşına qalxmışdılar.

Təxminən saat 4 radələrində adamlarla söhbət etdiyimiz yerin lap yaxınlığına ermənilərin atdığı top mərmisi düşdü. Mərmi qəlpələrindən biri Elşənin düz ayağının yanından şütüyüb keçmişdi. Əslində, orada qanımız tökülsəydi, heç uf da deməzdik. Nədən ki, oğulların qanı torpağa halaldır. Çox şükür ki, bu haqlı savaş qələbə ilə başa çatdı.

Elşən, el arasında deyildiyi kimi, kölgə salan insandır. Gücü çatan qədər, imkanı daxilində əl tutar, köməyə çatar. İnanın ki, kölgəsində yer olsaydı, gün altında qalan bəziləri orada mütləq daldalanardı...

Dostum eyni zamanda, böyük bir ailənin üstünə kölgə salır. Evin, ailənin umud yeridir, övladlarının yolunda şam kimi yanır, onların yoluna işıq saçır. Gözəl, səmimi, halal, gözütox bir ailənin başçısıdır. Həm də nəvə sevincini yaşayır, nəvələri ətəyini dartışdırır, babalarının dizi üstündə bəxtəvərliklə gülüb-sevinirlər.

Elşən elə bir yol keçib ki, valideynləri üçün ləyaqətli, diqqətli bir övlad olub. Rəhmətlik anası Sənubər müəllim rayonda tanınan pedaqoqlardan idi. Dil-ədəbiyyat müəllimi kimi minlərlə şagirdə ana dilimizi, ədəbiyyatımızı sevdirib. Atası Əli əmi uzun ömür yaşadı. Həyatının son illərində ağır xəstəlik keçirirdi. Xəstə insana qulluq çox çətin olur. Bəzən adam bundan bezir. Ancaq Elşənin övladları, xüsusilə, həyat yoldaşı Raya xanım bu kişinin gecə-gündüz qulluğunda dayandılar. Qoymadılar ki, evin ağsaqqalı əziyyət çəksin.Yasını da şərafətlə keçirdilər...

Elşənin yaradıcılığı çoxşaxəlidir: uzun illlərdir qəzet redaktoru  işləməklə yanaşı, publisitika yaradıcılığı, tərcüməçilik və naşirliklə də məşğul olur. Öz imzasına hörmət qoyan, sayılıb-seçilən jurnalistdir. Hətta bir müddət ali məktəbdə dərs deyib, gənc jurnalistlərə mətbuatın dil və üslub xüsusiyyətlərini öyrətməyə çalışıb. Bu gün Azərbaycan mətbuatında özünü onun yetirməsi sayan jurnalistlər az deyil...

Dostum Elşənin xarakteri belədir: vicdan təmizliyi, ideallıq, yüksək mədəniyyət, bütöv mənəviyyat, saflıq, əqidəlilik, insanpərvərlik, prinsipiallıq, obyektivlik və geniş təfəkkür... İnsan üçün ən böyük sərvət elə budur.

Acılı-şirinli bir ömür sahibisən, qardaş! 60 yaşın mübarək olsun! Bu yaş müdrikliyin, mənəviyyatın zirvəsidir. Bu zirvəni fəth etdiyin üçün, bu zirvədən qürurla baxdığın üçün sənin sevincinə heç nə çata bilməz!

Çox güman ki, yubileyini işğaldan azad edilən Ağdamda, Seyidli kəndində, Kötəlin qırağında, ata-baba yurdunda qeyd edəcəyik.

 





24.01.2021    çap et  çap et