525.Az

Mən ayağa qalxacam - Şeir


 

Mən ayağa qalxacam - <b style="color:red">Şeir </b>

MƏN AYAĞA QALXACAM

Barat VÜSAL



Əriməli, yanmalı pərvanələr şam üçün,
Bu sözlər qanun olsun gərək hər adam üçün,
Dizinizə döyməyin, qan verən yaram üçün,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!

Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər saatım olsun!
Vətənin qarşısında bu əsgər andım olsun,
Mən ayağa qalxacam,
yarama torpaq tökün! 

Bəsdi deyib-ağladım, yoxdu bir kəsim deyə,
Qoymaram borclu qalıb ruhum tələssin göyə?
Anamın göz yaşları bir yolluq kəssin deyə,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!

Bu səs əsgər səsidi, ürəkdən gəlir, bilin!
Yatmış baxtım, iqbalım, oyanıb gülür, bilin.
Qoy o qız da durmasın, elə boynu bükülü,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!

Qan itirə-itirə elə bil qan tapmışam,
Allahdan nazil olan Quran, iman tapmışam.
Bütün dərdləri yenən təzə dərman tapmışam,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!

NƏ DİNDİRƏR?

Nadir RZALI



"Mən ayağa qalxacam,
yarama torpaq tökün"
(Barat Vüsal)

Yarana qurban gedim, yaran mənim yaramdı,
Neçə yüz ildir, xalqın viranlığı davamdı,
Orda can verənlərin hamısı öz lələmdi,
Sənin, mənim yaramı torpaq sağaldar, qardaş,
Gözü ağlar ananın yarasın nə dindirər?

Hürr deyib bağıranda batırmasam ağını,
Orda deyib-güləndə incitsəm Kirs dağını,
Gəzəndə o yerlərin biz solunu-sağını
Təskinlik tapa billik, Vətən sağaldar, qardaş,
Dağlı Ağrı dağının acısın nə dindirər?

Min tikə, bir bədənik, parça-parça olmuşuq,
Bu gün Qarabağ deyib xeyli toxtaxlamışıq,
Seyr edəndə Ağdamı uçqundan yaş tökmüşük,
Çox şükür ki, Şuşaya, Laçına hayım yetir,
Yaralı Xan Arazın qübarın nə dindirər?

 





24.01.2021    çap et  çap et