525.Az

Mənim Qarabağım və ya Qarabağ düyünü - Birinci hissə


 

Mənim Qarabağım və ya Qarabağ düyünü - <b style="color:red">Birinci hissə </b>

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib.

Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

Giriş

Gözəl Qarabağ Azərbaycan və Ermənistan, azərbaycanlı və ermənilər arasında gərginliyə, qarşıdurma meydanına, düşmənçiliyin alovlanmasına və savaşlara səbəb oldu. Bu necə oldu? Niyə belə oldu? Nə durur bu məsələnin kökündə? Çıxılmaz vəziyyət, açılmayan düyün necə əmələ gəldi? Düyünü necə açmaq olar? Bu və bənzər suallar, həmçinin, 2020-ci ilin payızında baş verən 2-ci Qarabağ savaşı ətrafında düşüncələr məni bu yazı üzərində işləməyə çağırdı. Azərbaycan və erməni xalqları, Azərbaycan və Ermənistan arasında münasibətlər tarixi, xüsusilə son dövrdə baş verənlər, mənim öz müşahidələrim, başıma gələnlər, Azərbaycan və erməni xalqlarının həyatı və qayğıları barədə Azərbaycan və erməni ədəbiyyatı və mətbuatında yazılanlar, indiki vəziyyətdə nə etməli, gələcəyimiz necə ola bilər suallarına cavab axtarışı - bütün bunların oxucuya maraqlı ola biləcəyi iddiasındayam. Birinci növbədə azərbaycanlı və erməni oxucularına müraciət edirəm - xüsusilə, ermənilərə. Belə söhbətə ehtiyac olduğunu düşünürəm...

Mən azərbaycanlıyam. Mən qafqazlıyam, Qafqazı pis tanımıram. Azərbaycan türklərindənəm, Gürcüstanda doğulmuşam. Uşaqlığım və məktəb illərim Gürcüstanda keçib. Valideynlərim Gürcüstanda yaşayıblar. İndi tez-tez Gürcüstana gedirəm - evimizə, Tbilisiyə, Gürcüstanın digər yerlərinə, universitetlərə... Gürcü dostlarım var, böyük məmnuniyyətlə görüşürük, daimi əlaqə saxlayırıq. Şimali Qafqazda, Dağıstanda, Çeçen-İnquşda, Kabardin-Balkarda, Krasnodar və Stavropolda olmuşam, gəzmişəm, dincəlmişəm. Ermənistanı, erməni xalqını tanıyıram. 40 ilə yaxın hər yay, Ermənistan ərazisindəki dağlarda ailəmlə çadır (dəyə) qurub yaşamışam. Erməni elm və sənət dünyası ilə tanışam. Qafqaz xalqlarının gözəl qonşuluq, əməkdaşlıq, dostluq şəraiti olan dinc Qafqaz evində yaşamasını istəyirəm. Bu, bir zamanlar sanki vardı... Araya nifaq düşdü, xalqlar bir-birinə dəydi. Erməni-Azərbaycanlı davası közərdi, alışdı, alovlandı, bədbəxtlik gətirdi.

Mən azərbaycanlıyam. Hər azərbaycanlının öz Qarabağnaməsi var. Harada doğulduğundan, peşəsindən, cinsindən asılı olmadan hər azərbaycanlının bir Qarabağ sevgisi və bir Qarabağ ağrısı var. Qarabağ Azərbaycan mədəniyyətində və Azərbaycan tarixində xüsusi yer tutur. Qarabağ mövzusu, Dağlıq Qarabağ problemi ermənilərin həyatında da böyük rol oynayır.

Bu yazını Qarabağın Azərbaycan üçün nə olduğunu, Azərbaycan təbiətində, Azərbaycanın musiqi, ədəbiyyat, mədəniyyət, sənət dünyasında nə yer tutduğunu anlatmaqla başlayıram. Qarabağa, Şuşaya gedə bilməməyim və uzun illər Ermənistan ərazisindəki dağlarda keçirdiyim günləri xatırlamaqla davam edirəm. Ermənilər və azərbaycanlılar bir-birini necə tanımışlar, necə yola getmişlər, qonşuluqda necə yaşamışlar - bunu Azərbaycan və erməni ədəbiyyatının dediklərinə və öz müşahidələrimə söykənərək anlamağa, təhlil etməyə çalışmışam. Çar dövründə erməni mətbuatının Azərbaycan türkləri haqqında yazdıqlarına baş vurmuşam. Erməni əsilli sənətkarların Azərbaycanla necə bağlı olduqlarını yada salmışam.
Əksər halda dostluğu, sevgini tərənnüm edən ədəbiyyat və mətbuatla yanaşı, bəzi araqızışdırıcı yazıların varlığına da fikir vermişəm.

Xalqlararası münaqişələrin, demək olar ki, hamısı tarixi miflərin yaradılması, tarixdə baş verənlərin şişirdilməsi, bir millətin seçilmiş, üstün olması iddiaları ilə bağlıdır. Tarix digər xalqları günahlandırmaq, arada düşmənçilik toxumu əkmək üçün istifadə edilir. Tarixin təhlükəli olduğunu yada salan tarix fəlsəfəsinə baş vurmuşam, çünki istər-istəməz tarixə qayıtmaq, onun heç də bizə aşılanan şəkildə olmadığını görmək lazımdır. Qafqaz və Azərbaycan tarixi haqqında, dövlətçilik barədə çox qısa, eskizvari söhbət açıram. Erməni tarixi və tarixçiliyinə, Alban tarixi ətrafındakı dumanlığa baxmağa çalışmışam. Daha yaxın tarixə, Rusiyanın Qafqaza gəlməsinə, Azərbaycan xanlıqları və ermənilər məsələsinə, köçlər və etnik cürbəcürlüyə nəzər salmadan bugünü yaxşı anlamaq olmur.

Tarixin qanlı səhifələrini yada salmağa məcburuq, bu səhifələr bizi qızışdıra bilir, düşmənçiliyi şiddətləndirə bilir, amma nə üçün belə oldu, belə olmaya bilərdimi kimi həyati vacib suallar da yaradır, bizi düşünməyə, ehtiyatlı olmağa da çağırır. "Erməni məsələsi", 1905-1906-cı illər erməni-müsəlman davası, erməni və azərbaycanlıların müstəqil dövlət qurma cəhdləri, bu yolda qarşı-qarşıya gəlmələri, ərazi davası və qırğınların, terrorun baş alıb getməsi, təəssüf ki, tariximizdə iz salıb, o iz ilə gedib düşüncələrə dalmışam.

Erməni tarixi və siyasəti barədə söhbət açarkən ermənilərin özünə müraciət etməyi qərara aldım, azərbaycanlı və ya türk müəlliflərini deyil, əsasən erməni şair və yazıçılarını, müxtəlif siyasi baxışları olan erməni siyasət və dövlət adamlarını danışdırdım. Bütövlük üçün, mənzərəni geniş görmək üçün doğru yol göstərən, sülhə çağıran, gələcəyi düşünənlərlə yanaşı, tarixi yaddaşı əldə bayraq tutub savaşa çağıranları da təqdim etdim.

Dağlıq Qarabağın Sovet dövrü, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, 1-ci Qarabağ savaşı, savaş sonrası həyat və siyasət, bəzi erməni dövlət adamları və ziyalılarının hərb və sülh düşüncələrinə yer verdim. Erməni-Azərbaycanlı münaqişəsi ətrafında gördüyüm bir neçə iş, keçirdiyim görüşləri də unutmadım. 2-ci Qarabağ savaşının baş vermə səbəbləri, ağrılı Qarabağ düyününün açılması, sülh yaranma ehtimalının yüksəlməsi kimi məsələləri şərh etdim. Nəhayət, bu yazını nə etməliyik, yolumuz hayanadır, dayanıqlı sülhü necə əldə edək, necə qoruyaq, dinc-yanaşı yaşamaq üçün azərbaycanlı və ermənilər nə etsələr yaxşıdır kimi suallara cavab axtarmaqla, yaxın, dinc, xoş gələcək arzusu ilə başa çatdırıram.

Nəğmələr gülüstanı

Qarabağdan uzaqda, Gürcüstanda, bir kənddə doğulub böyüyən uşaq kimi mən Qarabağı necə tanıdım?
Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bu misraları dillər əzbəridir:

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi.

Burada Qarabağın dağlar diyarı və böyük musiqi məkanı olduğu vurğulanır, məşhur Qarabağ şikəstəsi və onun bənzərsiz ifaçısı Xan Şuşinski vəsf olunur. Mənim Qarabağımda bu misraların xüsusi yeri olub (Deyilənə görə, S.Vurğun bir gün küçədə Xan Şuşuinski ilə görüşəndə "Xan, səni də tarixə yazdım" deyir. Xanın başa düşmədiyini görən şair ona bu misraları oxuyur).

Dəqiq tarixi yaxşı məlum olmayan, 20-ci əsrin birinci yarısında yaranmış və xalq mahnısı kimi geniş tanınmış "Şuşanın dağları" mahnısı isə birbaşa böyük Xan Şuşinskinin adı ilə bağlıdır. Bu mahnı Şuşanın "dağlarını, bağlarını, qızlar oylağını", həmçinin, İsa bulağını, axşamlarını yada salır. "Segah" ladında yazılmış bəstə Xanındır, mümkündür ki, sözlər də onundur:

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

Nəqarat:

Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.

Bu mahnını oxumayan xanəndə tapmaq çətindir. Əbülfət Əliyev, Yaqub Məmmədov, Vəli Məmmədov və Arif Babayevin ifalarından həzz almışam.

"Qarabağ şikəstəsi" və "Şuşanın dağları"ndan sonra uşaq vaxtı dinlədiyim "Qarabağın maralı" mahnısı kəndimizdə çox sevilirdi. Şövkət xanım Ələkbərova və Sara xanım Qədimovanın ifasında eşitdiyim bu mahnını bəzən "Azərbaycan maralı" adlandırırdılar.

Turşsu olsun yaylağımız
Gözəl Şuşa oylağımız
Sən olaydın qonağımız
Qarabağın maralı.

Çıxaq Qırxqız yaylağına
Ceyran-cüyür oylağına
Enək İsa bulağına
Qarabağın maralı...

Beləliklə, xəyalən Turşsu, Şuşa, Şuşanın dağları, Qırxqız yaylağı və İsa bulağı və oralarda gəzən gözəl Qarabağlı qız - Qarabağın maralı ilə tanış oldum, o yerlərin qonağı oldum, Cıdır düzündə gəzdim.
Səsimdə bir məlahət olmasa da, mahnı oxumağı, zümzümə etməyi çox sevirdim, indi də beləyəm. Xoşuma gələn, orta məktəbdə oxuduğum mahnılardan biri də Əşrəf Abbasovun bəstələdiyi və Mobil Əhmədovun gözəl ifa etdiyi "Qarabağın qızları" adlı sadə mahnı idi.

El bilir ki, gözəldir
Qarabağın qızları
Od salır ürəklərə
Hər baxanda gözləri

Gülə bənzər üzləri
Şirin olur sözləri
Nə gözəldir, nə qəşəngdir
Qarabağın qızları...

Bakıda ali məktəbdə təhsil alarkən Qarabağla bağlı eşitdiyim bir populyar musiqi Cahangir Cahangirovun bəstələdiyi və "Cənnətim Qarabağ" adı ilə tanınmış mahnı idi. Bu mahnı Şövkət xanım və Sara xanımla yanaşı, Flora xanım Kərimova və digər müğənnilərin ifasında səsləndi.

Cənnətim Qarabağ
Zinətim Qarabağ
Nəğmələr gülüstanısan
Sevgi dastanısan.

Gözəl Şuşa
Bir tamaşa
Yay günləri sərin...

Və bir qədər sonra xoşuma gələn daha bir Qarabağ mahnısı meydana çıxdı. Bəhram Nəsibovun bəstələdiyi və "Anadır arzulara hər zaman Qarabağ" misrası ilə anılan bu mahnı görkəmli Qarabağ xanəndəsi Arif Babayevin ifasında yadda qaldı.

Bu çəmənlərdə gəzib
Vaqifin şux gözəli
Ruhunu burdan alıb
Natəvanın qəzəli
Anadır arzulara hər zaman Qarabağ
Danışan dil-dodağım tar-kaman
Qarabağ
Qarabağ, can Qarabağ, ana yurdum.

Şuşa oxuyur

Populyar mahnılar, əlbəttə, bəlli məkanın, gözəlliyin, sevginin tərənnümündə əvəzsizdir, onlar ürəyimizinin telləri ilə oynayır. Musiqi kimi universal dil varmı?! Qarabağın torpağı, suyu və havasının tərkibini təşkil edən əsas maddə musiqidir! Qarabağ oxuyur! Qarabağlılar oxuyur! Qarabağlı xanəndələri saymaq, hətta tanınmışların adını çəkmək uzun işdir. Görkəmli rus şairi Sergey Yesenin Şərqə, Şiraza getmək istəyini belə əsaslandırmışdı: "Nedarom musulğmane qovorət: esli on ne poet, znaçit on ne iz Şuşu, esli on ne pişet, znaçit on ne iz Şiraza" ("Müsəlmanlar əbəs yerə demirlər: əgər o oxumursa, deməli, o, şuşalı deyil, əgər o, yazmırsa, deməli, o, şirazlı deyil").

Məktəb illərində musiqi və teatr tarixi ilə çox maraqlanırdım, bu barədə əlimə keçən ədəbiyyatı oxuyur, əlimə keçməyənləri əldə etməyə çalışır, Azərbaycan radiosu - o nəhəng mədəniyyət ocağından gen-bol bəhrələnirdim. Azərbaycan muğamını formalaşdıran məşhur xanəndələrdən Hacı Hüsünün (1839-1898) səsini və böyük tarzən, Azərbaycan tarının islahatçısı, Azərbaycan muğamının inkişafına böyük töhfə vermiş Sadıqcanın (1846-1902) sənətini dinləyə bilməsək də (onların fəal olduğu illər səsin yazıya alınmasından əvvəlki dövrə aiddir), onlar haqqında gözəl xatirələr qalmışdır. Xoşbəxtlikdən böyük Cabbar Qaryağdıoğlunun (1861-1944), onun bəzi müasirlərinin - müxtəlif dillərdə muğam oxuyan, Bülbülcan adı ilə əzizlənən Əbdülbağı Zülalov (1841-1927), Məşədi İsi (?-1905), Keçəçioğlu Məmməd (1864-1940), Məşədi Məmməd Fərzəliyev (1872-1962), Zabul-segahı çox gözəl oxuduğuna görə Zabul Qasım adı ilə tanınan Qasım Abdullayev (1873-1927), Məcid Behbudov (1873-1945), "Segah" muğamını gözəl oxuduğuna görə Segah İslam adı ilə tanınan İslam Abdullayev (1876-1964), Zülfü Adıgözəlov (1898-1963) kimi xanəndələrin səsləri yazıya alınmışdır, məclislərdə onların sehrinə düşənlərlə yanaşı, sonrakı nəsillər də, içində biz olmaqla, onların sənətini duya bilmişik.

İlk dərslərini məşhur tarzən Sadıqcandan alan qarabağlı Qurban Pirimov (1880-1965) özü də məşhur tarzən oldu. Şuşalı Məşədi Cəmil Əmirov (1875-1928) tarzən və bəstəkar kimi tanındı. Seyid Şuşinski (1889-1965), Bülbül (1897-1961), Xan Şüşinski (1901-1979) - bu adlar nələr söyləyir! Xan Şuşinski Qarabağlı Pənahəli xanın nəslindəndir (Pənahəli xandan sonra 5-ci nəslin nümayəndəsidir). Bu görkəmli xanəndələr hamısı qarabağlıdır, daha dəqiq desək, şuşalıdır! Sonrakı nəsil Şuşa xanəndələri sırasında Əbülfət Əliyev (1926-1990) seçilirdi. Qarabağlı xanəndələrin sayı-hesabı bilinmir, Qarabağda doğulmuş və bu gün fəaliyyətdə olan, musiqi sənətimizi zənginləşdirən çoxsaylı görkəmli xanəndə və ifaçılar öz canlı konsertləri ilə, radio və televiziyada çıxışları ilə, indi həm də internet vasitəsilə milyonlarla insana zövq verirlər.

Şuşa musiqi məktəbinin yaradıcısı, görkəmli xanəndələrin yetişməsində böyük rol oynamış Xarrat Qulu (1823-1883) və musiqişünas, müəllim, geniş bilik və bacarıq sahibi olan Mir Möhsün Nəvvab (1833-1918) xüsusi qeyd olunmalı şəxslərdir. Mir Möhsün Nəvvab Hacı Hüsü ilə birlikdə xanəndə yetişdirən, xanəndə təkmilləşdirmə məktəbi sayılan musiqi məclisi yaratmışdı. O, "Məclisi-Fəramuşan" adlı şairlər məclisinə də başçılıq edirdi.

Adlarını çəkdiyimiz bu böyüklər ya Şuşa şəhərində, ya onun yaxınlığında doğulmuşlar, Şuşa mühitində yetişmişlər. Bir xalqın mədəniyyətinə bir şəhər nə qədər töhfə verə bilər?! Şuşa öz musiqili mədəni mühiti ilə Qafqazın və xüsusilə Azərbaycanın əsas mədəni mərkəzlərindən biri olub; onu Azərbaycan mədəniyyətinin beşiyi adlandırırlar. Bu baxımdan Şuşa ilə müqayisə oluna bilən ikinci şəhər göstərmək çətindir. Azərbaycanlılar üçün Şuşa nədir? Almanlar üçün Vyana, italiyalılar üçün Milan, ya Florensiya, ruslar üçün Sankt-Peterburq, yaponlar üçün Kyoto, israillilər və fələstinlilər üçün Yerusəlim (Qüds, Jerusalem) necə əzizsə, azərbaycanlılar üçün Şuşa elə əzizdir. Şuşa mühiti dünyaya dahi bəstəkar, yazıçı və publisist, pedaqoq, musiqi nəzəriyyəçisi və musiqi təşkilatçısı Üzeyir Hacıbəyovu (1885-1948) bəxş etdi. Şuşa musiqi və teatr həyatında böyümüş Üzeyir bəy Azərbaycan polifonik musiqisini - muğamı Avropa polifonizmi ilə sintez etdi, Azərbaycan bəstəkarlıq məktəbinə yol açdı. Şuşalılar - Üzeyir bəyin bəstəkar qardaşı Zülfüqar Hacıbəyov (1884-1950), bəstəkar Soltan Hacıbəyov (1919-1974), aktyor və rejissor Şəmsi Bədəlbəyli (1911-1987), opera solisti Sürəyya Qacar (1910-1992), aktrisa Barat Şəkinskaya (1914-1999), aktyor və rejissor Mehdi Məmmədov (1918-1985), bəstəkarlar Zakir Bağırov (1916-1996), Əşrəf Abbasov (1920-1992), Süleyman Ələsgərov (1924-2000) və b. bəstəkarlıq və teatr sənətinin inkişafında Üzeyir bəyi izlədilər.         

Qarabağdan güc alanlar

Dağlıq Qarabağ öz ətrafı - Aran Qarabağ və Dağətəyi Qarabağla birlikdə vahid sosial-iqtisadi məkan əmələ gətirir, bunlar bir-biri ilə sıx surətdə bağlıdır, aqrar və sosial sahə, təhsil və mədəniyyət üzrə bir-birini tamamlayan, bir-birini gücləndirən bölgələrdir. Məsələn, Ağdam və Şuşa çox işlərdə yanaşı olmuşlar, bir-birinə dayaq olmuş, bir-birilə yarışmışlar. Şuşalı elm adamları arasında botanik alim Validə Tutayuk (1914-1990) yada düşür. Ağdam Azərbaycana neçə-neçə istedadlı elm və sənət adamı bəxş etmişdir: yazıçı Süleyman Sani Axundov (1875-1939), kristalloqraf alim Xudu Məmmədov (1927-1988), qeyri-səlis sistemlər və idarəetmə üzrə mütəxəssis, professor Rafiq Əliyev (1942), Bakıda anadan olmuş, lakin atası Ağdamdan olan, uşaqkən Qarabağda muğam öyrənən xanəndə Sara Qədimova (1922-2005), xanəndələr Arif Babayev (1938), Qədir Rüstəmov (1935-2011), Səxavət Məmmədov (1953-1991), Mənsum İbrahimov (1960), tarzən Ramiz Quliyev (1947)... Görkəmli Qarabağ xanəndələri arasında Füzuli rayonunda doğulmuş İslam Rzayevi (1934-2008) və ağcabədili Yaqub Məmmədovu (1930-2002) da yada salmaq lazımdır; tanınmış filoloq və diplomat, professor Vilayət Quliyev (1952) də Ağcabədidə doğulmuşdur. Dağlıq Qarabağ ətrafı bölgələrdə yetişmiş görkəmli insanları saymaq kimi çətin işi öhdəmə götürmürəm.

Kökü Qarabağdan olub başqa yerdə doğulan məşhurlar da az deyil. Şuşalı bəstəkar Zülfüqar Hacıbəyovun (1884-1950) Tiflisdə doğulan oğlu, bəstəkar və dirijor Niyazi (1912-1984), şuşalı tanınmış pedaqoq Bədəl bəy Bədəlbəylinin ailəsində Bakıda doğulan bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli (1907-1976), şuşalı xanəndə Məcid Behbudovun oğlu, Tiflisdə doğulan Rəşid Behbudov (1915-1989), şuşalı Məşədi Cəmil Əmirovun ailəsində, Gəncədə dünyaya göz açan bəstəkar Fikrət Əmirov (1922-1984), şuşalı xanəndə Zülfü Adıgözəlovun oğlu, Bakıda doğulan bəstəkar Vasif Adıgözəlov (1935-2006), şuşalı Bülbülün oğlu, Bakıda doğulan bəstəkar və müğənni (və diplomat) Polad Bülbüloğlu (1945) kimi tanınmış bəstəkar, xanəndə və müğənniləri də Şuşa musiqi məktəbinin nümayəndəsi saymaq olar. Musiqi ilə bağlı olmayan məşhurlar arasında da əsli Şuşadan və Qarabağdan olanlar var. Buna misal olaraq Şuşadan Lənkərana köçmüş ailədə, Lənkəranda doğulmuş general Səməd bəy Mehmandarovun (1855-1931) adını çəkmək olar.

Qarabağ: sənət, canlı aləm, məktəb

Qarabağ deyəndə hər şeydən əvvəl, təbii olaraq, musiqi yada düşür. Qarabağlılar ədəbiyyat, elm və təhsil, memarlıq və teatr, aqrar təsərrüfat və sənaye, hərbi iş kimi sahələrə də qiymətli töhfə vermişlər. Qarabağ tarixi və Qarabağ həyatı gözəl, incə sənət növləri, flora və fauna gözəlliyi, öyrənməyə, biliyə can atan insanları ilə seçilmişdir. 18-ci əsrin ikinci yarısında Şuşada inkişaf etmiş xalçatoxuma işi Qarabağın dağ və aran bölgələrinə də yayıldı. Çoxçeşidli Qarabağ xalçaları parlaq rənglərinə və özünəxas naxışlarına görə tanınır. Xalçaçı rəssam və xalçaşünas Lətif Kərimov (1906-1991) Şuşada xalça toxumaqla tanınmış bir nəslin nümayəndəsidir.

Qarabağın təbiət gözəlliyindən ürəkdolusu söhbət açmaq təbiidir. Şuşa ətrafında rast gəlinən və qırmızı kitaba düşən "Xarı bülbül" adlı çoxillik bitki gül üzərinə qonmuş bülbülü xatırladır. Ofris bitki qrupuna (ophrus mammosa) aid edilən bu nadir gül Şuşanın, Qarabağın rəmzi sayılır. Xarı bülbül gülü bülbül və gül arasındakı məhəbbət əfsanəsinin də rəmzidir. Qarabağ adını tanıdan Qarabağ atları fenomenini unutmaq günah olardı. Şərqin ən yaxşı at növlərindən biri olan Qarabağ atlarını çəkinmədən dünya şöhrətli deyə tərif etmək olar. Pənahəli xan vaxtından üzü bəri Qarabağda atçılıq inkişaf etmişdir. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan xanım Qarabağ atlarının yetişdirilməsi və tanıdılması işi ilə xüsusi məşğul olmuşdur. Qarabağ atları dünya sərgilərində qızıl daxil olmaqla medallar və fəxri fərmanlara layiq görülmüşdür. Qarabağ atları, onların xüsusiyyətləri, istifadəsi və şöhrəti haqqında Avropa, Asiya və Rusiyada diplomatlar, səyyahlar, şair və yazıçılar, o cümlədən, Lermontov, Puşkin, M.F.Axundov, L.Tolstoy, Qurban Səid söhbət açmışlar. "Slovo "Karabax" v Rossii vızıvalo vovse ne qeoqrafiçeskoe predctavlenie, a obraz neobıknovenno krasivoqo i porodistoqo skakuna" "Qarabağ" sözü Rusiyada heç də coğrafi təsəvvür deyil, qeyri-adi gözəl və bərk qaçan cins at obrazı yaradırdı". SSRİ dövründə Ağdam atçılıq zavodu Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olmuşdur.

Qafqaz Rusiyanın hakimiyyəti altına keçdikdən sonra Rusiya hökumətinin yürütdüyü təhsil siyasəti və yerli xalqın maddi köməyilə yeni tipli məktəblər açılmağa başlandı. Şuşa Qafqazın təhsil mərkəzlərindən biri idi. Azərbaycan ərazisində ilk qəza (uyezd) məktəbi 30 dekabr 1830-cu ildə Şuşada açılıb; sonrakı 3 ildə ardıcıl olaraq Nuxa, Bakı və Gəncədə qəza məktəbləri açıldı. Azərbaycan ərazisində ilk müsəlman məktəbləri 1849-cu ildə Gəncə, Şuşa, Şamaxı və Bakıda açıldı (Tiflisdə şiə məktəbi 1847-də, sünni məktəbi isə 1848-ci ildə açılmışdı). Zaqafqaziyada qəza məktəbləri əsasında yaradılan ilk 6 illik şəhər məktəbi də Şuşada fəaliyyətə başladı (1874). İlk dəfə Kazanda yaradılan (1871) rus-tatar məktəbi ideyası Rusiya müsəlmanları arasında şöhrət qazandı: Bakıdan sonra Şuşada rus-tatar məktəbi açıldı (1893). Şuşada realnı məktəb və qız məktəbi də fəaliyyət göstərirdi.

 





25.01.2021    çap et  çap et