525.Az

Uyğurların soyqırımının tanınması


 

Uyğurların soyqırımının tanınması<b style="color:red"></b>

Çinin müsəlman uyğurlara qarşı apardığı etnik təmizləmə və sərt repressiya siyasətinin ABŞ tərəfindən soyqırım kimi tanına biləcəyi ilə bağlı ötən yazılardan birində bəhs etmişdik.

Sabiq dövlət katibi Mayk Pompeo səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış Çinin uyğurlara qarşı dövlət səviyyəsində soyqırım həyata keçirdiyini bəyan etdi. Mayk Pompeonun Dövlət Departamentinin saytında yer alan açıqlamasında hakim Kommunist Partiyasının uyğurları məhv etmək üçün sistemli şəkildə soyqırım apardığı vurğulanır. Pekin Vaşinqtonun bu addımını ABŞ-ın Çinin daxili işlərinə müdaxilə kimi dəyərləndirərək Pompeo başda olmaqla 28 nəfərə qarşı sanksiya tətbiq edib. Çinin sanksiya tətbiq etdiyi şəxslər arasında Pompeo başqa Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri Con Bolton və Robert O'Brayen, sabiq Səhiyyə naziri Aleks Azar, Ticarət Palatasının rəhbəri Piter Navarronun da adları var. Pekinin bu addımı başadüşüləndir. Çünki Pekin ABŞ-ın ardınca başqa dövlətlərin də eyni addımı atacağından ehtiyatlanır. Uyğurların soyqırıma məruz qaldığını tanıya biləcək ölkələrin önündə Avstraliya və Yaponiya gəlir. Bu ölkələrlə yanaşı, Kanada, Yeni Zelendiya, Haiti, Honduras, İslandiya, Polşa, İrlandiya, Böyük Britaniya, eləcə də Baltikyanı respublikalar da uyğur soyqırımını tanıya bilər. Çox böyük ehtimalla, bu ölkələr ABŞ-ın yeni administarsiyasının nə addım atacağını gözləyəcək. Co Bayden hökumətinin geri addım atacağını gözləmək yanlış olar. Əksinə, Ağ evin yeni sahibi tədricən Çinin uyğurların soyqırımına görə ittiham olunmasına çalışacaq. Məsələ ondan ibarətdir ki, Qərbdə Çinin getdikcə böyük təhlükəyə çevrilməsinin fərqindədirlər. Hər kəs anlayır ki, indi dayandırılmasa, bir neçə ildən sonra Pekinin iddialarının qarşısını almaq ümumiyyətlə, qeyri-mümkün olacaq.

ABŞ və Qərb ölkələri Çini uyğurların soyqırımına görə ittiham etdiyi halda, müsəlman ölkələri susmağa, bəzi hallarda isə Pekinin istəyinə uyğun hərəkət etməyə çalışırlar. Müsəlman aləminin dini-siyasi liderliyinə iddia edən Səudiyyə Ərəbistanı və İran uyğurların soyqırımına görə Çinə etiraz etmk əvəzinə, Pekinlə iqtisadi münasibətlərini gücləndirirlər. Hazırda Səudiyyə Ərəbistanı və İranın əsas hədəfi Çinə daha çox neft satmaqdır. İslam dünyasının qüdrətli ölkələri olan Pakistan və Türkiyə də uyğurlarla bağlı məsələdə məsafə saxlamağa çalışır. Bir neçə il əvvəl Türkiyə rəsmiləri Çini uyğurlara qarşı aparılan repressiya siyasətinə görə sərt tənqid edirdilər. Ancaq son illər bu münasibət dəyişib. Hindistanla qarşıdurmada olan Pakistan Çinlə münasibətlərini korlamaq istəmir və buna görə uyğurların soyqırımına göz yummaq məcburiyyətində qalır. Pakistanın Çindən maliyyə asılılığı da var ki, bu da İslamabadın əl-qolunu tamamilə bağlayır. Ümumiyyətlə, İslam aləmində həmrəylik mövcud deyil. Amma dövlət rəsmilərindən fərqli olaraq nüfuzlu islam alimləri Çinin uyğurlara qarşı soyqırımını qınaya bilərlər. Məlumatlara görə, yaxın zamanlarda müsəlman aləminin bir neçə nüfuzlu dini lideri Çini ittiham edən fətva ilə çıxış edəcək.

ABŞ-ın uyğurların soyqırımını tanınması bu xalqın Qərb ölkələrindəki diasporunun işinə yaraya bilər. ABŞ-ın soyqırımı faktını tanınmasından sonra diaspor Çinə qarşı hüquqi müstəvidə dava açmaq imkanı qazanmış olar.

Bütövlükdə isə ABŞ-ın uyğurların soyqırımını tanıması dünyada yeni geosiyasi vəziyyət yaradır ki, tədricən bütün ölkələr bu prosesə qoşulmalı olacaqlar.

 





24.01.2021    çap et  çap et