525.Az

“Distant təhsilin nə hüquqi, nə də tədris üsulu üçün qanunvericilik bazası hazırlanıb”- Kamran Əsədov


 

“Distant təhsilin nə hüquqi, nə də tədris üsulu üçün qanunvericilik bazası hazırlanıb”- <b style="color:red">Kamran Əsədov</b>

Dünyanı cənginə alan COVİD-19 epidemiyası, demək olar, bütün fəaliyyət sahələrinə ciddi şəkildə mənfi təsir göstərdi, sözün əsl mənasında, onlayn yaşamağı öyrətdi. Artıq alış-verişdən tutmuş təhsil almağa qədər hər şeyi onlayn sistemlə həyata keçiririk. Ancaq amansız virusun ən çox təsir etdiyi sahə təhsil sahəsi oldu. Bildiyiniz kimi, pandemiya dövrünün başlaması ilə bütün ali və orta təhsil müəssisələri onlayn təhsil sisteminə keçid etdi. Tədrisin real təhsildən geri qalmaması və uğurlu nəticələr verməsi üçün bütün təhsil müəssisələri əlindən gələn hər şeyi edir. Lakin danılmaz bir faktdır ki, onlayn təhsil Azərbaycan təhsil sistemində bir çox boşluqları üzə çıxararaq narazılıqlara səbəb oldu.

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı "525"ə açıqlamasında distant təhsilin müqayisəli götürəndə orta tədris müəssisələrində nisbətən daha uğurlu nəticələr verdiyini bildirib:
 
"Məlumdur ki, 2020-ci ilin mart ayından etibarən pandemiyaya görə ölkədə tədris prosesinin formatı dəyişdi. Bu da gözlənilən addım idi. Çünki təhsil öz ətrafında 2 milyondan çox insanı birləşdirir və bu qədər insanın birlikdə hərəkət etməsi virusa yoluxanların sayına kəskin formada təsir göstərə bilərdi. Bütün dünya ölkələrində olduğu kimi, biz də bu prosesə hazır deyildik. 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda təhsil alma formalarından biri kimi distant təhsilin də nəzərdə tutulmasına baxmayaraq, 11 il ərzində distant təhsilin nə hüquqi bazası, nə də tədris üsul və vasitələri üçün qanunvericilik bazası hazırlanıb. Diqqətlə baxsaq, görərik ki, bu prosesə orta təhsil müəssisələri daha tez adaptasiya ola bildi. Birincisi, ona görə ki, Azərbaycanda elektron resurslar baxımından orta təhsil müəssisələrinin materialları daha çoxdur. Yəni hazırlıq kursları və repetitorların hazırladıqları materiallar saytlarda, sosial şəbəkələrdə və Yutubda mövcuddur. Ali təhsil müəssisələrində isə bununla bağlı ciddi problemlər yarandı. Əhatə dairəsinə görə onlayn təhsil ali məktəblərlə müqayisədə orta təhsil müəssisələrində daha uğurlu nəticə verdi. Bu gün bizim 4447 orta tməktəbimizdə 1.6 milyon şagird təhsil alır. Düzdür, onların heç də hamısının tam formada dərslərə qoşulmaq üçün kompüteri, planşeti, telefonu və interneti yoxdur. Amma Təhsil Nazirliyi onlar üçün alternativ təhsilalma formatları tədbiq edib. Hər gün televiziya vasitəsi ilə teledərs layihəsi həyata keçirilir. Kiminsə dərslərə qoşulmaq üçün bayaq qeyd etdiyim imkanları yoxdursa, teledərsləri izləyə bilər. Eyni zamanda, onlar virtual məktəb layihəsinin vasitəsilə dərs prosesinin iştirakçısına çevrilirlər. Ancaq ali təhsil müəssisələrində bu problem daha qabarıq şəkildə hiss olundu. Çünki bir sıra ali təhsil ixtisasları var ki, onların onlayn formada tədrisi mümkün deyildi. Düzdür, ali təhsil müəssisələrində təhsil alan tələbələrin elektron alətləri daha çox idi. Etiraf edək ki, bu gün bütün orta məktəb şagirdlərinin mobil telefonu yoxdur, amma tələbələrin dərsə qoşulmaq üçün mobil telefonları və kompüterləri var. Dəqiq rəqəmlər üzrə desək, bu gün 1.6 milyon şagirdimizin 1 milyon 300 mini onlayn platformadan qeydiyyatdan keçib. Hər gün ən azı bir milyon nəfəri dərslərdə iştirak edir. Ali təhsil müəssisələrində isə vəziyyət bir az fərqlidir. Müəyyən ixtisaslar üzrə təhsil alan tələbələr var ki, onlar dərslərə tam şəkildə qoşula bilmirlər".

Ekspert distant təhsilin postpandemiya dövründə də davam edəcəyini vurğulayıb:
 
"Pandemiya dövrü başa çatdıqdan sonra da onlayn təhsil davam edəcək. Ona görə ki, bir çox qiymətləndirmə alətləri artıq hazırlanıb. Pandemiya dövründə yeni format olaraq öyrəndik ki, alətlərin vasitəsilə dərslərin keçirilməsi mümkündür. Ona görə də postpandemiya dövründə təhsilin tamamilə ənənəvi qaydada olacağını düşünməyək. Pandemiya dövrü başa çatdıqdan sonra da onlayn dərslər davam edəcək. Artıq distant təhsillə bağlı qanun layihəsi hazırlanır".

Aytac ASLAN

 





26.01.2021    çap et  çap et