525.Az

Rəyasət Heyətinin növbəti iclası keçirilib


 

Rəyasət Heyətinin növbəti iclası keçirilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

525.az xəbər verir ki, sonra Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev “Metalların korroziyası və ondan mühafizə yolları” mövzusunda elmi məruzə edib.

Məruzəçi öncə metalların insan həyatında, fəaliyyətin bütün sahələrindəki əhəmiyyəti, metalların mexaniki dağılması, eroziya və korroziya prosesləri haqqında ətraflı məlumat verib. Alim korroziya prosesinin çox ziyanverici olduğunu, metal avadanlıqların sıradan çıxmasının istehsalata əhəmiyyətli dərəcədə təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, korroziya prosesi il ərzində dünya iqtisadiyyatına təxminən 150-200 milyard dollar dəyərində ziyan vurur.

Nümayiş etdirilən slayd vasitəsilə korroziya prosesinin getmə şəraiti, formaları, mexanizmi müfəssəl şəkildə izah olunub. Korroziya ilə mübarizə üsullarından bəhs edən tədqiqatçı bildirib ki, təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkələrində bu problemlə bağlı tədqiqatlar aparılmış, araşdırmalar bu gün də davam etdirilməkdədir. Vurğulanıb ki, hazırda korroziya ilə mübarizədə inhibitor mühafizə digər üsullara nisbətən daha əlverişlidir və bu üsuldan istifadə zamanı mövcud texnoloji sistemdə heç bir dəyişiklik aparmağa ehtiyac yoxdur. İnhibitor mühafizə üsulunda korroziya cəhətdən aqressiv mühitə inhibitor təsirinə malik olan maddənin və ya birləşmənin əlavə edilməsi kifayət edir ki, bu ziyanlı prosesin sürəti əhəmiyyətli dərəcədə azalsın və ya tam dayansın. Korroziya prosesinə təsir edən mühit, hava, rütubət və başqa amillərin regional xarakter daşıdığını diqqətə çatdıran alim bu problemin həlli istiqamətində yeni-yeni tədqiqat və təcrübələrə ehtiyac olduğunu bildirib.

Daha sonra AMEA Naxçıvan Bölməsində elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, bəzi dissertasiya mövzularının adında qismən dəyişiklik edilməsi haqqında, eləcə də gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.

 





26.01.2021    çap et  çap et