525.Az

"“Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir"


 

"“Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir"<b style="color:red"></b>

“Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”.

525.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır:

“Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.

Davos Ümumdünya İqtisadi Forumunda iştirakı zamanı 10-larla şirkətlə görüşlərinin olduğunu deyən Azərbaycan Prezidenti bildirib ki, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir:

“Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir".

“Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək”.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib.

“Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev deyib ki, buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik: “Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar atmalıyıq. Hər zaman öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməsin.

Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır”.

“Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Füzuli Hava Limanının inşası başlayıb. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik”.

O qeyd edib ki, bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir:
 
“Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin. Mən ümid edirəm ki, siz bütün bu vəzifələri şərəflə yerinə yetirəcəksiniz”.

“Ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb. Azərbaycan özünü dünyada ləyaqətli, güclü, məsuliyyətli ölkə kimi göstərmişdir. Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərib”.

Prezident bildirib ki, biz döyüş meydanında, mülki sahədə qələbə qazandıq:

“Çünki əgər güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək. Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə. Keçən il qeyri-neft sənayemiz 12,5 faiz artmışdır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı - bütün bu amillər öz rolunu oynayıb. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranmışdır və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Biz onlara da dəstək verməliyik. Onların xaricdəki fəaliyyətlərini dəstəkləməliyik və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi. Məhz onların təşəbbüsü ilə bu baş verdi və müvafiq sənəd də imzalandı”.

 





26.01.2021    çap et  çap et