525.Az

El ağsaqqalı Səlim Əzimovun yeni kitabı çap olunub


 

El ağsaqqalı Səlim Əzimovun yeni kitabı çap olunub<b style="color:red"></b>

Həyatda insanlar ağaclar kimidirlər, bir-birlərinə bənzəmirlər. Hər ağacın öz meyvəsi, hər ağacın öz barı olduğu kimi, hər insanın da öz həyatı, öz yolu, pis və yaxşı əməlləri olur.

Hərənin qəlbimizdə öz yeri, yaddaşımızda öz xatirəsi var. İnsan var ki, onu xatırlayanda ruhumuz nurlanır, üzümüz, gözlərimiz gülür, insan da var yadımıza düşəndə əhvalımız korlanır, onu ürəyimizdən, yaddaşımızdan silib atmağa çalışırıq. Xeyirxah insan kimi yadda qalmaq, mərhəmət sahibi kimi xatırlanmaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Bu, yalnız böyük ürəyi olanlara xasdır. Barəsində söhbət açacağım el ağsaqqalı Səlim Əzimov kimi insanlara.

Səlim Əzimov 31 dekabr 1924-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1945-49-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-51-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda əyani, 1952-55-ci illərdə Bakıda qiyabi təhsil alıb. Səlim müəllim 1951-ci ildə pedaqoji fəaliyyətə başlasa da, 1952-53-cü illərdə Ağdamda "Lenin yolu" qəzetində işləyib, 1954-cü ildən 2011-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirib. Böyük Vətən müharibəsi illərində arxa cəbhdəki fəaliyyətinə görə "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları alıb. Səlim Əzimov həm də "Media mükafatı", "Qızıl qələm" mükafatı laureatıdır.

Səlim müəllim təqaüdə çıxdıqdan sonra da ictimai fəaliyyətdən uzaqlaşmamış, gördüklərindən, yaşadıqlarından, nəsihət və tövsiyələrindən ibarət müxtəlif kitablar yazmışdır. Onun "Müəllim ömrü, "Kamillik zirvəsi", "Yurd yeri", "Həyat hekayələri", "Ömür deyir yaşa hələ", "Ağdama gedən yol", "Ömrün işığı", "Ömür keçir, gün keçir", "Xatirələrdə yaşanan ömür", "Əsrə bərabər ömür" kitabların hər biri gözəl bir epopeyadır. 

Onu tanıyanların xatirəsində əməkdar müəllim, el ağsaqqalı, müdrik insan kimi yaşayan Səlim Əzimovun həyatı bir məktəb olub desək, yəqin ki, yanılmarıq. Dostları onu müdrik, xeyirxah, mərhəmətli, təvazökar, gözütox, əməli saleh insan kimi xatırlayırlar. Ömrünün 56 ilini orta məktəb direktoru işləmiş Respublikanın əməkdar müəllimi Səlim Əzimovun həyat və əmək yolu "Sular durulacaq" kitabında geniş bəhs olunub. Kitabda görkəmli elm adamlarının, dövlətə, vətənə, dostlara, qohumlara sədaqətlə xidmət etmiş insanların fədakar əməyindən, Qarabağ hadisələrindən, milli-mənəvi dəyərlərimizdən, 1937-38-ci illərin repressiya qurbanlarından yazılır. Səlim müəllim ömrünün ixtiyar çağında "Sular durulacaq" kitabını çap etdirməklə çox lazımi, şərəfli bir iş görüb. Öz içindən gələn istək, sevgi ilə mənəvi borcundan çıxış edərək çalışıb ki, heç kim unudulmasın və buna, demək olar ki, Səlim müəllim layiqincə nail ola bilib. Bu kitab həm də keçmiş ilə indiki dövrün vəhdətindən, yeni bir-birini davamından yaranıb. Kitabı vərəqlədikcə Səlim Əzimovun mənəvi dünyasına heyran olursan. Kitabda maraqlı yazılar çoxdur. Böyük nüfuza malik professor Rafiq Əliyev, ictimai-siyasi dövlət xadimi Feyruz Mustafayev, öz peşəsinin vurğunu olan digər alimlər, müəllimlər, həkimlər haqqında maraqlı yazılar öz əksini tapıb. "Ustad sənətkar", "Dostalara məktub", "Əhsən sənə", "Müdrikliyin ölçü vahidi", "Müəllimlik zirvəsi", "Qaytar məni torpağıma", "Hikmətnamə", "Maraqlı məlumatlar" adlı publisitik məqalələrin hər biri ibrətamiz, hikmətli fikirlərlə zəngindir. 

Kitabda gənclərə həyatda özünü tapmaq, ədalətli olmaq, gözəl əməl sahibi olmaq, böyüyə, kiçiyə qayğı və mərhəmətlə yanaşmaq, hər zaman elm arxasınca düşmək kimi faydalı nəsihətlər verilir. O, təhsili inkişafın meyarı hesab edərək, onu hər şeydən üstün tutmuşdur. Onun fikrincə, təhsil-tərbiyə sistemi o qədər nizamlı və məqsədyönlü olmalıdır ki, bu mühitə düşən hər kəs hərtərəfli zənginləşə, inkişaf edə bilsin. Səlim müəllim bu kitab vasitəsilə yeni nəsli saflığa, düzgünlüyə, xeyirxahlığa və nəhayət, nikbinliyə səsləyir. "Nadanlıq biliyin yoxluğudur. Biliyin yoxdursa, heç nəyə nail ola bilməzsən", "Tənbəllik insanın əsas düşmənidir", "Təmiz ad qazanmaq igidin yaraşığıdır", "Çalış ehtiyacı olan səndən nəsə istəməmiş onun ehtiyacını ödəyəsən" yazan Səlim Əzimov hər zaman gənclərə həm sözdə, həm əməldə nümunə olmağa çalışmışdır.

Səlim müəllimin "Sular durulacaq" kitabında toxunduğu əsas mövzulardan biri də Vətən həsrətidir. Ağdamda doğulub boya-başa çatmış bir insan kimi torpaqlarımızın işğal altında olması onun qəlbini hər zaman göynədib. "Qarabağı -içini dərd çürüdən Vətən torpağını nə ATƏT, nə BMT deyil, Azərbaycan xalqının bir-birinə olan sevgisi xilas edəcək!" deyən Səlim Əzimov ümidiniz heç zaman üzməyib. Demək olar ki, bütün yazılarında torpaqlarımızın gec-tez işğaldan azad olunacağına bütün qəlbi ilə inandığını dilə gətirib: "Sular durulacaq, zülmət gecələr, çiskinli dərələr, dumanlı düzlər aydınlanacaq. Günlər keçəcək, aylar dəyişəcək, soyuq illər bir-birinə bənzəməyəcək. qarabağlıların məhəbbətinin göz yaşları hopacaq itirdikləri və bu gün tapdıqları müqəddəs torpaqlara. Bu torpaqlar bizim üçün müqəddəsdir, dəyişməzdir, əvəzsizdir. Doğulduğun yerdə torpağa, onun daşına, suyuna qovuşmaq nə böyük səadətdir! Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun gücü sayəsində Qarabağ yenə bizim olacaq, İnşallah!".

Təəssüf ki, "Sular durulacaq" kitabını "Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı... Ağdamda görüşmək arzusu ilə" cümləsi ilə bitirən Səlim müəllimə Azərbaycanın müzəffər Ordusunun Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarımızı düşmən tapdağından azad etdiyi günü görmək qismət olmadı. Əcəl bu sevinci yaşamaq üçün ona möhlət vermədi. Amma əminik ki, uzun illər Vətən həsrəti ilə yaşamış vətənpərvər bir insan kimi Səlim Əzimovun ruhu şaddır. Çünki Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır, bundan sonra o, doğma əllərdə çiçək açacaq.  

Nigar QULİYEVA

 





26.01.2021    çap et  çap et