525.Az

Özünü Vətənə fəda edən şəhid zabit - Anım


 

TABOR KOMANDİRİ MAYOR HACI RƏHİMOV: "HADRUTDA DALĞALANDIRDIĞIMIZ ÜÇRƏNGLİ BAYRAĞIMIZIN ÜZƏRİNDƏ BAŞ LEYTENANT SƏİD RƏŞİDZADƏNİN ADI YAZILIB"

Özünü Vətənə fəda edən şəhid zabit - <b style="color:red">Anım</b>

İkinci Qarabağ müharibəsi cəmiyyəti elə simalarla tanış etdi ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi keçiririk.

Onların döyüş yolu, göstərdiyi şücaət silahdaşlarının xatirələrində bizə əyan olur. Bu xatirələri eşitdikcə həm belə məğrur həmvətənlərinlə fəxr edirsən, həm də onların vaxtsız itkisi insanı çox kədərləndirir. Qarabağ uğrunda gedən döyüşlər hər iki hissi eyni anda yaşamağı bizə öyrətdi. Vətənin bütövlüyü naminə sevincimizin həddi-hüdudu olmadı. Lakin bir yandan da nakam talelər yaddaşımızda, Azərbaycan tarixində dərin, bir ömür unudulmayacaq izlər buraxdı.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşımıza həkk olan igidlərdən biri də baş leytenant Səid Rəşidzadə idi. Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əiyev adına Ali Hərbi məktəbdə ali təhsilə yiyələnib. O, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.

Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Şahidlərin dediyinə görə, Polad Həşimovun şəhid olması xəbəri Səid Rəşidzadəni bərk sarsıdıb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da. könüllü olaraq 2020-ci il sentyabrın 27-si döyüşlərə yollanıb. Təbii ki, hərb sahəsində neçə illər fəaliyyət göstərən Səid kimi vətənpərvər döyüşçü Azərbaycanın bu çətin günlərində baş verənlərə biganə qala bilməzdi...

Səid Rəşidzadənin silahdaşlarından biri - baş leytenant Ədalət Məmmədov Səidlə birlikdə keçdikləri döyüş yolu barədə xatirələrində danışır: "Mən Səidlə Beyləqanda tanış olmuşdum. İkimiz də ehtiyatda olan zabit idik. Beyləqanda təlimlər keçdikdən sonra cəbhəyə yollandıq. Mən dördüncü taborda, Səid isə üçüncü taborda xidmət edirdi. Səid çoxumuzdan təcrübəli idi. Çox qayğıkeş insan idi. Döyüşlərdən əvvəl də əsgərlərə qardaş kimi can yandırırdı. Həddindən artıq məsuliyyətli zabit idi. Biz onunla Füzulidən Cəbrayıl istiqamətinə yollandıq. Cəbrayılda Süleymanlı kəndindən keçib Hadrutun yüksəkliyinə getməli idik. Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüşə qatılmalı idik. Sözün açığı, uzun yol qət eləmək, susuzluq, döyüş şəraiti bizi taqətdən salmışdı. Hadruta yollananda dəfələrlə düşmən tərəfindən atəşə tutulsaq da, müdafiə olunub qarşı tərəfə lazımi cavabı verirdik. Biz həmin yerə çatıb bulaqdan su içəndə düşmən hərəkətə keçdi və orada bir neçə əsgər yaralandı, bəziləri şəhid oldu. Sağ qalan əsgərlər içində Səid də var idi. Həmin gecə hücuma keçdik. Meşənin üstünü düşməndən təmizləyib səhər Hadrut istiqamətində hücum etməli idik. Səhər açılan kimi komanda verildi və biz hərəkətə keçdik. Qızğın döyüşlərdən sonra Hadrutun yüksəkliyinə bayraq sancılmalı idi. Səid Beyləqandan bəri cibində bayraq gəzdirirdi ki, bu bayrağı yüksəkliyə özüm asacam. Səid bayrağı sancan vaxt mənfur düşmənin snayper atəşi nəticəsində şəhid oldu. Çox təəssüflənirik, Allah qəni-qəni rəhmət eləsin".

Səid Rəşidzadənin döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimov isə şəhid baş leytenantı belə xatırlayır: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən, demək olar ki, Səidlə bir yerdə olduq. Səid və onun dostları döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən insanlar idi. Səid heç nədən qorxmayan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun. Həmişə mənə deyirdi ki, "Komandir, Vətən sağ olsun, borcumuzdur. Borcumuzu yerinə yetiririk". Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirmək istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə bayrağa Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına biz torpaqlarımızı azad etdik. Allah Şəidə qəni-qəni rəhmət eləsin".

Səid Rəşidzadənin silahdaşları qeyd edirlər ki, qısa zamanda tanış olsalar da, şəhid baş leytenant onların yaddaşında yüksək kefiyyətlərə malik insan və zabit kimi qalıb. Səid Rəşidzadənin döyüş yoldaşı, müddətdən artıq xidmət edən Xalid Abdullayev onun barəsində öz xatirələrini bizimlə bölüşür: "Döyüşlərə qatıldığımız gündən bir yerdə olmuşuq. Səidlə sözümüz-söhbətimiz yaxşı tuturdu. Onun döyüşməyini sözlə ifadə eləmək qeyri-mümkündür. Çox ürəkli döyüşürdü. Şəxsən mən xidmət etdiyim müddətdə onun kimi ürəkli adam görməmişdim. İnanın, şəhid olub deyə demirəm, Allah şahiddir ki, Səid necə şövqlə döyüşürdü. O, səfərbərlikdən gəlmişdi, biz isə burada daimi idik. Amma Səid öz döyüşkənliyi ilə bizə də ruh  verirdi. Bu insanda qorxu deyilən hiss yox idi. Mən bir dəfə də olsun görmədim ki, o, irəli getməkdən çəkinsin. Səid şəhid olanda mən onun yanında idim. Çox ağır döyüşlərdən keçib həmin yüksəkliyə çatmışdıq. Onunla birlikdə Şuşaya, Kəlbəcərə getməklə bağlı xəyallar qururduq. Çox təəssüf ki, aramızdan tez ayrıldı. Allah Səidə rəhmət eləsin".



Səid Rəşidzadənin döyüş yoldaşlarının hər biri onu öz sıralarında görmədikləri üçün təəssüf hissi keçirirlər. O, özündə bütün yaxşı xüsusiyyətləri cəmləşdirən əsl vətənpərvər kimi silahdaşlarının yaddaşında qalıb. Ehtiyatda olan baş leytenant Raqif Baxışov onu belə xatırlayır: "Səid döyüşlərə könüllü qatılsa da, o, yüksək peşəkarlığa malik, hazırlıqlı zabit idi. Elə zabitlər az olur. Qısa müddət ərzində çox adam tərəfindən tanındı. Öz işinə aid oldu, ya olmadı, çalışırdı kömək etsin. Məsələn, Ağcabədidə silah-sursat paylanan zaman gedib sursat paylayanlara qoşulub köməklik edirdi. Qismətdən Elgün, Səid və mən bölünmə zamanı eyni tabora, eyni bölüyə düşdük. Hər tağımın komandiri birimiz olduq. Səid vətənpərvər gənc idi. O, həm də Aprel döyüşlərində iştirak etmişdi, buna görə də nələri etmək olar, nələri yox, çox gözəl bilirdi. Səidin nizam-intizamlı olması ilə bağlı bir şeyi deyim. Ağcabədidə olanda əsgərlərə demişdi ki, sabah hər kəs üzünü qırxsın. Çağırışçıların eləsi vardı ki, üzü tüklü gəlmişdi. Lakin Səid demişdi ki, biz hərbçiyik, forma geyinmişik və üzümüzü də qırxmalıyıq. Həqiqətən də, sabah özünün də üzü tərtəmiz idi. Özünə qarşı da tələbkar idi. Onun kimi oğullar həmişə seçiliblər. Təəssüf edirəm ki, zabit dostumuz sinəsində gəzdirdiyi bayrağı özü öz əli ilə həmin yüksəkliyə sanca bilmədi... Amma Səid özü bayrağı sanca bilməsə də, onun üstündə daşıdığı bayraq dostları tərəfindən aldığımız əraziyə sancıldı. İndi də çöhrəsi gözümün önündədir. Hadrut istiqamətində ərazini alıb düşmənin bayrağını endirərkən erməni snayperi tərəfindən vuruldu qəhrəmancasına şəhid oldu. Ruhu şad olsun".

Səid Rəşidzadənin gələcəklə bağlı çox arzuları, çox xəyalları vardı. O, həm bütün azad olunmuş torpaqları görmək istəyirdi, həm də geri qayıdıb işlərini davam etdirmək arzusunda idi. Ehtiyatda olan baş leytenant Elgün Kazımovun dedikləri: "Mənim Səidlə tanışlığım Ağcəbədidə oldu. Səid ünsiyyətcil insan idi. Hamı ilə münasibət qurmağı bacarırdı. Əslində, peşəkar zabit olduğunu bilmirdim. Bunu sonradan öyrəndim. Çox mehriban insan idi. Yaşının gənc olmasına baxmayaraq, seçilən kadrlardan idi".

2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Bir neçə gün sonra - yanvarın 28-də Səidin 31 yaşı tamam olur. Bu, yaxınlarının onsuz keçirdiyi ilk ad günü olacaq. Bu gün Səid Rəşidzadə bizim aramızda olmasa da, Səidin və onun timsalında bütün şəhid və qazilərin fədakarlığı gələcək nəsillərin həyat yolunda sönməz bir çıraq yandırıb.  İllər keçəcək, amma onların ruhu həmişə ehtiramla anılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!..

Nadir RZALI

 





26.01.2021    çap et  çap et