525.Az

Ömrə bərabər gün... - Zahid Şahsuvarovun səfər qeydləri


 

Ömrə bərabər gün... - <b style="color:red">Zahid Şahsuvarovun səfər qeydləri </b>

(Əvvəli ötən saylarımızda)

Üzü Təbrizə

Bir dəfə Neft Nazirliyi mənim çalışdığım şirkətə tenderdən kənar, "Qərb qazı" deyilən, altı yüz kilometr uzunluğu olan İraq-Suriya qaz kəmərinin inşası üçün bir layihə vermişdi. Bu layihəni bizimlə əməkdaşlıq edən Kiyev "Ukrqazproyekt" Layihə İnstitutu işləyirdi. Həmin institut layihəni tam hazırlayıb qurtarandan sonra öyrənilməsi və yoxlanılması üçün Neft Nazirliyinə göndərdi. Bu proses adətən belə olur. Neft Nazirliyi də öz növbəsində layihə ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq üçün "Ukrqazproyekt" Layihə İnstitutuna müntəzəm olaraq, məktublar göndərirdi. Bir müddətdən sonra həmin İnstitutun əməkdaşları, başda texnika elmlər doktoru Andreyeva familyalı bir qadın olmaqla, səkkiz nəfərdən ibarət nümayəndə heyəti hazırladıqları layihəni Neft Nazirliyində təsdiq etdirmək üçün Bağdada gəldi. Mən şirkətin İraqdakı nümayəndəsi olaraq, onları müşayiət edirdim. Birlikdə nazirliyə gəldik. Təbii ki, görüşümüzün vaxtı əvvəldən razılaşdırılmışdı. Bizi Neft Nazirliyinin birinci mərtəbəsində yerləşən iclas otaqlarının birinə dəvət etdilər. Bir az gözlədikdən sonra iclas otağına bir gənc qızla başı müsəlman adətilə örtülmüş bir qadın girdi. O, mənim əvvəllər tanıdığım Neft Nazirliyinin tabeliyində olan SKOP-un (Neft Proyektləri Şirkəti) əməkdaşı mühəndis Əmirə Rauf idi. Yanındakı gənc qız isə onun köməkçisi idi. Bizi salamlayandan sonra əyləşməyimizi xahiş etdi və üzünü mənə tutub, hansı dildə danışmağın bizə münasib olduğunu soruşdu. Mən də bunu nümayəndə heyətinin rəhbəri Andreyevadan soruşdum. O isə cavab verməmişdən əvvəl, məndən təəccüblə soruşdu:

- Bundan başqa daha heç kim olmayacaq? Görünür, iraqlı qadının xarici görünüşü Andreyevada inam yaratmırdı.

- Görünür, daha heç kim olmayacaq, - deyə cavab verdim.

- O, ingilis dilini bilirsə, texniki terminləri daha tez başa düşmək üçün ingilis dilində danışmağımız daha yaxşıdır, - deyə özləri ilə gətirdikləri tərcüməçiyə baxdı və: "Hazırsanmı?" - deyə soruşdu və əlindəki qovluğu qarşısındakı masanın üstünə qoyub əyləşdi. Andreyeva mənə onun yanında oturmağımı xahiş etdi. Tərcüməçidən başqa hər bir nümayəndə heyətinin üzvündə qalın qovluq var idi. Görünür, hərə öz sahəsinə aid bölməyə hazırlaşmışdı.

İclasa xanım Əmirə Rauf giriş verdi. Yenidən qonaqları ölkəsinə gəlmələri münasibətilə bir daha salamladı. Sonra hazırkı əlli dərəcəli istiyə işarə edərək: "Ölkəmiz sizi çox isti qarşılayır", - deyə zarafat edib gülümsəyərək, sözünə davam etdi və: "İraq hamının vətənidir!" - dedi. Düzü, xanım Əmirə Raufun bununla nə demək istədiyini mən və  həmkarlarım tam başa düşmədik. O, bir az ara verib: "Bismillah Əl-Rəhman Ər-Rəhim", - deyib layihənin müzakirəsinə sualla başladı:

- Biz sizə bir neçə ay bundan əvvəl bir məktub göndərmişdik. Həmin məktubda sizə yazmışdıq ki, təqdim etdiyiniz təklifdə altı yüz kilometrlik borunun qalınlığı tələb olunduğundan azdır və onun qalınlığın bir santimetr artırılmasını xahiş etmişdik. Siz də buna cavab olaraq aldığımız məktubda bizim xahişimizə müsbət cavab vermisiniz.

- Bəli, - deyə Andreyeva təsdiq etdi.

- Amma siz, - xanım Əmirə Rauf sözünə davam edərək, - nədənsə əvvəl təklif etdiyiniz qiymətdə heç bir dəyişiklik etməmisiniz, -  dedi.

- Bu, bilirsiniz ki, böyük məbləğdir. Milyonlardan ibarət bu məbləği siz bizə necə bağışlayırsınız, yoxsa unutmusunuz? Ona aydınlıq gətirməyinizi xahiş edirəm.

Andreyeva çaşıb qalmışdı, nə cavab verəcəyini bilmirdi. Bir az fikirləşib: "Düzü, buna indi cavab verməyə hazır deyiləm. Kiyevlə danışıb, cavab verərəm", - dedi və qarşısındakı kağıza qeyd etdi.

Xanım Əmirə Rauf razı oldu və başqa bir mövzuya keçdi. O da qarşısındakı vərəqə nəyinsə rəmzi olan bir işarə çəkib, sonra onu Andreyevaya göstərərək dedi: "Bu işarəni sizin təqdim etdiyiniz layihədən götürmüşəm. Deyə bilərsinizmi, bu, nə işarəsidir?"

Andreyeva ona baxıb: "Açar (güclü elektrik cərəyanını kəsən açar) işarəsidir", - dedi.

Əmirə Rauf: "Mən də elə bilirdim. Amma burada aydın olmayan bir şey var. Bu işarəyə aid olan açar, ya elektrik xətti keçən dirəkdə olur, ya da transformatorun yanında. Sizin layihədə isə bütün elektrik sistemi yerin altındadır və avtomatlaşdırılmış halda olmalıdır. Hər şey ilk nəzərdə qoyulan şərtlərə cavab verir, lakin diqqətlə baxdıqda açarın yerin altında olması anlaşılmazlıq yaradır. Bildiyiniz kimi, bunlar bir-birindən fərqli və başqa-başqa sistemlərdən ibarətdir. Buna yenidən baxmaq və layihənin elektrik bölməsində düzəliş etmək lazımdır. Mənimlə razısınızmı?" - deyə bizə müraciət etdi.

Aramızdakı nümayəndələrdən biri - layihənin elektrik bölməsinə cavab verən şəxs, qarşısındakı faylı sağa-sola vərəqləyərək, yavaş səslə Andreyevaya nə isə dedi. Andreyeva isə yenə kağıza qeyd edərək: "Kiyevlə dəqiqləşdirərəm", - dedi.

Xanım Əmirə Raufun verdiyi sualların, demək olar ki, əksəriyyəti cavabsız qalırdı və bu, onu yavaş-yavaş əsəbləşdirirdi. Onun verdiyi sualların cavabını özlərinin hazırladıqları fayllarda axtaranda, mənə müraciət edib, ərəbcə soruşdu:

- Bunlar nə axtarırlar belə? Bu layihəni onlar özləri hazırlamayıblar? Bilmirlər orda nə yazıblar?

Mən də onun dediklərini Andreyevaya tərcümə edəndə, hiss etdim ki, o, hardasa xəcalət çəkir, necə deyərlər, özünü itirmiş hiss edir.

Hər verilən sualı Andreyeva qeyd edəndə və "Kiyevlə dəqiqləşdirərəm" deyəndə, Əmirə Raufun get-gedə bizimlə söhbəti davam etməyə həvəsi qalmırdı. Nəhayət: "Mənim tezliklə hindlilərlə görüşüm başlayacaq", - dedi  və görüşü sabah davam etməmizi təklif etdi. Sonra bizimlə sağollaşıb iclas otağını tərk etdi. Biz isə  yaranmış vəziyyətin təsirindən çıxa bilmirdik. Hər kəs hələ oturduğu yerdə qalmışdı. Mən onları sakitləşdirib, daha burda qalmağın mənasız olduğunu dedim və ofisə qayıtmağımızı təklif etdim. Bütün yolboyu Andreyeva danışmadı. Nəsə dərin fikirdə idi. Sonra sükutu pozaraq: "Mən həmişə elə bilirdim ki, ərəb qadınları yalnız hərəmxanada olurlar. Heç vaxt düşünməzdim ki, onlardan biri bu gün məni öz analitik ağlıyla belə asanca küncə sıxacaq. Görünür, hərəmxanada elə biz özümüzük", - dedi.

Bu, bir tərəfdən məni kədərləndirirdi, bir tərəfdən də buna sevinirdim. Kədərlənirdim ona görə ki, biz layihəni hələ ki, təsdiq elətdirə bilmirdik. Ona görə sevinirdim ki, şərq qadını haqqında olan stereotip ən azından bir elmlər doktoru olan avropalı qadını da dəyişmişdi.

***

Biz Marağanı və Azərişəhri arxada qoymuşduq. Getdiyimiz 16 nömrəli yolun kənarında tez-tez  Təbrizə olan məsafəni göstərən lövhələr görürdüm. Axırıncı gördüyüm lövhədə "Təbriz - 60 km" yazılmışdı. Deməli, təxminən bir saatdan sonra, nəhayət, ömrüm boyu görmək arzusunda olduğum, şairlərimizin, yazıçılarımızın, ümumiyyətlə, hamımızın həsrətinə çevrilmiş Təbrizə çatmalıydıq. Mənim Təbrizlə ilk şifahi tanışlığım hələ lap uşaq yaşlarımda oxuduğum, yazıçı Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı ilə olmuşdu. Sonralar, böyüdükcə haqqında daha çox şeylər öyrənmişdim. Bir sözlə, Təbriz çoxdan mənim arzularımın şəhəri idi. Hətta mənə elə gəlirdi ki, mən bu şəhərdə çoxdan olmuşam. Yolboyu bu xəyallarla yaşayırdım. Yolun azalmasına baxmayaraq, elə bil, vaxt getmirdi. Bütün keçdiyimiz min kilometrlik yolu, mənə elə gəlirdi ki, bu qalan məsafədən daha tez keçmişdik. Bir sözlə, vaxt getmək bilmirdi. Təbrizə yaxınlaşdıqca, yol sanki daha da uzanırdı. Nəhayət, Firudin uzaqdakı gecə işıqlarını göstərərək:

- "Təbrizdir, çatırıq", - dedi.

Gecə saat 12-yə işləmişdi. Artıq şəhərə girmişdik. Bəzən geniş, bəzən də dar küçələrdən keçərək, şəhərin mərkəzinə doğru gedirdik. Mən isə qarşımıza çıxan hər şeyi nəzərimdən qaçırmamağa çalışırdım, hər şeyi yaddaşımda həkk eləmək istəyirdim. Yolboyu düzülmüş, çox da hündür olmayan binaların qədim olduğu görünürdü. Mən hələ heç bir şey anlaya bilmirdim. Fikirləşirdim ki, qarşıdakı üç gündə bütün Təbrizin başından vurub ayağından çıxacam.

- Hara gedək? - deyə Firudin məndən soruşdu.

- Yaxşı bir hotelə, - dedim

- Bir "Alquli" hoteli var, - dedi, - Gəl aparım ora.

- Hotelin adı "Alquli"dir? - deyə soruşdum.

- Bəli, - dedi

- O, nə addır? - deyə maraqlandım.

Firudin nəsə anlatmağa çalışsa da, yenə də  adəti üzrə onu başa düşə bilmədim.

- Sür gedək ora, - dedim.

Firudin məni gölün üstündə tikilmiş,  beşulduzlu bir hotelə gətirdi. Hotelin üstündəki "El gölü" hotel sözünü oxuyanda Firudinə gülməyim tutdu.

- Firudin, bu "Alquli" yox, "El gölü"dür.

Firudin çiyinlərini çəkdi, bir söz demədi. Sonra öyrəndim ki, hotel burda olan gölün adından götürülmüşdür. Bu göl əvvəllər - Şahın dövründə "Şah  gölü" adlanmış, şah üsul-idarəsi devriləndən sonra gölün adını dəyişib "El gölü" qoymuşlar.

Firudinə və özümə hoteldə yer aldıqdan sonra bir az foyedə oturduq. Ona minnətdarlıq etdim, verdiyim əziyyətə görə üzr istədim. O, məni bərk-bərk qucaqladı, türk dilində nə qədər yaxşı söz bilirdisə, hamısını birnəfəsə mənə söylədi. Sabah saat altıda geri qayıtmaq istədiyini dilə gətirdi. Mənə elə gəldi ki, bu az müddətdə öyrəşdiyim Firudinsiz nəsə çatışmayacaq burda. Təklif etdim ki, qalsın. Üzr istədi və mütləq getməli olduğunu dedi. Onunla sağollaşıb ayrıldıq. Doğrudan da, qəribə bir hisslə ayrıldın ondan. Bilirdim ki, bu adam mənim yaddaşımda həmişəlik qalacaq. Mənim həyatımda çox hadisələr baş verib, lakin onlardan bəzilərini tez-tez xatıyrlayıram. Bir günlük yol yoldaşı olduğum Firudin də yəqin yaddaşımdan heç vaxt silinməyəcək.

Səhər saat doqquza yaxın oyandım. Bir an harda olduğumu anlaya bilmədim. Gündə eşitdiyim partlayış səsləri yox idi, həm də hər tərəfi yandıran istini sərin hava əvəz etmişdi. Bu, gündəlik adət etdiyim həyatın əksi idi. Anlayanda ki, Təbrizdəyəm, ruhuma bir sevinc hopdu həmin an... Saat on radələrində səhər yeməyi üçün ikinci mərtəbədə yerləşən restorana düşdüm. İçəri girəndə restoranın adamla dolu olduğunu gördüm. Ətrafa göz gəzdirdim. Gözlərimə və qulaqlarıma inana bilmirdim. Hamı azərbaycanca danışırdı. Həm də şirin bir ləhcəylə danışırdılar. Mən bura niyə gəldiyimi unutmuşdum. Yaxın masaların birinin arxasında əyləşdim və tanımadığım, çox doğma olan bu adamların danışıqlarına qulaq asmağa başladım. Hərdən mənə elə gəlirdi ki, onların ləhcələri fərqlidir. İlk nəzərdə mənə elə gəldi ki, onlar bizim Naxçıvan ləhcəsinə yaxın bir ləhcədə danışırlar. Oturduğum yerdə quruyub qalmışdım. Ürəyimdən keçən qəribə sevinc hissləri məni boğurdu. Sevincim hüdudsuz idi. Bəlkə də, həyatımda ən çox sevindiyim gün idi bu gün. Bütün ömrümə bərabər bir gün!..

 





26.01.2021    çap et  çap et