525.Az

Salam, göylər oğlu - Yazı


 

Salam, göylər oğlu - <b style="color:red">Yazı</b>

                                Məni
göyün yeddinci qatına qonaq
çağırmışdın.
                                   
                               Dedim,
qanadım yoxdur, uça bilmirəm.
                                 
                          Dedin, söz
qanadında gəl...

Nazim Əhmədliylə həmsöhbət olmaq üçün təpədən dırnağacan sözlə silahlanmalısan. Yox, məni elə başa düşməyin, söz güləşdirən adam deyil. Danışanda adama elə gəlir adicə söhbət edir. Bir neçə kəlmədən sonra anlayırsan ki, Göylərdən gələn sədaların ötürücüsüdür...

yumub gözlərini ağlayan mələk,
sənin də ulduzlu göyün varıydı;
burda ala qarğa bala çıxartmaz,
sənin Yer üzündə nəyin varıydı...

Nazimin şeir dünyasına vardınsa, çıxa blməyəcəksən. Adam elə sehrlənir, elə əfsunlanır, sanki cənnətdəsən. "Tanrı bizdən razı deyil" şeirindən istədim bir bənd sitat gətirim, bir də gördüm bütün bəndləri köçürmüşəm.

iş bilirik nə çox, nə az,
molla, dinbaz, quşbaz, işbaz;
başımıza dəyən qapaz,
özgənin qapazı deyil...

kim tanrıdan haqq götürüb,
tac götürüb, taxt götürüb;
hərə bir çomaq götürüb,
bəşər qoyun-quzu deyil,..


Mən Nazim Əhmədli kimi gözütox adam görməmişəm. Dünya malına elə dünyanın malı kimi baxır. Umacağı bir qanadlıq lələk, bir batman söz, bir də saf ruhdur. Tanrı heç kimin ruhunu əlindən almasın. Onun ruhunu əlindən almaq qeyri-mümkündür, çünki özü ruhdur. Nazim laməkandır...

danışma, ruhum oyanar,
ruhum özümdən o yana;
bu göy üzündən o yana,
dünyamızın bir tayı var...

Nazimin şeirlərindəki paralellik oxucunu tək məkan yox, həm də zaman etibarı ilə çox qədimlərə aparır. Dahi Füzulinin "Leyli və Məcnun"unda hər iki aşiqin aya baxaraq, bir-biri ilə söhbət etməsi mifologiyamızın minilliklərin o tayında olmağına nişanədir. Nazim Əhmədli bu həqiqətləri poetik ifadə tərzi baxımından, həm də səmavi ruh baxımından verə bilib...

bu axşam göyə baxaq,
ikimizin bir Ayı var;
gəl bölüşək ulduzları,
hərəmizin öz payı var...

Şair hər zaman ruhunun dalınca uçmağa hazırdır. Onun ruhu kəhkəşanın çox uzaq bir ulduzundadır. Bir an belə nə ruhundan, nə də ulduzundan ayrı düşmək istəmir. Özünü bütöv bir qalaktikanın övladı, vətəndaşı sayır, yerdən çox göylərdə daha sərbəst olduğuna inamlıdır...



gəl, azacıq yaxın mənə,
bir duacıq oxu mənə;
əllərini toxu mənə,
mən ruham, bədən deyiləm...
tut məni Ayın üzünə,
dənizin çayın üzünə;
at məni göyün üzünə,
yox olan, itən deyiləm...

Nazim Əhmədli standart düşüncə sərhədini aşmağı bacaran şairdir. O, ənənəvi həyat orbitindən çıxıb, başqa dünyaya varmağı asanlıqla bacarır. O, bütün problemlərin həllini göylərdə axtarır. Şeirlərində zəmanənin problemləri xüsusi fəlsəfə və ağırlıq çəkisi ilə verilir. Həm mövzu, həm də qoyulmuş problemlərin həlli baxımıdan oxucunun maraq dairəsi ilə üst-üstə düşür. Çox vaxt oxucu problemin həllini birinci misradan sonra aydıcna görə bilir. Bəzən də ilk baxışdan adama elə gəlir ki, bu problemləri həll etmək mümkünsüzdür. Sonda qürubdakı qaranlılar arxasıda bu işıq seli gorünür və biz bu işığı tutub aydın səhərə doğru gedirik... Şairin ruhu da elə o işıq gələn dunyadadır...

gedək it hürən yerə,
o yanda işıqlar sönüb;
bizə kim yol göstərəcək,
fələyin də üzü dönüb;..

O, düşüncələri şeirə çevrilənə qədər dəfələrlə göy üzündən o yana gedib qayıdır, yazdığı şeirə fələyin gözü ilə səmalardan baxır.

bilmədim gedəm haraya,
qaldım araya-araya;
dönüb baxdım yuxarıya,
qəlbi Göy üzünü gördüm;..

Nazim Əhməli otuz ilə yaxındır canından əziz sevdiyi Laçının həsrətindədir. O, ruhən həm də döyüşçüdür. Birinci Qarabağ savaşında hərbi jurnalist kimi iştirak edib. Müqəddəs torpaqlarımızı o zaman qoruya bimədiyimizə görə vicdan əzabı çəkir. Ancaq ümidini heç zaman itirməyib. Bu sətirlər yazılarkən şanlı ordumuz "Ya Qarabağ, ya ölüm!" - deyərək cənnət Vətənimizi yağı düşməndən azad edirdi.

nədən sənə yetmir əlim,
var olmağın da bir zülüm;
bilmirəm danışım, gülüm,
bilmirəm ağlayım səni;..

Şair doğma el-obasından bir an da olsun ayrılmayıb. Ruhən Qarabağın bütün məkanlarını seyr edə bilib. Düzdür -hərdən şəhid ruhları onu qınağa çəkib, küsüblər, elə o zamandan Nazim bütün qınaq yükünün altına girib. Şeirlərində göyüm-göyüm göynəyib.

fələk nəyin sorağında,
dünya barıt qoxusunda;
körpələr gül yuxusunda,
gül səhərlər açılınca...

qar düşüb saçım üstünə,
tökülüb acın üstümə;
yol tapıb qaçım üstünə,
gəlim qucaqlayım səni...

Müzəffər Ordumuz torpaqlarımızı azad edir. Şairin intizarı sona çatır. İndən belə Laçına deyiləsi o qədər sözü var şairin!
 
Laçınım, otuz ildir,
dilimdə bir söz qalıb;
bir az da döz, əzizim,
gəlirəm lap az qalıb...


Laçının azad olması ilə əlaqədar yazdığı "Ay Laçın" şeiri qısa zaman kəsiyində özünə ürəklərdə yer tapdı. Türkiyədə, Cənubi Azərbaycanda, krımlı türk qardaşlarmız və başqa türkdilli xalqlar arasında yayıldı...

ürəyimə dammışdı,
arzuların köçündən;
sən yenidən doğuldun,
ürəyimin içindən;
bax, üzümdə gülüş var,
gəlim qapını açım;
torpağına-daşına,
qurban olum, ay Laçın...

Nazim Əhmədlinin yaradıcılığı, istedadı, bənzərsiz ədəbi üslubu ilk baxışdan adama elə gəir geniş və inellektual səviyyəli oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitablarını oxuduqca görürsən ki, onun poetikası bəşəriyyətin qayğılarını əks etdirir, xəlqi və bəşəridir. Şeirlərini biganəliklə oxumaq mümkün deyil, istər-istəməz şairin sufi əhvalına köklənib səmalara uçmalı olursan.

Onun metaforik düşüncə tərzi o qədər orijinaldır ki, hər deyilmiş ifadə, söz və fikir şeirdə şifrələnmiş material rolundadır. Bircə sözü istifadədən çıxartdınsa, şeir özülsüz bina kimi uçub dağılacaq. Çünki şeiri Nazim Göy üzündə yazıb yerə ötürür.

"O, Göylərdən gələn sədaların ötürücüsüdür. Elə-belə ötürücüsü yox, sözü qılıqlaya-qılıqlaya, tumarlaya-tumarlaya yer adamına elə ötürür ki, heç ruhu da incimir..."

Sabir SADAXLI
Şair

 





26.01.2021    çap et  çap et